• cümə axşamı, 05 dekabr, 08:04
  • Baku Bakı 6°C

Parisi "partlatmağa” gedənlər

13.07.24 00:14 4821
Parisi "partlatmağa” gedənlər

Azərbaycanı Fransa paytaxtında kimlərin təmsil edəcəyi artıq dəqiqləşib. İdmançılarımız 15 idman növü üzrə 17 proqramda yarışacaqlar. Ümumi təmsilçi sayımız 48 olacaq.

Dördilliyin ən böyük multi-idman yarışına sayılı günlər qalır. İyulun 26-da Fransanın paytaxtı Parisdə 33-cü Yay Olimpiya Oyunlarına start veriləcək. Avqustun 11-nə qədər dünyanın ən güclü idmançıları qalibləri müəyyənləşdirmək üçün mübarizə aparacaqlar. Azərbaycan idmançıları da “Parisi partlatmağa” çalışanlar arasında olacaqlar.

15 növdə 48 idmançı

Azərbaycanı Fransa paytaxtında kimlərin təmsil edəcəyi artıq dəqiqləşib. İdmançılarımız 15 idman növü üzrə 17 proqramda yarışacaqlar. Ümumi təmsilçi sayımız 48 olacaq. Bu say yekun sıralamada da elə 186 ölkə arasında 48-ci olmağımız anlamına gəlir.

Olimpiadada Azərbaycanı Edi Reski Dviçayo, Keişa Fatimə Zəhra (hər ikisi badminton), Zöhrə Ağamirova (bədii gimnastika), Selcan Maqsudova (batut gimnastikası), Əliabbas Rzazadə, Hacı Əliyev, Turan Bayramov, Osman Nurmaqomedov, Maqomedxan Maqomedov, Giorgi Meşvildişvili (hamısı sərbəst güləş), Murad Məmmədov, Həsrət Cəfərov, Sənan Süleymanov, Rafiq Hüseynov, Sabah Şəriəti (hamısı yunan-Roma güləşi), Mariya Stadnik (qadın güləşi), Anna Skidan (çəkicatma), Nicat Hüseynov, Malik Həsənov, Murad Allahverdiyev, Alfonso Dominqes, Məhəmməd Abdullayev (hamısı boks), Qaşım Maqomedov (taekvondo), Ruslan Lunyov (atıcılıq), Diana Dımçenko (avarçəkmə), Rostislav Pevtsov (triatlon), Anna Başta (qılıncoynatma), Yaylagül Ramazanova (kamandan oxatma), Məryəm Şeyxəlizadəxangah, Ramil Vəlizadə (hər ikisi üzgüçülük), Balabəy Ağayev, Yaşar Nəcəfov, Hidayət Heydərov, Zelim Tçkayev, Elcan Hacıyev, Zelim Kotsoyev, Uşanqi Kokauri, Leyla Əliyeva, Gültac Məmmədəliyeva (hamısı cüdo), bədii gimnastika üzrə qrup hərəkətləri komandası (Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokina) və 3x3 basketbol üzrə qadın yığması təmsil edəcəklər.

Azərbaycan üçün Olimpiada erkən başlayır

Paris-2024-ün açılış mərasimi iyulun 26-na planlaşdırılsa da, yarışlara artıq iyulun 24-də start veriləcək. Əvvəlcə həndbol, reqbi və futbol qarşılaşmaları baş tutacaq. Azərbaycan üçün isə Olimpiya həyəcanı iyulun 25-də başlayacaq. Yaylagül Ramazanova kamandan oxatmada sıralama raundunda qüvvəsini sınayacaq. Bu, Azərbaycan idmançısının açılış mərasimindən bir gün əvvəl Olimpiadaya başladığı ilk yarış olacaq.

Ölkəmiz üçün medal gözlənilən idman növlərinə gəldikdə, Olimpiadanın əvvəlində azarkeşlərimizin əsas diqqəti cüdoya yönələcək. Burada ilk medallar iyulun 27-də sahibini tapacaq. Cüdoçuların mübarizəsi avqustun 3-dək davam edəcək. İyulun 27-də qılıncoynatma, atıcılıq və badminton üzrə yarışlar da başlayacaq. Eyni zamanda, boksçular rinqə çıxacaqlar. Rinqdə ilk mükafatlar isə avqustun 6-da öz sahiblərini tapacaq. Boks yarışları avqustun 10-da yekunlaşacaq.

İyulun 28-də avarçəkmə yarışları başlayacaq, iki gün sonra 3x3 basketbol komandaları və triatlonçular mübarizəyə start verəcəklər. Avqustun 1-də atletlər, 2-də isə batut gimnastları bacarıqlarını nümayiş etdirəcəklər. Azərbaycan üçün xüsusilə əhəmiyyətli olan güləş yarışlarında ilk medalçılar avqustun 6-da müəyyənləşəcək. Ertəsi gün taekvondoçular, avqustun 8-də isə bədii gimnastlar mübarizə aparacaqlar. Olimpiadanın son medalları avqustun 11-də sahibini tapacaq.

Əsas “qızıl” ümidlərimiz

Kifayət qədər geniş heyətlə Parisə yollanacaq Azərbaycan Olimpiya komanadasından gözləntilər böyükdür. Əlbəttə, azarkeşlər hər bir idmançımızdan medal istəyirlər. Lakin Tokio Olimpiadasında heç bir təmsilçimizin fəxri kürsünün ən yüksək pilləsinə yüksələ bilməməsi reallığı nəzərə almalı olduğumuzu göstərir. Bu dəfə isə nikbin olmağa kifayət qədər əsas var. 

“Qızıl” gözləntilərinin daha çox olduğu növlər və idmançılarımıza gəlincə, bu mənada cüdonu fərqləndirmək olar. Mütəxəssislər Parisdə çempion olmağa əsas namizəd kimi Hidayət Heydərovu göstərirlər. Bu il həm dünya, həm Avropa çempionatında qızıl medal qazanan Hidayət özünün ilk Olimpiadasında ən yüksək pilləni hədəfləyib. Heydərovun komanda yoldaşı Zelim Kotsoyev Olimpiadaya çempionluq üçün gedəcək. Öz çəkisində bütün reytinq sıralamalarının lideri olan Zelim son dünya çempionatında hamıdan güclü olub. Əgər proqnozlar özünü doğrultsa, ilk dəfə cüdoda iki Olimpiya qızıl medalına sevinəcəyik.

Həmişə medal gözlənilən güləşlə bağlı da nikbin fikirlər səsləndirmək mümkündür. Yunan-Roma güləşində Həsrət Cəfərova inam böyükdür. Cəmi 22 yaşı olmasına baxmayaraq, o, artıq iki dəfə Avropa çempionu olmağı bacarıb. Qitə birinciliklərində qazandığı təcrübə ona Olimpiadada kömək etməlidir. Sərbəst güləşdə bir neçə idmançımızın medalçılar sırasına düşəcəyi ehtimal edilir. Onların sırasında Mazqomedxan Maqomedov qızıl medala daha yaxın görünür. Eyni zamanda, boks, gimnastika yarışlarında da təmsilçilərimizə inam böyükdür.

banner

Oxşar Xəbərlər