• bazar, 24 Noyabr, 15:15
  • Baku Bakı 15°C

Bitməyən ağac "qətlləri" - BAXIŞ

11.06.22 01:30 1661
Bitməyən ağac "qətlləri" - BAXIŞ

“Belə hallar olanda, cavabdeh məmur cəzasız qalmamalıdır. Ağacların kəsilməsində günahkar olanlar cəzalanmalıdır ki, bu niyyətdə olan digərlərinə görk olsun. Hesab edirəm ki, Milli Məclisin növbədənkənar iclasında bu məsələ müzakirə olunmalıdır”.

Bir neçə gün öncə qanunsuz parklanmaya görə ağacların kəsilməsinə Prezident İlham Əliyev tərəfindən sərt reaksiya verildi və bu əməli törədənlərin cəzalandırılması ilə bağlı tapşırıqlar verildi. Lakin problem təkcə bu gün, yaxud da sabah atılacaq addımla həll edilmir.  İllərdir yaşıllıqların məhv edilməsi ilə bağlı mətbuat yazır. Amma yenə də ağacların qanunsuz kəsilməsinin şahidi oluruq. Yenə də məsələyə dövlət başçısı qarışandan sonra məmurlar hərəkətə keçir. Məmurlar vəzifələrinə nə qədər məsuliyyətsiz yanaşsalar da, Prezident İlham Əliyev yeni parkların salınmasını, ağacların əkilməsini qarşıya məqsəd kimi qoyur.  Elə bu günlərdə dövlət başçısının “Çəmbərəkənd” parkının açılışını etməsi də dediklərimizə bir nümunədir. Amma təəssüf ki, dövlət başçısından nümunə götürməyən insanlar öz məqsədləri naminə “qatil” olurlar. Bəli, ağaclar da canlıdır. Onları səbəbsiz yerə, qazanc naminə kəsmək isə qatillikdir.  Mətbuat yazır, yazır, amma nə “ağac qatilləri”nin sayı azalır, nə də vəzifəli şəxslər məsuliyyət hiss edirlər. 

“Prezident tərəfindən sərt bəyanatlar verilib”

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc bildirdi ki, yaşıllıqlar mövzusu 90-cı illərdən, ulu öndərin idarəçiliyi illərindən həssas bir məsələ olub: “Təkcə ona görə yox ki, ağaclar “bizim ağ ciyərlərimiz” adlandırılıb, şəhərin ekoloji sisteminin dayanaqlığı üçün əsas mənbə kimi götürülüb. Eyni zamanda, nəzərə almalıyıq ki, işğal səbəbindən Azərbaycan əhalisinin daha çox paytaxta pənah gətirməsi, burada məskunlaşması, istər-istəməz sovet dövründə salınmış böyük bağ massivlərinin, digər xarakterli yaşıllıqların sahəsini qat-qat azaltmışdı. Bu, sanki təbii obyektiv səbəblərdən baş vermişdi. Təəssüflər olsun ki, həm də bir qədər kapitalist üsul-idarəsinin gətirdiyi tendensiyalar da özünü göstərməkdə idi. Çox yaxşı xatırlayıram ki, Heydər Əliyev “ağacları kəsənlər mənə qəsd edir” söyləmişdi. Əgər bir jurnalist və ya parlament üzvü tədqiqat aparmış olsa, görəcəyik ki, yaşıl zonaların məhv edilməsi ilə bağlı əvvəllər də cənab Prezident tərəfindən çox sərt bəyanatlar verilib. Orada villalar, yaxud da başqa xarakterli tikililər inşa edilir. Bunun çoxlu nümunələrini və eləcə də baş vermiş hadisələrə görə cəzalandırma tədbirlərinin şahidi olmuşuq”.

“Nazirlik cərimələr tətbiq edir”

Deputat qeyd etdi ki, bu səbəbdən dəfələrlə ölkə rəhbərinin çağırışı ilə ağacəkmə kampaniyaları reallaşdırılıb: “Məqsəd yeni ağacların əkilməsi ilə zərər vurulmuş yerlərdə onların əvəzini doldurmaq deyildi. Bunu ümumxalq hərəkatına çevirməklə insanlarımızdakı baxışı, mədəniyyəti, davranışları formalaşdırmaq idi. O cümlədən də bu, idarəetmə sistemimiz üçün idi. Adətən bəlli olurdu ki, yaşıllığı məhv etmə hadisələri bir sıra hallarda sıravi şəxslərə, biznes adamlarına deyil, onlarla müxtəlif formalarda əlaqəsi olan vəzifə adamlarına gedib çıxır. Ona görə də bu məsələdə qaydaların da tam sərtləşməsinin vacib olmasını söyləyə bilərik. Bilirik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların kəsilməsi ilə bağlı sərt qərarlar və cərimələr tətbiq edir. İctimai nəzarət, hər bir vətəndaşın məsələ ilə bağlı mövqeyi, medianın həssaslığı olmalıdır, amma eyni zamanda qərəzdən uzaq, ləkələmək üçün süni gündəm yaratmadan bu məsələlərin üzərinə getməliyik”.

“Ümumi baxış elə olmalıdır ki...”

Z.Oruc keçmiş sovet məkanına, eləcə də Avropa ölkələrinə gedərkən hər bir ağacın pasporta sahib olmasını müşahidə etdiyini qeyd edib. Onun sözlərinə görə, həmin ölkələrdə ağacları canlı kimi qəbul edirlər: “Belə məsələlərdə sərt cəza mexanizmlərindən də vacib olan amil vətəndaşların ümumi baxışıdır. Bu baxış, düşüncə elə olmalıdır ki, ağaclara əlimiz qalxmasın. Bu addımı atarkən fayda götürəcəyimizi bildiyimiz halda belə ağır cinayətə getməyək. Çünki ən sonda yox elədiyimiz ağaclar və yaşıllıqlar sonradan insanların sağlamlığına eyni dərəcədə zərbə vurular”.  

“Məmurlar yerində deyil”

Millət vəkili Aqil Abbas bildirdi ki, məmurlar yerində olsa, belə hadisələr baş verməz: “Niyə məmurlar yerinə deyil ki, Prezident ağac kəsilməsi işinə də qarışsın? Dövlət başçısının kifayət qədər gərgin iş rejimi var. Bütün bunlar göstərir ki, məmurlar yerində deyil, işlərini icra edənlər məsuliyyətini dərk eləmir. Ağacların kəsilməsinə kim icazə verib, kim kəsib? Belə adamlar cəzalandırılmalıdır və ictimaiyyət də bilməlidir. Yoxsa, hərə əlinə bir balta alıb, ağac kəsməlidir?”

“Milli Məclisin iclasında müzakirə olunmalıdır”

A.Abbasın sözlərinə görə, bəzi məmurlar özlərinə arxayın olur ki, gördükləri işdən prezidentin xəbəri olmaz: “Belə hallar olanda, cavabdeh məmur cəzasız qalmamalıdır. Ağacların kəsilməsində günahkar olanlar cəzalanmalıdır ki, bu niyyətdə olan digərlərinə görk olsun. Prezident belə problemlərlə niyə məşğul olmalıdır? Hesab edirəm ki, Milli Məclisin növbədənkənar iclasında bu məsələ müzakirə olunmalıdır. Amma qabaqcadan dəqiq deyə bilmərəm. Bu məsələ ilə bağlı müzakirələr keçirilsə, mən də fikirlərimi bildirərəm”.

Bəxtiyar Məmmədli  

banner

Oxşar Xəbərlər