“Çörəy”i barmaqlarından çıxanlar - PEŞƏ
“Oğlanlarıma da ilmə vurmağı öyrətmişəm. Çünki ruhum qidalanır. Pul qazanmasam belə, o möhtəşəm hissi almaq üçün işləmişəm. Amma gənclər belə deyil. Gənc nəsil ruhu qidalandırmaqdan çox, real həyatı yaşamaq istəyir. Biz fikrimizi, zehnimizi yaşayırıq, onlar reallığı”.
Onun üçün xalça toxumaq adi iş deyil, sehrdir, gözəllikdir. 5 yaşından laylaları da, nağılları da xalçadan öyrənib. Doğulduğu İsmayıllı rayonunun xalçaçılıq ənənəsi onu da bu peşənin bilicisi edib. 44 ildir ki, o sehrin içində yaşayır. Müsahibimiz “Azərxalça” ASC-nin toxucusu, xalçaçı Sevinc Osmanovadır.
“Ölü qoyunun yunundan ip olmur”
Onunla xalçanın sehrindən danışdıq. Xalçaçı deyir ki, ilmələr ona möcüzəvi gəlir: “Siz bilirdiniz ki, ölü, yaxud kəsilmiş qoyunun yunundan heç vaxt ip olmur? Xalçanın ipini mütləq şəkildə diri qoyundan qırxılan yundan hazırlayırlar. Çünki qoyun ölü olarsa, ipi toza dönür gedir, heç vaxt ip şəklinə gəlmir”.
“Elə bilirəm döyüşdəyəm”
Həmsöhbətimiz hər bir xalçanın yaddaşı olduğunu iddia edir: “Toxuduğum hər xalçada məna axtarıram. Hazırda Pirəbədil xalçasını toxuyuruq. Bu xalçaya baxanda müharibə görürəm. Xalçada qılınc, buynuz, məşəllər var. Onları canlandıraraq yaşayıram. Məhz bu xalçanı toxuyanda həyəcan keçirirəm. Elə bilirəm döyüşürəm. Ovçu xalçasını da toxumuşuq. Özümü ovda hiss edirdim. Hər yan gül-çiçək, ağacdır. Ceyran-cüyür qaçır. Onu toxumaq çox maraqlıdır. Əslində, hər atdığım ilmədə o yerə virtual səyahət edirəm. Məsələn, Qasımuşağı xalçası var ki, Qarabağın sevilən xalçasıdır. Hətta 44 günlük müharibəyə həsr olunan 44 Qasımuşağı xalçası toxundu (“Azərxalça” və rəssam Rəşad Ələkbərovun 44 günlük qələbəmizə həsr olunmuş, Qasımuşağı xalçası əsasında müasir və fərqli dizaynda toxunmuş limitli xalça kolleksiyası). O da çox təsirli idi. Xalçanın ortasındakı göl nallarla əhatələnir. Mən orada qoruyuculuq, mühafizəkarlıq görürəm”.
“İnsanın həyatı qaralar”
Xalçaçı deyir ki, yaxşı iş görmək “ürək” istəyir. Oraya “ürək” qoymasaq, işləyə bilmərik: “Toxuya bilmək bacarmaq deyil. Xalçaçılıq incəsənətdir. Biz bunu ilmə-ilmə işləyirik. İşimizi sevmədən görsək, yorularıq. Təsəvvür edin, pul qazanmaq xətrinə hər gün səhərdən axşama qədər eyni işi görürsünüz. İnsanın həyatı qaralar. Bütün vaxtımız xalçanın qarşısında keçir. Xalçaçıların çayları, suları yanlarında olur. Ancaq yemək yeməyə durular. Ona görə də, xalçanı sevməyən insan işləyə bilməz”.
“Xalça bizim övladımızdır”
Toxuma vərdişi onların adi həyat tərzinə də təsir edir. Həmsöhbətimiz deyir ki, insan övladı üçün necə darıxırsa, o da toxumaq üçün darıxır: “İnanın ki, evə gedəndə darıxırıq. İnsan öz övladı üçün necə darıxar? Hər xalça bitəndə elə bil ki bir övladımızı, balamızı ərsəyə gətiririk. Xalça bizim övladımızdır. Ən acınacaqlısı da balan kimi dəyər verdiyin zəhmətinin oğurlanmasıdır. Sənin əl işini hansısa ölkə öz adına çıxır. Bu, əlbəttə, insana pis təsir edir. Ata-babalarımızdan qala miras oğurlanır, buna göz yuma bilmərik. Bununla mübarizə aparırıq. “Azərxalça”da həm köhnə xalçalarımızı canlandırır, həm də yeniliyə can atırıq. Hazırda ipək xalçalar toxuyuruq”.
“Sənətkarın əli başqa iş görməməlidir”
Deyir ki, əvvəllər hər evdə xalça dəzgahı olurdu. Bir dövr oldu ki, xalça dəyərini itirdi: “Zavod xalçaları insanlara daha maraqlı gəlirdi. Əl işi isə zəhmət tələb edən, incə işdir. İnsanlar ucuz xalçalar aldığı üçün bu sahəyə də maraq azaldı. Çünki həm zəhmət tələb edirdi, həm də gəlir yox idi”. Xalçaçı deyir ki, sənətkarın əli başqa iş görməməlidir. Əlinin dəyərini bilməlidir: “İpi hiss etməlisən, hiss etməsən, toxuya bilməzsən. Məsələn, evdə sərt işlə məşğul olsam, ipi hiss etmirəm. Əl codlaşır. Buna görə əllərimi qoruyuram. Təsəvvür edin, barmağınız yüngül yansa, ipi hiss etməyəcəksiniz. Bizim çörəyimiz barmaqlarımızdan çıxır. Çalışıram evdə ağır işlər görməyim”.
“Gənclər reallığı sevir”
Həmsöhbətimiz xalça toxumaqla mənəvi zövq aldığını deyir. Hətta bu zövqü dadması üçün oğlanlarına da öyrədib: “Hətta oğlanlarıma da ilmə vurmağı öyrətmişdim. Çünki ruhum qidalanır. Pul qazanmasam belə, o möhtəşəm hissi almaq üçün işləmişəm. Amma gənclər belə deyil. Gənc nəsil ruhu qidalandırmaqdan çox, real həyatı yaşamaq istəyir. Deyirlər ki, niyə əziyyət çəkib az qazanmalıyıq? Biz fikrimizi, zehnimizi yaşayırıq, onlar reallığı. Ona görə də sənətdən qaçırlar”.
“Qurban tükü” haqqı
S.Osmanova xalçanın müqəddəs olduğunu deyir. Deyir ki, hətta xalçaya and içiblər: “Gəbənin üzərində ağır zəhmət var. O vaxt xalçanı toxuyub qurtarırdıq, yorğun olduğumuz üçün deyirdik ki, sabah bitirərik. Böyüklərmiz buna qarşı çıxırdılar, deyirdilər ki, bala, xalçanı kəs, darda qoyma. Biz xalçaya canlı kimi baxmışıq. Məsələn, xalçaya arxa çevirmək olmaz. Toxuyarkən “arxanızı çevirməyin, üzünüzü çevirin” deyirdilər. Biz xalçaya and içmişik. Əlimizlə tutub deyirdik ki, “qurban tükü” haqqı. Biz xalçanı o qədər əzizləyir, müqəddəs baxırdıq ki... Yaxud xalçanı kəsdikdə elə bilirdik darda olan hansısa insanı xilas etdik. Ona görə xalçanın hər ilməyində sirr var, sirr”.
Sehrli xalça
Hətta əhvalı yaxşı olmayan, kövrək olan insanı xalçadan uzaq tutardılar: “Kiminsə kefi pis olurdusa, onu xalça toxumağa qoymurdular ki, neqativ enerji xalçaya keçər. Xalçanın ətrafında ancaq xoşbəxt oturmalı idin. Analarımız oxuya-oxuya ilmələr vurardılar ki, pozitiv ruhda ərsəyə gəlsin. Çünki o xalça hansısa evə gedirdi. Ona görə də xalça sehrlidir. Xalçaya adi bəsit bir əşya kimi baxmamışam. Xalçanın da ruhu var. Bütün xalçaçılar xalça ilə söhbətləşir. Sirrimizi, sözümüzü xalçaya deyirik”.
Dəyəri bilinməyən köhnələr
Yadınızdadırsa, bir vaxtlar evlərdən köhnə xalçaları alıb zavod istehsalı xalçaları verirdilər. Müsahibimizi bu sənətdə ən çox incidən o nüans olub: “Xalçanı toxumayan onun dəyərini bilmir. 2 adi fabrik xalçasına əl əməyi xalçanı dəyişirdilər. İnsanlarımız çox saf idi. İndi o xalçalar kimilərinsə evini bəzəyir. Amma bizimkilərin aldığı fabrik xalçaları xarab olub gedib”.
Sənətini gələcək nəsillərə çatdırmağı qarşısına məqsəd qoyan müsahibimiz deyir ki, “Azərxalça”da gənclərə önəm verilir: “Azərxalça” gənc, istedadlı rəssam və dizaynerləri işə cəlb edir, onların xalça ilə bağlı fərqli ideyalarının həyata keçirilməsinə imkan yaradır. İndi biz yalnız klassik xalçaları deyil, gənclərin ideyalarına əsaslanan modern xalçalar da toxuyuruq. Xalça sənətini yaşatmaq üçün əlimizdən gələni edirik. Sehri, sirri çatdırmağa çalışırıq”.
Aygün ƏZİZ