Gəliri də çoxdur, riski də
Azərbaycanda bu iş hələ kifayət qədər oturuşmasa da, ekspertlər evlərin gündəlik kirayə verilməsindən əldə edilən gəlirin aylıq kirayədən daha çox olduğunu deyirlər. Amma əlavə edirlər ki, bu işin kifayət qədər riskləri də var. Ona görə də ev sahibləri əvvəlcədən tədbirli olmalıdırlar.
Kirayə mənzil dedikdə ağlımıza adətən ən azı bir ay müddətinə verilən evlər gəlir. Bəs niyə bizdə evlər ancaq bir ay müddətinə kirayəyə verilir? Halbuki evləri günlük də kirayə vermək mümkündür. Həm də bu halda ev sahibləri daha çox gəlir əldə etmiş olurlar. Azərbaycanda isə insanların gündəlik kirayəyə verilən evlərə münasibətinə baxsaq görərik ki, vəziyyət heç də ürəkaçan deyil. Çünki günlük kirayələmək deyildikdə ağıla müəyyən xoşagəlməz fikirlər gələ bilir.
Evim ay ərzində 20 gün dolu olur
İnternetdə gündəlik kirayə evlər yazdıqda müxtəlif elanlar çıxır. Bu elanlardan mənzilini xarici qonaqlara verən bir ev sahibi tapdıq. Yasin bəyin sözlərinə görə, o, bu sahə ilə 5-6 ildir məşğul olur: “Gündəlik mənzil kirayəsinin biznes halına gəlməsi üçün ən azından 10 evinizin olması lazımdır. Evim ay ərzində ortalama 20 gün dolu olur. Bir günlük kirayə qiyməti 40-60 manat arasıdır. Azərbaycan vətəndaşlarına yalnız ailə olduqda verilir. Öz vətəndaşlarımızdan regionlardan gələnlər üstünlük təşkil edir. Gələn qonaqlar təmizliyə, istiliyə önəm verir, bir sözlə, yaşayışa tam uyğun ev axtarırlar. Bu sahə ilə qanuni şəkildə məşğul olduqda çətinliklər daha az olur”.
Özü kirayə qalıb, evini gündəlik kirayəyə verənlər var
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, Bakının mərkəz hissələrində gündəlik kirayə verilən evlər mövcuddur: “Onların günlük qiyməti təxminən 40-50 manatdan başlayır, 150-200 manata qədər dəyişə bilir. Bu qiymətlər otaq sayına, yerləşmə yerinə, evin şəraitinə görə müəyyənləşir. Elanlara baxsaq görərik ki, saytlarda kirayə verən şəxslər evləri 1 deyil, daha çox 3-5 günlük kirayə verməyə üstünlük verirlər. Bunu həm evin boş qalmaması, həm də hər hansı bir xoş olmayan niyyət olmaması üçün edirlər. Pandemiyadan əvvəl turistlərin sıx gəldiyi dövrdə bu sahədə yaxşı qazanc var idi. Məsələn, normal mənzili 600-700 manata kirayə götürürdülər və onu gündəlik təxminən 60-80 manata kirayə verəndə ay ərzində evin qiymətindən 2 dəfə çox qazanc əldə edirdilər. Həm evin kirayəsini ödəyə bilirdilər, həm də əlavə qazanc gəlirdi. İndi də elə ev sahibləri var ki, özü kənarda kirayə qalır, şəhərin mərkəzindəki mənzilini isə gündəlik gələn qonaqlara verir”.
Şərq ölkələri və Cənubi Azərbaycandan gələnlər üçün
Mütəxəssisin sözlərinə görə, gündəlik kirayə evlər daha çox xaricdən gələn qonaqlar üçündür: “Şərq ölkələri və Cənubi Azərbaycandan gələn turistlər gündəlik evlərə daha çox üstünlük verirlər. Çünki gələn qonaqların ailə üzvlərinin sayı çox olduğuna görə otel qiymətləri onlara sərf etmir. Adam sayı çox olduqca oteldə ödəmələr baha olur. Bu baxımdan, onlar gündəlik ev kirayə edirlər. Evin içində bütün şəraiti, mətbəxi də olur deyə, onlara sərfəli olur”.
Ekspert deyir ki, Azərbaycanın bölgələrindən iş üçün bir neçə günlük paytaxta gələnlər də gündəlik kirayə evlərə üz tuturlar: “Ümumən baxsaq, bir gecə qalmaq üçün qiymətlər elə də ucuz deyil. Əsas da bölgələrdən gələn vətəndaşlar üçün böyük rəqəmdir. O baxımdan, bölgələrdən gəlib sadəcə gecələmək üçün ev axtaranlar daha çox hostellərə üz tuturlar”.
Bu sahə harada daha aktualdır?
E.Fərzəliyev qeyd etdi ki, turistik bölgələrimizdə gündəlik kirayə evlərə maraq və tələbat daha çoxdur: “Həmin zonalarda bu evlərin qiyməti təxminən 50 manatdan başlayır, 150-200 manata qədər artır. Bölgələrdə gündəlik evlər daha normal qəbul olunur. Çünki istirahətə gələnlər daha çox ailələrdir. Lakin paytaxt Bakı və digər böyük şəhərlərdə gündəlik ev deyəndə ağla başqa fikirlər də gəlir”.
Ekspert onu da bildirdi ki, gündəlik kirayə verilən mənzillər daha çox yeni tikililərdə olur. Köhnə binalarda da gündəlik evlər olur, amma onların şəraiti təbii ki, bir az geri qalır. Arxitekturalı binalardakı mənzillər gündəlik kirayəyə daha çox şəhərin mərkəzində verilir.
Asan pul qazanmağın çətinlikləri
Əmlak ekspertinin fikrincə, gündəlik kirayə işində müəyyən təhlükələr və risklər də var: “Hər şey qanuni formada olmalıdır. Əgər vətəndaş evini gündəlik və ya aylıq kirayə verirsə, bütün riski üzərindən atmaq üçün rəsmi notarial müqavilə bağlamalı, aldığı ödəmələrə görə dövlətə vergi ödəməli, evdə qalanların şəxsiyyət vəsiqəsinin surətini götürməlidir. Bütün sənədləşmə işləri rəsmi formada aparılıbsa, vergilər ödənilirsə, kirayəverənlərin ucbatından evdə hər hansı problem, hadisə baş verməyibsə, onlar orada baş verən heç bir hadisəyə görə məsuliyyət daşımırlar. Bundan başqa, vətəndaş evini kirayə verirsə, mütləq evin sığortası olmalıdır. Çünki kirayə evlərdə bəzən subasmalar, yanğın, qısaqapanma hadisələri baş verə bilir. Təbii ki, evin sığortası olmayanda iş məhkəmələrə qədər gedib çatır və həlli çətinə düşür”.
Zərif Salmanlı