• cümə, 29 Mart, 10:15
  • Baku Bakı 5°C

Gücümüzə güc qatan qardaş - ŞƏRH

22.10.22 00:30 992
Gücümüzə güc qatan qardaş - ŞƏRH

Azərbaycan və Türkiyə bütün sahələrdə birlikdə addımlayır, inkişaf edir. Dünyadakı və regiondakı çətin durumda hər iki dövlət bütün maneələri və çətinlikləri birlikdə aşır. Türkiyə Prezidentinin Azərbaycana növbəti səfəri bu mənada tarixi əhəmiyyət daşıyır. 

Tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr bütün sahələr üzrə uğurlu inkişaf yolu keçib. Dövlət başçılarının müntəzəm xarakter alan qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayıb, müsbət nəticələr verib. Müasir dövrdə Azərbaycan və Türkiyə arasında siyasi əlaqələr strateji müttəfiqlik səviyyəsinə yüksəlib.

“Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”

Vətən Müharibəsindən sonra regionda yaranan yeni reallıq fonunda isə Azərbaycan-Türkiyə münasibətləri tamamilə yeni mərhələyə qədəm qoyub. İkinci Qarabağ savaşında birmənalı Azərbaycanın yanında olan, ölkəmizin haqq işinə hərtərəfli dəstək olan Türkiyə ilə 2021-ci il iyunun 15-də Şuşada “Müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb. Beləliklə də, Türkiyə istiqlaliyyət müharibəsinin öndəri, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi ilə möhkəm təmələ sahib olan Azərbaycan-Türkiyə əlaqələri prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan sayəsində rəsmən müttəfiqlik səviyyəsinə çatdırılıb. Amma bu müttəfiqlik və dəstək sadəcə hərbi-siyasi sahə ilə məhdudlaşdırılmayıb.

“Bir millət, iki dövlət” fəlsəfəsi

Qarabağın dirçəldilməsində, işğaldan azad olunmuş ərazilərə həyatın qaytarılması üçün infrastruktur quruculuğunda Türkiyə şirkətlərinin iştirakı təmin olunub. Ötən il oktyabrın 26-da azərbaycanlı həmkarı ilə Füzuli Beynəlxalq Hava Limanının açılışını edən Türkiyə Prezidenti cari il oktyabrın 20-də yenidən Qarabağa gələrək, Zəngilan Beynəlxalq Hava Limanının və digər obyektlərin istifadəyə verilməsi mərasimlərinə qatılıb. Laçında beynəlxalq hava limanının inşası, türk coğrafiyasını birləşdirəcək Zəngəzur dəhlizinin açılması üçün dəmir yol və avtomobil yollarının çəkilməsi, bu çərçivədə geniş əməkdaşlıq ölkələrimiz arasında əlaqələri daha da möhkəmləndirib.

İşbirliyimiz beynəlxalq səviyyəyə qalxıb

Dövlət başçısı İlham Əliyevin oktyabrın 20-də Cəbrayıl şəhərində Prezident Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşün ardınca mətbuata verdiyi açıqlamasında qeyd etdiyi kimi, İkinci Qarabağ savaşından sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb: “Yəqin siz də görürsünüz ki, hər yerdə Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və bu, zəmanəmizin tələbidir. Bu gün əziz Qardaşımın böyük heyətlə, hökumət nümayəndələri ilə burada olması bir daha onu göstərir ki, biz hər zaman olduğu kimi, bir yerdəyik və bir yerdə olacağıq. Bundan sonra bölgədə gedən işlər, əlbəttə ki, Türkiyə və Azərbaycanın fəal iştirakı və izni ilə aparılacaq. İstər siyasi təşəbbüslər, iqtisadiyyat, enerji, nəqliyyat – bütün bu sahələrdə bizim işbirliyimiz artıq regional çərçivədən çıxıb, beynəlxalq səviyyəyə qalxıbdır”.

Bütün ölkələr üçün ticarət və sərmayə imkanları

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Azərbaycanla birlikdə atılan addımların yeganə məqsədinin regionun firavan gələcəyini inşa etmək olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Qarabağın inkişafı naminə bütün layihələrdə Türkiyə Azərbaycanın yanında olmağa hazırdır. Türkiyə Prezidenti Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlığın da reallıqdan uzaq olduğunu vurğulayıb: “Bütün Qarabağla bağlı atılan bu addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur. Azərbaycan əmin addımlarla yoluna davam edir. Bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə Şərq-Qərb, Orta Dəhliz marşrutları üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək”.

Türkiyə Azərbaycanın gücünə güc qatır

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Naqif Həmzəyev mövzu ilə bağlı “Kaspi” qəzetinə bildirib ki, Azərbaycan və Türkiyə bütün sahələrdə birlikdə addımlayır, inkişaf edir. Deputatın sözlərinə görə, hər iki dövlət bütün maneələri və çətinlikləri birlikdə aşır. Deputat Türkiyə Prezidentinin Azərbaycana növbəti səfərinin bu mənada tarixi əhəmiyyət daşıdığını dilə gətirib: “Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad etdikdən sonra bu ərazilərin təkrarən cənnətməkana çevrilməsi və burada normal həyatın təmin edilməsi üçün təxirəsalınmaz işlər həyata keçirilməyə başladı. Ötən il məhz Füzuli Beynəlxalq Hava Limanının açılışında da Rəcəb Tayyib Ərdoğan və böyük nümayəndə heyəti iştirak etmişdi. Qardaş dövlətin prezidenti oktyabrın 20-də Zəngəzur və Cəbrayılda açılışlarda iştirak etməklə Azərbaycanın yanında olduğunu bir daha göstərdi. Bu gün Türkiyənin Azərbaycanın yanında olması və Zəngilan Beynəlxalq Hava Limanının açılışında Ərdoğanın böyük nümayəndə heyəti ilə iştirak etməsi Azərbaycana siyasi, iqtisadi, mənəvi, mədəni dəstəyin bir daha nümayiş etdirilməsidir. Deyə bilərik ki, bu gün Qafqazda bütün geostrateji yanaşmalar və region uğrunda gedən mübarizələr tamamilə fərqli bir macəraya daşınıb. Bu gün Azərbaycanın yaratdığı yeni reallığı təəssüflər olsun ki, qəbul edə bilməyən güclər, qüvvələr və erməni havadarları var. Ancaq məhz Türkiyənin Azərbaycana göstərdiyi siyasi-mənəvi dəstək bütün bu fərqli yanaşmaları alt-üst edir. Azərbaycanın gücünə güc qatır. Azərbaycan məhz bu qardaşlıqdan ilhamlanaraq öz gələcək hədəflərinə doğru irəliləyir”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər