Tarix, din və təbiət - REPORTAJ

Mostar etnik cəhətdən müxtəlif, tarixi baxımdan füsunkar bir şəhərdir. Bosniya və Herseqovinanın beşinci ən böyük şəhəri, Balkanların ən məşhur turistik yerlərindən biridir.
“Mostar Balkanlarda mütləq görülməli olan yerlərdən biridir”. Bosniya və Herseqovinaya səfər öncəsi səyahətsevərlər və turizmçilər bu füsunkar şəhəri görməyi tövsiyə edirlər. “Mostar etnik cəhətdən müxtəlif və tarixi baxımdan füsunkar bir şəhərdir. Ölkənin beşinci ən böyük şəhəri və Balkanların ən məşhur turistik yerlərindən biridir. Mostar tarix, din və təbiətdir”, - deyə təcrübələrini bölüşürlər.
Barışıq simvolu
Şəhər Sarayevodan 125 km cənubda yerləşir. Paytaxtdan tarixi şəhərə avtobusla iki saat yarıma çatmaq olur (gediş-gəliş 24 avro). Mostara çatmağın başqa, daha mənzərəli, lakin ən yavaş yolu qatarladır, bu, üç saatdan çox vaxt aparır, lakin bir az daha ucuzdur. Yol boyu bosniyalıların bütün həyat və yaşayışlarını ifadə edən kiçik və kasıb evləri, təsərrüfatları, Alp dağlarının möhtəşəm qarlı mənzərələrini seyr edə-edə mənzil başına nə vaxt çatdığının fərqində olmursan.
Tarixi Mostar şəhəri Neretva çayının dərin vadisi boyunca uzanır. 15-16-ci əsrdə Osmanlı imperiyasının sərhəd şəhəri, 19-20-ci əsrlərdə isə Avstriya-Macarıstan hakimiyyəti altında olan bir şəhər kimi yaşadığından Şərqlə Qərbin birləşdiyi yerdir.
Şəhərdə bütün attraksionlar mərkəzdə - Köhnə şəhərdə cəmləşib. Snayper qülləsi, Partizan Memorial Qəbiristanlığı, Müharibə fotoşəkillərinin sərgisi, Müslibeqoviçin evi, Mehmed Paşa Məscidi, Əyri körpü...
Mostarda qədim məscidlər, rəngarəng bazarlar və tarixi mülklər tərk edilmiş binalarla bir yerdə yaşayır. Şəhər təxminən 25 il əvvəl burada baş verən Bosniya müharibəsinin izlərindən hələ də yaxa qurtara bilməyib.
Mostar köhnə türk yaşayış evləri və qədim körpüsü ilə tanınır. “Mostardakı yenidən qurulmuş köhnə şəhər və körpü mədəniyyətləri, millətləri və dinləri ilə fərqlənən icmaların barışıq və birgəyaşayış simvoludur”, - deyə yerlilər tarixlərinə belə yanaşırlar.
Köhnə körpünün hekayəsi
Məşhur memar Sinanın tələbəsi Xairudin tərəfindən qurulan körpü Balkan İslam memarlığının möhtəşəm nümunəsidir. 1990-cı illərdəki münaqişə zamanı tarixi şəhərin çox hissəsi və köhnə körpü dağıdılıb. Qədim şəhərdəki körpü və bir çox digər tikililər YUNESCO tərəfindən yaradılan Beynəlxalq Elm Komitəsinin köməyi ilə yenidən qurulub və ya bərpa edilib. Körpünün bərpası 1997-ci ildə başlayıb və 2004-cü ildə başa çatıb. Layihənin dəyəri 15 milyon dollar olub. Bu memarlıq abidəsinin yenidən qurulmasına ən böyük töhfəni UNESCO verib. Tikintinin maliyyələşdirilməsində Dünya Bankı, həmçinin Türkiyə, Xorvatiya, İtaliya, Fransa, Hollandiya iştirak edib.
Qəribədir ki, 19-cu əsrdə Mostara gələn Qərb səyyahları onun əsas cazibəsini “Roma körpüsü” adlandırırdılar. Belə gözəl körpünün bir Osmanlı memarı tərəfindən qurula biləcəyini təsəvvür edə bilmirdilər. “Şəhər sakinləri köhnə körpünün qalıqlarını çayın dibindən qaldırıblar, çatışmayan daş isə qədim karxanalardan çıxarılıb. Arxiv fotoşəkilləri sayəsində onun 1088 daş blokdan ibarət olduğu məlum olub”, - deyə məlumatlı sakinlərdən biri dedi.
