• bazar, 24 Noyabr, 15:21
  • Baku Bakı 15°C

“Esse yaza bilərsənmi?”

23.09.23 04:30 3195
“Esse yaza bilərsənmi?”

Şagirdlərin əksəriyyəti esse yazmaq istəmir və bacarmır. Hər hansı bir uşaqdan “Esse yaza bilərsənmi?” - deyə soruşanda çiyinlərini çəkir və cavab verə bilmir. Azərbaycan dili fənni ilə bağlı buraxılış imtahanlarının nəticələri də bu acı reallığı təsdiqləyir.

Orta ümumtəhsil məktəblərində Azərbaycan dili fənni ilə bağlı kifayət qədər ciddi problemlərin olduğunu Elm və təhsil naziri Emin Əmrullayev bu günlərdə Bakı təhsil işçilərinin sentyabr konfransında səsləndirib. “Azərbaycan dili fənnindən imtahanda maksimal nəticə göstərən şagird bir səhifəlik esse yaza bilmir, danışa bilmir”, - deyə nazir bildirib. Onun sözlərinə görə, dil fənninin tədrisi ondan ibarətdir ki, şagird oxuduğunu, yazdığını anlasın.

Müəllimlər də şikayətlənir. Şagirdlərin əksəriyyəti esse yazmaq istəmir və bacarmır. Hər hansı bir uşaqdan “Esse yaza bilərsənmi?” - deyə soruşanda çiyinlərini çəkir və cavab verə bilmir. Azərbaycan dili fənni ilə bağlı buraxılış imtahanlarının nəticələri də bu acı reallığı təsdiqləyir.
Problemin səbəbi aydındır, yalnız onu necə həll etmək yolu hələ müəyyənləşməyib. Baxmayaraq ki, təhsil rəsmiləri də, mütəxəssislər də problemin dərinliyini görür, təkliflər səsləndirirlər, amma...

Ana dilimizə laqeyd münasibət

Dilçi alim Adil Babayev problemin kökünü ümumən Ana dilimizə laqeyd münasibətdə görür: “Hər bir millətin dili onun təfəkkürünün daşıyıcısıdır. Dilə sevgi uşaqlıqdan formalaşmalıdır. Uşaqlar mütaliə etməlidirlər. Yazı bacarığının formalaşması üçün mütaliə mütləqdir. Mən həmişə tələbələrə yazmaq üçün sərbəst mövzu verirdim. Sonra ona qrupda qiymət verirdik. Biri o birinin səhvini düzəldirdi. Belə olanda uşaqların oxu vərdişləri də düzəlir, nitqləri də inkişaf edirdi. Tələbələrə “Xortdanın cəhənnəm məktubları”nı keçəndə auditoriyada hamı ağlayırdı. İndi onlara belə təsiri olarmı? Bu, praktik dərsdir. Nitq mədəniyyəti nəzəri kurs deyil. İndi orta məktəb müəllimlərinin öz mütaliələrini də zənginləşdirmək lazımdır. Şagirdlərə mütaliəni sevdirməklə esse yazmaq bacarığına nail olmaq olar. Bu onların fikirlərini düzgün ifadə etməyə, oxuduqlarını qavramağa kömək edəcək”.

