• çərşənbə axşamı, 09 iyun, 08:28
  • Baku Bakı 22°C

"Türk dünyası bizim ailəmizdir"

04.04.26 03:25 413
"Türk dünyası bizim ailəmizdir"

Prezident İlham Əliyev: “Həm bölgədə gedən proseslərə bizim təsir imkanlarımız artır, eyni zamanda, qlobal müstəvidə də təşkilatımızın rolu artmaqdadır və biz müştərək səylərlə mövqelərimizi möhkəmləndirməliyik”.

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin rəsmiləri növbəti dəfə Azərbaycan paytaxtında bir araya gəldilər. Səfər çərçivəsində nümayəndə heyətini Prezident İlham Əliyev də qəbul edib. 

“Birgə səylərin göstərilməsi təbii ki, çox önəmlidir”

Görüşdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına əvvəllər və bu gün böyük töhfə verir və verəcək: “Bu, bizim xarici siyasətimizdə prioritet məsələlərdən biridir. Dəfələrlə müxtəlif kürsülərdən bəyan etmişdik ki, Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Bu ailəni gələcəyə aparmaq üçün birgə səylərin göstərilməsi təbii ki, çox önəmlidir.

Xarici siyasətimizdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə bizim əlaqələrimiz prioritet təşkil edir. Bu ölkələrlə bizim tarixi, mədəni, etnik köklərimiz gözəl təməl formalaşdırır və bu gün müstəqil dövlətlər kimi biz bütün beynəlxalq təşkilatlarda da vahid mövqedən çıxış edirik, bir-birimizi dəstəkləyirik. Yaxşı günlərdə, çətin günlərdə bir-birimizin yanındayıq”.

TDT dünya miqyasında böyük nüfuz qazanıb

Dövlət başçısı qeyd edib ki, bu gün TDT dünya miqyasında böyük nüfuz qazanıb və beynəlxalq mövqelərimiz möhkəmlənir: “Həm bölgədə gedən proseslərə bizim təsir imkanlarımız artır, eyni zamanda, qlobal müstəvidə də təşkilatımızın rolu artmaqdadır və biz müştərək səylərlə mövqelərimizi möhkəmləndirməliyik. Bu gün bizim təşkilatımız dünyanın aparıcı beynəlxalq təşkilatlarının sırasına daxil edilməlidir. Bu, bizdən asılıdır”. 

Prezidentin sözlərinə görə, dünyada bir çox beynəlxalq təşkilatlar var, ancaq etnik köklər üzərində yaranmış təşkilatların sayı o qədər də çox deyil: “Yəni bu, bizim çox böyük üstünlüyümüzdür. Yəni bizi birləşdirən bizim etnik mənsubiyyətimizdir. Bu, birinci amildir. Ondan sonra bizim coğrafiyamızdır, ölkələr arasındakı çox xoş və isti münasibətlərdir, vahid məqsədlərdir. Ona görə bax, bütün bu amilləri nəzərə alaraq biz təşkilatımızı daha da yüksək pilləyə qaldırmalıyıq”. 

“Verdiyiniz dəstək bizim üçün çox önəmlidir”

TDT çərçivəsində iqtisadi əlaqələrə toxunan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə investisiya fondları yaradılıb. Bu fondlar vasitəsilə artıq bir çox layihələr icra edilir: “Xüsusi minnətdarlığı Qarabağın bərpasına qardaş ölkələrin dəstəyinə görə ifadə etmək istərdim. Həm bərpa işlərinə, həm Qarabağda yeni müəssisələrin yaradılması işinə verdiyiniz dəstək bizim üçün çox önəmlidir. Bildiyiniz kimi, artıq Özbəkistan tərəfindən bizə hədiyyə edilmiş Mirzə Uluqbəy məktəbi fəaliyyət göstərir. Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir. Qırğızıstanın hədiyyəsi olan Manas məktəbi fəaliyyət göstərir. Bunlar Füzuli, Ağdam rayonlarındadır. Türkiyədən olan bir çox şirkətlər önəmli infrastruktur layihələrində - yollar, körpülər, tunellər, dəmir yolları layihələrində iştirak edirlər. Eyni zamanda, Qarabağda iş yerlərinin yaradılması da bizim üçün çox önəmlidir və yenə də burada birinci xarici sərmayə qardaş ölkələrdən gəlib”. 

Orta Dəhliz vurğusu

Dövlət başçısı bildirib ki, bu gün bizim hamımızın qarşısında duran əsas məsələlərdən biri nəqliyyat, logistika, tranzit imkanlarımızı genişləndirməkdir: “Prinsip etibarilə buna hər zaman ehtiyac var. Çünki ölkələrimizdən keçən Orta Dəhliz hər birimizin marağına cavab verir. Xüsusilə indiki geosiyasi vəziyyətdə Orta Dəhliz, Trans-Xəzər dəhlizi, Zəngəzur dəhlizi, bu istiqamətdə olan digər layihələr daha böyük önəm daşıyır. Yəqin ki, bu gün Azərbaycan tərəfi bu məsələ ilə bağlı məlumat verəcək”. Prezident qeyd edib ki, bu layihələrin uzlaşdırılması, koordinasiyalı şəklində icra edilməsi yeni bir önəmli beynəlxalq dəhliz açacaq. 

Hökumət başçılarının ikinci görüşü

Qeyd edək ki, Bakıda TDT-yə üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşü keçirilib. Tərəflər əməkdaşlığın mövcud durumunu, bu münasibətləri daha da irəliyə aparmaq perspektivlərini müzakirə ediblər. Baş naziri Əli Əsədov bildirib ki, Azərbaycan TDT çərçivəsində əməkdaşlığa daim xüsusi önəm verib, Təşkilata üzv olan bütün dövlətlərlə ikitərəfli müstəvidə strateji tərəfdaşlıq və ya müttəfiqlik münasibətləri qurub.

Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz qeyd edib ki, Cənubi Qafqazda sabitlik və əməkdaşlıq mühiti Türk dünyası daxilində qarşılıqlı əlaqəni daha da gücləndirəcək. Sonda görüşün nəticələrinə dair Birgə Bəyanat qəbul edilib.

banner

Oxşar Xəbərlər