• cümə, 26 Aprel, 14:11
  • Baku Bakı 23°C

Bayram günlərində şəkər miqdarı az olan şirniyyatlardan istifadə edilməsi məsləhətdir

29.12.22 12:15 363
Bayram günlərində şəkər miqdarı az olan şirniyyatlardan istifadə edilməsi məsləhətdir

Mədə-bağırsaq problemi, öd daşı xəstəliyi olan insanlar, eyni zamanda son iki-üç ayda cərrahiyyə əməliyyatı keçirdən şəxslər bayram günlərində qidalanmaya diqqət etməlidir.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroentereloq Emin Məmmədov nazirliyin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı deyib.

Mütəxəssisin sözlərinə görə, bayram günlərində insanlar əsasən evdə olduğundan tez-tez qidalanır. Bu səbəbdən həmin günlərdə bir az artıq hərəkət etmək lazımdır: “Həftə içi iş günlərində səhər evdən çıxıb işə gedirik və normal qrafiklə qidalanırıq. Azərbaycan mətbəxi zəngin olduğundan bayram günlərində fasiləsiz qidalanma halları müşahidə edilir. Yağlı qida ilə yüklənən orqanizm buna reaksiya verəcək. Bu kimi hallarda şəkərli diabet, qan təzyiqi, mədə-bağırsaq problemləri olan insanlarda müəyyən fəsadlar müşahidə edilə bilər”.

Gündəlik qida rejiminə uyğun qidalanmağı tövsiyə edən E.Məmmədov bildirib ki, “Qidanın miqdarı artırıla bilər, lakin saat aralığına ciddi fikir verilməlidir. Eyni zamanda, şirniyyat insan orqanizmində asılılıq yaradır. Bayram günlərində şəkər miqdarı aşağı olan şirniyyatlardan istifadə edilməsi daha məsləhətlidir”.

Qazlı su və meyvə şirələrinin orqanizm üçün zərərli olduğunu qeyd edən ekspert bildirib ki, marketlərdən alınan qazlı su və meyvə şirələrinin tərkibində qida məqsədli əhəmiyyətli heç nə yoxdur: “Bu kimi içkilər şəkərli diabet, xərçəng və ürək-damar sistemi xəstəliklərini yarada bilər. Mədə qıcqırması olan insanlar adətən qazlı-sodalı su içməyə üstünlük verir. Bu tamamilə yanlış yanaşmadır. Yeməyin ortasında qazlı-sodalı su içilirsə, bu zaman həzm prosesi ləngiyir. Suyu yeməkdən iki saat əvvəl və ya iki saat sonra içmək daha arzu olunandır”.

Nazirlik rəsmisi bayram günlərində spirtli içkilərin qəbuluna da münasibət bildirib: “Spirtli içkilərin qəbulu zamanı müəyyən miqdarı keçmək orqanizm üçün olduqca təhlükəlidir. Eyni zamanda, qida qəbulu zamanı yeməkləri qarışdırmayın. Fərqli qidalar arasında ən azı 30-40 dəqiqə fasilə olmalıdır”, - E.Məmmədov qeyd edib.

 

banner

Oxşar Xəbərlər