• cümə axşamı, 05 dekabr, 01:41
  • Baku Bakı 7°C

Haqqımızda

“Kaspi” Azərbaycanın ən qədim qəzetlərindən biridir. Qəzet 1881-ci ildən rus dilində nəşr olunmağa başlayıb. 1897-ci ildən mesenat Hacı Zeynalabdin Tağıyev tərəfindən alınan qəzetin baş redaktoru Əlimərdan bəy Topçubaşov olub. Qəzetdə Həsən bəy Zərdabi başda olmaqla, Məhəmməd ağa Şaxtaxtinski, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Ceyhun Hacıbəyli, Nəriman Nərimanov kimi Azərbaycanın maarifpərvər ziyalıları çalışıb. 1907-ci ilə kimi “Kaspi”nin 300-dən çox sayı Həsən bəy Zərdabinin imzası ilə işıq üzü görüb. “Kaspi” o vaxtkı Azərbaycan maarifçilərinin əsas tribunalarından biri olub.

Yəqin elə bu səbəbdəndir ki, 1918-ci ildə erməni vandallarının Bakıda törətdiyi soyqırımı zamanı “Kaspi” qəzetinin keçmiş Nikolayevski, indiki İstiqlaliyyət küçəsində yerləşən mətbəəsi (hazırda həmin yerdə Sabir bağı yerləşir) yandırılıb və qəzetin nəşrində fasilə yaranıb.

“Kaspi” 1919-cu ildə fəaliyyətini dayandırıb. İşıq üzü gördüyü 40 ilə yaxın dövr ərzində qəzetin on mindən çox nüsxəsi çıxıb.

“Kaspi” qəzetinin fəaliyyəti 1999-cu ildə yenidən bərpa edilib. Qəzetin fəaliyyəti ilə bağlı çoxsaylı elmi araşdırmalar aparılıb, məqalələr yazılıb. Son vaxtlar “Kaspi” “Üç əsrin qəzeti” adlandırılır.

Qəzet fəaliyyətini bərpa etdikdən sonra da maarifçilik ənənələrini davam etdirib.

Qəzetin təsisçisi Global Media Group-dur.

İlham Quliyev
BAŞ REDAKTOR

Quliyev İlham Abasqulu oğlu

Quliyev İlham Abasqulu oğlu 1977-ci il oktyabrın 27-də Ağsu rayonunun Xəlilli kəndində anadan olub. 1998-ci ildən mətbuatdadır. Əmək fəaliyyətinə «Avrasiya» qəzetində başlayıb, sonra bir müddət «Günaydın» qəzetində işləyib. 1999-cu ildən «Kaspi» qəzetində çalışır. Burada ilk günlərdən ictimai-siyasi mövzuları əhatə edən məqalələrlə çıxış edib. Uzun illər qəzetin Prezident Administrasiyasında və Milli Məclisdə akkreditasiya olunmuş müxbiri olub.