İdman zallarında gizli risklər

Elə insanlar var ki, 40 yaşına kimi heç vaxt idman etməyib. Amma birdən sağlam həyata keçid etmək istəyir və idmana başlayır. Bu zaman maksimal yüklənmə edir. Bu zaman da qəfil ürək tutmaları və infarktlar baş verir.
Sentyabrın 29-da Əməkdar artist Cabir İmanovun idman zalında ürək tutmasından dünyasını dəyişməsi kədərli fakt oldu. Ölüm faktının idman zalında baş verməsi suallar da doğurdu. Çünki bundan öncə də idman zallarında ürək tutmasından baş verən ölüm faktları olmuşdu. İstər-istəməz idman zamanı qəbul edilən dərmanların ölümə səbəb olması barədə ehtimallar gündəmə gəldi. Həqiqətən də, görəsən, idman zalları, istifadə edilən dərmanlar hansı hallarda ölümə səbəb ola bilərmi?
“Müayinə zalın yox, şəxsin məsuliyyətidir”
Nutrisioloq, fəal idmanla məşğul olan Emil Allahverdiyev bildirdi ki, ürək tutmaları sadəcə idman zallarında deyil, hər yerdə ola bilər: “Bu, sükan arxasında, hətta yemək yeyərkən də mümkündür. İdman zalında olması o demək deyil ki, məhz idmanla bağlıdır. İnsan içki içirdimi, yağlı yeməklər yeyirdimi, nəslində infarktdan dünyasını dəyişənlər varmı, əsas bunlara diqqət etmək lazımdır”.
Nutrisioloqun fikrincə, idmana başlamazdan əvvəl sağlamlıq müayinəsindən keçmək lazımdır: “Yaşın 40-ın üzərindədirsə, heç vaxt idmanla məşğul olmamısansa, idmana gedirsənsə, müayinə mütləqdir. Xroniki xəstəliklər varsa, həkimlə məsləhətləşmək lazımdır. Amma bunları zaldan tələb etmək doğru deyil. Bu, insanın şəxsi məsuliyyətidir”.
“Qadağandır, amma insanlara satılır”
E.Allahverdiyev idman zallarında təqdim edilən proteinlərin və qida əlavələrinin ürək problemlərinə heç bir təsiri olmadığı qənaətindədir: “İdmançılar stereoidlər istifadə edirlər. Onlar protein və ya qida əlavəsi deyil. Onlar insan ömrünü qısaldır. Bir çox stereoidlər qadağandır. Lakin bəzən gizli şəkildə alına bilir. Azərbaycanda bəzi preparatlar qadağandır. Amma zallarda bu dərmanlar təklif edilir. Məşqçilər idmanla məşğul olanlara sürətli nəticə almaq üçün preparat təklif edirlər. Məşqçilər bu dərmanların fəsadlarından da danışmalıdırlar. Deməlidir ki, nəticəyə tez çatsan da, ürəyində problemlər yaranacaq, təzyiqin qalxacaq, ömrün bir neçə il qısalacaq. Heyif ki, bir çox məşqçilər bunu etmir”.
E.Allahverdiyevin fikrincə, idman zallarında çalışan məşqçilər tibbi yardım kursları keçməlidirlər.
“Bu xəstələr bir dəqiqə ərzində həyatlarını itirə bilərlər”
Almaniyada fəaliyyət göstərən həkim-kardioloq Firudin Qurbanov da bildirdi ki, idman zallarında qəfil ürəktutmalarının bir çox səbəbi var: “Əsas risk qrupu yaşı 40-dan yuxarı olan insanlardır. Siqaret çəkənlər, artıq çəkisi olanlar, ailəsində ürək-damar xəstəliyi olanlar, şəkərli diabetdən və ya təzyiqdən əziyyət çəkənlər xüsusilə risk altındadırlar. Belə şəxslərin tac damarlarında problem ola bilər, amma gündəlik həyatda bunu hiss etməzlər. İdman zalında fiziki yüklənmə nəticəsində infarkt və ya qəfil ürək tutması baş verə bilər. Gizli ürək-damar xəstəliyi olan insanlar var. Bu, bəzən irsidir”
Həkim-kardioloq bildirdi ki, hipertrofik obstruktiv kardiomiopatiya zamanı ürək əzələsi qalınlaşır. Bu, gündəlik həyatda simptomsuz ola bilər, amma fiziki yüklənmə zamanı bədxassəli ritm pozğunluqları yarana və qəfil ölümlə nəticələnə bilər: “Bunu biz tez-tez gənc idmançılarda görürük – məşq və ya oyun zamanı qəflətən yıxılırlar və həyatlarını itirirlər”.
Təcrübəsizliyin səbəb olduğu fəsadlar
F.Qurbanov yaşın yaratdığı risklərdən də bəhs etdi: “Elə insanlar var ki, 40 yaşına kimi heç vaxt idman etməyib. Amma birdən sağlam həyata keçid etmək istəyir, idmana başlayır. Maksimal yüklənmə edir. Bu, çox risklidir. Təcrübəsiz şəxslər isinmə hərəkətləri etmədən ağır çəkilərlə məşqə başlayırlar. Halbuki ürəyin maksimal yüklənmə həddi var: 220-dən insanın yaşını çıxırıq. Məsələn, 50 yaşında insan üçün maksimal nəbz 170-dən yuxarı olmamalıdır. İsinmə hərəkətləri və yüklənmənin mərhələli artırılması mütləqdir”.
Kardioloqun fikrincə, stres və stimulyatorlar da təsir edə bilir: “Daim kofein və enerji içkilərindən istifadə ürək damarlarında spazm yaradır, ritm pozğunluqlarına səbəb ola bilir. Bu da qəfil ürək tutmalarını artıran amillərdəndir”.
“40 yaşı keçmiş şəxslər üçün müayinə mütləqdir”
Müsahibimiz bildirdi ki, idmana başlamazdan əvvəl tibbi müayinələrdən keçmək mütləqdir: “Xüsusən 30–40 yaşdan sonra müayinələr vacibdir. EKQ ilə ürəyin ritminə baxmaq, gizli infarkt olub-olmadığını qiymətləndirmək lazımdır. Qan təzyiqi ölçülməlidir, çünki gizli hipertoniyaya çox rast gəlinir. Yüksək təzyiq idman zamanı aorta və ya beyin damarının yırtılmasına səbəb ola bilər. Qan analizləri ilə xolesterin, şəkər və lipidlər yoxlanmalıdır. Stres-test - qaçış və ya velosiped üzərində – ürəyin fiziki yüklənməyə reaksiyasını göstərir. Bu müayinələr əsasında həkim hansı idmanın və hansı intensivliyin uyğun olduğunu təyin edir”.
Həkim idman zalında təklif edilən dərmanların orqanizmə təsirindən də danışdı: “Steroidlər bədənin həcminə uyğun olmayan dozada qəbul ediləndə çox zərərlidir. Tərkibində kofein, taurin olan stimulyatorlar dozanı aşdıqda ürək döyüntülərini sürətləndirir, qəfil ölümlərə gətirib çıxara bilir. Yağ yandırıcılar da təzyiqi qaldırır, ürək ritmini pozur. Protein tozları sağlam ürəyi və böyrəyi olan şəxslər üçün təhlükəsizdir, amma həddindən artıq qəbul böyrəklərə ziyan verir”.
“Nəfəs almırsa, ürək masajı edilməlidir”
F.Qurbanovun sözlərinə görə, idman zallarında ilkin tibbi yardımı bilən məşqçilər olmalıdır: “İlk növbədə təcili yardıma zəng edilməlidir. Sonra nəfəsin olub-olmadığı yoxlanmalıdır. Əgər şəxs nəfəs almırsa və huşsuzdursa, dərhal ürək masajına başlanmalıdır. Dəqiqədə 100–120 dəfə sinə kompressiyası aparılmalıdır. 30 kompressiyadan sonra iki dəfə süni nəfəs verilir. İdman zallarında mütləq defibrilyator olmalıdır. Təlim keçmiş işçilər bu cihazdan istifadə edərək təcili yardım gələnədək xəstənin həyatını xilas edə bilərlər”.
Zərif Salmanlı
