• cümə axşamı, 05 dekabr, 07:46
  • Baku Bakı 6°C

Universitetlərin nöqsanlarını göstərən “güzgü”

16.12.23 03:03 30909
Universitetlərin nöqsanlarını göstərən “güzgü”

Ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsindən keçirilməsi prosesi davam edir. Proses ali təhsil müəssisəsinin ümumi fəaliyyətinin dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi daşıyır.

Azərbaycanda ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsindən keçirilməsi prosesi davam edir. Hazırda 10 ali məktəbdə proses yekunlaşıb. Üç universitetdə - ADA Universiteti, ATU, BMU-da isə proses davam edir. Prosesin yekunlaşdığı ali təhsil müəssisələri Akkreditasiya Şurası tərəfindən növbəti 5 il üçün akkreditə olunub. Nəticələri “qismən uyğundur” və ya “uyğun deyil” hesab edilən təhsil müəssisələrinin isə bir ildən sonra yenidən akkreditasiya olunmaları barədə qərar qəbul edilib.

Cəmiyyət üçün maraqlı olan bu prosesin ümumilikdə təhsilin keyfiyyətinə, universitetlərin reytinqinə təsirinin nə dərəcədə olmasıdır.
Qeyd edək ki, ölkəmizdə təhsil müəssisələrinin akkreditasiyasını Təhsildə Keyfiyyət Təminatı Agentliyi həyata keçirir. Hələlik bizdə xarici ölkələrdəki kimi bu proseslə məşğul olan özəl agentliklər və təsisatlar formalaşmayıb.

Təhsil müəssisəsi üçün hüquqi təminat

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) sorğumuza verilən cavabda bildirilir ki, akkreditasiya prosesi Elm və Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş institusional akkreditasiya meyarları - 7 əsas fəaliyyət istiqamətini əhatə edən 30 meyar,  271 indikatordan ibarətdir. Proses “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na uyğun olaraq yaradılmış müstəqil Akkreditasiya Komissiyası tərəfindən həmin meyarlar üzərindən aparılır: “Müstəqil ekspert qrupunun tərkibinə təhsil üzrə yerli və xarici ekspertlər, elmi müəssisələrdən nümayəndələr, ixtisaslaşmış mütəxəssislər, təhsilalanlar və işəgötürənlər cəlb edilir”. Agentlikdən bildirilib ki, proses ali təhsil müəssisəsinin ümumi fəaliyyətinin dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi daşıyır: “Təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, hər bir ixtisas üzrə kadr hazırlığı potensialının və təhsilalanların say həddinin müəyyən olunması və onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır”. 

Universitetlərin özlərinə nəzarətinin güclənməsi

Millət vəkili Fazil Mustafa hesab edir ki, universitetlər və onların filialları müvafiq tələblərə cavab verməlidirlər: “Bu proses bilavasitə ali məktəblərin reytinqini təyin edir. Tələblərə cavab verən ali məktəblərin problemi olmayacaq və onlar daha çox tələbə qəbul edəcəklər. Prosesin ali məktəblərin fəaliyyətlərini yenidən düzənləmələri baxımından da faydası var. Əks halda, durğunluq içində olan ali məktəblərin problemlər yaşaması qaçılmazdır”. 

“Qiymətləndirmədə 100 faiz dəqiq ölçü mümkün deyil”

Akkreditasiyadan keçən Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı akkreditasiya qiymətləndirməsinin dünyanın hər yerində 4-5 və ya 7 ildən bir keçirilən proses olduğunu bildirdi: “Ali məktəblərin müəyyən parametrlər, meyarlar və indikatorlara uyğunluq səviyyələri ölçülür. Həmin ölçülər normala yaxın olanda akkreditasiya edirlər. Parametrlər və indikatorlarda kəskin fərqlər olanda akkreditasiyaya “uyğun deyil” rəyi verilir. Təbii ki, prosesdə 100 faiz dəqiq ölçü mümkün deyil”. Professor akkreditasiya qiymətləndirməsinin iki növünün olduğunu bildirir. Belə ki, bütövlükdə ali məktəbin səviyyəsini ölçən ümumi institut akkreditasiyası və ayrı-ayrı ixtisaslar üzrə kadr hazırlığının hansı vəziyyətdə olduğunu ölçən proqram qiymətləndirməsi mövcuddur: “Əsasən alı məktəblərin səviyyəsi və keyfiyyətini ortaya  çıxarmaq üçün ümumi akkreditasiya keçirilir. Hesab edirəm ki, bizdəki ali məktəblərin əksəriyyəti bu ümumi akkreditasiyadan keçəcək. Amma fərqlərin bir az kəskin olduğu universitetlərlə bağlı  problemlər çıxacaq. Onlara vaxt verəcəklər. Mənim proqnozuma görə, Azərbaycandakı ali məktəblərin əksəriyyəti parametrlərə uyğundur. Hərçənd əksinə də ola bilər. Məsələn, bir neçə ali məktəb “uyğun deyil” rəyi ala bilər. Ancaq bunların əksəriyyəti əsasən dövlətin qurduğu ali məktəblər və onların filiallarıdır”. Professor hesab edir ki, regionlarda fəaliyyət göstərən ali məktəblərin filiallarının problemləri daha çoxdur: “Bu da təbiidir. Fikrimcə, zaman keçdikcə onların da qiymətləndirilməsi “uyğun” hesab ediləcək”. 

“Bizdəki akkreditasiya xarici ölkələrdəki təcrübə ilə eynidir”

H.İsaxanlıya görə, akkreditasiya ali məktəbin reytinqinə o qədər də təsir etmir: “Akkreditasiya universitetin səviyyəsini yuxarı və aşağı endirməz. Hamısı oturuşmuş ali məktəblərdir. Akkreditasiya ilə universitetlərin səviyyəsini nə kəskin şəkildə yuxarı qaldırmaq, nə də aşağı salmaq olur. Proses universitetlər üçün də maraqlıdır. Akkreditasiya bir növ ali məktəblərin öz işlərini səliqəyə salmaq, nizam-intizam yaratmaları üçün özünə baxışıdır”. H.İsaxanlının sözlərinə görə, bizdəki akkreditasiya prosesi xarici ölkələrdəki təcrübə ilə eynidir: “Bu sahə ilə məşğul olan mütəxəssislər Avropa təcrübəsini öyrənib ölkəmizdə tətbiq edirlər”.

Ali məktəblərin nöqsanlarını görə biləcəyi güzgü

Təhsil eksperti Qoşqar Məhərrəmovun fikrincə, akkreditasiya keyfiyyətin təminatı deməkdir:

“Akkreditasiya universitetin hansı keyfiyyətə təminat verməsini ortaya çıxarır və boşluqlar haqqında rəy verir. Akkreditasiya beynəlxalq səviyyədə olduqda isə universitet özünü beynəlxalq səviyyədə isbat etmək və dünyanın hər yerindən tələbə qəbul etmək istəyində olur”. Ekspertin sözlərinə görə, akkreditasiyanın universitetlərin reytinqinə və təhsilin keyfiyyətinə birbaşa təsiri var. Belə ki, Agentliyin xüsusi təlim keçmiş komandası yerli və beynəlxalq standartlara, keyfiyyət təminatı cədvəllərinə əsasən universitetlərdə yoxlamalar aparır: “Bu, universitet üçün öz nöqsanlarını görə biləcəyi bir güzgü olur”.

Təranə Məhərrəmova

 

 

banner

Oxşar Xəbərlər