• şənbə, 20 Aprel, 14:24
  • Baku Bakı 23°C

Böyük sənətin ilahi qüdrəti 85 yaşında 

07.05.22 05:00 1292
Böyük sənətin ilahi qüdrəti 85 yaşında 

“Üzeyir bəy, əlbəttə ki, bütün bunları görürdü.  Başının üstündən bu cür işlər görülürdü. Səhnəyə gətirdiyi insanlar ona xəyanət edirdilər. Lakin dözdü, səbir etdi, iztirablarını büruzə vermədi. Və əzablarını yox, yeni bir əsəri düşünməyə başladı. “Koroğlu” ilə elə bir mərhələ keçdi ki, onu  Avropa  musiqisi bir neçə yüz ildə keçər”.

Opera sözünün mənası haqda heç düşünübsünüz? Opera sözünün italyancadan tərcüməsi iş, əmək, zəhmətdir.  Və doğrudan da, opera böyük bir işdir və onu ərsəyə gətirmək böyük zəhmət, səbir və əlbəttə ki, ən vacibi, ilahi istedad tələb edir. Azərbaycan operasının əsası isə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin 1908-ci ildə yazdığı "Leyli və Məcnun" muğam-operası ilə qoyulub. Bu, həm də şərq-müsəlman aləminin ilk operasıdır. Bugünkü söhbətimiz isə Üzeyir Hacıbəyovun başqa bir incisi - 85 yaşı tamam olan “Koroğlu” operası haqqındadır. 

“Şeyx Sənan”dan “Koroğlu”ya

Bəstəkarın 1909-cu ildə səhnəyə qoyduğu “Şeyx Sənan” operası müəyyən səbəblərdən uğursuz olur və elə ilk tamaşadan sonra repertuardan çıxarılır. Buna görə Hacıbəyli əsərin not yazılarını cırır. Professor Ramazan Xəlilov qeyd edir: "Üzeyir bəy hər il Tiflisin yaxınlığındakı "Koroğlu dağı" deyilən səfalı yerdə dincəlməyi xoşlayırdı. Mən də çox vaxt yanında olurdum. Bir dəfə ondan soruşdum: "Şeyx Sənan"ı cırıb atanda heyfin gəlmədi? Dedi ki, operanı kağızlarda ləğv etdim, başımdan ki çıxarmadım. Vaxtı çatanda istifadə edəcəyəm. Sonralar belə də oldu. "Şeyx Sənan" operasının musiqi materiallarından "Koroğlu" operasını yazarkən istifadə etdi”. Maraqlıdır, deməli, bəstəkar “Koroğlu”nu yazarkən “Şeyx Sənan”dan da yararlanıb. Üzeyir bəy "Koroğlu" operasını 1932-1936-cı illərdə yazıb. Və bu əsər nəinki Azərbaycan opera sənətində, ümumiyyətlə, Azərbaycan incəsənətində yeni bir mərhələ, yeni bir era oldu. Operanın inkişafının əsas bazası, əsas sütunudur “Koroğlu operası və bəstəkarın yaradıcılıq zirvəsi məqamındadır.  

Yeni bir zirvənin fəthi

Bəstəkar, Xalq artisti, Azərbaycanın fəxri mədəniyyət işçisi Sərdar Fərəcov deyir ki, “Koroğlu” unikal, bənzəri olmayan, heç istəsən də eynisini yazmaq mümkün olmayan bir əsərdir: “Üzeyir bəy bu əsəri dahiyanə bir unikallıqla yazıb. Biz bunu “Leyli və Məcnun”da da, “Arşın mal alan”da da, “O olmasın bu olsun”da da görürük. Hətta kiçik həcmli əsərlərində – “Sevgili canan”, “Aşıqsayağı”, “Sənsiz”də də elə bir güc var ki, onlar heç bir təhlilə gəlmir, öz təzəliyi, möhtəşəmliyi, gözəlliyi ilə  hər zaman gözəldir. “Koroğlu” operası isə tamam başqa bir aləmdir.  Çünki bilirik ki, 20-ci illərdən sonra, xüsusilə bolşevik çevrilişindən sonra ona qarşı münasibət  heç də birmənalı deyildi. Ona təzyiqlər də olurdu, paxıllıq edənlər də var idi, ümumiyyətlə, Azərbaycan mədəniyyətindən silmək istəyənlər də yox deyildi. Üzeyir bəy düşünürdü ki, yeni bir opera yazmalıdır. Yeni bir zirvə fəth etməlidir”. 

Tam ağırlığı dərk edib yükü qaldırmaq

Fərəc bəy deyir ki, həmin vaxtlarda Moskvadan gələn professorlarla məşğul olan, yeni mədəniyyətə meyil edən, yeni musiqi dilində yazmağa çalışan (bu musiqi dili Azərbaycan musiqi dilinə bəzən uyğun da olmurdu) gənclər vardı: “Onların çoxu özlərini Azərbaycan vətəndaşı hesab edən əcnəbilər – erməni, rus, yəhudi bəstəkarlar idi. Hətta bəstəkar R.M.Qliyeri də dəvət etmişdilər. O da 24-cü ildə “Şahsənəm”i yazdı, uğursuz oldu. Üstündən 10 il keçəndən sonra yenidən dəvət olundu və Azərbaycan ona dünyanın pulunu verdi. Üzeyir bəy, əlbəttə ki, bütün bunları görürdü.  Ürəyində əziyyət çəkirdi. O dura-dura başının üstündən bu cür işlər görülürdü. Onun səhnəyə gətirdiyi insanlar ona xəyanət edirdilər. Lakin dözdü, səbir etdi, iztirablarını büruzə vermədi. Və əzablarını yox, yeni bir əsəri düşünməyə başladı. Onların fövqündə, onlardan yuxarıda, yüksəkdə dayana bildi. “Koroğlu” ilə bir zirvə kəşf etdi, elə bir mərhələ keçdi ki, onu  Avropa  musiqisi ancaq bir neçə yüz ildə keçər. “Koroğlu” vokal, yəni ariyalarına, xorlarına görə çox yeni idi. Eyni zamanda yeniliyindən başqa da, mükəmməl idi. Orkestrovkası da  son dərəcə parlaq və möhtəşəm səslənirdi. Və birinci notdan belə ürəyi fəth edirdi. Formasına görə mürəkkəb bir opera idi ki, hər bir bəstəkara 5 pərdəli opera yazmaq nəsib olmur. Operanın tam ağırlığını dərk edərək bu yükü qaldıra bildi. Elə bir opera yarandı ki, Azərbaycan musiqisində elə bir zirvəyə yüksələn ikinci bir əsər yoxdur”. 

Normal operaya 10 il bundan qabaq qulaq asmışdıq

Doğrudan da, “Koroğlu” operası bütün dövrlərində Azərbaycan mədəniyyətinin zirvəsi, əvəzolunmasıdır. Əsərdə Koroğlunun ariyası, “Çənlibel” xoru xüsusi diqqət cəlb edir. Bunu da qeyd edim ki, qəhrəmanlıq simvolu olan “Koroğlu” uvertürası isə bir qədər sonra - 1938-ci ildə Moskvada keçirilən mədəniyyət ongünlüyü ərəfəsində yazılıb. Söhbətin davamında Fərəc bəy deyir ki, bu yaxınlarda Mərkəzi Komitənin SSRİ Bəstəkarlar İttifaqı ilə birgə 1948-ci ildə keçirilən iclasının materialını oxuyub: “İclasda Mərkəzi Komitənin katibi Jdanov çıxış edərək deyir ki, 48-ci ildir, sonuncu dəfə normal operaya 10 il bundan qabaq qulaq asmışıq”.  Adını çəkmir, ancaq “Koroğolu”nu nəzərdə tutduğu dəqiqdir. Çünki 38-ci ildə “Koroğlu” operası Stalinin xahişi ilə iki dəfə oynanılır. Stalin isə bir operaya iki dəfə baxmırdı. Və o, bəstəkarla təkbətək qalıb operanı təhlil etmişdi. Deyərdim ki, onun təhlilləri musiqişünas təhlillərindən də dərin idi. Koroğlu operasının böyük qələbəsindən biri də o idi ki, Azərbaycan özü bu operanı gözləyirdi. Baş rolun ifaçısı Bülbülün ona qədər belə böyük rolu yox idi. Bütün əzəmətini “Koroğlu” operasında göstərdi. Sanki içində olan ehtiyatlarını aça bildi. Burda lirika da, qəhrəmanlıq da, xalqla həmahəng olmaq da, deyişmələr də var. Çox zəngin bir əsərdir. Üzeyir bəy qəhrəmanını müxtəlif rakurslardan göstərə bilmişdi. Eləcə də Nigar rolunun ifaçısı. Qara Qarayev xatirələrində yazırdı ki, “Koroğlu” operasının birinci rejissoru İsmayıl Hidayətzadə bəstəkarla partituranı xanə-xanə, sanki öyrənərək səhnəyə yozdu. “Koroğlu” elə bir operadır ki, ona baxan bir də unutmur, onun təsiri altına düşür, onu ecazında olanlar onun orbitindən də çıxa bilmir. Çünki  bu, doğrudan, böyük bir sənətin ilahi qüdrətli bir möcüzəsi idi!”

Xanım Aydın

banner

Oxşar Xəbərlər