• cümə axşamı, 05 dekabr, 07:55
  • Baku Bakı 6°C

Mehriban “düşmənçilik” fonunda əməkdaşlıq - TƏHLIL

21.09.24 04:42 2226
Mehriban “düşmənçilik” fonunda əməkdaşlıq - TƏHLIL

Son iki il ərzində Moskva ilə İrəvan arasında ticarət dövriyyəsi fantastik artım göstəriciləri nümayiş etdirir. Maraqlısı odur ki, bütün bunlar Rusiyaya qarşı Ukraynada ölüm-dirim müharibəsi aparan Qərbin gözləri önündə baş verir.

Başa çatan həftədə Rusiyanın Ermənistanı yeni “Smerç” tipli raketlərlə təmin etdiyinə dair məlumat yayıldı və tezliklə rəsmi İrəvan tərəfindən təsdiqini tapdı. Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri komitəsinin üzvü Qaqik Melkonyan bildirdi ki, yeni silah Rusiya tərəfindən İrəvana öncə imzalanmış müqaviləyə əsasən təqdim olunub. Elə həmin komitənin sədri Andranik Köçəryan isə bəyan etdi ki, indiyədək edilmiş bütün sifarişlər sabit şəkildə reallaşmağa başlayıb. Rusiyanın Ermənistana silah tədarükünü bərpa etməsinin arxasında hansı niyyət dayanır?

Mehriban “düşmənçilik”

Ermənistana silah satışının bərpa edilməsi iki ölkə arasında üzdə gərgin, arxada isə mübhəm münasibətlərin olmasına dair ilk və tək fakt deyil. Son iki il ərzində Moskva ilə İrəvan arasında ticarət dövriyyəsi fantastik artım göstəriciləri nümayiş etdirir. Son statistikaya görə, bu göstərici səkkiz milyard dollar həddindədir. Bu, ötən ilə nisbətən az qala 60 faizlik artım deməkdir. Proqnozlara inansaq, bu ilin sonunda statistika 14 milyarda çatacaq. 

Əlbəttə, hər iki tərəf bu gedişatdan məmnundur. Ancaq daha maraqlısı odur ki, bütün bunlar Rusiyaya qarşı Ukraynada ölüm-dirim müharibəsi aparan Qərbin gözləri önündə baş verir. Ticarət dövriyyəsində müşahidə edilən bu anormal artımın səbəbləri məlumdur və bu barədə çox danışılıb. Problemin daha vacib tərəfi ondan ibarətdir ki, Rusiyanın Ermənistana silah satışını bərpa etməsi ümumi dövriyyə ilə müqayisədə “okeanda damla” qədərdir. Belə çıxır ki, Ermənistanın silahlandırılması tək silah tədarükünün bərpası deyil, həm də Rusiya ilə ticarətdən gələn böyük miqdarda pullar hesabına həyata keçirilir. Paşinyan hökuməti bu vəsaitlə Fransadan və Hindistandan da uzaqmənzilli öldürücü silahlar əldə edir. Yəni, Moskva hər iki halda İrəvanda revanşist tendensiyaların güclənməsinin səbəbkarıdır. 

Publik “didişmə”

Nə qədər təəccüblü olsa da, yüksələn iqtisadi kooperasiya fonunda ölkələrin rəsmiləri publik “didişmə” ilə məşğuldurlar. XİN-lər səviyyəsində qarşılıqlı atışma davam edir, Rusiyanın düşünən beyinləri İrəvanı naxələflikdə, 200 illik müştərək tarixə arxa çevirməkdə və erməni xalqının xilaskarı olan Rusiyanı Qərbə satmaqda suçlayırlar. İrəvanda isə Qərbin “qanadı altına” toplaşan qüvvələr əksinə, erməni xalqının tarixi faciələrində məhz Rusiyanın günahkar olduğunu deyir, Moskvanın 10 noyabr müqaviləsinin tələbinə əsasən Zəngəzur dəhlizinin təhlükəsizliyini təmin etməyə haqqı çatmadığını bəyan edirlər. Silah satışının bərpasına dair xəbərin ictimailəşməsindən sonra gələ biləcəyimiz qənaət bu ola bilər: ya tərəflər arasında gərginlik fonu yaratmaqla diqqəti gündən-günə güclənən əməkdaşlıqdan yayındırmağa dair anlaşma var, ya da Moskva İrəvanı tam itirməmək üçün dəridən-qabıqdan çıxır ki, hərbi təmayüllü məhsulların tədarükü də bu istiqamətdə atılmış addımlardan biridir. 

Qarşılıqlı asılılıq

İki ölkə arasında fəaliyyətdə olan bu mexanizm Ermənistanın Rusiyadan daha çox dividend əldə etməsi üçün əlverişli şərait yaradıb. Baş nazir Paşinyanın xarici siyasətə dair üç açıqlamasından ikisi ya dolayı yolla Moskvanın tənqidinə, ya da əsas iqtisadi tərəfdaşın nəzarətində olan hərbi blokun yarıtmaz müttəfiqliyinə həsr olunub. Üç gün öncə İkinci ümumdünya erməni sammitində çıxış edən Nikol hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını Ermənistanın təhlükəsizliyinə ən böyük təhdid adlandırmaqdan belə çəkinmədi. Bundan iki gün əvvəl isə erməni mediasında Rusiyada təlim görmüş bir qrup şəxsin Ermənistanda dövlət çevrilişi həyata keçirməyə hazırlaşdığına və ifşa edildiyinə dair məlumat yaydı. 

Belə təəssürat yaranır ki, Paşinyan ən azı iki faktordan şantaj qismində istifadə edib Rusiyadan daha çox “qoparmaq” xəttini tutub. Birinci amil Moskvanı və onun satellit qurumlarını tənqid, Qərbə doğru reverans etməkdirsə, ikinci faktor Rusiya üçün tranzit funksiyasını yerinə yetirməkdir ki, məhz bu da ticarət dövriyyəsinin anormal şişməsinin başlıca səbəbidir. Sadə dillə desək, Rusiyanın Ukrayna ilə müharibədə yararlandığı silahın hazırlanmasında istifadə edilən məhsulların Ermənistan vasitəsilə idxalı Moskvanı İrəvandan asılı vəziyyətə salıb. Yoxsa Paşinyanın əl-qol açmasını çox sadə yolla - qazın qiymətini qaldırmaqla tənzimləmək olardı. Necə olur, Gürcüstanın qanuni ərazisi olan və işğal edilən Abxaziyadakı “müstəqil dövlət”i lazım gələndə cəzalandırmaq olur, Ermənistanı yox?

“Minsk qrupu”-2?

Rusiyanın Ermənistana silah ixracını bərpa etməsini faktiki olaraq Minsk qrupunun xortlaması kimi də qiymətləndirmək olar. Bu addım 2020-ci ilin 44 günlük müharibəsindən sonra tarixin arxivinə atılmış sözdə vasitəçilik missiyasının bərpasına yönəlik gediş deyilmi? Kollektiv Qərb ABŞ və Fransa qismində Ermənistanla Azərbaycan arasında yekun sülhün əldə edilməsinə hər vasitə ilə maneələr yaradır. Bu tərəfdən isə Rusiyanın məlum addımı faktiki olaraq Minsk qrupunun yenidən zühur etməsinə rəvac verir. 

Azərbaycan torpaqlarının uzun illər boyunca erməni işğalında qalmasının əsas təminatçısı Minsk qrupu olub. Bu müddət ərzində biz dünyanın ərkəsöyün yetirməsi Ermənistan naminə Azərbaycanın tarixi ədaləti bərpa etməsinə bütün vasitələrlə qarşı çıxdığını müşahidə etmişik. Bu ədalətsizliyin müxtəlif izahları var: məsələn, antitürk və ya xristian klubu. Müsəlman İranın Zəngəzur dəhlizinə qarşı çıxmasının Qərbdə anlaşma ilə qəbul edilməsini və tərəflərin situativ müttəfiq rolunda çıxış etmələri faktını da nəzərə alsaq, həmin mexanizmin yenidən işə düşdüyü qənaətinə gələ bilərik. Ancaq burada ayrıca şərh olunası iki vacib məqam var: 10 noyabr bəyanatının 9-cu bəndinə əsasən, dəhlizin məhz Rusiyanın nəzarətində olması və 2022-ci ilin fevralında, Ukrayna müharibəsindən günlər öncə Rusiya ilə Azərbaycan arasında imzalanmış müttəfiqlik sazişi. Belə çıxır ki, 9-cu bəndin icra olunması üçün çalışan və az qala bütün dünyanın təzyiqlərinə sinə gərən yalnız Azərbaycandır. Rusiyanın Ermənistana silah satışını bərpa etməsi fonunda bu, bizə lazımdırmı?

Rüstəm Qaraxanlı

banner

Oxşar Xəbərlər