• cümə axşamı, 18 aprel, 14:05
  • Baku Bakı 22°C

Günel Bədəlova: “Qarşıdakı illərdə Azərbaycana daha çox turist cəlb ediləcək”

23.12.22 17:16 1783
Günel Bədəlova: “Qarşıdakı illərdə Azərbaycana daha çox turist cəlb ediləcək”

Sektor müdiri: “Mövsümlük anlayışını aradan qaldırmaq üçün ölkəmizdə turizm sahəsində geniş infrastruktur yaradılıb”

Dekabr ayının ortasından Azərbaycanda qış turizmi mövsümünə start verilib. Bu mövsümə hazırlıq səviyyəsi, ölkənin qış turizm potensialı, turistlər üçün imkanlar, turizm məhsulları və digər məsələlərlə bağlı “Kaspi” qəzetinin suallarını Azərbaycan Turizm Bürosunun Turizm məhsulu sektorunun müdiri Günel Bədəlova cavablandırıb.

- Günel xanım, artıq Azərbaycanda qış turizm mövsümünə start verilib. Bu mövsümə hazırlıq səviyyəsini necə dəyərləndirirsiniz?
- İsti iqlim qurşağında yerləşməsinə baxmayaraq, Azərbaycan öz təbiəti ilə qış mövsümündə turistləri qəbul edən nadir ölkələrdəndir. Ötən illər ərzində Azərbaycanda qış turizminin inkişafı, turistlərin bu mövsümdə ölkəmizə axını üçün bir çox addımlar atılıb. İlk növbədə qış turizmi üçün müvafiq baza yaradılıb. Mövsümlük anlayışını aradan qaldırmaq naminə böyük bir infrastruktur yaradılıb. 

- Ötən illərlə müqayisə etsək, hazırda Azərbaycana gələn turistlərin sayı artıb, yoxsa azalıb?
- Dünyada turizm sənayesinə ciddi təsir edən ən böyük problem koronavirus pandemiyası idi. İl ərzində aylar üzrə hazırlanan statistikaya görə, 2019-cu ildə Azərbaycanda yanvar ayında 191424 turist qəbul edilmiş, hər ay artan temp üzrə ən çox turist qəbulu iyun (315752), iyul (365153), avqust (361359) aylarında olmuş, bu rəqəm noyabrda 241379, dekabrda 246593 təşkil etmişdir. Pandemiyadan sonrakı 2021-ci ildə bu rəqəm yanvarda 36115, iyunda 67189, iyulda 83656, avqustda 77119, oktyabrda 90973, noyabrda 86061, dekabrda 97748 olub. 2022-ci ilin yanvar ayında isə 74057, iyunda 170600, iyulda 193416, avqustda 171960, sentyabrda 158803, oktyabrda 160467, noyabrda 135370 olub. Statistika göstərir ki, biz turizm sənayesində bərpa dövründəyik. Hər il aylar üzrə ölkəyə turist axını güclənir. Qarşıdakı illərdə də bu sahədə artım gözləyirik. Düzdür, yay mövsümü ilə müqayisə etsək, qış mövsümündə turist axını o qədər də çox deyil. Lakin biz bir sıra turizm məhsulları və təkliflər hazırlamışıq. Bu, daha çox turisti növbəti illərdə Azərbaycana cəlb etmək üçündür.

- Qeyd etdiniz ki, hər il turist axını artır. Maraqlıdır, əsasən hansı xarici ölkələrdən Azərbaycana daha çox turist gəlir? Belə bir statistika aparılıbmı?
- Azərbaycana 2021-ci ildə yanvar-fevral-mart ayları üzrə Afrika, Amerika, Cənub Şərqi Asiya, Cənubi Asiya, Gürcüstan, İran, Mərkəzi Asiya, Qərbi və Şərqi Avropa, Rusiya, Şimal Şərqi Asiya, Yaxın Şərq, Türkiyə və digər ölkə, həmçinin regionlardan ümumilikdə 117227 turist gəlib. 2022-ci ilin eyni dövrünə aid olan statistikaya görə, bu rəqəm 246277 olub. Cari ilin həmin dövründə Azərbaycana ən çox turist Rusiya (67546), Türkiyə (60835), İran (35410), Yaxın Şərq (26470), Gürcüstan (14238) və Şərqi Avropadan (12363) gəlib. 2019-cu illə müqayisədə bu rəqəmlər qənaətbəxş deyil. Gələcək illərdə bu dinamikanı daha da artırmağı planlaşdırırıq. Qəbələ və Qusar rayonlarında qış mövsümündə turistlər daha çox xizək kurortlarına gəlirlər. Bu rayonlardakı hotellərdə 2019-2020 qış mövsümündə ümumi gecələmə sayı 123035, 2021-2022-də 117409 olub. Bu statistikada sadəcə əcnəbilərin gecələmə sayı ardıcıllıqla 62120 və 43063 olub.

