• cümə axşamı, 05 dekabr, 08:45
  • Baku Bakı 6°C

Adamı batırmayan dəniz - BƏLƏDÇİ

20.04.24 04:40 7088
Adamı batırmayan dəniz - BƏLƏDÇİ

Ölü dənizin İordaniya sahili unikal iqlim qoruğunda yerləşdiyi üçün təbii müalicəvi kurort hesab olunur. Bura çox sakit və az məskunlaşılan yerdir. Suyun və müalicəvi palçığın unikal xüsusiyyətləri buranı bütün dünyada tanınan sağlamlıq mərkəzinə çevirib.

İordaniya, Fələstin və İsrail sahillərini yuyan “Ölü dəniz” dünyanın ən füsunkar yerlərindən hesab olunur. Ölü dənizdə həmişə yaxşı isti havanın - ildə 330 günəşli günün olması hər mövsüm özünə dünyadan saysız-hesabsız turist cəlb edir. Bu mənada İordaniya sakinləri şanslıdırlar: onların heyrətamiz təbii cazibəsi var. Əslində bu su hövzəsi - göldür, böyüklüyünə görə dəniz adı alıb. 

Ölü dənizin İordaniya sahili unikal iqlim qoruğunda yerləşdiyi üçün təbii müalicəvi kurort hesab olunur. Bura çox sakit və az məskunlaşılan yerdir. Suyun və müalicəvi palçığın unikal xüsusiyyətləri buranı bütün dünyada tanınan sağlamlıq mərkəzinə çevirib. Sahil boyu uzanan hotellərin müasir müalicə, reabilitasiya və kosmetoloji mərkəzləri var. Bəzi hotellərdə dəri xəstəliklərinin müalicəsi üçün klinikalar fəaliyyət göstərir. Bu bölgədəki demək olar ki, hər şey müalicəvidir: duz, palçıq, qaynar qaynaqlar...

Bu ölkəni çimərlik tətili üçün gözə alan turistlər rahat qumlu və ya qayalı çimərliklər və sakit atmosfer üçün Qırmızı dəniz sahilini seçirlərsə, sağlamlıqları üçün məhz Ölü dənizə üstünlük verirlər. Qeyri-adi isti, inanılmaz dərəcədə minerallarla zəngin sular qədim dövrlərdən bəri padşahlar, imperatorlar, tacirlər və zəvvarlar üçün olduğu kimi bugünkü xarici turistlər üçün də cəlbedicidir. Kral Herodun, gözəl Misir Kraliçası Kleopatranın, Saba imperatorluğunun füsunkar kraliçası Belkisin, hətta Süleyman Peyğəmbərin bu dənizin sularında çimib, sahilində günəş vannası qəbul etməsi əhali arasında rəvayət kimi danışılır.

“Qatil” dəniz

Ölü dəniz turları İordaniyanın turistik mərkəzlərinə təşkil edilən turlar içərisində ən bahalısıdır: 250 ABŞ dolları. Amma qaldığın hotelin dəstəyi ilə nisbətən ucuz qiymətə - 200 dollara da özəl tura qoşulmaq mümkündür. Təbii ki, hər bir turist üçün coğrafiya dərslərindən adını eşitdiyi, efirlərdən gözəlliyini izlədiyi bu möcüzəvi dənizi gözlə görmək, sularında yuyunmaq zövqü əvəzolunmazdır.
Ölü dəniz Aqaba şəhərindən 350 km məsafədə yerləşir. Ölü dəniz dünyanın ən duzlu dənizi hesab edilir: “Dənizin suyunun bir litrində 270 qram duz var. Ölü dənizin sahilində atmosfer təhlükəli ultrabənövşəyi şüaların qarşısını alır. Bu da sağlamlığınıza zərər vermədən uzun müddət günəşdə qalmağa imkan verir”, - deyə bizi Ölü dəniz turuna müşayiət edən sürücü-bələdçimiz yol boyu məlumat verir. 

