İsraillə münasibətlərdə yeni mərhələ - TƏHLİL
Azərbaycanın İsraildə səfirliyi rəsmən fəaliyyətə başladı. Açılış mərasimində hər iki ölkənin yüksək vəzifəli rəsmiləri iştirak edərək qarşılıqlı strateji tərəfdaşlıqda yeni səhifənin açıldığını xüsusi olaraq vurğuladılar.
Nəhayət, 30 ildən sonra İsraildə Azərbaycan səfirliyinin açılışı reallaşdı. Hər iki ölkənin yüksək vəzifəli dövlət rəsmilərinin iştirak etdiyi bu tədbir Azərbaycan-İsrail strateji əməkdaşlığında yeni mərhələnin başlanğıcını qoydu. İki ölkənin xarici işlər nazirlərinin açıqlamaları isə Təl-Əvivlə Bakının qarşılıqlı əlaqələrinin konturları haqqında tam təsəvvür formalaşdırdı.
Strateji əməkdaşlıq dərinləşir
İsrailin xarici işlər naziri Eli Kohenin sözlərinə görə, Azərbaycanın İsraildə səfirliyinin açılması qərarı son 30 ildə inkişaf edən strateji əlaqələrimizin dərinliyinin göstəricisidir. "Azərbaycan İsrailin strateji tərəfdaşıdır. Biz regional təhlükəsizlik, enerji, turizm və digər sahələrdə əməkdaşlıq edirik”, - deyə nazir bildirib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə deyib ki, İsrail 30 il müddətində ölkəmizin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini və təhlükəsizliyini dəstəkləyib: “Bu səfirlik iki ölkə və xalq arasında strateji tərəfdaşlığın dərinləşməsində vacib rol oynayır”.
30 illik gözləmə mövqeyi niyə dəyişdi?
Azərbaycanın İsraildə səfirlik açması qərarını fərqləndirən daha bir maraqlı nüans mövcuddur. Adətən iki ölkə arasındakı münasibətlər məhz diplomatik nümayəndəliyin açılması ilə başlayır. Lakin Azərbaycan-İsrail qarşılıqlı münasibətlərinin, strateji əməkdaşlığının 30 illik tarixi var. Bakıda yəhudi dövlətinin diplomatik təmsilçiliyi olsa da, bu illər ərzində Bakı bir sıra geosiyasi məqamları nəzərə alaraq Təl-Əvivdə səfirlik açılması qərarını reallaşdırmırdı.
Lakin son bir ildə müsəlman ölkələrinin İsrailə münasibətlərində ciddi dəyişikliklər yaşanır. Vaxtilə başda Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman və s. olmaqla yəhudi dövlətinə düşmən münasibət bəsləyən ərəb ölkələri artıq İsraillə münasibətlərin normallaşdırılmasında maraqlıdır. “İbrahim sazişləri” adlandırılan bu proses rəsmi Bakının da 30 illik gözləmə mövqeyinin dəyişməsinə yaşıl işıq yandırdı. İsraildə səfirliyin açılması ilə bağlı qərarın icrasına müsəlman dünyasından gələ biləcək təpkiləri neytrallaşdırdı.
İsrail-Azərbaycan münasibətlərində İran amili
Sirr deyil ki, Azərbaycan-İsrail əməkdaşlığından ən çox narahat olan İrandakı molla rejimidir. Sərhədimizdə hərbi təlimlər keçirən, “Zəngəzur dəhlizi”ni özünün “qırmızı xətti” adlandıran Tehran rejiminin nümayəndələrinin ölkəmizə qarşı təhdidləri səngimir.
