• cümə axşamı, 28 mart, 12:42
  • Baku Bakı 16°C

“Deyəsən, Balzakın xırdaçılığına yoluxmuşam” - MÜSAHİBƏ

07.05.22 05:30 2246
“Deyəsən, Balzakın xırdaçılığına yoluxmuşam” - MÜSAHİBƏ

Çimnaz Vəliyeva: “Tərcümə məsuliyyətli, ancaq əyləncəli işdir. Amma mətbəxim yox, qonaq otağımdır. Hər yazıçı bir iz qoyur insanda, heç vaxt silinməyən iz, doğmalaşır sənin üçün”. 

Tanınmış tərcüməçi Çimnaz Vəliyeva orijinaldan ¬– fransız dilindən çoxsaylı əsərləri dilimizə çevirib. Onunla öz yaradıcı təcrübəsi – tərcüməçilik fəaliyyəti ilə bağlı danışdıq. 

“Olub ki, gedib Mavriki adasına düşmüşəm”

– Fransız dilindən Azərbaycan dilinə bədii əsərlər çevirərkən üzləşdiyiniz əsas çətinliklər nələrdir?
– Tərcüməçinin qarşısında həmişə ağır tələblər dayanır. Bədii mətn ərsəyə gələnə kimi tərcüməçi heç kəsin görmədiyi dolanbac yollardan keçir, qalxır, düşür, öz-özü ilə danışır, bəzən öz-özü ilə dalaşır, danlayır özünü, bütün günü ölçüb-biçir. Tərcümə həmişə su kimi axmır, məlum məsələdir, amma əsas o görünməz çətinlikləri aşmaq deyil, onları ürəyincə aşmaqdır. Çətinlik söz səviyyəsində də ola bilər, məna səviyyəsində, üslub səviyyəsində də. Tərcüməçinin hansısa yazıçı ilə “ilk görüşdə” çətinlik hiss etməsi nəinki yaxşıdır, hətta onun üçün məhsuldar bir təkandır. Yazıçı ilə sənin aranda, bəzən bir əsrdən çox vaxt dayanır, bəzən onun filan müqayisəni, ya da bənzətməni niyə işlətdiyini heç cür başa düşə bilmirsən. Nə demək istəyib yazıçı? Bədii tərcümənin mənim üçün həmişə vacib tərəfi aradakı zamanı və fərqi aşmaqdır, əsərdə təsvir olunan mühitə, insanlar arasındakı münasibətlərə girib sivişməkdir. Olub ki, gedib Mavriki adasına düşmüşəm, kreolların arasına. Çoxumuza yad olan mədəniyyət, düşüncə tərzi. Cümləni başa düşməklə qane ola bilmirəm, deyilənlərin ruhunu tutmaq istəyirəm.

“Hökmən nə isə yazmaq istəyirlərsə...”

– Bu günə qədər fransız dilindəki ədəbiyyat Azərbaycan dilinə, əsasən, rus dilindən tərcümə edilib. Həmin tərcümələr barədə fikirlərinizi bilmək istərdim, ən bariz qüsurları nədə görürsünüz?
– Biz rus dilindən tərcümələrlə böyümüşük, sevmişik. Təkcə rus dilindən deyil, vaxtı ikən elə fransız dilindən də tərcümə olunan əsərlərin özü geniş bir mövzudur. Bu haqda çox deyilib, çox yazılıb. SSRİ dövrünün tərcümələrinin problemi böyük ixtisarlar, senzura idisə, indikilərin də problemi tələskənlik, məsuliyyətsiz yanaşmadır. Rusca nə görürlər, onu da tərcümə edirlər. Rusca yazılıb, “песок”, götürüb “şəkər tozu” kimi tərcümə edir, halbuki orijinalda qum yazılıb. Və yaxud, Albert Kamyunun “Yad” əsərinin qəhrəmanı “hə”, “yox” kimi qısa cavablarla danışan obrazdır, bizim tərcüməmizdə isə əməllicə söhbətcil adama çevrilib. Əvvəlki qüsurları kənara qoyub, gələcəyə köklənək, məncə. Bundan sonrası necə olacaq, ona baxaq. Bundan sonrası da “türk dilindən tərcümələr” mərhələsidir.  Yəni rus dilinə bir də türk dilini əlavə edin, xahiş edirəm. Çox ümid edirəm ki, həmin tərcüməçilər fransız ədəbiyyatına dəyib-dolaşmayacaqlar. Öz hərfi tərcümələrini başqa yerdə sınayacaqlar. Hökmən nə isə yazmaq istəyirlərsə, getsinlər gündəlik yazsınlar, məsələn.

“Uzun abzaslar qarşısında tərəddüd edirdim”

– Viktor Hüqonun “Gülən adam”, Onere del Balzakın “Vadidəki zanbaq”, Floberin “Madam Bavari” əsərlərini dilimizə çeviribsiniz. Balzakın romantikası, Hüqonun realizmi, Floberin üslubçuluğu. Bu qədər kəskin fərqli müəllifləri tərcümə edərkən onların üslubuna nə dərəcədə sadiq qala bilirsiniz? 
– Bəlkə, bu üçü arasından məni çətinliyə salan yeganə yazıçı Flober olub. Floberin üslubçuluğu, mükəmməl söz axtarışları o həddə çatmışdı ki, XIX əsrdə belə deyilirdi: “Flober yaxşı yazır, Balzak babat yazır, Stendal heç yazmır.” Bir cümlədən ibarət uzun abzaslar qarşısında tərəddüd edirdim. Olduğu kimi tərcümə edib, oxucuya bir abzası iki dəfə oxutdurum, yoxsa fikri parçalayım. Bəzən redaktorlarla da öz aramızda məsləhətləşir, axırda yenə də birinci variantı seçirdik. Yazıçının üslubu onun dəsti-xəttidir, tərcüməçinin yox. Floberlə birlikdə mən də ideal sözü axtarıram. Madam Bovarinin zəhər içəndən sonra ürəyinin bulandığı səhnəni yazanda Floberin öz ürəyi də bulanmışdı, amma mən işi o həddə çatdırmıram (gülür).

Hüqonun üslubu insanı dincəldir, uzun mətnlərdən qorxmursansa, hətta rahat və axıcıdır. Tərcüməçiyə, sadəcə bu axına düşmək qalır. Balzak öz əsərlərinə böyük bir qalanın ayrı-ayrı daşları, qəhrəmanlarına da komediya adlı cəmiyyətin insanları kimi baxır. Hər qəhrəmanın hisslərini, daxilində gedən toqquşmaları, mübarizələri elə dolğun təsvir edir, istər-istəməz, sən də o hissləri yaşayırsan.  

“Nəşriyyatlara müraciət edib bizi tapın”

–  Həddən artıq kübar cəmiyyət sayılan klassik fransız cəmiyyətinin reallığı bizim dilə çevrilərkən ifrat kübar təsiri oyatmır ki?
– Bu, zövq məsələsidir. Klassika ilə tanış olan, bəyənən oxucu artıq bu kübarlığa da, təsvirlərə də öyrəşib. Tərifini eşidib, qarasına klassikanı açıb oxuyan oxucuya isə darıxdırıcı, hətta lazımsız görünə bilər. Balzak qəhrəmanlarının ən adi hərəkətlərinə belə kübarlıq verir. Əsərin ruhunu bütün çalarları, ifratçılığı ilə çatdırmaq tərcüməçinin borcudur, kübarlığı da. Bəzi tənqidçilər, məsələn, Balzakın zadəgan qəhrəmanlarının dilinin çox saxta alındığını, sadə xalq nümayəndələrini daha yaxşı “danışdırdığını” deyirlər. Məhz elə bu ifrat kübarçılığına görə. 

– Bizim dilimizin imkanları fransız dilinin imkanları ilə nə qədər üst-üstə düşür?
– Azərbaycan dilinin kasad dil olduğunu fikirləşənlərdən deyiləm. Tərcümə olunmayan heç bir mətn yoxdur, istər fransız dili olsun, istər başqa dil, istənilən fikri başqa dildə çatdırmaq olur. Dil öz-özünə inkişaf etmir, dili zənginləşdirən də bizik, kasadlaşdıran da. Bədii dil oxucunun səviyyəsinə düşməməlidir, oxucu zəhmət çəkib o səviyyəyə qalxmalıdır, qalxmaq istəmirsə, nəşriyyatlar, yazıçılar, biz qaldırmalıyıq. 

– Tərcümə mətbəxiniz, yəni sırf öz yaradıcı tərcüməçi təcrübəniz barədə oxucularla hansı fikirləri bölüşə bilərsiniz?
– Tərcümə məsuliyyətli, ancaq əyləncəli işdir. Amma mətbəxim yox, qonaq otağımdır. 2012-ci ildən bədii tərcümə ilə məşğulam, klassik yazıçılarla yanaşı, fantastika, detektiv janrlarında yazan müəlliflər də, uşaq ədəbiyyatı da olub qonaq otağımda. 20-ə yaxın tərcümə etmişəm, hər yazıçı bir iz qoyur insanda, heç vaxt silinməyən iz, doğmalaşır sənin üçün. Tərcümələri başqalarına nisbətən bir az gec təhvil verirəm. Naşirlərin narazılığı da bundandır, tələsmək istəmirəm, dahilərin illərini həsr etdiyi əsərləri bir-iki aya tərcümə etməyə ürəyim gəlmir, deyəsən, Balzakın xırdaçılığına yoluxmuşam. Fürsət düşmüşkən, oxuculara sözüm var, biz həmişə tənqidlərə açığıq, bəyənmədiyiniz, narazı qaldığınız məqamlar olarsa, nəşriyyatlara müraciət edib bizi tapın, yazın, bildirin bizə.

Söhbətləşdi: Fərid Hüseyn

Fotolar: Tapdıq Abdullayev/Global Media Group

banner

Oxşar Xəbərlər