• cümə axşamı, 05 dekabr, 01:52
  • Baku Bakı 7°C

Azarkeşlər sevinir, futbolçular narazıdır

28.09.24 01:31 2483
Azarkeşlər sevinir, futbolçular narazıdır

FIFA və UEFA daha çox gəlir əldə etmək məqsədilə yarışların, beləliklə, oyunların, hətta mövcud turnirlərin özündə matçların sayını artırmaq üçün əllərindən gələni edirlər. Məsələ ondadır ki, daha çox turnir, daha çox oyun daha çox sponsorluq və yayım gəlirləri deməkdir.

Bu mövsüm futbolda ən uzun klub kampaniyası olacaq. Çünki ölkədaxili və qitə turnirləri başa çatdıqdan sonra klublararası dünya çempionatı ilk dəfə yeni formatda keçiriləcək. 32 komandanın iştirak edəcəyi yarış ABŞ-də iyun və iyul aylarında təşkil olunacaq və bir aya yaxın davam edəcək. Üstəlik, avrokuboklarda tətbiq olunan yeni format, liqa mərhələsində oyun sayının 8-ə yüksəlməsi, əlavə pley-offla bunun 10 olma ehtimalı, Millətlər Liqası, yığmaların seçmə mərhələ matçları ilə futbol təqvimi daha da sıxlaşır. Onu da nəzərə almaq lazımdır ki, ötən yay Avropa çempionatı keçirilib və əslində keçən mövsüm də faktiki uzun davam edib.

Təqvimin get-gedə sıxlaşması, oyun sayının artması futbolsevərlər üçün xoş məqam olsa da, futbolçular artıq bundan beziblər və dilə gəlməyə başlayıblar. Ağır qrafiklə bağlı narazılıqlar əvvəllər də ulduz oyunçular, baş məşqçilər, mütəxəssislər tərəfindən dilə gətirilib, lakin ilk dəfə bu, futbolçuların tətil elan etmək fikirlərini səsləndirmələri həddinə çatıb.

Futbolçuların başqa seçimi qalmayacaq

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri bir neçə gün əvvəl futbolçuların tətil etməyə hazır olduqları barədə xəbərdarlıq edən ilk super-ulduz oldu. Tezliklə Madrid “Real”ının qapıçısı Tibo Kurtua ona dəstək verərək oyunçuların belə bir addım atmasını istisna etmədi. Rodrinin fikirlərini dəstəkləyənlər arasında “Liverpul”un qolkiperi Alisson Bekker, “Barselona”nın müdafiəçisi Jül Kunde kimi oyunçular da var. Son olaraq Madrid “Real”ının arxa xətt oyunçusu Dani Karvaxal bu məsələ barədə danışıb və fikirlərini belə yekunlaşdırıb: “Vaxt gələcək ki, futbolçuların başqa seçimi qalmayacaq”.

Mövcud vəziyyət məşqçiləri də narahat edir. Pep Qvardiola, Yurqen Klopp, Mikel Arteta kimi mütəxəssislər oyun çoxluğunun onların işinə mane olduğunu dəfələrlə dilə gətiriblər. “Real”ın çalışdırıcısı Karlo Ançelotti zədələrin artdığını, futbolçuların bərpa üçün kifayət qədər vaxtının olmadığını və bunun yekunda məşqçi kimi işinə çətinliklər yaratdığını söyləyib.

Problemin kökündə pul dayanır

FIFA və UEFA daha çox gəlir əldə etmək məqsədilə yarışların, beləliklə oyunların, hətta mövcud turnirlərin özündə matçların sayını artırmaq üçün əllərindən gələni edirlər. Məsələ ondadır ki, daha çox turnir, daha çox oyun daha çox sponsorluq və yayım gəlirləri deməkdir. Artıq böyük turnirlərin yayım hüququndan milyardlarla avro əldə edilir. Bu isə futbol qurumlarının oyun sayını artırmaq cəhdlərini çoxaldır. Son illərdə atılan bəzi addımlara nəzər yetirsək, bunu daha əyani göstərmiş olacağıq. Öncə “köhnə qitə”də Konfrans Liqası (KL), Millətlər Liqası (ML) kimi tamamilə yeni turnirlər yaradıldı. KL daha çox nisbətən aşağı reytinqli klublar üçün əlavə şans xarakterlidirsə, ML-də bütün yığmaların iştirakı məcburidir. Daha sonra Avropa çempionatında iştirakçı sayı 24-ə yüksəldildi. Bu mövsümdən isə avrokuboklarda oyun sayının artırılması variantına əl atılıb. Digər tərəfdən, FIFA-nın klublararası dünya çempionatını genişləndirməsi oyun sayını pik həddə çatdırıb.

Problem hüquqi müstəvidə həll ediləcək?

Avropanın top klublarında çıxış edən əsas heyət oyunçusunun il ərzində çıxdığı oyun sayı kobud hesablama ilə rahatlıqla 60-ı keçir. Əgər o, yığma və klub səviyyəsində bütün mümkün matçlarda iştirak edirsə, bu say az qala 80-ə yaxınlaşır. Bu isə öz növbəsində artan zədələr, nəticədə karyera enişi ilə nəticələnir. Ardıcıl səfərlər, 2-3 gündən bir oynamaq məcburiyyəti bəzən adi bərpa məşqlərinin keçirilməsinə belə mane olur. Beləliklə, futbolçuların və məşqçilərin narazılığını anlamaq üçün kifayət qədər əsas var. Əlbəttə, onlar bunun müqabilində milyonlar qazanırlar, lakin futbol qurumları da onların əməyindən istifadə edib milyardlıq müqavilələr imzalayırlar. Ən önəmli məqam - futbolçuların sağlamlığı isə arxa plana atılır. Üstəlik, futbol qurumları qərarları oyunçular, liqa rəhbərlikləri və federasiyalarla məsləhətləşmələr olmadan qəbul edirlər. Peşəkar Futbolçuların Beynəlxalq Federasiyası (FIFPRO) və Avropa Liqaları məsələ ilə bağlı narazılıqlarını futbol qurumlarına bildiriblər. Artıq onlar problemi hüquqi müstəvidə həll etməyin yollarını axtarırlar.

Tətil real təhdiddir?

Çoxlu hipotezlər irəli sürmək olar. Lakin bu mərhələdə tətil gündəmdə deyil və uzaq perspektiv kimi görünür. Çünki oyunçuların xətti keçmə ehtimalı azdır. Əlbəttə, böyük klubların ulduz oyunçularının oynamaqdan imtina qərarı futbol sənayesini sarsıdacaq, lakin ümumilikdə bu, çox böyük sferadır və əksəriyyətin onlara qoşulmamaq ehtimalı çoxdur. Bu mərhələdə oyunçu birliklərinin diqqəti daha çox FIFA-ya qarşı qanuni tədbirlərə yönəlib. Əgər bu, uğur qazanarsa, dünya çempionatında da, qitəmiqyaslı yarışlarda da daha uyğun formata keçid həll yolu kimi görünür. Məsələnin yekununun necə olacağı sualının konkret cavabı yoxdur və spekulyasiyalara açıqdır. Lakin ulduz oyunçuların hər bir əlavə çağırışı məsələni gündəmdə saxlamağa xidmət edəcək. Reallıq isə ondan ibarətdir ki, buna dair qərarlar bağlı qapılar arxasında veriləcək. Əgər qanuni tədbirlər nəticə verməsə, bu zaman oyunçuların tətili daha böyük təhdidə çevrilə bilər.

banner

Oxşar Xəbərlər