Ünsiyyət problemi

160 saylı klassik gimnaziyanın Ana dili və ədəbiyyat müəllimi Məlahət Əsgərova bildirir ki, məktəblərin Azərbaycan bölmələrinə nisbətən rus bölmələrində bu problem daha dərindir: “Elə uşaqlar var ki, səlis nitqləri var və onlar öz fikirlərini formalaşdıra bilirlər. Elələri də var ki, bədii ədəbiyyat oxumadıqları üçün nitqləri inkişafdan qalır və onlar esse də yaza bilmirlər. Rus bölməsində isə bu problem kifayət qədər ciddidir. Elə ailələr var ki, azərbaycanlı olsalar da onlar üçün Ana dili sanki əcnəbi dil hesab olunur. O uşaqlar heç Azərbaycan dilində salamlaşmağı bacarmırlar. Müəllimlər əziyyət çəksələr də nitq formalaşmır. Bunun üçün uşaq bədii ədəbiyyat oxumalı, ünsiyyəti olmalıdır”. Müəllimin fikrincə, bu tədris ilində nazirin əmri ilə rus məktəblərində Ana dili dərsləri həftədə üç dəfəyə qaldırıldığı üçün vəziyyətin  yaxşılaşmasına bir qədər ümid var: “Ümid edirəm ki, artırılan bir saatın hesabına müəyyən irəliləyişə nail ola bilərik. Biz öz məktəbimizdə təşəbbüs irəli sürdük ki, həftənin bir gününü ünsiyyətə həsr edək. Çünki uşaqların ən çox üzləşdiyi problem ünsiyyətlə bağlıdır. Uşaqlar lüğəti əzbərləsələr də, nitqləri formalaşmır. Onlarla çox ünsiyyətdə olmaq lazımdır. Əgər şagirdlər öz fikirlərini ifadə etməyi bacarsalar, esse də yaza biləcəklər”. 
Müəllim bildirir ki, bizdə ingilis dilinin öyrədilməsində olduğu kimi mükəmməl bir proqram yoxdur. Bu məsələdə yük müəllimlərin üzərinə düşür. Bizim hamımızın öz proqramlarımız var və öz təcrübəmizdən keçirik. Rəsmi şəkildə sistemli bir vəsait olsa, bəlkə daha yaxşı olar. Yoxsa xarici ölkədən gələn vətəndaşlar çox çətinlik çəkirlər. Müəllim hesab edir ki,  problemi yalnız ünsiyyəti genişləndirmək, bədii ədəbiyyat oxumaqla çözmək olar: “İndi uşaqlar internetdə hər şeyi hazır əldə edirlər. Yarım səhifə yazanda biz sevinirik. Mütaliə vərdişləri yoxdur. Oxuyanda da türk yazarlarının əsərlərini oxuyurlar. Nitq də tamam dəyişir. Şifahi nitqdən o sözləri təmizləmək də olmur. Nəticədə problem daha da dərinləşir”.

Esseni ləğv etməyin səhvi

“Sovet dövründə şagirdlərə imla, inşa, ifadə yazdırılardı.  Profilindən asılı olmayaraq bütün universitetlərə qəbulda ədəbiyyatdan yazılı imtahan keçirilərdi. İndi biz həmin yazıları esse ilə əvəz etmişik”, - deyə təhsil eksperti Nadir İsrafilov bildirir:

“Test sistemindən sonra məlum oldu ki, artıq  bu tip yazılara ehtiyac yoxdur və imtahandan çıxarıldı. İnşanın xeyri nə idi? Uşaqlar klassiklərin əsərlərindən ayrı-ayrı surətləri səciyyələndirirdilər. Buna görə ədəbiyyat oxumağa məcbur idilər”. Ekspertin sözlərinə görə, Boloniya prosesinə qoşulandan sonra bir sıra ali məktəblərdə yazılı və şifahi imtahan verməyə başladılar. Məzunlar bu kimi vərdişləri yadırğamışdılar. Ona görə bu, müəyyən narazılıqlara da səbəb oldu. Sonra ekspertlər tərəfindən məsələ qaldırıldı ki, bu qaydalar gərək orta məktəblərdə tətbiq edilsin. Nəticədə 9-cu siniflərin buraxılış imtahanına esse yazmaq da daxil edildi. Ancaq bir il keçməmiş bu qərar ləğv olundu: “İndi məktəb direktorları, müəllimlər, tələbələr essedən imtahan verirlər. Bunun isə təməli məktəbdə qoyulmalıdır.  Biz esseni ləğv etməkdə böyük səhvə yol verdik. Əzbərçiliyə olan meyl ona gətirib çıxardı ki, məzunlar esse yaza bilmirlər. Çünki vərdişlər sıradan çıxıb. Oxuduğunu anlamaq və qavramaq üçün bədii ədəbiyyat oxumaq vacib şərtdir”. Ekspert çıxış yolunu məktəblərdə mütaliəyə marağı artırmaqda, yazı tapşırılqarına daha çox yer verməkdə görür. 
Təranə Məhərrəmova

 

 

banner

Oxşar Xəbərlər