• şənbə, 29 Iyun, 01:37
  • Baku Bakı 23°C

Fransanı gözləyən təhlükə

22.06.24 00:53 1137
Fransanı gözləyən təhlükə

Fransada siyasi gərginlik artır. Hər şey növbədənkənar parlament seçkilərində sağların qələbə qazanacağını göstərir. Bu qələbə isə tək Fransada deyil, bütövlükdə Avropada gərginliyə səbəb ola bilər.

Avropanın və bütövlükdə dünyanın diqqəti Fransada keçiriləcək seçkilərə yönəlib. İyunun 9-da Avropa Parlamentinə (AP) keçirilən seçkilərin nəticələri prezident Emmanuel Makronu sensasiyalı qərar qəbul etməyə məcbur edib. Beşinci Respublika tarixində ilk dəfə olaraq dövlət başçısı parlamenti daxili motivlərə görə deyil, xarici seçki kampaniyasının təsiri ilə buraxıb. 

“İntibah” üçün məyusedici nəticələr

Ölkə parlamentinin aşağı palatası olan 577 yerlik Milli Assambleyaya seçkilər üçün namizədlərin irəli sürülməsi başa çatıb. İyunun 17-də seçki kampaniyası rəsmən başlayıb və bu, Beşinci Respublika tarixinə ən qısa kampaniya kimi düşüb. Hələlik rəy sorğuları prezident Makronun “İntibah” partiyası üçün məyusedici nəticələri proqnozlaşdırır. Anketlərdə Marin Le Penin lideri olduğu, Cordan Bardellanın rəhbərlik etdiyi ifrat sağçı “Milli Birlik” Partiyası və solçu “Yeni Xalq Cəbhəsi” koalisiyası liderlik edir. Seçkilər iki turda - iyunun 30-da və iyulun 7-də keçiriləcək. Parlament mandatlarının böyük hissəsi üçün mübarizə aparan üç əsas siyasi qüvvə var: ifrat sağçı Cordan Bardellanın rəhbərlik etdiyi “Milli Birlik” Partiyası (son sorğuya görə, 33% səs toplaya bilər), solçu “Yeni Xalq Cəbhəsi” (28%), mərkəzçi Makronun “İntibah”ı (18%). 

Siyasi mübarizə şiddətlənir

Vəziyyət kritikdir. Emmanuel Makronun elan etdiyi seçkilər ərəfəsində sağçı qüvvələrin, xüsusilə “Milli Birliy”in uğurları fonunda siyasi mübarizə daha da şiddətlənir. Radikallara qarşı mübarizə aparmaq üçün Jan-Lyuk Melenşonun başçılıq etdiyi solçu qüvvələrdən ibarət koalisiya yaradılıb, bütün ölkədə etiraz aksiyası keçirilir. 250 mindən çox insan Fransanın müxtəlif şəhərlərində küçələrə axışaraq ifrat sağçılara qarşı çıxıblar. “France24”ün məlumatına görə, tək Parisdə keçirilən etiraz aksiyalarında 75 min insan iştirak edib. Onların arasında həm ifrat sağçı sol-liberal tənqidçilər, həm də “Milli Birlik” nümayəndələrinin və onun ideoloji lideri Marin Le Penin fikirlərini islamofob hesab edənlər olub. 

Polis iğtişaşlara hazırlaşır

Ölkənin keçmiş rəhbəri Nikola Sarkozi Makronun erkən seçkilərlə bağlı qərarının ölkəni xaosa sürükləyə biləcəyini deyib. Fransa polisi parlament seçkilərindən sonra hadisələrin inkişafı üçün bütün mümkün ssenariləri nəzərdən keçirir və sağçıların qələbə qazanacağı təqdirdə baş verə biləcək iğtişaşlara hazırlaşır. Bu barədə "Le Journal du Dimanche" (JDD) qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, polis 7 iyul tarixini, seçkilərin ikinci turunun keçiriləcəyi günü xüsusilə təhlükəli hesab edir. Fransa polisinin həmkarlar ittifaqının nümayəndəsi Erik Henrinin nəşrə verdiyi məlumata görə, polis hazırda qalxan, qumbara, dəbilqə, su şırnaqları və qoruyucu vasitələr hazırlayır. Eyni zamanda, həmkarlar ittifaqının nümayəndəsi bildirib ki, polis əməkdaşlarının sayı məhduddur, ona görə də iğtişaşlar baş verərsə, asayişin qorunmasında “ordunun iştirakı məsələsi” yenidən gündəmə gətiriləcək.

Olland Makrondan qisas ala biləcək?

Seçki prosesinin ən maraqlı xəbəri keçmiş prezident Fransua Ollandın deputatlığa namizədliyinin irəli sürülməsi ilə bağlıdır. Görünür, vaxtilə Makrona uduzan Olland qisas almağın vaxtı çatdığı qənaətinə gəlib. Fransua Fransa siyasətində seçkilərdə qalib gəlmək üçün radikal müxalif qrupları birləşdirməyə qadir olan şəxs kimi tanınıb. Onun namizədliyini Fransanın solçu partiyalarının yaratdığı “Yeni Xalq Cəbhəsi” birliyi dəstəkləyib. Üstəlik, onun prezident postuna namizədliyini irəli sürmək niyyətində olduqlarını da bildiriblər.

Marin Le Penin varisi - Bardella

Bəlli olduğu kimi, Avropa Parlamentinə seçkilərin əsas qalibi ifrat sağçıların lideri, kino ulduzu siması olan 28 yaşlı gənclik kumiri Cordan Bardella olub. Onun sədri olduğu “Milli Birlik” Partiyası Makronun partiyasını sarsıdıcı məğlubiyyətə uğradıb, prezidenti parlamenti buraxmağa və növbədənkənar seçkilər elan etməyə məcbur edib. Artıq iyulda Bardellanın Fransanın baş naziri ola biləcəyi barədə söhbətlər dolaşır. “TikTok” ulduzu olan Bardellanın 1,6 milyon izləyicisi var. Mətbuat onu Le Penin “ideal kürəkəni” adlandırırdı. Bardella Marin Le Penin qardaşı qızı Nolven Olivye ilə romantik münasibətdə olub, lakin onlar Avropa Parlamentinə keçirilən seçkilərə az qalmış ayrılıblar. Tənqidçilər onun erudisiya çatışmazlığını, əsas məsələlərdə şəxsi fikrinin, qlobal iqtisadiyyat və siyasət sahəsində biliyinin olmamasını vurğulayırlar. Bardellanı “Le Penin düsturlarını əzbərdən təkrarlayan” biri kimi təsvir edirlər.

Beləliklə, Fransada siyasi gərginlik artır. Hər şey seçkilərdə sağların qələbə qazanacağını göstərir. Bu qələbə isə tək Fransada deyil, bütövlükdə Avropada gərginliyə səbəb ola bilər. 

Azər Nuriyev

 

banner

Oxşar Xəbərlər