• cümə axşamı, 05 dekabr, 07:31
  • Baku Bakı 6°C

“Əbədi bahar adası”ndan reportaj 

30.11.24 02:12 510
“Əbədi bahar adası”ndan reportaj 

Əfsanəvi Ronaldonun vətəni Madeyra adası Atlantik okeanında qeyri-adi gözəlliyə malik arxipelaqdır. Ada faunanın ən nadir nümunələri üçün sığınacaq yeri, köç edən quşların vətənidir. 

Madeyra adası haqqında ilk dəfə eşidəndə baharın heç vaxt bitmədiyi bir yer təsəvvür etdim. Adaya çatanda başa düşdüm ki, bu, sadəcə, turist şüarı deyil... Bu torpağa ayaq basdığın ilk andan başqa bir dünyaya qədəm qoyduğunu hiss edirsən.

Hərçənd Bakıdan Portuqaliyanın bu cənnət adasına birbaşa uçuşlar yoxdur, amma ecazkar adanı görmək istəyənlər Bakı-Roma-Madeyra istiqamətində 9 saatlıq uçuşu gözə almalıdırlar. 

Təyyarə adanın paytaxtı Funşal şəhərinə - adanın əfsanəvi oğlu Kriştian Ronaldonun adını daşıyan Beynəlxalq Hava Limanına eniş edir. Atlantik okeanı üzərində yerləşən bu hava limanı dünyanın ən təhlükəli 10 hava limanından biridir. Limana enmək üçün pilotlardan xüsusi manevrlər tələb olunur. Bundan sonra turistləri adanın həmişəlik yaddaşda qalacaq heyrətamiz mənzərələri gözləyir. Zarafat deyil, Madeyra son səkkiz ildə Bali, Maldiv adaları və hətta Havay adalarını da qabaqlayaraq, Dünya Səyahət Mükafatlarının “Səyahət üçün ən yaxşı ada” kateqoriyasını ardıcıl olaraq qazanıb.

İnsan müdaxiləsi görməyən meşələr və dağlar

Madeyra Atlantik okeanında qeyri-adi gözəlliyə malik arxipelaqdır. Coğrafi baxımdan ada Portuqaliyaya aiddir, lakin Afrika sahilləri ilə sıx təmasdadır. Ada başqa yerlərdə rast gəlinməyən faunanın ən nadir nümunələri üçün sığınacaq yeri, köç edən quşların vətənidir. Madeyra insan müdaxiləsi görməyən meşələr və dağlarla əhatə olunub. Elə portuqal dilindən tərcümədə də adanın adı “meşə” və ya “ağac” anlamındadır. Madeyranın dəfnə meşələri YUNESKO siyahısındadır. Adaya “Əbədi bahar adası” da deyirlər. Ada ekzotik meyvələri, yamyaşıl meşələri, şəlalələri və şərabı ilə məşhurdur. Təbiət və mədəniyyət burada harmonik bütövlük təşkil edir.

Yaşayış məntəqələri yalnız sahil boyu yerləşir

Adada yaşayış məntəqələri yalnız sahil boyu yerləşir. Sahəsi olduqca kiçik - cəmi 740 km2 -dir, əhalisinin ümumi sayı 300 min nəfərə çatır. Madeyra Milad bayramının təşkilinə görə Ginnesin Rekordlar kitabında yer alıb. “Madeyra adasını unikal edən nədir?” deyə maraqlandıqda yerli sakinlər “Adada ilıq sulu göllər, təmiz qumlu və çınqıllı çimərliklər, möhtəşəm yaşıllıqlar, rahat hava, günəş, müxtəlif flora və fauna turistləri ilboyu gözləyir. Bu, bütün dünyada analoqu olmayan nadir təbii botanika bağıdır. Yer üzündə cənnət axtaranlar üçün Madeyra ideal yerdir”, - deyə cavab verirlər. 

Madeyra kiçik bir ada olmasına baxmayaraq, alış-veriş üçün də əlverişli yerdir. 

Madeyra mətbəxi ilk növbədə balıq və ətdən ibarətdir. Restoranlar fərqli reseptlərlə hazırladıqları dadlı balıq şorbası (5 avro) və balıq növləri (13-26 avro) təklif edirlər. Hər bir restoranın dəniz məhsulları hazırlamaq üçün özünəməxsus və zəngin resepti var. 

Hər zövqə uyğun əyləncə

Madeyranın mənzərələri o qədər gözəldir ki, onlar fotoşoplu reklam broşuralarını xatırladır. Bütün bu inanılmaz təbii gözəlliyin fonunda okeana baxan qırmızı kirəmitli damları olan qar kimi ağ evlər xüsusilə rəngarəng görünür. 
Madeyra il boyu rahat hava şəraiti ilə öyünür - qışda burada havanın temperaturu 16 dərəcədən aşağı düşmür, yayda isə 22-25 dərəcə arasında dəyişir. Madeyranın əlverişli havası və möhtəşəm mənzərəsi ənənəvi olaraq dünyanın hər yerindən insanları cəlb edir. Yazda paytaxtda gül festivalı keçirilir. 

