Rəqəmsal İnkişaf Şurası yaradıldı
Prezident İlham Əliyev rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanın Rəqəmsal İnkişaf Şurası yaradılıb. Həmçinin şuranın aşağıdakı tərkibi təsdiq edilib:
Şuranın sədri
Azərbaycanın Birinci vitse-prezidenti
Şuranın üzvləri:
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Azərbaycan Respublikasının elm və təhsil naziri
Azərbaycan Respublikasının ədliyyə naziri
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri
Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Şuranın fəaliyyətinin təşkili məqsədilə Şuranın Katibliyi yaradılacaq və Katiblik funksiyasının həyata keçirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə ediləcək.
Şura rəqəmsal inkişaf sahəsi üzrə dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarəti və dövlət orqanları (qurumları) arasında siyasətin əlaqələndirilməsini təmin etməli, dövlət orqanları (qurumları) tərəfindən icra olunan layihələrin bu sahədə mövcud strateji məqsədlərə uyğunluğunun təmin edilməsinə nəzarəti həyata keçirməli, dövlət orqanlarının (qurumlarının) təklifləri və beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı tədbirlər görməlidir. Şura fəaliyyəti barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir.