• cümə axşamı, 05 dekabr, 01:17
  • Baku Bakı 7°C

“Qarabağ”a nə olub?

05.10.24 02:06 2341
“Qarabağ”a nə olub?

Azərbaycan çempionu Avrokuboklarda ardıcıl dördüncü oyunda məğlub olub. Bu ana olan nəticələrə əsasən, xalı olmayan Ağdam təmsilçisi 36 komanda arasında 34-cü yeri tutur. Yaxın tarixə nəzər salsaq, son illərdə “Qarabağ”ın belə uzun uğursuz seriyası olmayıb.

Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” Liqa mərhələsinə uğursuz başlayıb. Komandamız Londonda oyunun əvvəlində bir nəfər azlıqda qalan “Tottenhem”ə 0:3 hesabı uduzduqdan sonra oktyabrın 3-də Bakıda keçirdiyi oyunda İsveç çempionu “Malmö”yə də uduzub - 1:2. Bu, “Qarabağ”ın Avrokuboklarda ardıcıl aldığı dördüncü məğlubiyyət olub. Bu ana olan nəticələrə əsasən, 0 xalı olan Azərbaycan çempionu 36 komanda arasında 34-cü yeri tutur. Yaxın tarixə nəzər salsaq, son illərdə belə hallar olmayıb. Qurban Qurbanovun komandası daim azarkeşləri yaxşı nəticə ilə sevindirdiyindən, indi hamını bir sual düşündürür: “Qarabağ”a nə olub?  

Müdafiədə ciddi problemlər var

Məsələ burasındadır ki, ötən mövsümdən sonra komandada ciddi heyət dəyişikliyi də olmayıb. Çətin də olsa, əsas heyət qorunub saxlanılıb. Yalnız qapıda inamlı oyunu ilə yadda qalan Lunyov komandanı tərk edib. Amma onun əvəzinə də iki normal qapıçı transfer edilib. Bütün bunlara baxmayaraq, “Qarabağ” heç bir halda keçənilki komandaya bənzəmir. Əvvəlki illərdə bu komandanın qol vurması elə də asan olmasa da, müdafiəsi həmişə çox etibarlı olub. Son oyunlarda isə rəqibləri çox asanlıqla “Qarabağ”ın qapısına yol tapa bilirlər. Hətta “Sabah” belə oyunun əvvəlində hesabda üç top fərqi ilə geri düşməsinə baxmayaraq qısa müddətdə bu topların ikisinin əvəzini çıxa bilir. Üçüncü topun vurulmasından isə ağdamlıları yalnız bəxt xilas edir. Beləliklə, avrokuboklarda keçirilən son altı oyunu və ölkə çempionatındakı “Sabah”la oyunu nəzərə alsaq, komandanın müdafiə xəttində ciddi problemlər var. Az qala qapı qarşısında yaranan hər təhlükəli vəziyyət qolla nəticələnir. 

Lazımi anda ötürmələrin verilməməsi, deyişmələr

İkinci məqam psixoloji durumun pozulmasıdır. Zaqrebdə “Dinamo” ilə oyundan başlayaraq yaradılan imkanların boşa verilməsi, alınan məğlubiyyətlər oyunçuların özünəinamına ciddi təsir edib. Son iki oyunda ciddi şəkildə futbolçular arasında gərginlikləri də görürük. Lazımi anda ötürmələrin verilməməsi, bir-birilərilə deyişmələr və s. Hansı ki, Qurban Qurbanov son illərdə komandada çox yaxşı ab-hava yarada bilmişdi və “Qarabağ” bu xüsusiyyətlərə görə nümunə göstəriləcək komanda idi. 

Medina heç cür əvvəlki formasını bərpa edə bilmir

Üçüncü diqqət çəkən məqam bəzi oyunçuların idman formasında olmamasıdır. Məsələn, son oyunlarda gördüyümüz Romao keçənilki Romaodan çox fərqlənir. Medina zədədən sonra heç cür əvvəlki formasını bərpa edə bilmir. Əsas qol silahı Juniniyonun da məhsuldarlığı aşağı düşüb. “Malmö” ilə oyundakı Benzia da heç özünə oxşamırdı. Son oyunlarda Zubirin də əvvəlki driblinqlərini, kəskin ötürmələrini görə bilmirik. 

Dördüncü məqam kimi, “Qarabağ”dakı zədəli oyunçuları göstərmək olar. Xüsusilə də Yankoviçin zədələnməsi meydanın mərkəzində ciddi disbalansa səbəb olub. Məhz bu səbəbdən  “Malmö” ilə oyunda “Qarabağ” mərkəzdə rəqibinə nəzərəçarpacaq dərəcədə uduzdu.   

“Qarabağ” futbolumuzun səviyyəsindən xeyli irəli gedib

Bəs durum faciəvidirmi? Əlbəttə ki, yox! Futbolsevərlər əmindirlər ki, komandanı sıfırdan quran Qurban Qurbanov bu tənəzzülü də dayandıra və komandanı yenidən yüksəlişə keçirə biləcək. Hər bir komandanın bu cür düşüşlərinin olması, dibə vurması olur. Hətta “Real”, “Barselona”, “Mançester Siti” kimi komandalarda da belə dönəmlər yaşanır. Bizi təəccübləndirən odur ki, son illərdə “Qarabağ”da bu cür periodlar demək olar ki, olmayıb. Qeydə alınan uğursuz nəticələr dərhal aradan qaldırılıb və komanda ənənəvi uğur yoluna qayıdıb.  
Digər tərəfdən, biz qəbul etməliyik ki, neçə illərdir “Qarabağ” Azərbaycan futbolunun səviyyəsindən xeyli önə gedib. Futbolumuzun indiki durumuna nəzər alsaq, bizim çempionatı təmsil edən komanda uzaqbaşı Konfrans Liqasında oynamalıdır. Biz isə “Qarabağ”ın Çempionlar Liqasında mübarizə aparmasını istəyirik. Avropa Liqasında pley-offa vəsiqə istəyirik.   

Qurban Qurbanov: “Bir insan ilboyu sağlam ola bilməz”

Qurban Qurbanovun özü də komandadakı problemləri etiraf edib. Oyundan sonra keçirilən mətbuat konfransında o, rəqibin layiqli qələbə qazandığını bildirib: “Ola bilər ki, komanda bu aralar öz oyun ritmindən uzaqlaşıb. Ümid edirəm ki, qarşıdakı vaxtlarda daha yaxşı olacağıq. Ola bilər ki, bir neçə futbolçumuzun zədəli olması oyun planımızda geriləməyə səbəb olub.

Oyunçuların həvəsdən düşdüklərini deməzdim. Bəlkə də psixoloji yorğunluq var. Bu komandada həvəssizlik heç vaxt düşünülməyib. Sadəcə, əgər məğlub oluruqsa, düşünməliyik ki, əvvəl ola bilər daha istəkli idik. Bunu qəbul etməliyik. Bəziləri öz idman formasından uzaqdır. Bu, ölkə çempionatında görünməyə bilər. Amma Avropa oyunlarında hiss olunur. Biz daha yaxşı oynaya bilərik. Bəzi düşündüyüm xırda elementlər aradan qalxdıqda, belə olacaq. Bu oyun bir daha göstərdi ki, belə matçlarda daha çox motivasiya, dinamika olmalıdır, güc sərf etməliyik. Bu gün uduzsaq da, faydası olacaq. Bir insan ilboyu sağlam ola bilməz. Komandalar da hansısa müddət öz formasından uzaqlaşır. Biz belə hallarda daha da soyuqqanlı, daha da möhkəm olmalıyıq və komandanın problemi varsa, onu yoluna qoymalıyıq”. 

 

banner

Oxşar Xəbərlər