Hər gələn turist də Mostar turuna şəhərin unikal simvolu olan Köhnə körpüdən başlayır. Körpü həm də şəhərin iki müxtəlif hissəsini birləşdirdiyi üçün unikaldır: şərq tərəfdə məscidlərin olduğu müsəlman hissəsi, qərb tərəfində kilsələrin olduğu xristian hissəsi var. “Yeri gəlmişkən, bu körpü şəhərdə 17-ci əsrdə yaranmış ən qədim adət-ənənələrdən biri ilə bağlıdır. Ənənə körpüdən Neretva çayına tullanmaqdan ibarətdir. Körpünün zirvəsindən suya tullanma xüsusilə gənclər arasında ənənəvi əyləncədir. Körpünün hündürlüyü 20-30 metrdir. Yerli sakinlər turistlərdən birinin onlardan tullanmaq istəməsini istədikdən sonra bu ənənə yaranıb və artıq 450 ildir ki davam edir”.
Hökmdarlar və qanunlar dəyişdi, lakin...
Mostarda tarixi abidələr çoxdur. 16-cı əsrdə tikilən Karadöz bəy məscidi Bosniyanın ən mühüm klassik Osmanlı məscididir. Osmanlı memarı Sinan tərəfindən layihələndirildiyi güman edilir və Bosniya milli abidəsi kimi siyahıya alınıb. Neretva çayının, Köhnə körpünün və yaxınlıqdakı dağların mənzərəsini seyr etmək üçün turistlər minarənin spiral pilləkənləri ilə qalxırlar.
Kuyunjiluk bazarı Mostarın Köhnə şəhərinin ürəyidir. Daş döşənmiş piyada küçəsi 16-cı əsrə aid tikililərlə bəzədilib, bəziləri parlaq çəhrayı rəngə boyanıb. Daş binaların içərisində ənənəvi ev tipli restoranlar və rəngli əl işləri satılan mağazalar var. Bu bazar gələnlərə Mostarın ənənələri, tarixi haqqında hər şeyi deyir. Turistlər bu bazarda alış-veriş edə, tarixi şəhərin ruhunu duya bilirlər. Yürüməkdən yorulanda yerli mətbəxin dadına baxmaq və dincəlmək üçün ətrafdakı kafelərə baş çəkirsən. Tarixi şəhər bütün Bosniya və Herseqovina mətbəxi kimi şərq və qərb ləzzətlərinin birləşməsi ilə xarakterizə olunur. Yerli mətbəxə ən çox türk, yunan və digər Aralıq dənizi mətbəxləri, eləcə də Avstriya-Macarıstan hakimiyyəti dövrünün təsirləri var. “Əsrlər keçdi, hökmdarlar və qanunlar dəyişdi, lakin Mostar üç dinin şəhəri olduğu üçün belə qaldı. Hətta müharibə də tarixi dəyişmədi. 15-ci əsrdə Osmanlı İmperiyası Bosniya və Herseqovinanı işğal etdiyi zaman ilk siyahıyaalma aparılıb. O zamanlar Mostar taxta körpünün yanında ticarət yolu boyunca yaranmış kəndə bənzəyirdi. Burada cəmi 19 ev var idi. Avstriya-Macarıstan dövründə artıq şəhərdə 16 min sakin yaşayırdı. Amma bir çox müsəlmanlar “Avropa evi”ni bəyənmədilər, köçüb getdilər”, - deyə bazarın yaşlı satıcılarından biri danışır.
Mostar ətrafında gəzəndə sizi burada tərk edilmiş binalar əhatə edəcək - bu, ölkənin müharibədən sonrakı “mirası”dır. Bu baxımdan, bütün Bosniya və Herseqovinada olduğu kimi, Mostarda da “qaranlıq turizm” çox məşhurdur.
Əyri körpünün o biri başı xorvatların yaşadığı ərazidir. Bura fərqli, həm də nisbətən zəngin bir şəhər təsiri bağışlayır. Burada artıq Şərqdə deyil, Avropada olduğunu anlayırsan...
Təranə Məhərrəmova
Sarayevo-Mostar