Azərbaycanın çoxvektorlu, bölgədə sabitlik və qarşılıqlı hörmətə, bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanan siyasətinin İran tərəfindən qəbul olunmaması, bu fonda İsraildə səfirliyimizin açılmasına reaksiyaya yəhudi düşüncə insanlarının yanaşması da maraqlıdır. İsrailli politoloq Roman Qureviçin sözlərinə görə, İran Azərbaycanla İsrailin yaxın, dostluq, tərəfdaşlıq və strateji münasibətlərə malik olmasına dözə bilmir: “Bu, İran liderləri üçün problemdir, çünki Azərbaycan müdrik çoxvektorlu siyasət yürüdür, İsraillə münasibətlər qurur, eyni zamanda Bakı İranla münasibətləri korlamağa çalışmır, maraqlı da deyil. Bütün bunları iranlılar edir, çünki Azərbaycanın mövqeyi çevikdir”.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da rəsmi Bakının mövqeyini aydın şəkildə ifadə edib. “Azərbaycanın digər ölkələrlə, o cümlədən İsraillə münasibətlərini inkişaf etdirməsi digər ölkələri narahat etməməlidir”, - deyə o bildirib.
Hərbi-texniki və enerji əməkdaşlığı
Hazırda İsraillə münasibətlərdə Azərbaycan üçün ən mühüm prioritet sahələrdən biri hərbi-texniki əməkdaşlıqdır. İsrail üçün isə Azərbaycan etibarlı enerji təminatçısıdır. Statistik rəqəmlərə fikir versək görərik ki, Azərbaycan nefti İsrailin tələbatının təxminən 30%-ni təşkil edir. 1973-cü il neft böhranı yaşayan İsrail üçün Azərbaycan tam təhlükəsiz mənbədir. Əvəzində isə dünyanın ən müasir hərbi potensialına malik İsrail məhsulları Azərbaycan ordusunun hərbi-texniki təchizatında geniş istifadə edilir. 2020-ci ildə əldə olunan qələbədə İsraildən alınan müasir silahların çox mühüm rol oynadığı da məlumdur. İndi Azərbaycan daha çevik və güclü ordu quruculuğunu prioritet elan edib. Təbii ki, İsrail kimi ölkə ilə bu sahədə əməkdaşlıq imkanları əvəzedilməzdir.
Tarixi qələbənin yaratdığı yeni imkanlar
Tarixi zəfərdən sonra Azərbaycan işğaldan azad edilmiş ərazilərin sürətli bərpasını həyata keçirir. Bu layihələr “ağıllı kənd - ağıllı şəhər” konsepsiyasına əsaslanır. Həmçinin, Azərbaycan dayanıqlı, bərpa olunan enerjiyə əsaslanan iqtisadiyyata keçid üzərində işləyir. İsrail ən yaxşı təcrübə və texnologiyalarını Azərbaycana gətirmək üçün böyük potensiala malikdir. Azərbaycan İsraildən yeni texnologiyalar, innovasiyalar, intellektual mülkiyyət və süni intellektə əsaslanan investisiyaların cəlb edilməsində çox maraqlıdır.
Azərbaycanda antisemitizm heç vaxt olmayıb
Bəs biri müsəlman, digəri isə yəhudi olan iki ölkəni bu dərəcədə bir-birinə yaxın edən tək siyasi və iqtisadi amillərdirmi? Təbii ki, yox. Xalqlarımız arasındakı münasibətlər əsrlər öncəyə gedib çıxır. Hazırda Azərbaycanda 10 minə yaxın yəhudi yaşayır. Onlar ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayırlar. Azərbaycanda antisemitizm heç vaxt olmayıb. Sahib olduğumuz multikultural dəyərlər Azərbaycanı dünyada çoxmillətli və çoxkonfensiyalı dövlət olaraq bir nümunəyə çevirib. Bu faktı İsrail rəsmilərinin özləri də etiraf edirlər. “Yəhudilər tarix boyu Azərbaycanda öz vətənlərində olduğu kimi rahat və təhlükəsiz, hörmət və sevgi içində yaşayıblar”, - İsrailin xarici işlər naziri Eli Kohen deyir.
Ümumiləşdirmə aparsaq, xalqlarımız və dövlətlərimiz arasındakı yaxınlıq qarşılıqlı inama, dostluğa əsaslanır.
Azad ƏLİYEV