Altı qalereya, 5000-dən çox əsər - BƏLƏDÇİ

Şarjadakı İslam Sivilizasiyası Muzeyində V əsrdən başlayaraq XIV əsrə qədər dövrü əhatə edən unikal eksponatlar nümayiş etdirilir. Muzeyin qalereyaları ziyarətçiləri incəsənət, xəttatlıq, silahlar, əlyazmalar, erkən elmi yeniliklər barədə məlumatlandırır.
Şarja İslam Sivilizasiyası Muzeyi mühüm mədəni və turistik məkandır. Muzey Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərinin ürəyində - Əl-Məcərrə sahilində yerləşir.
Muzey 1996-cı il noyabrın 6-da Şarjanın İrs Bölgəsində açılıb. Kolleksiyaları çoxaldıqca muzeyin binasını da genişləndirmək lazım gəlib. Ərazidə əsasən ənənəvi əşyalar, tekstil məhsulları və s. satılan mağazaları olan bazar və ətrafındakı kafelər sökülərək yerində muzeyin böyük binası inşa olunub. Muzey 2008-ci ildə “Şarja İslam Sivilizasiyası Muzeyi” adı altında yenidən açılıb. Muzey Ali Şuranın üzvü və Şarja hökmdarı Əlahəzrət Şeyx Dr. Sultan bin Məhəmməd Əl Qasiminin göstərişi ilə fəaliyyətə başlayıb. Binanın tağları, mürəkkəb dizaynı, vitrajları və mərmər döşəməsi də içərisi qədər gözəldir.
Nəfis tarixi əsərlər
Muzeydə V əsrdən başlayaraq XIV əsrə qədər böyük İslam sivilizasiyasını əks etdirən unikal eksponatlar nümayiş etdirilir. Muzeyin qalereyaları - İslam incəsənəti, xəttatlıq, silahlar, əlyazmalar, erkən elmi yeniliklərdən bəhs edən eksponatlardan ibarətdir. Qalereyalarda ümumilikdə 5000-dən çox artefakt sərgilənir. Ziyarətçilər İslam tarixi, mədəniyyəti və kəşfləri ilə tanış olmaqdan zövq alırlar.
Quranın köhnə nüsxələrinə baxmaq imkanı
Muzey altı geniş qalereya və sərgi sahələrindən ibarətdir. Birinci mərtəbədə müxtəlif texniki nailiyyətlər və keçmiş əsrlərin elmi işlərinin əks olunduğu qalereya var. Burada naviqasiya ilə əlaqəli bir çox eksponat toplanır - kompaslar, astrolablar, müxtəlif naviqasiya cihazları və s.
Birinci mərtəbədə həm də əsas dini obyektlərin və atributların təqdim olunduğu zal yerləşir. Bu, muzeyin daimi kolleksiyası - “Əbu Bəkr İslam İnancı Qalereyası”dır.
Ekspozisiyalarda qədim “Qurani-Kərim”dən, həmçinin müxtəlif xəttatlıq növlərindən, məscidlərin tikintisindən və dini bayramlardan bəhs edilir. Stendə yaxınlaşarkən yalnız bir düyməni basmaqla göstərilən əşyalar haqqında hekayə eşidilir.
Ekspozisiyalarda ziyarətçilər Kəbənin fiziki maketini və ziyarət geyiminin orijinal hissələrini, nadir tarixi Quran əlyazmalarını, eləcə də dünyanın müxtəlif yerlərindən məscidləri və onların memarlığının maket fiqurlarını və şəkillərini görə bilərlər. Qalereya ziyarətçilərə iman, namaz, oruc, zəkat və həcc haqqında məlumat verir. Burada həmçinin Quranın köhnə nüsxələrinə baxmaq mümkündür.
Müsəlman alimlərinin kəşfləri
İbn əl-Heysəm Elm və Texnologiya Qalereyasında ziyarətçilər qədim İslam tarixi boyu müsəlman alimlərinin kəşfləri və ixtiraları ilə tanış ola bilirlər. Mürəkkəb üçölçülü modellər, audiovizuallar və geniş məlumat panelləri astronomiya, tibb, coğrafiya, memarlıq, riyaziyyat, kimya, hərbi texnologiya, dəniz naviqasiyası və mühəndislik daxil olmaqla, bütün sahələrdə müsəlman alimləri tərəfindən edilmiş kəşflərin, ixtiraların və nəzəriyyələrin qrafikləri əks olunub.
İkinci mərtəbədə qədim keramika kolleksiyaları, müxtəlif qablar, metal məmulatlar, çox gözəl vazalar var. Burada şüşə əşyalar və təbii əl istehsalı xalçalar da nümayiş olunur.
Ziyarətçilər xüsusilə silah kolleksiyasının qarşısında ayaq saxlayırlar. Burada müxtəlif bıçaqlar, qılınclar və odlu silahlar sərgilənir.
Dulusçuluq, oyma, tekstil, xalçaçılıq...
Daha dörd qalereya eramızın yeddinci əsrindən 20-ci əsrinə qədər uzanan dövrlərdə İslam sənətini nümayiş etdirir. Eksponatlar arasında dulusçuluq, ağac üzərində oyma, tekstil, əlyazmalar, xalçaçılıq nümunələri var. Monitorlarda rəsədxanalar, müxtəlif tibbi, stomatoloji və cərrahi alətlər nümayiş etdirilir.
Yeddinci qalereya Osmanlının şah əsərlərindən tutmuş fars xəttatlığına qədər eksponatlar nümayiş etdirir. Bələdçi məlumat verdi ki, bu qalereya Budapeşt, Malayziya və digər ölkələrin muzeyləri ilə birgə müntəzəm təşkil edilən müvəqqəti sərgilərə ev sahibliyi edir.
Muzeyin İslam sikkə kolleksiyaları Al Majarrah Qalereyasının kənarındakı atriumda nümayiş etdirilir. Ziyarətçilər monitorlar vasitəsilə bu sikkələrin tarixi və yaranması haqqında məlumat əldə edə bilirlər. İstənilən sikkənin bütün xırda detallarını böyüdücü şüşə ilə yoxlamaq mümkündür. Al Majarrah Müvəqqəti Sərgi Qalereyası ildə iki dəfə dünya səviyyəli sərgilərə ev sahibliyi edir.
Tədbirlər üçün mükəmməl məkan
Binanın günbəzinin daxili hissəsində gecə səmasının mozaikasını, bürcləri və ulduzları görmək mümkündür. Əl ilə yaradılmış sənət əsəri 24 karatlıq qızıldan ibarət olmaqla kiçik keramika parçalarından hazırlanıb.
Muzey tədbirlərin keçirilməsi üçün də mükəmməl məkandır. Burada seminarlar keçirilir, 6-12 yaşlı uşaqlar və onların ailələri hər şənbə günü praktiki fəaliyyətlərdə iştirak edirlər.
Ən başlıcası, audio bələdçini dinləməklə muzey ekspozisiyaları və eksponatları haqqında ətraflı informasiya almaq mümkündür.
Təranə Məhərrəmova
Bakı-Şarja
