• cümə axşamı, 05 dekabr, 01:51
  • Baku Bakı 7°C

Montellalı Türkiyə yığmasının ilkləri  

19.10.24 02:34 1909
Montellalı Türkiyə yığmasının ilkləri  

Qarşıda Türkiyə yığmasını daha ciddi sınaq gözləyir. 2025-ci ilin martında 2026-cı il dünya çempionatının seçmə mərhələsi start götürəcək. 2002-ci ildə dünya üçüncüsü olan Türkiyə millisi həmin zamandan heç bir mundiala vəsiqə qazana bilməyib.

Futbol üzrə Türkiyə millisi Avropa çempionatından sonra uğurlu çıxışını davam etdirir. “Ay-ulduzlu” yığma UEFA Millətlər Liqasının C Liqasının dördüncü qrupunda məğlubiyyətsiz irəliləyir. Dörd turda üç qələbə əldə edən və bir dəfə heç-heçəyə razılaşan komanda 10 xalla vahid liderdir. İtalyan Vinçentso Montellanın rəhbərlik etdiyi kollektiv ən yaxın izləyicisi Uelsi iki xal üstələyir və qrup lideri olmağa çox yaxındır. İslandiyanı 3:1 və 4:2, Monteneqronu 1:0 məğlub edən Türkiyə səfərdə Uelslə heç-heçə edib. Komanda buraxdığı üç qola səkkizi ilə cavab verib.

Montella ilə nail olunan ilklər

Türkiyə yığmasının uğurlu çıxışında əsas amillərdən biri baş məşqçidir. Vinçentso Montella bu posta keçən ilin sentyabrında gətirildi. Ölkəsində “Roma”, “Milan”, “Fiorentina”, İspaniyada “Sevilya”nı çalışdıran italiyalı mütəxəssis qonşu ölkəyə də yad deyildi. O, Türkiyədə “Adana Demirspor”un baş məşqçisi olmuş və işi ilə rəğbət qazanmışdı. “Ay-ulduzlu” yığma 50 yaşlı məşqçinin rəhbərliyi altında 17 oyuna çıxıb və bunların doqquzunda qələbə qazanıb. Beş məğlubiyyətdən isə cəmi ikisi rəsmi oyunlarda qeydə alınıb. Həmin qarşılaşmalarda komanda Niderland və Portuqaliya kimi güclü rəqiblərə yenilib.

Montellanın rəhbərliyi altında Türkiyə yığması bir sıra ilklərə imza atıb. “Ay-ulduzlular” AVRO-2024-ün seçmə mərhələsini qrup lideri kimi başa vuraraq final mərhələsinə vəsiqə qazanıblar.  Bununla da Türkiyə ilk dəfə bir böyük turnirə qrup lideri kimi getmək haqqı qazanıb. Montella komandanı nüfuzlu turnirin final mərhələsinə yüksəldən ilk qeyri-türk mütəxəssis olmaqla yanaşı, komandanı ¼ finala yüksəltmək uğuruna da imza atıb. Üstəlik, Türkiyə Avropa çempionatında ilk dəfə üç qələbə qazanmağı bacarıb. Ümumiyyətlə, AVRO-2024-də beş oyun keçirən komanda bunların cəmi birində məğlub olub.

Türkiyə Montellanın öndərliyində bir sıra uğursuz seriyaya da son qoyub. Kollektiv bir neçə gün əvvəl tarixində ilk dəfə İslandiyanı səfərdə məğlub edib. Komanda buna qədər Şimali Avropa ölkəsində çıxdığı yeddi oyunun altısında məğlub olmuşdu. Almaniya üzərində 72 il sonra əldə edilən səfər qələbəsi, Latviyaya qarşı ilk ev qalibiyyətini də buraya aid etmək olar.

Keyfiyyətli və formada olan heyət

Montellanın fəaliyyəti hər nə qədər rəğbət doğursa da, Türkiyə millisinin heyətinin də yaxşı nəticələr üçün uyğun keyfiyyətə sahib olduğu qeyd edilməlidir. Komandanın əksər üzvləri Avropanın tanınmış klublarında əsas heyət üzvüdürlər. Hakan Çalhanoğlu son illərdə qitənin ən güclülərindən olan “İnter”in əsas liderlərindən hesab olunur. Kenan Yıldız bu mövsümdən “Yuventus”un əvəzedilməz oyunçularındandır və ona 10 nömrəli formanın verilməsi də Turin təmsilçisinin gənc oyunçuya inamının götəricisidir. Türkiyə futbolunun əsas ulduzu hesab edilən Arda Güler ötən mövsümlə müqayisədə artıq “Real Madrid”də daha çox şans qazanır və oynadığı müddət ərzində effektivliyi ilə diqqət çəlkir. Zeki Çelik “Roma”da stabil çıxış edir. Bu yay “Brayton”a transfer olunan Ferdi Kadıoğlu artıq heyətdə yerini tapmaqdadır. Kerem Aktürkoğlu isə “Benfika”ya transferindən dərhal sonra diqqətləri üzərinə çəkə bilib. Hər oyun qol və ya assistlə yadda qalmağı bacaran vinger azarkeşlərin sevimlisinə çevrilib. Onunla eyni komandada çıxış edən Orkun Kökçü də əsas fiqurlardandır.

Vinçentso Montella potensialı yüksək olan heyətdən yaxşı yararlanmağı bacarır. Son illərdə Türkiyə futbolunda əsas problem məhz məşqçilərin oyunçulardan maksimumu ala bilməməsi idi. Görünür, komandada bu çatışmazlıq məhz Montellanın sayəsində aradan qalxıb. İndi Türkiyə millisi daha inamlı çıxış edir, baxımlı futbol göstərir, istənilən rəqibə öz oyununu diktə etməyə çalışır və bu, nəticəsini verməkdədir.

Qarşıda nə var?

Türkiyə yığmasının Millətlər Liqasında qrup qalibi olması demək olar ki, şübhə doğurmur. Futbol sürprizlərə açıq olsa da, hazırkı Uels millisinin “ay-ulduzlular”ı geridə qoyması inandırıcı görünmür. Qarşıda isə Türkiyə yığmasını daha ciddi sınaq gözləyir. 2025-ci ilin martında 2026-cı il dünya çempionatının seçmə mərhələsi start götürəcək. 2002-ci ildə dünya üçüncüsü olan Türkiyə millisi həmin zamandan heç bir mundiala vəsiqə qazana bilməyib. Azarkeşlər Montellanın rəhbərliyi altında hazırkı yığmanın bu həsrətə də son qoyacağına inanırlar. Türkiyə millisi bunun üçün bütün resurslara sahibdir.

Bəzən həm baş məşqçi, həm də futbolçulara yönələn tənqidlər olsa da, əksər azarkeşlər hazırda komandanın çox yaxşı çıxış etdiyi fikrində həmrəydirlər. Hazırkı heyətin əksər üzvləri gənc yaşdadırlar və onlar uzun illər formanı geyinməyə namizəddirlər. Qarşıdakı bir neçə böyük turnirdə Türkiyə yığmasından uğurlu çıxış gözləməyə dəyər.

banner

Oxşar Xəbərlər