• cümə, 22 Noyabr, 11:59
  • Baku Bakı 14°C

Bayraq sevdalısı Davud - ANIM

24.09.22 04:30 2321
Bayraq sevdalısı Davud - ANIM

44 günlük müharibədə şəhid olan igid oğullarımızdan Davud Qurbanov uşaq yaşlarından vətənpərvər olub. Müharibə başlayan günü evlərinə zəng vuran qəhrəmanımız atasının “ürəkli olun, qorxmayın” sözlərinə “nə qorxmaq, siz hələ mənimlə çox fəxr edəcəksiniz” deyə cavab verib. 

2020-ci il sentyabrın 27-də Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi başladı. İşğal altında qalan torpaqlarımızın geri qaytarılması uğrunda gedən bu 44 günlük müharibə zəfər, qürur, fəxarət mənbəyimizdir. Xalqımız qələbələrimizlə fəxr etməklə yanaşı, daim şəhidlərimizin ruhunu uca tutur, onları ehtiramla yad edir. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. Təbii ki, biz bu gün işğaldan azad olunan torpaqlarımıza, uca olan başımıza, açıq alnımıza görə dövlətimizə, şəhidlərimizə və qazilərimizə borcluyuq. 

Suqovuşanda şəhidliyə qovuşan Davud

Müharibədə şəhid olan igid oğullarımız ürəyimizin ən əziz yerində daim yaşayır. O oğullardan biri də Qurbanov Davud Tariyel oğludur. Davud 1996-cı il fevralın 15-də dünyaya gəlib. 299 saylı Biləcəri qəsəbə məktəb-liseyini bitirib, 2013-2017-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "İstehsalat proseslərinin avtomatlaşdırılması” fakültəsində təhsil alıb. 2017-2019-cu illərdə həmin fakültənin magistratura pilləsində təhsilini davam etdirib. 2019-cu il oktyabrın 1-də hərbi xidmətə gedən Davud 2020-nin oktyabrın 1-də qayıtmalı idi. Sentyabrın 27-si müharibə başlayıb və o, döyüşlərə qatılıb. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərin iştirakçısı olub. Oktyabrın 3-də şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. 

Bircə əcəldən qaça bilmədi

Anası Qənirə xanım deyir ki, televiziyada operator işləyən Davud aprel döyüşlərindən sonra Cocuq Mərcanlı işğaldan azad olunanda çox sevinib: “Ora çəkilişə ezam olunmuşdu. Məktəb açılışını çəkəcəkdilər. O qədər sevinirdi ki... Deyirdi, gün olacaq Şuşaya da gedəcəyik. Buna çox inanırdı. Hərbi qulluqda olan zaman əvvəlcə Mingəçevirdə idi. Fevralda doğum günündə getdik yanına, görüşdük. Onu son dəfə onda gördük. O qədər vətənpərvər, o qədər bayraq sevən idi ki, tortunu da qardaşı Ümid bayraq şəklində hazırlatmışdı. Ondan sonra bir dəfə də Mingəçevirə yolumuz düşdü, dedik uşağa baş çəkək. Getdik ki, hərbi hissədə yoxdur. Dedilər başqa yerə ezam olunub. Zəng vurduq, yerini demədi. Sonralar bildik ki, sən demə, Tovuz döyüşlərində Tap Qaraqoyunluda olub, narahat olmayaq deyə, bizə deməyib. Ümumiyyətlə, Davud elə sülhsevər, mehriban, vətənpərvər və ağzıbütöv oğlan idi ki, ondan söz almaq mümkün deyildi. Hər yerdə özünə dost tapan, hamıyla dil tapan uşaq idi. Hətta komandiri ilə də dostlaşmışdı. Ən çətin vəziyyətlərdən sivişib çıxan adam idi. Çıxılmaz vəziyyətlərdən yol tapıb çıxan adam bircə əcəldən qaça bilmədi”. 

“Bayraq gələndə Davud artıq şəhid olmuşdu”

Evlərində Davud üçün ayrıca bir otaq ayırıblar. Davudun medalları, diplomları, geyimləri, bayraqları – hər şeyi ordadır. Qənirə xanım deyir ki, Davud bayraq sevdalısı idi: “Bir dəfə dedim ki, “ay bala, o yuxarıdan asdığın bayrağı çıxart ver, yuyum”. Dedi ki, “ana, bir kərə yüksələn bayraq, bir daha enməz!” Çıxartmadı bayrağı. Türkiyənin “Beşiktaş” futbol klubunun fanatı idi. Həmin klubun bayrağını da dostundan istəmişdi. Amma bayraq gələndə Davud artıq şəhid olmuşdu. Həmin bayraq indi Qazaxda məzarının üstündədir. Trabzondan bir “Beşiktaş” tərəfdarı olan qızla dostluq edirdi. O qız ona Türkiyənin bayrağını, Davud da ona Azərbaycan bayrağını göndərmişdi”. 

“Bu, siyasət deyil, ana, vətənpərvərlikdir”

Uşaqlıqdan həyatsevər olan Davud “18-ci mərtəbə” adlı səssiz filmə çəkilmək üçün elan olunan müsabiqəyə qoşulub və 20 nəfərin içindən seçilərək həmin filmə çəkilib. Bununla yanaşı, özü də balaca vaxtından başlayaraq qısametrajlı filmlər çəkib. Birinci kursda oxuyanda “Xocalı faciəsinin İslam ölkələrinə tanıtımı” çarxını hazırlayıb, yayıb. Anası bir gecə səsə oyanıb: “Banqladeşdən olan tələbəyə Qarabağ müharibəsindən, Xocalı faciəsindən danışırdı. Deyirdi ki, bizdə gizlənqaç oyunu var. Uşaqlar “Sağım elə, solum belə, gizlənirəm, tap məni” deyir və qaçıb gizlənirlər. Xocalıda isə uşaqlar “sağım erməni, solum erməni, gizlənməsəm tapar erməni” deyiblər”. Dedim “ay bala, sən siyasətə qarışma. Dedi “bu, siyasət deyil, ana, vətənpərvərlikdir”. 

“Siz hələ mənimlə çox fəxr edəcəksiniz“

Döyüşlər vaxtı daim həyəcanla oğlundan zəng gözləyən Qənirə xanım Davudun sentyabrda müharibə başlayan günü evə zəng vurduğunu deyir: “27-si müharibə başladı. Hamı kimi biz də həyəcan içindəydik. Gecə zəng vurdu. Həmişə şən, zarafatcıl olan Davud ilk dəfə ciddi danışdı. Dedi ki, yerim yaxşıdır, heç nəyə görə narahat olmayın, hər şey yaxşı olacaq. Oktyabrın 2-si danışanda atası dedi “ürəkli olun, qorxmayın”. Dedi ki, “nə qorxmaq, siz hələ mənimlə çox fəxr edəcəksiniz”. Qardaşına zəng vurub, o da işdə olduğundan dərhal cavab verə bilməyib. 2 dəqiqə sonra yığıb, amma Davud cavab verməyib. İndi Ümidin ürəyində qalıb ki, bəlkə qardaşımın mənə son sözü varmış. Oktyabrın 3-ü axşam zəng gəldi atasına. Dedim, vay, evim yıxıldı, uşağım getdi. Dedilər, yox, başqa məsələdir. Yoldaşımla Ümid həyətə çıxdılar, dallarıyca da mən. Gördüm ki, Ümid qışqırır, bildim ki, şəhid olub, evim yıxılıb. Ondan əvvəl iki oğul itirmişəm. Davud da onların yanında Qazaxda dəfn olundu”. 

Xanım Aydın

banner

Oxşar Xəbərlər