• cümə, 29 Mart, 03:10
  • Baku Bakı 7°C

Düşməni piylənmə olan orqan - MÜSAHİBƏ

30.04.22 03:00 2867
Düşməni piylənmə olan orqan - MÜSAHİBƏ

Transplantoloq Nuru Bayramov: “Əgər qan qrupları da uyğundursa, xəstə üçün ən uyğun donor anadır. Ananın orqanını övladlar daha rahat qəbul edir. Əməliyyatdan sonra immun sistemi üçün verdiyimiz dərmanları da həmin şəxslərə az təyin edirik”.

İnsanlar əsəbiləşəndə ürəkləri, ağır yemək yeyəndə mədələri haqqında düşünürlər. Amma qaraciyər gündəlik həyatımızda çox da diqqət ayırdığımız orqanlardan deyil. Qaraciyər, bu orqanda problemin yaranma səbəbləri, transplantasiya haqqında Tibb Universitetinin birinci cərrahiyyə xəstəlikləri kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor, transplantoloq Nuru Bayramovla söhbətləşdik.

- Tibbi cəhətdən yanaşanda, qaraciyər necə bir orqandır?
- Qaraciyər vücudda ən böyük orqanlardan biri və birincisidir. Qaraciyərin böyük hissəsi qarında yuxarı hissədə - sağ qabırğaaltı nahiyədə yerləşir. Az bir hissəsi isə sol tərəfə keçir. Çox güclü bir orqandır.

- Bəs necə olur ki, güclü orqanda problem yaranır?
- İnsanlardan asılı olan və olmayan səbəblər var. Asılı olan səbəblər üzərində duraq. Birincisi, piylənmədir. Köklüyün zədələdiyi birinci orqan qaraciyərdir. Qaraciyər yağlanması bu gün çox yayılmış xəstəlikdir. Ona görə qidalanmaya diqqət etməli, hərəkətdə olmalıyıq. İkinci səbəb alkoqol qəbuludur. Üçüncüsü, qidalanmada daha çox sintetik yağlardan, yarımfabrikat yeməklərdən istifadə olunmasıdır. Trans və çirklənmiş yağlardan istifadə olunması qaraciyərə çox ciddi təsir göstərir. Dördüncü qrup səbəblər isə bəzi dərmanların qəbuludur. Bunların bir qismi məcburən yazılan dərmanlardır. Bunlar gərək vaxtlı-vaxtında qəbul olunsun. Bir qismi isə insanların həkim məsləhəti olmadan istifadə etdikləri dərmanlardır. Digər səbəb isə şəkərli diabet xəstəliyidir. Bu xəstəlik qaraciyərdə problemlər yaradır. Şəkərli diabet xəstəsinin nəzarətsiz qalması qaraciyərin piylənməsinə, sonra bərkiməsinə, son mərhələdə isə sirroz və xərçəngə gətirib çıxarır.

“Elə vəziyyətə gəlib çatıblar ki...”

- Axı şəkərli diabet xəstələri şəkəri normada saxlamaq üçün davamlı dərman qəbul edirlər…
- Şəkər xəstələri ildə bir-iki dəfə həkimə gedirlər, bununla da işlərini bitmiş hesab edirlər. Hər şəkər xəstəsinin evində şəkərin ölçülməsi üçün cihaz var. Deyirlər ki, şəkərimi ölçmüşəm, dərmanımı qəbul etmişəm, səviyyəsi də normaldır. Həkimə getmirlər, amma bir də görürsən ki, elə vəziyyətə gəlib çatıblar ki, artıq gecdir.  

- Qaraciyərdə problem olmasının göstəriciləri nələrdir?
- Qaraciyər xəstəliklərinin kəskin, sancı şəkilli ağrı verməsi nadir hadisədir. Qaraciyər, adətən küt ağrı verər, yavaş-yavaş ağrıyar. İnsanlar isə ağrı kəskin, sancı şəklində olanda ona önəm verirlər. “Keçib gedər” deyirlər, belə-belə ayları, illəri ötürürlər, xəstəlik də irəliləyir. Digər əsas əlamət isə halsızlıq, zəiflikdir. Adam get-gedə halsızlaşır, kefi pozulur. Əvvəl gördüyü işləri eyni aktivlik və həvəslə görə bilmir.

- Xəstələr gəldikdə, adətən problem hansı səviyyədə olur?
- Bu, həkimdən-həkimə görə dəyişə bilər. Bizdə istiqamət transplantasiya olunduğu üçün yəqin ki, daha çox ağır vəziyyətdə olanlar müraciət edirlər. Bizə müraciət edənlərin 50 faizdən çoxunda artıq transplantasiyaya ehtiyacı olur. Həmin 50 faizin böyük qismində heç transplantasiya da mümkün olmur. Yəni o qədər gecikmiş vəziyyətdə gəlirlər.

- Ümumiyyətlə, transplantasiya hansı hallarda zəruri olur?
- Birinci səbəb qaraciyər sirrozunun ağırlaşmış formasıdır. İkinci göstəriş qaraciyərin törəməsidir. Üçüncüsü, kəskin qaraciyər çatışmazlığıdır. Birdən-birə qaraciyər çatışmazlığı baş verir. Xəstənin vəziyyəti ağırlaşır, qaraciyər koması baş verir. Dördüncü göstəriş qaraciyərin bəzi anadangəlmə xəstəlikləridir. Bu da adətən uşaqlarda rast gəlinir. 

“Donor könüllü olmalıdır”

- Pasiyentlərinizin 50 faizinin trasplantasiyaya ehtiyac yarandığı halda gəldiyini dediniz. Onların neçə faizi əməliyyat olunur?
- 10-15, maksimum 20 faizinə transplantasiya mümkün olur. Ya xəstəlik o qədər irəliləyir ki, transplantasiya mümkün olmur. Yəni sirrozdan sonra xərçəng inkişaf edir. Düzdür, qaraciyər xərçəngi azsaylı xərçəng xəstəliklərindəndir ki, müalicəsi üçün transplantasiya edilir. Amma təəssüf ki, bu xəstələrin də hamısında transplantasiya mümkün olmur. Yaxud digər orqanlarda ciddi xəstəliklər olur ki, bu zaman da mümkün olmur. Maliyyə probleminə görə edə bilmədiyimiz də var. Əsas problem isə donorun olmamasıdır. Bu, həm dünyanın, həm də bizim problemimizdir.

- Donor kimlər ola bilər?
- Hazırda genetikası dəyişdirilmiş heyvanlardan, xüsusən donuzlardan orqan köçürülməsi gündəmə gəlib. Gələcəkdə ksenotransplantasiya dediyimiz sahə inkişaf edəcək və xəstələrin çoxuna kömək etmək şansı yaranacaq. Ancaq hələ ki, dünyada transplantasiyada qaraciyərlə bağlı iki cür donor mənbəyi var. Biri ölü donorlardır. Yəni beyin, yaxud ürək ölümü keçirmiş şəxslərdir. Digəri də canlı donorlardır. Azərbaycanda qanun həm ölü, həm də canlı donorlardan orqan almağa icazə verir. Lakin ölü donorlardan orqan alınması mexanizmi hələlik yoxdur. Ancaq Səhiyyə Nazirliyi bunun üzərində çalışır. Ölkələrə görə fərq də var. Məsələn, bəzi ölkələrdə belədir ki, uyğunluq varsa, istənilən şəxs donor ola bilər. Ancaq Azərbaycan qanunvericiliyi deyir ki, donor dördüncü dərəcəyə qədər qohumdursa, sərbəst şəkildə orqanını verə bilər. Dördüncü dərəcəyə qədər qohum deyilsə, orqan transplantasiyası ilə bağlı etika komissiyasından icazə alarlarsa, onda qohum olmayan donorlardan orqan köçürmək olar. Canlı donorlarla bağlı isə ümumi şərtlər var. Mütləq könüllü və sağlam olmalıdır. Təbii ki, qaraciyər ölçü nöqteyi-nəzərindən də köçürülmə üçün uyğun olmalıdır.

- Dördüncü dərəcəyə qədər qohumlara kimlər daxildir? Bu, bir nəfər üçün nə qədər donor seçimi deməkdir?
- Qohumluq dərəcələri də qanunla tənzimlənir.  Məsələn, valideynlər, övladlar, qardaş-bacı, əmioğlu, dayıoğlu, bibioğlu, xalaoğlu, əmi nəvəsi, xalanəvəsi, bibi nəvəsi və s. daxildir. Hesablayanda görürsən ki, bir adamın donor ola biləcək 200-ə yaxın qohumu çıxır.

- Bəs onların neçə faizinin ciyəri uyğun olur?
- Birincisi, qan qrupu, boyu, çəkisi uyğun gəlməlidir. Bu uyğunluqdan sonra seçib yoxladığımız şəxslərin, təxminən 10-20 faizi uyğun gəlir. Ümumilikdə, donor kimi araşdırdığımız şəxslərin (bura qohumlar da daxildir, yadlar da) 87 faizi donorluğa uyğun olmayıb.

- Niyə uyğun gəlmirlər? 
- Adam gəlir, görürsən ki, sağlam idmançı forması var, amma qaraciyər yağlanması var. Sən demə, bu adam vaxtaşırı alkoqol, şirin qazlı sular, energetik içkilər, “fast-food” qidalar istifadə edib. Yaxud başqa sağlamlıq problemi var. Bu kimi səbəblər olur.

- Yəni sağlam donor tapmaq asan deyil.
- Əvvəllər dünya əhalisinin 30 faizində piylənmə var idisə, indi bu rəqəm 40-50 faizdir. Get-gedə dünya əhalisinin piylənmə faizi artır. Piylənməsi olanların da təxminən 60 faizinin qaraciyərində yağlanma olur. Hələ hepatitləri demirəm. Odur ki, sağlam donor tapmaq çox çətindir. Bir xəstə üçün 15-ə yaxın donor araşdırdıq, bir nəfər güclə tapdıq.

“Qohumlardan canlı donor tapa bilmirsənsə...”

- Xəstə üçün ən uyğun donor kimdir?
- Maraqlı sualdır, maraqlı da cavabı var. Əgər qan qrupları da uyğundursa, insan üçün ən uyğun donor anadır. Ananın orqanını övladlar daha rahat qəbul edir. Əməliyyatdan sonra immun sistemi üçün verdiyimiz dərmanları da həmin şəxslərə az təyin edirik. Amma ən uyğun donor ana olsa da, az hallarda ananın orqanından köçürürük. Təəssüf ki, analarımızın böyük qismi kökdür, qaraciyərləri yağlıdır. Bir az yaşlı adamlar üçün övladlardan, kiçik yaşlı uşaqlar üçün isə daha çox analardan köçürürük.

- İnsanlar yaxınları üçün donor olmaq istəyirlər?
- İstəyənlər də var, istəməyənlər də. Qorxanlar, ehtiyat edənlər də var. Bəzən xəstə yaxınları gəlib deyirlər ki, donor tapa bilmirik, qohumlardan yardım edən yoxdur. Amma çəkinmədən, fədakarcasına irəli durub donor olmaq istəyənlər çoxdur.

- Ölkədə donor tapılmırsa, xaricdən donor alınması, yaxud gedib orda köçürtmək mümkündür?
- Əgər sən qohumlardan canlı donor tapa bilmirsənsə, xaricdə bir şansın olur. O da meyitdən köçürülməsi. Amma əksər ölkələrdə belə qanun var ki, meyitdən ancaq öz vətəndaşlarına orqan köçürə bilirlər. Ona görə də, əgər burda özünə donor tapa bilmirsənsə, xaricdə bu imkanın çox aşağıdır.

- Qaraciyər transplantasiyası üçün yaş fərqi varmı?
- Ciddi yaş həddi yoxdur. Bir neçə aylıqdan başlamış 80 yaşına qədər ola bilər. Ancaq 70 yaşdan yuxarıda trasplantasiya göstərişində ciddi düşünmək lazımdır. Çünki 70 yaşdan yuxarı xəstələrin çoxunda əlavə xəstəliklər də olur ki, bunlar yaşam müddətinə müəyyən qədər təsir göstərir.

Ən bahalı standart əməliyyat

- Bu əməliyyatlar ölkəmizdə neçəyə başa gəlir?
- Qaraciyər köçürülməsi dünyada yerinə yetirilən standart əməliyyatlar içərisində texniki cəhətdən ən çətini, qiymət nöqteyi-nəzərdən ən bahalısıdır. Ölkəmizdə, təxminən 50 min manata başa gəlir. Qiyməti bahalı edən səbəblər var. Məsələn, Hepatit B ilə əlaqəli transplantasiyada qiymət dərmanlara görə daha baha olur. Onlara immunoqlobin təyin edilir. Onun qiyməti, təxminən 20 min manata başa gəlir. Bu dərman 7-10 gün istifadə olunur. Hazırda transplantasiyanın İcbari Tibbi Sığortanın xidmətlər zərfinə daxil olması müzakirə olunur. Təsdiqlənərsə, sığorta öz üzərinə götürəcək.

- Donorların yoxlanması prosesi də bahadır. 
- Bildiyim qədəri ilə bir donorun yoxlanması 2000-2500 manat civarındadır. Amma alternativimiz də yoxdur.

- Köçürülən qaraciyər həmişə orqanizmə uyğunlaşır?
- Qaraciyər uyğunlaşma baxımından yaxşı orqandır. Əksər hallarda uyğunlaşır.

Donorları üçün mində bir risk

- Əməliyyat zamanı ölüm riski nə qədərdir?
- Ümumən digər əməliyyatlar kimidir. Xəstə üçün risk bir az böyükdür. Donor üçün ehtimal mində birdir.

- Mində bir təhlükələrdən danışaq. Donorlar hansı təhlükələri gözə alırlar?
- Bu işlər “Gəl qaraciyərinin bir hissəsini ver, sənə heç nə olan deyil” deməklə görülmür. Bu, tibbi müdaxilədir və nəticəsində az da olsa ağırlaşma, fəsadlaşma ehtimalı var. Bu fəsad insanın həyatı bahasına da başa gələ bilər. Ona görə də ilk olaraq könüllü olub-olmadığını, riskləri bilib-bilmədiyini soruşuruq. Eyni zamanda cərrahlar, həkimlər, hətta psixiatrlar belə bu istiqamətdə məlumat verirlər. Transplantasiyada ana prinsipimiz donoru qorumaq, ona zərər verməməkdir.

- Risklərlə bağlı məlumat aldıqdan sonra donor olmaq fikrindən daşınanlar olurmu?
- Olmadı, əksəriyyəti bunu bizə müraciət etmədən əvvəl araşdırır.

- Donor olmaq bir insanın həyat, yaşam fəaliyyətinə necə təsir göstərir?
- Qaraciyəri zədələyə biləcək bütün təsirlərdən özlərini qorumalıdırlar. Kökəlməməli, alkoqoldan uzaq durmalıdırlar, energetik içkilər qəbul etməməlidirlər.

- Donorun qaraciyərinin neçə faizini götürürsünüz?
- Qaraciyərin 65-70 faizini rahatlıqla götürmək olur. Alıcıya ən az 40 faizini köçürməlisən. Donorda isə ən azı 30-35 faizi qalmalıdır. Qaraciyərin önəmli xüsusiyyəti sürətli böyüməsidir. Köçürülən qaraciyər, adətən bir ay ərzində əksər funksiyalarını bərpa edir. Donorda isə daha tez, bir-iki həftə ərzində bərpa edir. İlk üç ay ərzində də ölçüsünü tapır.

- Ən çox qadınlar, yoxsa kişilərə köçürülür?
- Azərbaycan toplumunda sirroz daha çox kişilərdədir. Bunun da təməlində spirtli içkilər durur. Ümumiyyətlə, qadın orqanizmi kişilərə nisbətən daha dözümlü, möhkəmdir.

- Hər spirtli içki qəbul edəndə də problem yaranmır. 
- Düzdür, bu, insandan-insana dəyişir. Amma dünya tibbi bunun ortalama miqdarını tapıb. Əgər bir insan gündəlik 28 qramdan çox alkoqol qəbul edirsə, yəni gün ərzində 70 qram araq içərsə, qaraciyərdə zədələnmə ehtimalı artır. Tərkibində müxtəlif qarışıqlar olan energetik, şirin qazlı içkilər də təxminən eyni təsiri göstərir.

- Qaraciyərində problem olanlar vaxtında həkimə müraciət etsələr, bunun qarşısını almaq olar?
- Qaraciyərin bir xüsusiyyəti var, hətta sirroz olsa belə (başlanğıc səviyyədə) onu yaradan səbəbi aradan qaldırarsansa, xeyli düzəlir. Bəzən sirroz belə yoxa çıxa bilir. Əgər bir adamda hepatit B, hepatit C varsa, qaraciyər sirrotik vəziyyətdədirsə, müalicə başlanarsa, sirroz ya durar, ya da yaxşılaşar. Sirroz çox nadir hallarda irəliləyər. Xəstə gəlir, 120 kiloqram, qaraciyəri sirrozdur. Bariatrik əməliyyat olunur, normal çəkiyə düşür. Bir neçə il sonra baxırsan ki, qaraciyər bərpa olunub.

- Ümumiləşdirsək, “qaraciyərimizin qədrini bilək” deməliyik...
- Əlbəttə. Allah pulsuz-parasız sağlam orqan verib. Onu qorumaq lazımdır.

Aygün Asimqızı

Fotolar: Rəşad mehdiyev/Global Media Group

 

banner

Oxşar Xəbərlər