Zaman-zaman bu dənizə müxtəlif adlar verilib: Lot dənizi, Şərqi dəniz, Asfalt dəniz və s. Amma göründüyü kimi, hələ lap qədimlərdən bu su hövzəsini insanlar haqlı olaraq “Ölü dəniz” adlandırıblar. Suyunda heç bir canlı olmadığından bu su hövzəsi belə qorxunc ad alıb. Bələdçi izah edir ki, bu cür duzlu suda ancaq ən nadir mikroorqanizmlər yaşaya bilir: “Digər canlıların duzlu suda yaşaması mümkün deyil. Bu suya düşən balıqlar həmin andaca ölürlər və onların duzla örtülmüş cəsədləri suyun üzünə çıxır. Buna görə, yəhudi dilində bu dəniz “Qatil dəniz” də adlanır. Dənizin duzlu olmasının səbəbi su hövzəsinə tökülən çayların tərkibində duzun çox olmasıdır. Dənizin isə heç bir axarı yoxdur. Dəniz suyunun çıxarı ancaq buxarlanmadır. Su buxarlanarkən tərkibindəki duz dənizdə qalır. Neçə minilliklərlə dənizin dibində yığılıb qalan duz dənizi ölü bir hövzəyə çevirib”. 

Təbiətin bir möcüzəsi

Dənizin sahilində çoxlu turist gözə dəyir. Hər şeyi bilmək həvəsində olanlar təbiətin bir möcüzəsi olan bu dənizi yaxından seyr etməyə can atır, hətta soyuq havada belə dənizin “adamı batırmayan” suyuna baş vuranlar da var. Bəli, bu dənizdə adam batmır. Ona görə də Ölü dənizdə üzənlərin suda qalmaq üçün heç bir səy göstərmələrinə ehtiyac yoxdur. Dənizin suyu həddən artıq duzlu olduğu üçün hər kəs suyun üzərində uzanaraq sərbəst, suya batmadan kitab, qəzet, jurnal oxuya bilir. Su həssas dərilərə tez təsir etdiyindən dənizdə çox qalmaq olmur. Turizm mövsümü aprel ayından başlayır. 

Ölü dənizin əsas cazibəsi isti, sakitləşdirici, çox duzlu su və palçıqdır. Dəri və oynaqların müxtəlif xəstəliklərinin müalicəsi üçün bu sahillərə hər il milyonlarla insan üz tutur.

Baxımsız çimərliklər də gözə dəyir

Bütün sahillərdə olduğu kimi burada da bahalı hotellərə aid pullu çimərliklərlə yanaşı, ictimai və baxımsız çimərliklər də gözə dəyir. İordaniyada turistlər üçün qiymətlər baha olduğundan bir çox qonaqlar ictimai çimərliklərə üstünlük verirlər. Ölü dənizin sularının sahilə yaydığı ağappaq duzlar isə sənaye, kənd təsərrüfatı və təbabətdə istifadə olunur. “Ölü dənizdə 26 vacib mineral var ki, onlardan on ikisi dünyanın heç bir başqa dənizində və ya okeanında yoxdur. Bəziləri özünəməxsus keyfiyyətlərə malikdir, məsələn, rahatlıq hissi verir, dərini qidalandırır, qan-damar sistemini aktivləşdirir, revmatik xəstəlikləri və metabolik pozğunluqları sağaldır, stress müqaviməti üçün vacibdir”, - deyə bələdçimiz məlumat verir. 

Mağazalarda, suvenir dükanlarında satılan duzların və minerallardan hazırlanan kosmetik vasitələrin qiyməti də ucuz deyil: miqdarından asılı olaraq 10-100 dinar (27-550 AZN) arası dəyişir. Bu, kosmetik vasitələr dünyanın ən bahalı vasitələri hesab olunur.

Ölü dəniz yox ola bilər

Bələdçimiz son illər Ölü dənizin səviyyəsinin aşağı düşməsindən narahatlığını da bildirdi: “Ölü dənizin problemi qlobal iqlim dəyişikliyindən qaynaqlanmır. Çünki Ölü dənizin yeganə mənbəyi olan İordan çayından hazırkı dövrdə daha çox istifadə edirlər. Su əvvəlki illərlə müqayisədə daha çox israf olunur. Həmçinin, Ölü dənizdən bir çox özəl şirkətlər də minerallar çıxarırlar. Hər il dəniz bir metr aşağı enir. Son illərdə bu proses daha da güclənib. Bu gedişlə Ölü dəniz müəyyən müddətdən sonra yox ola bilər. Bu isə ölkənin iqtisadiyyatına, turizminə böyük problemlər yaradar. İordaniya hökuməti bu barədə ciddi düşünür”. 

Təranə Məhərrəmova
Aqaba-Ölü dəniz

banner

Oxşar Xəbərlər