• çərşənbə axşamı, 16 aprel, 21:32
  • Baku Bakı 18°C

Elşad Nuriyev: "Qarabağdakı sənaye parklarının tez bir zamanda müəssisələrlə dolacağını gözləyirik"

28.07.22 19:00 1131
Elşad Nuriyev: "Qarabağdakı sənaye parklarının tez bir zamanda müəssisələrlə dolacağını gözləyirik"

İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyevin “Report”a müsahibəsini təqdim edirik

- İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) fəaliyyət istiqamətləri nələrdən ibarətdir?

- Dövlət başçısının 2021-ci il 22 yanvar tarixli 1257 nömrəli Fəmanı ilə yaradılmış İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) hazırda ölkədə fəaliyyət göstərən 6 sənaye parkının (Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları) və 4 sənaye məhəlləsinin (Sabirabad, Masallı, Neftçala, Hacıqabul sənaye məhəllələri) və 51 aqroparkın fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayır və həyata keçirilməsini təmin edir.

Bundan başqa Agentliyin nəzdində Peşə Təhsil Mərkəzi də fəaliyyət göstərir və burada da sənaye sahəsi üçün yüksək ixtisaslı kadr hazırlığı həyata keçirilir.

- Sənaye zonalarına bu günə kimi nə qədər investisiya yatırılıb və hazırda neçə müəssisə fəaliyyət göstərir? Sənaye zonalarında neçə xarici müəssisə qeydiyyatdan keçib? Bu ilin 6 ayında sənaye zonalarında nə qədər məhsul istehsal edilib?

- İndiyədək sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırılıb. Hazırda sənaye zonalarında 108 müəssisə rezident kimi qeydiyyatdan keçib və onlardan 60-ı artıq istehsal fəaliyyətinə başlayıb. Sənaye zonalarında qeydiyyatdan keçən müəssisələrdən 5-dən çoxu xarici şirkətlərdi.

Növbəti mərhələdə sənaye zonalarına mövcud layihələr üzrə 450 milyon manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur.

Sənaye zonalarında indiyədək 7,17 milyard manatdan çox məhsul istehsal edilib, bunun 2,3 milyard manatlıq hissəsi ixrac olunub. 2022-ci ilin I yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə məhsul istehsalının həcmi 52,95 % artaraq 1,3 milyard manata çatıb. Bu dövrdə ixrac isə 2021-ci ilin I yarısı ilə müqayisədə 101,6 % artaraq 543,9 milyon manat təşkil edib. Sənaye zonalarında istehsal olunan məhsulların ixrac imkanları çox genişdir və dünyanın 50-dən çox ölkəsinə Azərbaycan brendi adı ilə (“Made İn Azerbaijan”) ixrac edilir. Deyilənlərdən bir daha aydın olur ki, sənaye zonaları ölkənin ixrac imkanlarını genişləndirir, idxaldan asılılığı aradan qaldırır və beləliklə də valyutanın xaricə çıxmasının qarşısını alır. İstehsal olunan məhsullar yüksək texnologiyalar əsasında hazırlanır və dünya standartlarına cavab verir.

Artıq bir neçə ildir ki, dünyada pandemiya rejimi davam edir və bu rejim demək olar ki, iqtisadiyyatın elə bir sahəsi olmasın ki, oraya mənfi təsir göstərməsin. Amma bu rejim sənaye zonalarında demək olar ki, istehsala heç bir mənfi təsir göstərməyib. Əksinə məhsul istehsalında və ixracında müsbət dinamika müşahidə edilib. Bunu statistik rəqəmlərə baxdıqda da görmək olar. Belə ki, 2020-ci il ərzində sənaye zonalarında 1,27 milyard manatlıq məhsul istehsal edilmişdisə, 2021-ci il ərzində 88,3 % çox - 2,4 milyard manatlıq məhsul istehsal edilib. İxrac isə 2020-ci illə (355,7 milyon manat) müqayisədə 2,7 dəfə artaraq 2021-ci ildə 959,3 milyon manat təşkil edib.

- Sumqayıt Kimya-Sənaye Parkında hazırda nə qədər müəssisə qeydiyyatdan keçib və neçəsi fəaliyyət göstərir? Parkda əsasən hansı sahələr üzrə müəssisələr fəaliyyət göstərir?

- Cənubi Qafqazın ilk və ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Sumqayıt Kimya Sənaye Parkının əsası dövlət başçısının 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə qoyulub. Sənaye Parkı yaradılarkən 168 hektara yaxın ərazini əhatə edirdi. Parka sahibkarlar tərəfindən olan tələbatın nəticəsidir ki, sənaye parkının ərazisi mərhələli şəkildə artırılaraq hazırda 583,5 hektar təşkil edir. İndiyədək Sumqayıt Kimya Sənaye Parkında 31 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, bunlardan da 20-si fəaliyyət göstərir. Sumqayıt Kimya Sənaye Parkı əsasən, neft-kimya və digər prioritet sənaye sahələrinin inkişafı üzrə ixtisaslaşıb. Hazırda sənaye parkının ərazisində azot gübrəsi, polimerlər, ferroərintilər, tütün məmulatları, aqrokimyəvi məhsullar, sənaye istifadəsi üçün torbalar, şüşə lövhələr və digər yeni məhsulların istehsalı həyata keçirilir.

- İndiyədək Ağdam Sənaye Parkında hansı işlər görülüb?

- İşğaldan azad edilmiş ərazilərimizin bərpası məqsədilə dövlət başçısının 2021-ci il 28 may tarixli fərmanı ilə 190 hektar ərazidə Ağdam Sənaye Park yaradılıb. Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib. Park yaradılandan orada işlərin görülməsi mərhələli şəkildə, plana uyğun olaraq həyata keçirilir.

İlk olaraq Parkın ərazisi tam olaraq minalardan və hərbi sursatlardan tam təmizləndi. Rezidentlərin sənaye parkında işə başlaması üçün parkda hər cür lazımı şəraitin yaradılması istiqamətində işlər görülür. Belə ki, burada çalışacaq işçilərin rahatlılığının təmin edilməsi məqsədilə sənaye parkında mobilizasiya şəhərciyi salınıb. Mobil şəhərcikdə konteyner tipli 8 ədəd yataqxana (40 nəfərlik), tibb məntəqəsi, 2 ədəd ofis, ərzaq və təsərrüfat marketləri, aptek, yeməkxana, camaşırxana, idman meydançası və 2 ədəd sanitar qovşağı inşa olunub. Sənaye parkının ərazisində tikinti aparılacaq sahənin su ilə təmin edilməsi məqsədilə 350 metr dərinliyində subartezian quyusu qazılıb. Əraziyə 10 kilovoltluq elektrik xətti çəkilib və 630 kilovoltluq transformator məntəqəsi quraşdırılıb. Belə ki, işğaldan azad olunduqdan sonra Ağdam şəhərində ilk elektrik enerjisi və su təchizatı sistemi Ağdam Sənaye Parkının ərazisində quraşdırılıb. Sənaye parkının işıqlandırılmasında günəş enerjisindən qidalanan panellərdən istifadə edilir.

Artıq sənaye parkının rezidentləri tərəfindən onlara ayrılmış ərazilərdə torpaq (hamarlama) işlərinə başlanılıb, avqust ayından etibarən tikinti işlərinə başlanması planlaşdırılır. 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkının hazırda 9 rezidenti var və bu rezidentlər tərəfindən sənaye parkına 50 milyon manatdan çox investisiyanın yatırılması və 1 000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bununla yanaşı, İqtisadi Zonaların İnkişafı Agentliyində Ağdam Sənaye Parkının rezidenti olmaq üçün sahibkarlar tərəfindən təqdim edilən investisiya dəyəri 60 milyon manatdan çox olan 15 layihəyə baxılır və bu layihələrin reallaşdırılması nəticəsində 800 nəfər daimi işlə təmin ediləcək.

Azad edilmiş ərazilərdə yaradılan Ağdam Sənaye Parkının və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının tez bir zamanda dolacağını gözləyirik.

- Ağdam Sənaye Parkında fəaliyyət göstərməsi üçün qeydiyyatdan keçən müəssisələr nə vaxt fəaliyyətə başlayacaq? Sənaye parkında ilk istehsal nə zamana planlaşdırılır?

- Qeyd etdiyim kimi Ağdam Sənaye Parkının hazırda 9 rezidenti var və qeydiyyata alınmış bu layihələr üzrə müəssisələrin tikintisinə yaxın vaxtlarda başlanılması nəzərdə tutulur. İlk müəssisənin (ilk istehsalın başlanması) isə 2024-2025-ci illərdə fəaliyyətə başlaması planlaşdırılır.

- “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında hansı işlər görülüb?

- Dövlət başçısının 2021-ci il 4 oktyabr tarixli fərmanı ilə Cəbrayıl rayonunda 200 hektar ərazidə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradıldı. Sənaye Parkında logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Məhz bu sənaye parkında da Ağdam Sənaye Parkında olduğu kimi ilk olaraq ərazi minalardan və partlamamış hərbi sursatlardan tam təmizləndi. Hazırda Sənaye Parkının 1 hektarında rezidentlərin istifadəsi üçün mobil tipli şəhərcik salınır. Yaxın günlərdə şəhərciyin salınması işləri başa çatdırılacaq.

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına da sahibkarlar tərəfindən maraq çox böyükdür. Sənaye parkında artıq bir sahibkarlıq subyektinə ("KAMAZ Lizinq Azərbaycan" MMC-yə) rezidentlik statusu verilib. Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti olmaq üçün 10-dan çox layihəyə baxılır. Sözügedən layihələr dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların, dəmir əritmə və dəmir məmulatların, pambıq ipliyin, beton borunun, kirəmit və kərpicin istehsalı, texniki xidmət mərkəzinin təşkili və yük avtomobillərinin yığımı, TIR parkı və ofisin təşkili olunması layihələridir.

- Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında fəaliyyət göstərəcək müəssisələrə hansı güzəştlər veriləcək?

- Digər sənaye parklarında olduğu kimi, Ağdam və "Araz Vadisi İqtisadi Zonası sənaye parklarında da sahibkarların rahat və maneəsiz fəaliyyət göstərmələri üçün əlverişli biznes, investisiya mühiti yaradılır. Hazırda ölkədə fəaliyyət göstərən sənaye parklarında tətbiq edilən vergi və gömrük güzəştləri Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarında tətbiq ediləcək. Belə ki, parkların rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunacaqlar. Eyni zamanda rezidentlər dövlət vəsaiti hesabına hazır infrastruktur sistemi ilə təmin ediləcəklər və hazırda da bu istiqamətdə işlər görülür.

Bundan başqa onu da qeyd etmək istəyirəm ki, ölkə başçısının 10 dekabr 2021-ci ildə işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında imzaladığı Sərəncamına əsasən bu ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətləri (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlərin müəyyən edilməsi, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və bu istiqamətdə zəruri dövlət dəstəyinin gücləndirilməsi və s. kimi əlavə güzəştlərin də verilməsi nəzərdə tutulur.

Beləliklə, tezliklə işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Ağdamda sahibkarlar üçün əlavə güzəşt mexanizmləri də hazırlanacaq və bu ərazilərin investisiya cəlbediciliyi artırılacaq.

- Mingəçevir Sənaye Parkında, Pirallahı Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin sayının artırılması gözlənilirmi?

- Həm Mingəçevir, həm də Pirallahı sənaye parklarına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Bu sənaye parklarının da rezidenti olmaq üçün İqtisadi Zonaların İnkişafı Agentliyinə sahibkarlar tərəfindən bir çox layihələr təqdim edilib və layihələr hazırda baxılma mərhələsindədir.

- Aqroparkların kənd təsərrüfatının inkişafında rolunu necə qiymətləndirirsiniz? İndiyədək aqroparklarda hansı işlər görülüb və gələcəkdə daha hansı işlərin (yeniliklərin tətbiqi) görülməsi planlaşdırılır?

- Ölkəmizdə aparılan uğurlu aqrar siyasət, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarına uyğun olaraq, yaradılan infrastruktur, suvarma və irriqasiya sistemləri, maliyyə dəstəyi və subsidiyalar, aqrar sektora vergi güzəştləri kəndliyə son illərdə bol məhsul yetişdirməsi üçün geniş imkanlar yaradıb. Aqroparkların yaradılması kənd təsərrüfatı sahəsində elmi yanaşma və qabaqcıl texnologiyanın tətbiqi, məhsuldarlığın artırılması, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, idxaldan asılılıq səviyyəsinin azaldılması və ixrac potensialının artırılması ilə yanaşı, regionların tarazlı inkişafının və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə töhfə verməkdədir.

Hazırda ölkənin 32 rayonu üzrə 239 312 hektar ərazidə ümumi layihə dəyəri 2,3 milyard manat olan 51 aqroparkın yaradılması üzrə işlər davam etdirilir. Aqroparkların 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, biri heyvandarlıq, ikisi isə emal sənayesi üzrə ixtisaslaşıb. 44 aqropark artıq fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə və tikinti işləri aparılır. Aqroparklar fermer təsərrüfatlarının idarə olunmasının mütərəqqi aqrar-sənaye üsuluna keçidinin inteqrasiyasını, məhsuldarlığın artırılması və saxlama şəraitinə görə itkilərin azaldılmasını, ixrac coğrafiyasının genişləndirilməsini və “Made in Azerbaijan” brendi ilə xarici bazarlara sabit və etibarlı çıxışını təmin etməyə müsbət təsir göstərir.

Bundan başqa, ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından da böyük əhəmiyyətə malik aqroparkların yaradılması rayonların iqtisadi imkanlarını artırmaqla yanaşı, yeni iş yerlərinin yaranmasına da səbəb olur. İndiyədək 25 aqroparka 184 milyon manat güzəştli kredit ayrılıb, onlardan 26-na investisiya təşviqi sənədi verilib ki, bunun nəticəsində sahibkarlar texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 39,8 milyon manat vəsaitə qənaət (gömrük rüsumu və ƏDV) edib.

Aqroparklarda ümumi olaraq 4500-dək daimi, 6300-dən çox isə mövsümü işçi çalışır. Hazırda aqroparklarda klasterləşmə istiqamətində işlər görülür. Azərbaycandakı aqroparkların səmərəli fəaliyyət göstərməsi məqsədilə ilkin mərhələdə 6 əsas, 11 alt klasterin formalaşdırılması üzrə işlər aparılır. Əsas klasterlər bunlardır: taxıl və toxum istehsalı (1), ət və süd istehsalı (2), kartof istehsalı (3), meyvə emalı (4), bitki yağı istehsalı (5), çay və sitrus meyvələri istehsalı (6).

Aqroparkların aqrar-sənaye klasterlərində birləşməsi ölkəyə investorların cəlb olunmasına, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatının daha da yaxşılaşdırılmasına, yerli məhsulların rəqabət qabiliyyətliliyinin və ixracının artırılmasına, milli brendlərin və əlaqələndirilmiş vahid sistemin formalaşmasına, məhsul istehsalına çəkilən xərclərin, eləcə də maya dəyərinin aşağı düşməsinə və regionlarda məşğulluğun təmin edilməsinə şərait yaradacaq.

banner

Oxşar Xəbərlər