Adada əsasən Braziliyadan və Venesueladan gələn miqrantlar var ki, onlar da zamanla yerli əhaliyə qarışıblar. “Adada universitet də var. Düzdür, ixtisaslar çox deyil və daha çox yerli əhali və ətraf ərazilərdən təhsil almağa gəlirlər”, - deyə avtobusda tanış olduğum braziliyalı xanım vurğulayır. O, okeanda lövbər salan nəhəng gəmiləri göstərərək “Avropanın kruiz gəmilərinin limanı da Madeyra adasıdır” deyir.
Madeyrada bütün zövqlərə və yaşlara uyğun tətillərin təşkili mümkündür. Hazırda daha çox yaşlı turistlər gözə dəyir.  Xüsusən alman turistləri üçün Madeyra sevimli yerdir. 

Turistlər kanatla (18 avro) dağlara qalxaraq Madeyranın bütün əzəmətini göstərən mənzərələri seyr etmək fürsətini qaçırmırlar. Montre kanat avtomobilində tanış olduğumuz 70 yaşlı alman cütlük ikinci dəfədir Madeyraya səyahət etdiklərini deyirlər. Montre sarayı, qədim kilsələr, İsa Peyğəmbərin abidəsi və s. turistlərin mütləq səyahət etdikləri yerlərdir. 

Turistlər paytaxt Funşaldakı dar Rua de Santa Maria küçəsində divar rəsmlərinə də mütləq baş çəkirlər. Adanın bütün tarixi, yaşayışı və mədəniyyəti bu rəsmlərdə əks olunub. 

“Bizim Ronaldomuz”

Madeyrada çoxlu muzeylər var: Tarix muzeyi, Şabalıd Muzeyi, Şərab Muzeyi... Onların ən məşhuru isə Kriştiano Ronaldo Muzeyidir.
Ada sakinləri hamısı öz oğulları ilə fəxr edirlər, “Bizim Ronaldomuz” deyə öyünürlər. Ronaldo adanın qeyri-rəsmi hamisi və yerli “Union Madeira” futbol komandasının rəsmi sponsorudur. 

2013-cü ildə açılan Kriştiano Ronaldo və ya “CR7” muzeyi paytaxt Funşal şəhərində yerləşir. Açılış mərasimində Ronaldonun özü, həmçinin Portuqaliya prezidenti iştirak ediblər.

Muzey adaya səyahət edənlərin, hətta futbol haqqında məlumatı olmayanların da əsas ziyarət yeridir. Muzeyin qarşısında braziliyalı heykəltəraş Rikardo Velosa tərəfindən hazırlanmış futbolçunun bürünc abidəsi ucaldılıb. Turistlər öz kumirlərinin heykəlinə toxunmaq fürsətinə sevinirlər. Muzeyin içində azarkeşlər üçün virtual kumirlə şəkil çəkdirməyə imkan verən şərait də var. Muzeydə həmçinin futbol ayaqqabıları və digər xatirə əşyaları satılan geniş mağaza yerləşir.

Muzeyin üstündə futbolçuya məxsus otel və kafelər var. Otelin yerləşdiyi meydan muzeyin açılışı zamanı Ronaldonun şərəfinə adlandırılıb.
“CR7” Ronaldoya aid eksponatlarla zəngindir. 

Muzeyin əməkdaşı Linton Ferreira “Biz Ronaldo ilə fəxr edirik”, - deyə futbolçu haqqında sevinclə danışdı: “Ronaldo ildə 1-2 dəfə muzeyə baş çəkir. Keçən il Milad bayramında gəlmişdi. Muzey qardaşı tərəfindən idarə olunur. Ronaldonun anası, bacısı və qardaşı adada yaşayır. Anası ilə birlikdə yaşayan böyük oğlu da muzeyə tez-tez baş çəkir”. 

Muzeydə 200-dən çox eksponat var. İdmançının fotoşəkilləri və videoları, mum fiqurları, həmçinin uşaqlıq və gənclik illərində qazandığı mükafatlar nümayiş olunur. Kuboklar, qızıl toplar, medallar, azarkeş məktubları, imzalı formalar, “qızıl butslar” və s. eksponatlar maraq doğurur. 

Futbolçunun qazandığı fərdi mükafatların orijinalı və klub mükafatlarının surəti, dövlət təltifləri muzeydə sərgilənir. “Bu, Ronaldonun adını daşıyan rəsmi muzeydir. Səudiyyədə Ronaldoya həsr olunan müvəqqəti muzey də var, amma bu, ilk və yeganə rəsmi muzeydir”, - deyə muzeyin əməkdaşı bildirdi: “Şəxsi əşyaları qardaşı Ronaldodan alaraq muzeyə gətirib. Eksponatların üzərində Ronaldonun imzası var”. Muzey əməkdaşı futbolçunun doğulduğu adaya yardım etdiyini də gizlətmədi: “Ronaldo adaya çox yardım edir, ancaq bunun açıqlanmasını istəmir. O, tarixdə daha çox futbolçu kimi qalmaq istəyir”.  

Ronaldonun vətəni turistləri sevgi ilə qarşılayır və yola salır...

Təranə Məhərrəmova
Madeyra-Bakı

 

banner

Oxşar Xəbərlər