• bazar, 24 Noyabr, 10:45
  • Baku Bakı 15°C

Cavanlar azalır, qocalar çoxalır 

11.05.24 02:07 3506
Cavanlar azalır, qocalar çoxalır 

Hesablamalara görə, hazırda mövcud olan dövlətlərin dörddə üçündə 2050-ci ilə qədər əhalinin sayı azalacaq. Azərbaycanda da əhalinin hər 1000 nəfərinə düşən doğulan körpə sayında azalma müşahidə edilir. Gələcəkdə yaşlı əhalinin çoxluq təşkil etdiyi ölkələrdə vergini kim ödəyəcək?  Yaşlılar pensiya ala biləcəklərmi? 

Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən doğulan körpə sayı azalır. Bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8389 doğulan körpə qeydə alınıb. Bununla da ötən ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən doğulan uşaq sayı azalaraq 11,5-dən 9,7-yə düşüb.

Məlumdur ki, təkcə Azərbaycan deyil, dünyanın bir çox ölkələrində bu proses gedir. Doğulan uşaqlar azalır, yaşlıların sayı çoxalır. Maraqlıdır, bu proses dünyanı hansı istiqamətə aparır? Doğulan körpə sayının azalması həqiqətən narahatedici faktordur, yoxsa buna təbii proses kimi yanaşmalıyıq?

Ölkə əhalisi əsrin sonuna qədər azalacaq

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdir müavini Günel Nağdaliyeva də “Kaspi” qəzetinə təsdiqləyir ki, son illər bir çox ölkələrdə doğuş nisbəti və ya bir qadının dünyaya gətirdiyi orta uşaq sayı aşağı düşür: “Mütəxəssislərin fikrincə, doğum nisbətində azalma tendensiyası davam edərsə, demək olar ki, bütün ölkələrin əhalisi əsrin sonuna qədər azala bilər. Bu dəyişiklik müasir dövrdə qadınların təhsilə və iş həyatına üz tutması, habelə ailə planlaması ilə bağlı məlumatların daha əlçatan olması ilə də səciyyələndirilir. Bununla yanaşı, dünyanı bürüyən müxtəlif yoluxucu xəstəliklər nəticəsində ölüm hallarının artması, boşanma sayında müşahidə olunan çoxalmalar, nikahların isə əvvəlki illərlə müqayisədə azalması təbii artımın qarşısını alan başlıca faktorlardandır”.

Ölkəmizdə ən yüksək doğum göstəricisi

Qurum rəsmisi deyir ki, ölkəmizdə ən yüksək doğum göstəricisi 1990-cı ildə qeydə alınıb: “Belə ki, həmin ildə diri doğulan körpələrin sayı 182 989 nəfər olub. 2022-ci ilə dair statistik göstəricilərə baxdıqda, 2021-ci illə müqayisədə müəyyən artım müşahidə edilir. Belə ki, Azərbaycanda 2021-ci ildə 112 284, 2022-ci ildə isə 122 846 nəfər körpə doğulub”.

Dünyada proses necə gedir?

ABŞ-nin Vaşinqton Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, ölkələrin dörddə üçündə 2050-ci ilə qədər əhalinin sayı azalacaq. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatının üzvləri “The Lancet”də dərc olunmuş müstəqil şərhlərində doğulan uşaq sayının azalmasının müsbət və mənfi cəhətlərini araşdırıblar. Mütəxəssislər deyirlər ki, doğulan uşaq sayının azalması əhalinin artması, ətraf mühit, ərzaq təhlükəsizliyi, sağlamlıq, iqlim dəyişikliyi və biomüxtəliflik baxımından fayda gətirə bilər, lakin səhiyyə, pensiya, sosial təminat, işçi qüvvəsi və geosiyasətə mənfi təsir göstərəcək.

Nə üçün insanlar uşaq dünyaya gətirməkdən çəkinirlər?

Dünyanı silkələyən bu vəziyyətin səbəblərinə gəldikdə isə iqtisadi vəziyyət, xəstəliklər, uşaq yetişdirmənin tələb etdiyi xərclər, doğuş planlamasının əlçatan olması və qadınların maariflənməsi göstərilir. 

Bu vəziyyətdən narahat olmayan, əhalinin sayının azalmasını ətraf mühit üçün müsbət hal kimi qiymətləndirənlər də az deyil. Çünki düşünürlər ki, dünya əhalisi azaldıqda, əhali karbon emissiyalarını azaldacaq və meşə sahələri daha az məhv olacaq. Lakin təbii olaraq, əhalinin strukturunun dəyişməsi və yaşlıların sayının artmasının mənfi təsirləri daha çoxdur. Tədqiqatlar əhalinin strukturu ilə bağlı təəccüblü proqnozları ortaya qoyur.

401 milyon uşaq, 866 milyon yaşlı

Beş yaşa qədər dünya əhalisi 2017-ci ildəki 681 milyondan 2100-cü ildə 401 milyona, 80 yaşdan yuxarı dünya əhalisi 2017-ci ildəki 141 milyondan 2100-cü ildə 866 milyona yüksələcək. Tədqiqatçılar 2100-cü ilə qədər ölkələrin 97 faizində ümumi doğuş nisbətinin aşağı düşəcəyini proqnozlaşdırırlar. Məsələn, 2021-ci ildə bir qadına düşən doğuş nisbəti 2,23 olduğu halda, 2050-ci ildə bu rəqəmin 1,68-ə, 2100-cü ildə isə 1,57-yə düşəcəyi deyilir. 

“Gənclər nəsil artırmaq, məsuliyyət, öhdəlik götürmək istəmirlər”

Azərbaycandakı əhalinin doğum səviyyəsi ilə bağlı açıqlanan statistika da onu göstərir ki, Avropa ölkələrindəki təklik, yalnızlıq hissi bizə də sirayət edir. Psixoloq Nizami Orucov da təsdiqləyir ki, son vaxtlar ailə dəyərlərini yeniləri əvəzləyir: “İnsan sosial varlıqdır, onun təkliyə çəkilməyinin sonu əksər vaxtlarda yaxşı nəticələnmir. Məhz təklik səbəbindən inkişaf etmiş ölkələrdə intiharların sayı artır. Təəssüf ki, bizim də ailə modelimiz ona doğru gedir. Bu, hedonizm fəlsəfəsidir. Hedonizm insanın öz hərəkətlərini ona həzz verəcək bir şəkildə planlaşdırması gərəkdiyini, həmişə həzz verənə yönəlmənin ən uyğun davranış şəkli olduğunu müdafiə edən fəlsəfi cərəyandır”.

Psixoloq deyir ki, bu gün gənclərin ailə qurmamasının və övlad sahibi olmamasının da kökündə hedonist düşüncə dayanır: “Gənclər nəsil artırmaq, məsuliyyət, öhdəlik götürmək istəmirlər. İnsan həyata zövq mənbəyi kimi baxmağa çalışır. Orada nə ər, nə qadın, nə uşaqlar, nə ailə rol oynayır. Bundan əlavə, ikinci əsas məsələ gənclərin gözünün evlilikdən qorxmasıdır. Bizə gələn məktublardan bu görünür ki, əməlli-başlı ailə qurmağa qorxurlar. Ya öz ana-atalarının münasibətlərinə baxıb evlilikdən iyrəniblər, ya real həyatda ətrafında baş verən hadisələrdən qorxublar. Xəyanət, aldadılma, uğursuz seçim, yaxud da “evlənsəm bədbəxt olaram” qorxusu onları bu qərardan uzaqlaşdırır. Müasir həyatın informasiya bolluğu bizim həddindən artıq tərəddüd keçirməyimizə səbəb olur”.

Yaşlıların çoxluq təşkil etdiyi dünya necə ola bilər?

Mütəxəssislər 21-ci əsrdə dünyanın sarsıdıcı sosial dəyişikliklərlə rastlaşacağını vurğulayır. Maraqlıdır, yaşlıların çoxluq təşkil etdiyi dünya necə ola bilər? Professorlar aşağıdakı suallar qarşısında narahatdırlar:
Yaşlı əhalinin çoxluq təşkil etdiyi ölkələrdə vergini kim ödəyəcək? Yaşlılara qayğı və sağlamlıq xidmətləri necə maliyyələşdiriləcək? Onların baxımını kim həyata keçirəcək? Bu baş versə, insanlar təqaüd ala biləcəklərmi? 
Bu sualların dəqiq cavabını zaman verəcək.

Aygün Əziz

banner

Oxşar Xəbərlər