- Ölkəmizdə qış turizm mövsümündə turistlər üçün hansı imkanlar olur?
- Azərbaycanda 3 qış turizm mərkəzi var. Bunlar Qusardakı “Şahdağ” Turizm Mərkəzi, Qəbələdəki “Tufandağ” Qış-yay Turizm Kompleksi, Naxçıvandakı Ağbulaq Xizək Mərkəzidir. “Şahdağ” Turizm Mərkəzində snoubord, xizəksürmə, kirşə, kanatla sürüşmə (zip-line), qar üzərində peyntbol, qarda tübinq, buz meydançası, qar üzərində seqvey və kvadrosikl turu, qış haykinqi, xizək turu, qarsıxıcı maşında gəzinti, Shahdag coaster, kanat yolu, oxatma, uşaqlar üçün elektrik maşınlar, dağda gəzinti, uşaq əyləncə mərkəzi, macəra parkı, polaris tur, atıcılıq, off-road turlar, at üstündə gəzinti, paraşütlə tandem uçuşlar və digər fəaliyyət növləri mövcuddur. Buradakı hotellərin say çoxluğu da daha çox turist cəlb etməyə hesablanıb. Qış mövsümündə turistlər çox olduğu üçün, Qusarla yanaşı Qubaya da gəlirlər. Bu səbəbdən Quba və ətraf rayonlarda da turistlər üçün maraqlı fəaliyyətlər nəzərdə tutmuşuq. Ümumiyyətlə, bu regiona gələn turistlər tanınmış etnoturizm mərkəzlərindən olan Xınalığa, dağ yəhidilərinin yaşadığı Qırmızı qəsəbəyə səfərlər edə bilərlər. Qubadakı çoxsaylı hotellər də hər mövsümdə turistlərə xidmət etməyə hazırdır. Qəbələ şəhərinin mərkəzindən 4 km məsafədə yerləşən “Tufandağ” Qış-yay Turizm Kompleksində 3 göy (başlanğıc səviyyə), 4 qara (orta çətinlik), 3 qırmızı (orta çətinlik) yamac mövcuddur. Yüksəklik fərqi 1000-2000 metr, xizək sahəsinin uzunluğu 18 km-dir. Dağ-xizək kompleksi 3 min nəfərə xidmət göstərə bilir. Burada da xizək, kirşələr, kvadrosikl, seqvey, dağ yelləncəyi, yamac paraşütü, off-road turlar, kanat yolu, xizək məktəbi və sair xidmətlər mövcuddur. Yaxın Şərq ölkələrindən gələn turistlər Qəbələdə istirahət etməyə daha çox üstünlük verirlər. Qəbələdə Qafqaz hotellər şəbəkəsi və digər hotellərdə turistlər öz rahatlıqlarını təmin edə bilərlər. Turistlər bu rayon ərazisindəki termal sulardan, müalicəvi neft vannalarından da yararlanırlar. Sağlamlıq turizmi baxımdan bunlar turistlər üçün cəlbedicidir. Naxçıvan şəhərindən 1 saatlıq məsafədə - Şahbuz rayonunun Ağbulaq kəndində yerləşən xizəkçilik mərkəzi də qarlı dağ yamacları və qış turizm fəaliyyətləri üçün lazımi müasir infrastrukturu ilə fərqlənir. Burada yüksəklik 2000 metr, xizək sahəsi 1580 metr, kanat yolu 980 metr, konveyor xətti 219 metr, yamacların sayı 3-dür. Ağbulaq Xizək Mərkəzində turistlərə xizəksürmə, kanat lifti, uşaq parkları, snoubord, xizək məktəbi, konveyor xətti, dırmanma divarı, motor turu və digər qış fəaliyyətləri təklif olunur.

