• cümə axşamı, 05 dekabr, 07:55
  • Baku Bakı 6°C

O xal nə xaldır qoşa düzdürmüsən? - MARAQ

17.06.23 01:30 21161
O xal nə xaldır qoşa düzdürmüsən? - MARAQ

“Xoşxassəli, kompleks yaratmasından asılı olmayaraq, gündəlik qıcıqlanmaya məruz qalan xalların götürülməsi məsləhətdir. Günəş şüası da xala birbaşa təsir edir. Solyari şüasının gücü isə günəş şüasının gücündən min dəfə çoxdur. Bu da dərini (xalları) qıcıqlandırır, həm də dəri xərçənginin yaranması üçün şərait yaradır”

Bəzən deyirlər ki,  xalı çox olan adamın düşməni də çox olar. Bu, əlbəttə ki, xalq deyimidir. Bəs doğrudan da, xalların çox və ya az, böyük və ya balaca, müxtəlif rəngdə və ölçüdə olmağı nəyin göstəricisidir? Biz hansı hallarda narahat olmalıyıq. Bütün bu suallara gəlin birlikdə aydınlıq gətirək. Ondan başlayaq ki, xallar, müasir dildə desək, nevus melanositdən ibarət piqment ləkələri və düyünləridir. 

Simptomlara diqqət edək

Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinin dekanı, dermatoveneroloq Elşad Novruzov deyir ki, bütün insanların bədənində xal var:  “Xalın az olması da, çox olması da normal haldır və bundan narahat olmağa dəyməz. Xallar – törəmələri xoşxassəli, xərçəngönü və artıq dəri xərçənginə keçən törəmələr kimi üç qrupa bölünür. Xoşxassəli xallar simmetrik, eyni rəngli olur. Amma bir də var ulduz kimi, kələ-kötür xallar. Bu cür xalların artıq bədxassəli olmasına şübhə var. Bundan başqa, xoşxassəli xallar qanaxmaya meyilli, ağrılı, göynəməli deyil. Amma bədxassəlidə ağrıma, göynəmə, qaşınma ola bilər. Bunlar ilkin simptomlardır. Hər bir insan bunlara diqqət yetirməli, xallarını nəzarət altında saxlamalıdır. Əgər bədəndə uzun müddət olan xalın üstündə heç bir dəyişiklik yoxdursa, qaşınma, göynəmə vermirsə, qanaxmaya meyilli deyilsə, bu, xoşxassəli xaldır. Amma qısa müddət ərzində ölçüsü böyüyürsə, rəngində dəyişiklik baş verirsə, artıq narahat olmaq lazımdır. Rəng dəyişikliyi deyəndə nəyi nəzərdə tuturuq? Qəhvəyi, qara, göy, mavi və s. rəngli xallar var. Xal bütövlükdə eyni rəngdədirsə, bundan qorxmaq lazım deyil. Amma bəzən bir xalın içində bir neçə rəngin çalarını görürük. Məsələn, qara fonun içində göy və ya qəhvəyi rəng müşahidə edirik. Yəni bir xalda bir neçə rəng çaları görürüksə, artıq şübhələnmək, həkimə müraciət etmək lazımdır. Əgər xalın simmetriyası pozulubsa, (xalı sanki gözlərinizlə tən ortadan bölün və “hissələrinə” diqqətlə baxın. Əgər hissələr bir-birindən fərqlənirsə), kənarları nahamar olub, dalğavari və dişli şəkil alıbsa, rəngi dəyişilibsə, birdən-birə böyüyübsə, üzərində çatlar, qabıqlar əmələ gəlibsə,  qanamağa başlayıbsa, bu, təhlükə simptomudur”.

Xaldan qurtulmaq olar?!

