cümə axşamı, 29 sentyabr, 18:12

Baku Bakı 23°C

Dünya aclıqdan qurtulur? - TƏHLİL

icon 774 icon 13 avqust 2022 | 02:30 Dünya aclıqdan qurtulur? - TƏHLİL

Türkiyənin təşəbbüsü və BMT-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında aparılan danışıqların nəticəsi olaraq, artıq taxıl dolu Ukrayna gəmiləri dünya bazarlarına mal çıxarır. Amma ekspertlər qlobal aclıq təhlükəsinin hələ də qaldığı qənaətindədirlər. 

Rusiya ilə Ukrayna arasındakı müharibə dünyada ərzaq böhranının yaranacağı ilə bağlı ehtimalları artırırdı. Çünki həm Rusiya, həm də Ukrayna dünyanın əsas taxıl ixracatçılardır. Lakin Türkiyənin təşəbbüsü və BMT-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqlar aparıldı. Danışıqların nəticəsi olaraq, artıq taxıl dolu Ukrayna gəmiləri Türkiyəyə, oradan da dünya bazarlarına çıxır. Bu artıq o anlama gəlirmi ki, dünya aclıqdan qurtulub?  

“Bu razılaşma bahalaşmanın qarşısını aldı”

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında iqtisad üzrə fəlsəfə doktoru, dosent Aqil Eyvazov bildirdi ki, hazırda dünyanın ərzaq və aclıq təhlükəsi davam edir: “Bu təhlükənin əsas və köklü səbəbləri iqlim şəraitinin pisləşməsi, quraqlıq və qlobal istiləşmə, təbii fəlakətlər olsa da, burada dünya siyasəti və iqtisadiyyatına yön verən beynəlxalq təşkilatlar və aparıcı dövlətlərin yanlış və məsuliyyətsiz qərarları da rol oynayır. Hansı ki, bu aclıq probleminin daha da kəskinləşməsinə, xroniki hal almasına gətirib çıxarır. Dünyada baş verən son maliyyə və iqtisadi böhranlar, müharibə və münaqişələr, eləcə də, 2020-ci ildən davam edən COVID-19 pandemiyası aclığın daha da yayılmasına səbəb olan amillərdəndir. Bildiyimiz kimi, Türkiyə və BMT-nin vasitəçiliyi ilə imzalanan sazişlə Ukrayna taxılı münaqişə zonasından çıxarılmağa başlanıldı və bu razılaşma buğdanın dünya bazarındakı qiymətlərinin kəskin bahalaşmasının qarşısını aldı. Lakin Rusiya və Ukraynanın dünyada taxıl istehsalı və ixracatında ilk onluqda olan dövlətlərdən olmasını nəzərə alsaq, hazırda isə davam edən müharibə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, Ukraynanın kənd təsərrüfatı infrastrukturunun zəifləməsi fonunda dünya əhalisinin ərzaq məhsulları içərisində əsas yer tutan taxıl məhsulları ilə təminatında ciddi problemlərin qalacağı gözləniləndir. Buna görə də ölkəmizin taxıl və digər zəruri ərzaq məhsulları idxalından asılılığının aradan qaldırılması ən aktual və həyati məsələdir”.

“Amma aclıq riski hələ də qalmaqdadır”

İqtisadçı Rəşad Həsənov bildirdi ki, dünyada ərzaq təhlükəsizliyi məsələsində problemlər var: “Bu il istehsalın da həcmi əhəmiyyətli dərəcədə aşağı düşüb, yəni istehsal prosesi pozulub. Onu qeyd edim ki, Ukrayna taxılının dünya bazarında 9 faizlik payı var idi. Rusiya ilə birlikdə bu pay 27 faiz təşkil edirdi. Rusiyanın özünün də bundan sonrakı dövrdə taxılla bağlı davamlı məhdudiyyətlər tətbiq edəcəyi ehtimalları hələ yüksəkdir. Amma, təbii ki, Türkiyə tərəfindən atılan addım bu istiqamətdə yaranmış gərginliyi xeyli yumşaltmağa gətirib çıxarıb. Bu, qiymətlərdə də özünü göstərir. Artıq buğdanın qiymətində əhəmiyyətli enmələr qeydə alınıb. Ancaq onu da vurğulamaq istərdim ki, aclıq və qida təhlükəsizliyi riski deyiləndə yalnız taxıl təchizatı nəzərdə tutulmur. FAO-nun qiymətləndirmələrinə görə sürətli bahalaşma 2023-cü ildə qida çatışmazlığı, yaxud da əlçatanlığı ilə bağlı ciddi risk formalaşdırır. Bu da aclıq həddindən aşağı səviyyədə yaşayan dünya əhalisinin sayının sürətlə artmasına gətirib çıxaracaq. Çünki bahalaşma həmin insanların qidanı istehlak etmək imkanlarını məhdudlaşdırır. Yəni risk hələ də qalmaqdadır. Amma bu o demək deyil ki, Ukrayna taxılının dünya bazarlarına çıxışı ilə bağlı əldə olunan razılılıq kiçik bir işdir. Bu kifayət qədər, xüsusilə bu gün üçün əhəmiyyətlidir. Türkiyənin vasitəçiliyi ilə əldə olunan bu razılaşmanın dünya bazarlarında yaranmış taxıl qıtlığının aradan qaldırılmasına əhəmiyyətli töhfəsi olacaq”.

Kənd təsərrüfatına dövlət dəstəyi artırılmalıdır

Digər risklərə toxunan ekspert qeyd etdi ki, əsas məsələ istehsal prosesinin bərpası ilə bağlı qlobal razılığın əldə edilməsi ola bilər: “Düşünürəm ki, BMT-nin özü belə bir təşəbbüslə çıxış etməlidir. Xüsusilə də, kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət dəstəyinin artırılması istiqamətində təşəbbüslər ölkələr üzrə gücləndirilməlidir. Çünki bu sektor o qədər də mənfəətli olmadığından sahibkarlıq subyektlərinin maraq dairəsində deyil. Əksər ölkələrdə hətta zərərlə fəaliyyət göstərir, mənfəət norması aşağıdır. Bu şərtlər daxilində ərzaq və kənd təsərrüfatı məhsulları təchizatı zəncirinin pozulmaması və istehsalın intensiv artımının təşviq edilməsi, subsidiyalaşdırılması hazırda ölkələr qarşısında duran əsas məsələlərdən biridir. O cümlədən yeni texnologiyaların tətbiqi ilə mövcud resursların səmərəli istifadəsinə də diqqət ayrılmalıdır”.

Alıcılıq gücünün dəstəklənməsinə də ehtiyac var 

R.Həsənov vurğuladı ki, indiki şərtlər daxilində alıcılıq gücünün dəstəklənməsinə də ehtiyac var: “Çünki əsas məsələ mövcud olan ərzaq məhsullarının insanlar tərəfindən istehlak edilməsidir. Qiymətlərin bahalaşması əlçatanlığa mənfi təsir göstərir. Artıq bu məsələ ilə bağlı bəzi ölkələr hərəkətə keçiblər, müxtəlif iqtisadi paketlər açıqlayıblar. İnkişaf etmiş ölkələrdə hətta birbaşa olaraq ərzaq paketləri ilə bağlı ailə təsərrüfatlarına, xüsusilə aztəminatlı qruplara maddi dəstəyin göstərilməsi təşəbbüslərini görürük. Bu təşəbbüslər genişlənməlidir. Düşünürəm ki, hökumətlər təklifin artımı istiqamətində sahibkarlıq subyektlərinin dəstəklənməsi, investisiya qoyuluşlarının sürətinin artırılması və istehsal olunmuş məhsulların bazarda alıcılıq imkanlarının, yaxud da əlçatımlılığının təmin olunması ilə bağlı qlobal səviyyədə təşəbbüs göstərməlidirlər”.

Bəxtiyar Məmmədli