• şənbə, 21 Dekabr, 17:00
  • Baku Bakı 10°C

“Göz həkimliyi bir az romantik sənətdir” - MƏKTƏBDƏ

28.05.22 03:00 2120
“Göz həkimliyi bir az romantik sənətdir” - MƏKTƏBDƏ

Tanınmış oftalmoloq, professor Paşa Qəlbinur “Məktəbdə” layihəsində məktəblilərin suallarını cavablandırıb

“Dünyada bir valideyni, bir də Vətəni seçmək mümkün deyil. Çünki bunlar İlahi tərəfindən verilir. Hər bir adam bir ailədə, bir vətəndə dünyaya gəlir, amma peşəni biz özümüz seçə bilirik. Gərək peşəni çox böyük məhəbbətlə sevəsən. Yəni məhəbbət də bütöv olmalıdır. Biz ananı da, atanı da, peşəmizi də bütöv məhəbbətlə sevməliyik. Gördünüz ki, Vətəni böyük məhəbbətlə sevən oğullar o sıldırım qayalardan necə dırmaşıb möcüzəvi şəkildə Şuşanı bizə qaytardılar…”

Tanınmış oftalmoloq, tibb elmləri doktoru, professor Paşa Qəlbinurun Bakı Şəhər Təhsil İdarəsinin təşkilatçılığı və “Kaspi” qəzeti və “Kaspi.az saytının informasiya dəstəyi ilə həyata keçən “Məktəbdə” layihəsi çərçivəsində keçən görüşdə söylədiyi bu fikirlər iştirakçılar üçün yol göstərən mayaka çevrildi.

Bakı şəhəri 2 nömrəli Texniki-Humanitar Liseydə keçirilən görüşdə qonaq həyat hekayəsini danışdı. Özünün məktəb illəri,  ona dərs deyən müəllimlərinin həyatındakı rolu, seçdiyi peşədə uğur qazanmasının sirri, böyüyən nəslə tövsiyələrlə dolu hekayəsi görüşə toplaşan şagirdlərə də, müəllimlərə də son dərəcə maraqlı idi. Hətta müəllimlərdən görüşü məktəb üçün “tarixi gün” adlandıranlar da oldu...

Qəlbinur - qəlbin nuru

“Təxəllüsünüz maraqlıdır: Qəlbinur...”- deyə şagirdlərdən birinin ilk sualına qonaq səmimi də cavab verdi: “Çoxlu titullarım var. 100 ildən artıqdır ki, fəaliyyət göstərən Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvüyəm. Rusiya Tibb Elmləri Akademiyasının fəxri doktoruyam... Amma bu adlar hamısı sonradan qazanılıb. Mənim adımı ata-anam qoyub. Sonra dostlarım “Qəlbinur” sənə yaraşır”- deyə mənə təxəllüs veriblər. Qəlbinur - qəlbin nuru deməkdir. Həm də peşəmi, taleyimi və şairliyimi əks etdirir. Dostum akademik Rəfael Hüseynov deyir ki, “Qəlbinur” Azərbaycan dilinin unudulmuş sözləri içərisində “qəlbi uca”, “qəlbi dağlar” deməkdir”.

Həm həkim, həm şair

Göz həkimi kimi tanınsa da şeirlər yazması, sözlərinə musiqilər bəstələnməsi şagirdləri maraqlandıran suallardan oldu: “Necə oldu ki, həm həkim, həm şair kimi tanındınız?”

Paşa Qəlbinur artıq alışdığı və sevdiyi sualı təbəssümlə qarşıladı: “Şairlik oxumaqla deyil. Bu, bir taledir. Mən bütün vəziyyətlərdə şeir yazmışam. Yol gedəndə, iclasda və yaxud yatanda bədahətən ilham gəlib. Yalnız əməliyyat otağında tamam başqa bir dünyada oluram. Orda heç vaxt beynimə bir misra da gəlmir. Mən əməliyyat otağında professor Paşa Musayev Qəlbinuram. Digər vəziyyətlərdə isə həm şairəm, həm də elm yolunda olan adam. Mən heç vaxt özümə alim deməmişəm. Deyirəm elm yolunda olan bir insanam. Çünki elm yolu çox böyükdür. Bizim evimizdə məndən başqa qardaşım, bacım da orta məktəbi qızıl medalla bitiriblər. Moskvada aspiranturanı qurtarıblar. Bacım da elmlər doktorudur. Amma onların heç biri şeir yazmayıb. Mən ürəyimdən keçənləri yazıram. Dünyanın bütün şairləri qəlblərindən keçənləri yazırlar. Yalnız qədimlərdə şahların tərifi olurdu. Şairlik mənim taleyimdə var. Romanlar da, esselər də yazıram. Bu əsərlər dünyanın müxtəlif dillərində çap olunub”. 

“Gözlər” məni şair etdi

Şagirdlər qonağa ilk yazdığı şeirin tarixi ilə bağlı sual ünvanladılar.

“İlk şeirim 13 yaşımda yazdığım “Gözlər” şeiridir. Yeni doğulan uşağı vannaya salanda o ağlayır, onun üçün yad bir mühit olur. Amma sonra uşaq öyrəşir. İlk kosmonavt Yuri Qaqarin uçanda çəkisizlikdə əlindən qələm düşdü. Çəkisizlik başqa şəraitdir. Mən də özümü elə hiss edirdim. Həmin an elə bilirdim ki, başqa bir yerdəyəm, həmin o çəkisizlikdəyəm. O an mənə çox qəribə gəldi. Sonra mən öyrəşdim, o vəziyyət adiləşdi. “Gözlər” zəif şeir idi, indi o qədər yadımda qalmayıb. Yadımda qalan “Uzaqdan görünən qara gözlər, a gözlər” misrasıdır”. Həmin şeiri heç yerdə dərc etdirməmişəm. Amma o şeir məni şair elədi, taleyimə şairlik yazdı”.

“Şeir yazanda nədən ilham alırsız?”- deyə uşaqlar şair-cərrahın ilham mənbəyinin sirrini öyrənmək istədilər: “Bir sevdiyim adama, bir gözəl qıza, təbiətə və s. şeir yazıb ilhamlana bilərəm. Amma tutaq ki, Ukrayna müharibəsi ilə bağlı yazanda həyəcanlanıram. Böyük bir hərbi cinayət baş verib və bu gözlərimin qarşısına gəlir. Onların hamısına “ilham” demək olmaz. Onda şeirlər hansısa hissin təsiri altında yaranır. Mən normadan kənar, haqdan, ədalətdən uzaq, Allahın xəbəri olmayan hərəkətə də şeir yazıram. Ümumiyyətlə, mənə nə təsir edirsə, ona yazıram”. 

“Sizi kitab oxumağa çağırıram!”

“Hansı kitabları oxumağı məsləhət görürsünüz?”- sualına oftalmoloqun cavabı maraqla qarşılandı: “Hər əlinizə keçəni oxumaq düzgün deyil. Müəlliminizin, valideyninizin, lap parta yoldaşınızın məsləhət gördüyü kitabı oxuyun. Hansı müəlliflərin əsərlərini oxumaqla bağlı siyahılar var. Nobel mükafatçılarının əsərlərini oxuyun. Ata-babalarınız Tolstoyu, Hüqonu, Səməd Vurğunu, Rəsul Rzanı, Mirzə İbrahimovu, Yusif Səmədoğlunu, Çexovu oxuyub. Siz də oxuyun. Zaman keçdikcə özünüz müəyyən edə biləcəksiniz ki, nəyi oxumaq lazımdır. Kitab oxumaq mütləq lazımdır ki, səviyyə yüksək olsun. Sizi də kitabları sevməyə çağırıram. İnsan kitabları sevəndə güclü olur. Nitşenin müəllimi ona deyirdi ki, sən güclü olmaq üçün peşə seçməli, peşəni də ürəkdən sevməlisən. Siz də belə bir məhəbbətlə kitabları, öz peşənizi sevsəniz, dünyanın hər yerini gəzə biləcəksiniz, daha bilikli olacaqsınız. Bu, mənim inamımdır, keçdiyim həyat yoludur. Dünyanın çox ölkələrini gəzmişəm, görkəmli insanlarla təmasım olub, zəngin təəssüratlarım var. Həmçinin müəlliməm. Sizin kimi tələbələrimə oftalmologiyanı tədris edirəm. Onların içərisindən istedadlı insanlar çıxıb. İndi də çox istedadlı tələbələrim var. Amma dünyanın ən böyük istedadı zəhmətlə birləşməsə, bir effekt yarada bilməz. Mərhum şair Əli Kərimin yaxşı misraları var:

Yollar kənarında pinəçilər var,
Alim təfəkkürlü, şair xəyallı…

Bəli, Azərbaycanın pinəçisi də, fəhləsi də, kəndlisi də alim təfəkkürlü, şair xəyallıdır. Bu istedad Tanrı tərəfindən verilib. Ancaq o kitab oxumasa, universitet bitirməsə, nə qədər ağıllı olsa belə, pinəçi olacaq. Ağılla bilik fərqli şeylərdir”.

Əməliyyatda bəzən 10-20 variant olur 

“Hər hansı ağır əməliyyatdan sonra, xəstənin gözü açılanda sevincdən ağladığınız anlar olurmu?”- deyə uşaqlar maraqla soruşdular. Paşa Qəlbinur dedi ki, gənclik illərində, həkimliyə yeni başlayan vaxtlarda cərrah bıçağını əlinə alanda o da həyəcanlanıb: “Elə vaxt olurdu gözüm dolurdu, sevinirdim, təsirlənirdim. Ancaq illər keçir, bu həyəcanlara alışırsan. Yenə də sevinirəm, əməliyyat etdiyim adamların sağalmasından gözəl nə ola bilər? Emosiya isə mütləq olmalıdır. Əməliyyatda bəzən 10-20 variant olur. Ani olaraq onun birini seçmək lazım gəlir. O baxımdan həyəcan olmalıdır ki, düzgün variantı tapasan. Göz həkimliyi bir az romantik sənətdir. Mən bu sənəti çox sevirəm. Bu sənətə böyük əziyyətlər hesabına, halal yolla gəlmişəm”.

Qəlbə gedən yol gözdən keçir

“Qəlbə gedən yol gözdən keçir. Bu fikir doğrudurmu?”- deyən şagirdin maraqlı sualına qonağın cavabı da maraq doğurdu: “Beş duyğu üzvü var. Biri də mübahisəlidir. Bu üzvlərin içərisində görmə orqanının xarici mühit haqda verdiyi informasiya 90 faizdən çoxdur. Demək, ürəyə və beyinə də gedən zərərli və xeyirli fikirlərin hamısı gözdən keçir. Biz gözümüzlə görürük, sevirik, nifrət edirik”. 

“Məhəbbət bütöv olmalıdır” 

“Övladlarınız da sizin yolunuzla gediblər, göz həkimi olublar. Bu, onların öz seçimi olub?”- sualı isə ailədə peşə seçimi ilə üz-üzə qalan, “valideynimin, yoxsa öz seçimim” dilemması ilə üzləşənlər üçün əhəmiyyətlidir:  “Üç övladım var. Onlar da oftalmologiyanı seçiblər, onlar da göz həkimi olublar. Mən onları məcbur etməmişəm. Özləri bu peşəni seviblər. Bizim nəsildə çoxlu göz həkimi var. Mən dayıma baxıb göz həkimi olmağa qərar vermişəm. Bacım da göz həkimidir. Mənim də peşəm oftalmologiyadır, işıq, göz cərrahiyyəsidir. Hansı sənəti seçirsinizsə seçin, əsas odur ki, onu ürəkdən sevəsiniz. Mənə elə gəlir ki, bütün peşələr gözəldir: müəllimlik, həkimlik, riyaziyyatçılıq, mühəndislik… Ancaq o peşəni gərək çox böyük məhəbbətlə sevəsən. Şair deyir ki, Füzuli poeziyası ona görə ölməzdir ki, onu divar kimi anlasaq, kərpiclərin arasında boşluq yoxdur ki korroziyaya uğrasın. Yəni məhəbbət də bütöv olmalıdır”.

Alim müasir texnologiyalar dövründə şagirdlərə bilik qazanmaqla yanaşı, səhhətlərinin qorunmasının da vacib olduğunu deyir: “Əsrimiz elm və texnika əsridir. Kompüterlər, telefonlar, monitorlar, televizorlar - təbii ki, bunların böyük faydası var. Biz onlardan imtina edə bilmərik. Digər tərəfdən, gözümüzə, səhhətimizə ziyanı var. Göz orqan kimi çox qiymətlidir. Ona görə texniki alətlərdən lazım gəldikdə istifadə etmək lazımdır. Gözü qorumaq üçün tez-tez havaya çıxmaq lazımdır”. 

“Mən həmişə müəllimlərimi xatırlamışam” 

Uşaqlar üçün maraqlıdır: “Paşa Qəlbinur qazandığı uğurlara görə kimə borcludur?”

“Mən hər şeyə - həm cərrahiyyədə, həm ədəbiyyatda olan uğurlarıma görə müəllimlərimə borcluyam”- deyə professor açıqlayır: “Mənim “Cokondanın sirri və ya da Vinçi kodu” adlı monoqrafik essem var. Bu, müxtəlif ölkələrdə çap olunub. Onu müəllimlərimə həsr etmişəm, müəllimlərimə həsr etdiyim bir neçə şeirim də var. Mən həmişə müəllimlərimi xatırlamışam. Kəndə gedəndə onların məzarını ziyarət etmişəm. Siz də öz müəllimlərinizi valideynləriniz qədər sevin”.

Şagirdlərin “İnsanlarda hansı xüsusiyyəti qiymətləndirirsiniz?” sualını da qonaq xeyli bəyəndi: “İnsanlarda ilk növbədə xeyirxahlığı qiymətləndirirəm. İnsan insana məhəbbətlə yanaşmalıdır. Ona yardım etməyə, çətinə düşəndə qolundan tutmağa çalışmalıdır. Mən insanda zəhmətsevərliyi qiymətləndirirəm. Zəhmətsevərlik olmasa, insan inkişaf edə bilməz. Daim çalışmaq, oxumaq, əməliyyat etmək, lap yer qazmaq insanın ömrünü uzadan işdir. İstənilən adam zəhmət çəkərsə, onun bəhrəsini görəcək. Mənim üçün çətin deyil hər iki sahədə olmaq. Mən şair taleyi yaşayıram, amma peşəm göz həkimliyidir. İkisindən birini seçmək qarşısında qalsam, çətinlik çəkərəm. Bu, mənimçün iki barmaqdan birini kəsmək kimidir”.

“Səhvlərinizi əzizləyin, onları yadda saxlayın ki...” 

“Hər hansı uğursuzluqla qarşılaşarkən özünüzə hansı motivasiyanı vermisiniz?” deyə soruşan şagirdin sualı cərrahı xeyli düşündürdü: “Uğursuzluqla qarşılaşmayan adam ola bilməz. Fəaliyyət varsa, orda qüsur da var. Elmi işlərdə səhv etdiyim vaxtlar olub. Həyatda dost seçəndə bəzən səhv olur. İllər keçdikcə görmüşəm ki, kimlər əsl dost olmağa layiqdir, kimlər yox. Bəzən bir adama dəyər vermişəm, sonra görmüşəm ki, yox, səhv etmişəm. Mənim peşəm də fərqlidir. Göz cərrahı olanda çox şeyləri daha həssas görürsən. Mən həmişə tələbələrimə də deyirəm, səhvlərinizi əzizləyin, onları yadda saxlayın ki, bir də təkrar etməyəsiniz. Biz səhvlərimizdən də çox şey öyrənirik. Səhv etmək qəbahət deyil. Əsas odur ki, onu təkrar etməyəsən”.

Müəllimlərdən biri Bəxtiyar Vahabzadənin “Gözün dediyini qəlb deyə bilməz” misrasını xatırlayaraq, “Göz nə deyir?” deyə maraqla soruşdu. “Gözlər həqiqəti deyir” deyə qonaq cavab verdi: “Gözlər ürəkdə olan hisslərimizi göstərir...” 

Yaddan çıxmayan görüş

Paşa Qəlbinur “Məktəbdə” şagirdlərə yazdığı şeirlərini də oxudu, salonda onların arasında gəzib ona maraqla dikilən gözlərə daha yaxın olmaq istədi. Gözün cərrahı uşaqların ürəyindən keçənləri gözlərindən oxudu, suallarını səmimiyyətlə cavablandırdı. “Məktəbdə” şagirdlərin yaddaşlarına ömürlük yazılacaq bir görüş oldu.

Qeyd edək ki, “Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət, ictimai məsuliyyət hissini aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrdən asılılığın aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.

Təranə Məhərrəmova

Foto:Sabir Məmmədov / Global Media Group

 

banner

Oxşar Xəbərlər