• çərşənbə axşamı, 16 aprel, 10:04
  • Baku Bakı 14°C

Fransanın siyasətində islamofob təzahürlər daim özünü göstərir - ŞƏRH

22.03.23 11:45 482
Fransanın siyasətində islamofob təzahürlər daim özünü göstərir - ŞƏRH

Fransa XIX əsrdə Afrika qitəsində bəzi ölkələri işğal etmiş, bu işğal nəticəsində Afrikanın 35 faizini təqribən 300 il idarəçiliyində saxlamışdır. Hətta Fransa müstəmləkəsi altında olan torpaqlarda yaşayan müsəlmanların sayı o dövrün ən böyük müsəlman ölkəsi olan Osmanlı dövlətindəki müsəlmanların sayından çox idi. Sonrakı dövrlərdə Fransa müstəmləkəsi altında olan ölkələrin azadlıq mübarizələrinə sərt hərbi müdaxilələrlə cavab verdi, xüsusilə Əlcəzair, Tunis, Mərakeş və s. kimi ölkələrdə bu müdaxilə daha qəddar oldu. Fransa hökuməti uzun illər ərzində müstəmləkəsi olan ölkələrdən on minlərlə insanı Fransaya köçürüb, onlara ucuz işçi qüvvəsi kimi baxıb. Birinci və İkinci Dünya müharibələrində də müstəmləkəsi olan ölkələrin sakinləri Fransa ordusuna cəlb edilib, cəbhənin ən qaynar nöqtələrində onlardan istifadə edilib. Lakin müharibələrdən, xüsusilə də İkinci Dünya müharibəsindən sonra Fransa üçün döyüşən bu əsgərlərə böyük divan tutulub, minlərlə seneqallı və əlcəzairli əsgər öldürülüb.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov söyləyib.

O bildirib ki, ümumiyyətlə, azadlıq istədikləri üçün Fransa tərəfindən öldürülən afrikalıların sayı iki milyondan çoxdur və onların da böyük hissəsi müsəlman əsillidir. Çox yaxın tarixdə - 1994-cü ildə 800 min insanın öldürüldüyü Ruanda qətliamında da Fransanın rolu olduğu iddia olunur. Belə ki, fransız hərbçilərinin laqeydliyi və hətta soyqırımı həyata keçirən Hutu hökumətinə Fransanın dəstəyi Ruanda qətliamında bu ölkənin rolunu ortaya qoyur.

M.İsmayılov diqqətə çatdırıb ki, tarixi bu cür "qara hadisələr"lə dolu olan Fransada, bu gün də ölkədəki digər xalqlara və din mənsublarına, xüsusilə də müsəlmanlara münasibət birmənalı deyil. Artıq islam və müsəlman əleyhdarlığı irqçilik səviyyəsinə yüksəlib. Hökumətin müsəlmanlara baxışı qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanmadığı üçün ölkədə islamofobiya hər keçən gün artır. Emmanuel Makron prezident seçildikdən sonra müsəlmanlara təzyiqlər daha da artıb. Prezident Makronun 2020-ci il oktyabrın 2-də Paris şəhərinin ətrafındakı məhəllələrdən birini ziyarəti əsnasındakı çıxışı və bu çıxışda işlətdiyi ifadələr, o cümlədən “islam separatçılığı” ifadəsi bundan sonra ölkənin islam siyasətində bələdçi rolunu oynadı. Həmin çıxışdan sonra müsəlmanlara məxsus dükanlar, idman zalları, dərnəklər, ibadət evləri və s. bağlandı, islamofob cinayətlərin sayı xeyli artdı. Media, siyasət və gündəlik həyatda "islam qorxusu" daim gündəmdə saxlanıldı və bu gün də saxlanılır. Fransa Ədalət və Azadlıq Komitəsinin (CJL) rəhbəri Yasser Louati bütün bu olanları belə ifadə edir: “Fransa son 40 ildə islam düşmənçiliyinin laboratoriyasına çevrilib”.

İcraçı direktorun sözlərinə görə, tarixdə və günümüzdə islamofob meyilləri ilə önə çıxan Fransanın son 30 ildə müstəqil Azərbaycan dövlətinə münasibətində də bu yanaşmanın təsirləri daim görünüb. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına qarşı heç bir ciddi reaksiya verməyən Fransanın 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsinə qarşı çıxmasının əsasında duran mühüm amillərdən biri məhz bu islamofob yanaşmadır. Fransanın daxili siyasətində olduğu kimi, xarici siyasətində də islamofobiyanın təzahürləri daim aktualdır. Bu təzahürlərin dünyəvi ölkə olan, islam dünyası ilə Qərb dünyası arasında körpü rolu oynamağa çalışan Azərbaycana qarşı özünü açıq-aşkar göstərməsi isə başa düşülən deyil və bu yanaşma həm Azərbaycan-Ermənistan münasibətlərinin müsbət yöndə inkişafına, həm də Avropada islamofobiya probleminin həllinə zərər verməkdə davam edir. (Azərtac)

banner

Oxşar Xəbərlər