Həkim bəzən insanların xallardan qurtulmaq istəyindən də danışdı: “Xoşxassəli xallar əgər insanda hər hansı bir kompleks yaratmırsa, qala bilər. Məsələn, üz nahiyəsində olan və görünüşü ilə bağlı kompleks yaradan xallar götüzdürülə bilər. Amma heç bir narahatlıq yaratmırsa, qalsın. Kişilər hər gün üzlərini təraş edir. Əgər üzündə xoşxassəli xal varsa, təraş vaxtı qıcıqlanmaya məruz qalır, zədələnir, mikro və böyük travmalar da alır. Bu da xalın növbəti mərhələyə keçməsinə səbəb olur. Yəni xoşxassəli olmasından, kompleks yaratmasından asılı olmayaraq, gündəlik qıcıqlanmaya məruz qalan xalların götürülməsi məsləhətdir. Günəş şüası da xala birbaşa qıcıqdır. Solyari şüasının gücü isə günəş şüasının gücündən min dəfə çoxdur. Bu da dərini (xalları) qıcıqlandırır, həm də dəri xərçənginin yaranması üçün şərait yaradır. Təsəvvür edin, biz dənizə getməyi – günəş şüalarının qəbulunu səhər saat 7-11 arası, bir də axşam saat 5-7 arası tövsiyə edirik. Qalan vaxtlar günəş şüası ziyandır, o ki ola solyari. Xanımlar lazer epilyasiyasından istifadə edirlər. Lazerin işi dəridə tünd nöqtələri – tükləri tapıb vurmaqdır. Xallar da tünddür, deməli, onları da vurur və xallar qıcıqlanır. Geyimin özü də qıcıq mənbəyi sayıla bilər”. 

Müayinə və diaqnoz düzgün olmalıdır

Həkim xalların müayinəsi ilə bağlı tövsiyələrini də verdi:  “Xallar bir neçə üsulla müayinə olunur. Birincisi görüntü – vizual üsulla olan müayinədir. Yəni gözlə görünməsi mümkün olan müayinə edilir. Amma bir də var konkret müayinə. Konkret müayinə dermatoskopla aparılır. Xala dermaskopla baxılır, diaqnoz qoyulur. Lap dəqiq müayinəyə ehtiyac yarananda, o xaldan nümunə götürüb biopsiya edilir. Yəni xal hüceyrə səviyyəsində yoxlanılır. Bu, düzgün diaqnoz qoymaq üçün vacibdir. Xalın götürülmə üsulu məhz müayinədən və qoyulan diaqnozdan asılıdır. Əgər xal bəd xassəlidirsə, götürəndə xal ətrafındakı 1 sm normal dəri ilə bir yerdə götürülməlidir. Əgər xal xoşxassəlidirsə, onda ancaq özü, ətrafa dəymədən götürülür. Xalın götürülmə üsulları da müxtəlifdir. Lazerlə, kaoqulyatorla və s. ilə yanaşı, cərrahi üsul da tətbiq olunur. Cərrahi üsula o halda müraciət edirik ki, xalın əsası, bünövrəsi dərinin aşağı qatlarından başlayır. Amma səthdə olan xalları götürmək üçün digər üsullar tətbiq olunur. Xalın xərçəngönü mərhələsində çox ehtiyatlı olmaq lazımdır. Çünki xal artıq xərçəngə keçmək üzrədir. Belə xalı nə qədər tez götürsək, o qədər yaxşıdır. Xərçəng mərhələsində isə aşkarlanan kimi dərhal götürülməlidir. Gecikdirilərsə, orqanizmə yayılması baş verəcək. Bu baxımdan xalların götürülməsi üçün ilk növbədə peşəkar diaqnoz qoymalıdır ki, ona əsasən götürülmə üsulu seçilsin. İkincisi, götürəndən sonrakı mərhələ düzgün aparılsın. Düzdür, indi kim, harada, necə gəldi bu işi görür. Bu cür qeyri-peşəkar işin fəsadları dərhal bilinmir. İllər sonra müxtəlif fəsadlar yaranır ki, onda da gec olur”.

Xanım Aydın

banner

Oxşar Xəbərlər