- Adətən qış turzim mövsümündə turistlər sadəcə xizək sürməklə kifayətlənmir, başqa əyləncə vasitələrinə də üstünlük verirlər. Bu baxımdan Azərbaycanda hansı turistik fəaliyyətlər var?
- Qış mövsümündə turistləri sadəcə xizək mərkəzlərinə deyil, digər turistik fəaliyyətlərə, o cümlədən haykinq turlara da cəlb edirik. Bu turlar şirkətlər tərəfindən tam təhlükəsiz şəraitdə təşkil olunur. Misal üçün, bizim Qrız-Qalaxudat haykinq marşrutu var. Marşrutda olan Gur-gur şəlaləsi qışda donaraq ecazkar mənzərəyə bürünür. Şəlaləyə əsasən Qrız kəndi ərazisindən gedilir. Yolsuzluq avtomobilləri ilə çatdıqdan sonra 1,5 km məsafəlik cığırla piyada gedərək şəlaləyə çatmaq mümkündür. Qış aylarında həftəsonları bu şəlaləyə turlar təşkil edilir. Turlar çərçivəsində Qrız kəndindəki qonaq evlərində gecələmək və ekoloji təmiz məhsullardan hazırlanmış yeməkləri sifariş etmək mümkündür. Laza şəlalələri də Qusar rayonu Laza kəndinin ərazisində - “Şahdağ” Turizm Mərkəzinin yaxınlığında yerləşir. Burada turistlərin marağını cəlb edən qoşa şəlalələr və suvar şəlaləsidir. Qış aylarında bu şəlalələr donduğu zaman buza dırmanma turları həyata keçirilir. Xüsusi texniki ləvazimatlardan istifadə edilərək həyata keçirilən bu dırmanma növündə təhlükəsizlik qaydalarına tamamilə riayət olunur. Bu fəaliyyət üçün iştirakçılardan hər hansı dırmanma bacarığı və xüsusi ləvazimat tələb olunmur. Turu həyata keçirən təlimatçı bütün bunları təmin edir. Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisində Talıstan və Diyallı kəndlərinin ərazisində, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə Qaranohur gölü yerləşir. Gölə əsasən Talıstan kəndi ərazisindən gedilir. Milli parkın giriş qapısından gölə qədər olan məsafə 4,5 km-dir. Bu məsafənin 3 km-ni yolsuzluq avtomobilləri ilə,qalan hissəni isə çay yatağı və dik yoxuşla qət etmək mümkündür. Qış aylarında gölün səthi donduğu üçün həftəsonları buraya turlar təşkil olunur. Turistlər qar və donmuş gölün mənzərələrində şəkil çəkdirməklə yanaşı, piknik edirlər.

- Bu fəaliyyət növləri sadəcə Quba, Qusar rayonlarının ərazisi ilə məhdudlaşır?
- Xeyr, məhdudlaşmır. Qış aylarında Şirvan və Ağgöl Milli Parklarında, Qafqaz və Talış dağlarında, Mingəçevir bataqlıqlarında bəzgək kimi spesifik və çox gözəl quş növlərinin müşahidəsi də turistlər üçün cəlbedicidir. Bunlarla yanaşı, Gəncədən bir saatlıq məsafədə yerləşən Naftalan şəhəri ərazisində çıxan, hər cür xəstəliklərin müalicəsində istifadə olunan nadir müalicəvi xassəli neft vannaları Azərbaycanın aparıcı sağlamlıq turizmi istiqamətlərindən biridir. Bir qayda olaraq müalicə şəhərin sağlamlıq mərkəzlərində, ən azı bir həftə müddətində gündəlik xam neft vannası qəbul edilməsindən ibarətdir. Dünyanın ən müxtəlif ölkələrindən Naftalana həm müalicə, həm də istirahət üçün gələnlərin sayı artmaqdadır. Naftalan ilin hər fəslində turistləri qəbul etmək imkanına malikdir. Bundan başqa, ölkəmizin paytaxtı Bakı şəhərində qədim İçərişəhər, hamamlar, Qız qalası, məscidlər, hər il dekabr-yanvar aylarında ənənəvi olaraq təşkil olunan “Soyuq əllər, isti ürəklər” Yeni il yarmarkası şəhər sakinləri və turistlər üçün gəzməli, görməli yerlərdir. Yeni il ab-havasını hiss etmək, alış-veriş etmək üçün bu yarmarka unikal turizm məhsuludur. Ümumiyyətlə, Azərbaycanın hər mövsümdə turist qəbul etmək üçün imkanları var.

- Qarşıdan gələn 2023-cü illə bağlı planlar nədən ibarətdir?
- 2023-cü ildə görüləcək işlərə, planlara gəlincə, ilk növbədə Azərbaycanda qış turizminin inkişafı istiqamətində Türkiyə ilə əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub. İl ərzində qonşu ölkələrlə qarşılıqlı mübadilə fəaliyyətləri təşkil olunacaq. Eyni zamanda, xarici media, bloqer və influenserlər, qış turizmi üzrə aparıcı tur operatorlar üçün 2023-cü ilin yanvar-fevral aylarında tanıtım səfərləri təşkil ediləcək.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər