bazar, 29 Yanvar, 16:43

Baku Bakı 8°C

Bu il turizm sahəsində nələrlə yadda qaldı?

icon 358 icon 30 dekabr 2022 | 11:59 Bu il turizm sahəsində nələrlə yadda qaldı?

Bu il dünya turizmində olduğu kimi, ölkəmizdə də bu sahədə canlanma hiss olunub. İlin əvvəlində turizm sahəsində proqnozlaşdırılan bərpa prosesi tam sürətlə gedib. Bütövlükdə, ölkədə turizmin dayanıqlı inkişafını təmin etmək və beynəlxalq turizm bazarında Azərbaycanın rəqabət qabiliyyətinin artırılması üçün bir çox işlər görülüb. Bəs 2022-ci il Azərbaycanın turizm sahəsində hansı hadisələrlə yadda qaldı?

Əvvəlcə, bu ilin 11 ayının göstəricilərinə diqqət yetirək. Dövlət Turizm Agentliyinin (DTA) məlumatına görə, 2022-ci ilin yanvar–noyabr aylarının ötən ilin eyni ayları ilə müqayisədə 2,1 dəfə artım müşahidə edilib. Bu il Azərbaycana səfər edən xarici vətəndaşlar içərisində ilk yerlərdə ardıcıl olaraq Rusiya, Türkiyə və İran gəlir. Sonrakı sıralamada Səudiyyə Ərəbistanı, Gürcüstan, Hindistan, Pakistan, BƏƏ, Qazaxıstan və digər ölkələr növbələşir. Türkiyə, Səudiyyə Ərəbistanı, Hindistan üzrə bərpa göstəriciləri 90 faizdən çoxdur. Belarus, Pakistan, İordaniya kimi ölkələr isə 2019-cu il nəticələrini üstələmişlər.

Bu ilin dekabrında keçirilən Azərbaycan Turizm Sammitində xarici və daxili turizm üzrə növbəti 4 ilə hesablanmış hədəflər açıqlanıb. Növbəti 4 il üçün turizmin hərtərəfli inkişafına yönəlmiş 10 əsas təməl istiqamət üzrə hədəflər müəyyənləşdirilib. Bu hədəflər həm də “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan məqsəd və tapşırıqların icrasına istiqamətlənib. Əsas məqsəd Azərbaycanı dayanıqlı, əlçatan və keyfiyyətli turizm destinasiyasına çevirməkdir. Əsas hədəflərdən biri 2026-cı ildə Azərbaycana səfər edən əcnəbilərin sayını 4 milyon nəfərə, ölkə daxilində turizm səfəri edən yerli vətəndaşların sayını isə 6 milyon nəfərə çatdırmaqdır. 2026-cı ildə turizm xərcləmələri 2021-ci illə müqayisədə 4 dəfə artaraq 11,2 milyard manata çatacaq, bunun da 49 faizi, yaxud 5,5 milyard manatı əcnəbi turistlərin payına düşəcək. Ümumilikdə isə 2026-cı ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda ÜDM istehsalı 2019-cu illə müqayisədə 1,5 dəfə artacaq, orta hesabla hər il turizm sektorunda 20 faiz artım qeydə alınacaqdır. Ölkəyə daha çox turistin gəlməsinə və Azərbaycanın beynəlxalq səviyyədə tanınan turizm destinasiyasına çevrilməsinə nail olmaq Dövlət Turizm Agentliyi yarandığı gündən əsas məqsəddir. Prezident İlham Əliyev turizmin inkişafına daimi diqqət göstərir. Görülmüş işlər içərisində hədəf ölkələrdə turizm nümayəndəliklərinin açılışı, beynəlxalq sərgilərdə intensiv iştirak, beynəlxalq təşkilatların tədbirlərinin ölkəmizdə təşkili Azərbaycanın tanıdılması istiqamətində atılan uğurlu addımlar olub.

Bu ilin əvvəlində turizm sahəsinin hüquqi-institusional tənzimlənməsi istiqamətində mühüm addım atılaraq, yeni Turizm qanunu qəbul edilib. Burada Turizm reyestri, mülki məsuliyyət sığortası, otellərin ulduzlaşması və digər bir sıra vacib məqamlar öz əksini tapır. Turizm sektorunda tənzimlənmə çərçivəsinin inkişafı üçün mehmanxanalara münasibətdə ulduzların tətbiqi, turizm şirkətlərinə münasibətdə mülki məsuliyyət sığortası mexanizminin tətbiqi nəzərdə tutulur. Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqlarda mövcud olan mədəni irsin qorunması, oradakı tarixi abidələrin mühafizəsi və qoruqları turistlər üçün cəlbedici məkana çevrilməsi qarşıya qoyulan əsas məqsədlərdəndir. Əlavə olaraq, bir sıra tarixi tikililərin əsaslı təmiri, abadlıq işlərinin aparılması və digər işlər UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Şəkinin tarixini qorumaqla turizm potensialını inkişaf etdirməyə yönəlib. Digər bir qoruğun – Xınalığın tarix və etnoqrafiya baxımından əhəmiyyəti nəzərə alınaraq, oradakı evlərin təmir və bərpa işləri mərhələli şəkildə icra olunmaqdadır. Bu ilin fevralında “Xınalıq Mədəni Landşaftı və Köç yolu” adlı nominasiya sənədi hazırlanaraq, UNESCO-nun Ümumdünya İrs Siyahısı üçün təşkilatın Dünya İrs komitəsinə təqdim olunub. Bundan başqa, bu il 3 dildə fəaliyyət göstərən “Turist çağrı-məlumatlandırma mərkəzi” istifadəyə verilib. İlk dəfə tətbiq edilən 848 çağrı mərkəzinə yerli və xarici turistlər zəng vuraraq turizm xidmətləri ilə bağlı onları maraqlandıran məlumatları əldə edə bilərlər. Daxili turizm hər zaman prioritet istiqamət olub. Pandemiya beynəlxalq turizm bazarının bütün iştirakçılarının daxili turizm imkanlarını da məhdudlaşdırmışdı. Buna baxmayaraq, Azərbaycanda pandemiya dövründə də daxili turizm öz aktuallığını saxlamışdır. Ötən ilin sonundan etibarən daxili turizmin bərpasında və inkişafında müsbət irəliləyişin olduğunu deyə bilərik. Hazırda da, xüsusilə, yay mövsümü ilə əlaqədar regionlara səfərlərin sayında artım müşahidə olunur. Bizim üçün önəmli məqamlardan biri yalnız yay mövsümü üçün deyil, digər fəsillərdə də bu dinamikanı saxlamağa və turizmdə mövsümiliyin aradan qaldırılmasına nail olmaqdır. Turizmin bərpası fonunda bu il daxili turistlərin sayında keçən illə müqayisədə 30 faizdən çox artımın olacağı proqnozlaşdırılıb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi Dövlət Turizm Agentliyi qarşısında yeni vəzifələr qoyub. Bu vəzifələrdən biri Qarabağın turizm destinasiyası kimi inkişaf etdirilməsidir. Turizm bu istiqamətdə aparıcı sahələrdən biri olacaq. Son iki il ərzində Agentlik tərəfindən Qarabağın və Şərqi Zəngəzurun turizm potensialının öyrənilməsi, müvafiq olaraq konsepsiya sənədləri və layihələrin hazırlanması həyata keçirilib. Bu baxımdan, 3 əsas istiqamət üzrə işlər icra olunub. Bunlar mövcud və yeni turizm və rekreasiya zonalarının yerlərinin dəqiqləşdirilməsi, nəqliyyat dəhlizləri boyu, eləcə də tematik turizm marşrutları üzrə turizm imkanlarının dəyərləndirilməsidir. Həmçinin, artıq bir neçə layihənin icrasına başlanmışdır. Bu ilin mart ayında Suqovuşanda dövlət başçısnın iştirakı ilə turizm kompleksinin təməlqoyma tədbiri baş tutub. Bu kompleks Suqovuşan su anbarı ətrafında infrastruktur və xidmətlərin yaradılması, qəsəbənin rekreasiya imkanlarının artırılması və aktiv turizm fəaliyyətlərini özündə əks etdirən “Suqovuşan Turizm İnkişaf Konsepsiyası” sənədi əsasında yaradılacaq. Eyni zamanda Ağdamda tarixi Şahbulaq qalası ətrafında turizm imkanlarının qurulması üzrə layihə hazırlanaraq, ilkin rekreasiya infrastrukturu qurulmuşdur. Bundan əlavə, Agentlik tərəfindən “Qarabağ Zəfər Marşrutları” konsepsiyası çərçivəsində “Yolumuz Ağdama”, “Füzuli və Xocavəndə” birgünlük turların layihəsi hazırlanıb, Şuşa şəhərinin və Daşaltının turizm inkişaf planı hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Bütövlükdə, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin turizm imkanların qiymətləndirilməsi aparılaraq, işğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı ilə bağlı Regional Turizm Strategiyası və Fəaliyyət Planının layihəsi hazırlanıb.

Şuşaya turizm səfərlərinin təşkili üçün işlər yekunlaşmaq üzrədir. Artıq vətəndaşlarımız digər yerlərə olduğu kimi, Şuşaya da turizm səfərləri edəcəklər. Bir sözlə, Qarabağın turizm potensialının öyrənilməsi, reallaşdırılması, tanıdılması üçün çoxistiqamətli tədbirlər icra olunur. (Azərtac)