• cümə axşamı, 05 dekabr, 08:02
  • Baku Bakı 6°C

İrəvandakı etirazların pərdəarxası - TƏFSİLAT

29.07.23 05:00 24697
İrəvandakı etirazların pərdəarxası - TƏFSİLAT

Separatçıların Xankəndindəki heç bir effekt verməyən etiraz aksiyaları indi İrəvanda davam etdirilir. Amma bir neçə gündür davam edən İrəvandakı etiraz aksiyaları da istənilən nəticəni vermir. Yerli ermənilər aksiyalara qoşulmaq istəmirlər.

Bir müddətdir Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazisində yaşayan separatçı ermənilər Xankəndi şəhərində etiraz aksiyaları keçirirlər. Aksiyalar keçirirlər deyəndə ki, sadəcə, özlərini biabır etməklə məşğuldurlar. Kənardan baxanda onların hərəkətləri sadəcə gülüş doğurur. Məsələn, humanitar böhranla üzləşdiklərini deyirlər, amma Azərbaycanın ərzaq təchizatı üçün göstərdiyi alternativ Ağdam-Əsgəran yoluna beton plitələr düzürlər. “Daha sərt addımlar” atacaqlarını deyib, bir həftə vaxt verirlər, həmin müddət başa çatandan sonra ağızlarına su alıb dururlar. Amma heç kimə sirr deyil ki, onlar özlərini bu gülünc duruma öz ağılları ilə salmırlar. Əslində, ilana zəhər verən, onları kukla kimi əlində oynadanlar var.

Aksiyaların Xankəndindən İrəvana daşınması

Xankəndidəki etirazlarla kifayətlənməyən və nəticə ala bilməyən həmin qüvvələr eyni tipli aksiyaları İrəvanda da təşkil etmək qərarına gəldilər. Xankəndi ilə paralel olaraq İrəvanda təşkil edilən aksiyalara yerli erməniləri də cəlb etmək, etiraz dalğasını böyütmək, Ermənistan hakimiyyətini istefaya məcbur etmək planın əsasını təşkil edir. Amma, bir neçə gündür davam edən İrəvandakı etiraz aksiyaları da istənilən nəticəni vermir. Qarabağ erməniləri istisna olmaqla, aksiyalara qoşulan yerli ermənilərin sayı kifayət qədər azdır. Baxmayaraq ki, erməni müxalifətinin müxtəlif simaları, xüsusən də Serj Sarqisyana yaxınlığı və sadiqliyi ilə seçilən şəxslər etiraz aksiyalarının effektiv alınması üçün xüsusi canfəşanlıq göstərirlər. Paşinyana siyasi rəqib sayılan Armen Aşotyanın bir müddət əvvəl həbsi əslində bu canfəşanlığın nəticəsi sayıla bilər. Etirazçıların əsas tələbi baş nazir N.Paşinyanın istefasıdır. 3 ildir ki erməni cəmiyyətinə “Paşinyanın istefası erməni xalqının xilasıdır” nağılını oxumaqdan yorulmayan müxalifət liderləri xarici işlər nazirlərinin Moskvada baş tutan üçtərəfli görüşündən sonra daha da aktivləşiblər. Bu dəfə də son zamanlar aktiv şəkildə istifadə etdikləri üsula - müharibədə itkin düşənlərin valideynlərini yenidən küçələrə çıxarmağa əl atıblar. Amma, plan əks-effekt verib. İrəvandakı Baqramyan prospektini bağlayan şəxslərə bu küçədəki digər sıravi vətəndaşlar müdaxilə ediblər və nəticədə dava-dalaş yaşanıb. Bu isə, artıq adi erməni vətəndaşlarının etirazlardan, küçə bağlamaqlardan, uşaqlara şüar verib fotolarını çəkmək üsullarından cana doyduqlarını göstərir.

Müxalifət Moskva görüşündən sonra aktivləşib

Xarici işlər nazirlərinin Moskvadakı üçtərəfli görüşündən sonra isə İrəvandakı etirazlar daha da qızışmağa başlayıb. Kilsə də yenidən aktivləşib. Halbuki ermənilərin mənəvi dayağı sayılan kilsə İrəvan etirazlarının ilk günlərində susqunluq nümayiş etdirirdi. Amma Moskva görüşündən dərhal sonra I Aram gurultulu bəyanatla çıxış etməklə yenə də hökumətdən fərqli mövqe nümayiş etdirdi. Bu da Paşinyanla kilsə arasındakı qarşıdurmanın aktivləşməsindən xəbər verir. Ehtimal edilir ki, Moskva görüşünün nəticələri qaneedici deyil və kilsə xalqı Paşinyana qarşı etirazlara səsləyir. Moskva görüşündə Rusiya XİN başçısı Sergey Lavrovun “Ermənistan tərəfi Qarabağ ermənilərini Azərbaycan nümayəndələri ilə görüşməyə razı salmağın zəruriliyini başa düşür” açıqlaması əslində N.Paşinyanın görüşdən əvvəl keçirdiyi brifinqdə səsləndirdiyi fikirlərlə üst-üstə düşür. Baş nazir brifinqdə açıq-aşkar Qarabağ erməniləri ilə bağlı qərar verə biləcək şəxs olmadığını, hətta Ağdam-Əsgəran yolunu müzakirə etməyin onun səlahiyyətində olmadığını bildirmişdi. Bu isə Ermənistanın baş nazirinin Azərbaycanın daxili işlərinə qarışa bilməməsi barədə Qarabağdakı ermənilərə növbəti mesajı sayıla bilər.

Arayikin həbsxanada oturacağı gün yaxınlaşır

Əslində Paşinyan Xankəndidə etirazlar başladığı ilk gündən bu tipli mesajlar verirdi. Separatçıların lideri Arayik Xankəndidə oturaq etirazlara başladığını elan etdiyi saatda N.Paşinyanın fermada inəyi sığallayan fotosu KİV-lərdə yayılmağa başlamışdı. Bununla, Paşinyan Arayikə “mənim üçün bu inək qədər də dəyərin yoxdur” mesajını göndərmiş sayılırdı. Arayik isə tükənib. Çadırda oturaq aksiya keçirmək tükənmişlik sindromunun təzahürüdür. Artıq oturmağa yeri qalmayan Arayikin Bakı həbsxanasında oturacağı gün uzaqda deyil. Onun havadarları Xankəndi və İrəvanda etirazların keçirilməsinə, sülh müqaviləsinin imzalanmasının təxirə salınmasına, inteqrasiya prosesini baltalamağa, Paşinyanın başını daxili problem və etiraz aksiyaları ilə qatmağa çalışırlar. Amma zaman bu planın əleyhinə işləyir. Çünki Paşinyan da Azərbaycanla sülh müqaviləsi imzalamağa tələsir. O da anlayır ki, sülh olmasa, anlaşılmazlıqların hərbi yolla həlli gündəmə gələ bilər.

Fuad ABASOĞLU

banner

Oxşar Xəbərlər