• cümə axşamı, 05 dekabr, 07:42
  • Baku Bakı 6°C

Aqrar məhsulların ixracında milyardlıq hədəf

07.09.24 03:36 2264
Aqrar məhsulların ixracında milyardlıq hədəf

Meyvə-tərəvəz ixracımız əvvəlki dövrlərə nisbətən azalıb. Ekspertlər düşünürlər ki, həm gəlirləri, həm də həcmi artırmaq üçün müəyyən addımlar atılmalıdır.

2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycan 383 milyon 863 min dollar dəyərində 368 min 549 ton meyvə-tərəvəz ixrac edib. Dövlət Gömrük Komitəsinin apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri dörd faiz və ya 16.3 milyon dollar, həcmi isə 7.2 faiz və ya 28.4 min ton azalıb. 2023-ci ilin ilk yeddi ayında Azərbaycan 400 milyon 118 min dollar dəyərində 396.9 min ton meyvə-tərəvəz ixrac edib.

Hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 139.5 milyon dollar dəyərində 116.9 min ton tomat, 54.5 milyon dollar dəyərində 8 844 ton meşə fındığı, 27.8 milyon dollar dəyərində 35.4 min ton xurma, 23.6 milyon dollar dəyərində 35.4 min ton alma, 20.4 milyon dollar dəyərində 48.2 min ton kartof, 3.3 milyon dollar dəyərində 3 651 ton nar olub.

Statistik rəqəmlərə nəzər saldıqda Azərbaycanın meyvə-tərəvəz ixracı əvvəlki dövrlərdə artan templə inkişaf etsə də, hazırda azalma müşahidə olunur. Azalmanın səbəbləri nədir? Bu sahədə perspektivlərimizi necə inkişaf etdirə bilərik? Meyvə-tərəvəz ixracından əldə etdiyimiz gəlirləri bir milyard dollara qaldırmaq mümkündürmü? 

İxrac davam edir

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Publik hüquqi şəxsin İdarə Heyətinin sədri Elmar Allahverdiyevin sözlərinə görə, hazırda meyvə-tərəvəz ixracı barədə konkret fikir bildirmək çətindir. Çünki bundan sonrakı dövr üçün hər şey dəyişə bilər: “Qeyd edilən statistik rəqəmlər müvafiq dövr üçün xeyli yaxşı göstəricilərdir. Amma unutmamalıyıq ki, 2024-cü il hələ bitməyib və ixrac davam edir. İlin sonuna qədər meyvə və tərəvəz məhsulları ixrac olunacaq. Məsələn, gec yetişən almalar, armudlar hələ də yığılmayıb. Onlar bundan sonra yığılacaq və xarici ölkələrə ixrac olunacaq. Kartof da hələ ki, yığılma mərhələsindədir. Digər tərəvəzlər də var ki, onların yığılma dövrü qarşıdadır. Bu səbəbdən, rəqəmlərin artan templə davam edəcəyini söyləyə bilərik”. 

Sədrin fikrincə, Azərbaycanda kənd təsərrüfatı sahəsi ildən-ilə inkişaf edir. Həmçinin ixrac potensialımız da artırılır: “Ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı üçün kifayət qədər perspektiv mövcuddur. Həmçinin statistik rəqəmlərə baxdıqda görürük ki, onlar ildən-ilə daha da artır. Dövlət tərəfindən də bu sahənin inkişafı üçün ciddi tədbirlər görülür. Fermerlərə subsidiyalar, yardımlar edilir. Bu da təbii ki, öz bəhrəsini verir. Daha yeni, müasir bağlar salınır, istixanalar tikilir, həmçinin müasir suvarma sistemlərindən istifadə olunur. Bu da məhsuldarlığın artmasına gətirib çıxarır”. 

“İxrac həcmi davamlı olaraq enəcək”

İqtisadçı Pərviz Heydərov isə ixracın həcm və gəlir cəhətdən azalması səbəblərindən danışdı: “Ölkəmizdən iyul ayına qədər meyvə-tərəvəz ixracının azalması elə də narahat olunacaq məsələ deyil. Bunu öncədən gözləyirdik. Azalmanın səbəblərindən biri odur ki, Azərbaycanın meyvə-tərəvəz ixracında ən böyük pay sahibi Rusiya istiqamətidir. Rusiya bazarlarındakı vəziyyətlə əlaqədar ixrac dəyərində və həcmində azalma müşahidə edilir. Rusiya-Ukrayna müharibəsinin də burada rolu böyükdür. Əgər müharibə uzun müddət davam edərsə, ölkəmizdən qeyri-neft məhsullarının ixracı azalmaqda davam edəcək. Ümumən ölkə üzrə ixracın həcmi davamlı olaraq enəcək”. 

Türkiyə, Yaxın Şərq...

P.Heydərovun sözlərinə görə, hazırkı vəziyyət o qədər də ürəkaçan və ümidverici deyil. O səbəbdən bu problemlərdən çıxış yolu axtarılmalıdır: “İxrac sahəsində həm həcm, həm də dəyər cəhətdən rəqəmlərdə artımlar görmək istəyiriksə, mütləq dərəcədə əlavə bazarlara çıxışımızı təmin etməliyik. Əks təqdirdə bu sahədə mövcud geriləmə davam edəcək. Təbii ki, bu da ölkə iqtisadiyyatında qarşıya qoyulan prioritetlərə çatmağımıza əngəl olacaq. Qeyri-neft məhsulları üzrə sadəcə Rusiya bazarından olan asılılığımız gec-tez öz mənfi təsirlərini göstərməli idi. Hazırda da həmin halları müşahidə edirik. O səbəbdən belə hadisələr baş verməmişdən öncə alternativ bazarlar barəsində düşünmək lazım idi”. 

“Alternativ bazarlarımız yoxdur”

Gəlirlərimizin milyard dollar həddini keçməsi məsələsinə gəldikdə isə iqtisadçı bildirdi ki, real düşünsək, bu, hələlik mümkün deyil: “Səbəbi odur ki, alternativ bazarlarımız yoxdur. Asılı olduğumuz bazar çöküş yaşayır. Rusiya bazarı hazırkı dövrdə məhsul ixracı üçün heç də səmərəli deyil. Meyvə-tərəvəz sahəsində Türkiyə, Yaxın Şərq ölkələri və digər perspektivli bazarlara çıxış imkanlarımız barədə düşünməli və mütləq şəkildə daha da gec olmadan müvafiq addımlar atmalıyıq. Təəssüf ki, indiyə qədər bununla bağlı konkret siyasət tətbiq edilməyib. Düşünürəm ki, bu barədə gecikmişik”.  

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər