• cümə axşamı, 05 dekabr, 07:53
  • Baku Bakı 6°C

5 171 ailənin köçürülməsi planlaşdırılır

16.03.24 00:05 25219
5 171 ailənin köçürülməsi planlaşdırılır

Keçən ilin sonunadək işğaldan azad olunmuş ərazilərə ümumilikdə 1 186 ailə (4 691 nəfər) keçmiş məcburi köçkün köçürülüb. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq, 2026-cı ilədək 34 500 ailənin (140 min nəfərin) doğma torpaqlarına qayıdışı təmin olunmalıdır.

Milli Məclisin martın 15-də keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılıb. Hesabatı Baş nazir Əli Əsədov təqdim edib.

Ərzaq təhlükəsizliyinə  478 milyon manat ayrılıb

Baş nazir bildirib ki, 2023-cü ildə Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarına maliyyə dəstəyi olaraq, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 478 milyon manat vəsait ayrılıb. Bundan başqa, bu il yanvarın 1-dən kənd təsərrüfatı sahəsi üzrə vergi güzəştlərinin müddəti daha 3 il uzadılıb.

Dərman vasitələrinə qiymətqoyma sistemi təkmilləşdirilir

Onun sözlərinə görə, Azərbaycanda dərman vasitələrinə qiymətqoyma sistemi təkmilləşdirilir. Dərman vasitələrinin tənzimlənməsi sahəsində qanunvericilikdə beynəlxalq təcrübəyə uyğun mühüm dəyişikliklər edilib: “Əczaçılıq sahəsində qabaqcıl ölkələrdə istehsal olunan dərman vasitələrinin dövlət qeydiyyatına alınması prosesi sadələşdirilir, qiymətqoyma sistemi təkmilləşdirilir, elektron resept tətbiqinə başlanılır”.

Təhlükəli vəziyyətdə olan binalar

Baş nazir Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə ən təhlükəli vəziyyətdə olan binaların sayını da açıqlayıb. Bildirib ki, bu şəhərlərdə 69 belə bina var.
Ölkə ərazisində qəzalı binalarla bağlı problemlərin həlli üçün son illərdə respublikanın 12 şəhər və rayonlarında qəzalı binaların sökülərək yeni binaların tikintisinə və ya sakinlərə maddi yardımların verilməsinə 44,7 mln. manat vəsait ayrılıb.
“26 binada yaşayan 971 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bu istiqamətdə Prezidentin tapşırığına uyğun olaraq, Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə ən təhlükəli vəziyyətdə olan 69 bina (2886 ailə) ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün 50 mln. manat vəsait ayrılıb. Növbəti 3 ildə bu istiqamətdə işlər davam etdiriləcək”, - Əli Əsədov əlavə edib.

Ə.Əsədov işğaldan azad edilmiş ərazilərə köç prosesinə də toxunub. "Bu ilin sonunadək azad olunan ərazilərə 5 171 ailənin köçürülməsi planlaşdırılır", - dyə Baş nazir hesabatı təqdim edərkən deyib. Xatırladıb ki, keçən ilin sonunadək işğaldan azad olunmuş ərazilərə ümumilikdə 1 186 ailə (4691 nəfər) keçmiş məcburi köçkün köçürülüb.

Ə.Əsədov qeyd edib ki, bu ilin sonunadək işğaldan azad olunan 25 yaşayış məntəqəsi üzrə ümumilikdə 5 171 ailənin (20 min nəfərdən çox) köçürülməsi planlaşdırılır: "Bundan başqa, əsas vəzifələrdən biri də Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq 2026-cı ilədək 34 500 ailənin (140 min nəfərin) doğma torpaqlarına qayıdışı təmin olunmalıdır".
Müzakirələrdə çıxış edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, işğaldan əvvəl Qarabağda mövcud olan 936 yaşayış məntəqəsinin gələcəkdə 316-ya endirilməsi nəzərdə tutulur.

banner

Oxşar Xəbərlər