• cümə, 22 Noyabr, 02:56
  • Baku Bakı 14°C

Balıq bol olacaq, qiymət isə.... 

10.04.24 02:43 3653
Balıq bol olacaq, qiymət isə.... 

Son zamanlar havaların istiləşməsi ilə əlaqədar balıqların populyasiya vaxtı dəyişib. Əvvəl kürütökmə dövrü aprel, may, iyun aylarına təsadüf edirdi. İndi mart, aprel ayına düşür. Bu səbəbdən ekspertlər mövcud qadağaların vaxtının dəyişdirilməsini təklif edirlər.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə ümumilikdə 66452 ton balıq ovlanıb ki, bu, 2022-ci ilin göstəricisindən 1,1 faiz çoxdur. Bu amil daxili bazarda balıq və balıq məhsullarının qiymətinə necə təsir göstərəcək?

“İlk dəfə Xəzərə kürülü ziyad balığı buraxdıq”

Balıqçılar İttifaqının sədri Əfqan Əliyev “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, artımın səbəbi bu sahəyə diqqət ayrılmasıdır: “Son illər qanunsuz balıq ovu ilə mübarizə və balığın populyasiyası zamanı qadağalara əməl olunmasına görə, Xəzərin Azərbaycan sektorunda və daxili su hövzələrində az da olsa artım müşahidə olunur. Balıq yetişdirilməsi sahəsində artımın olmasını sənaye və həvəskar balıqçılardan da öyrənirik. Hər iki sahədə balığın sayı artıb. Son illər balıqçılıq sahəsinə müəyyən diqqət göstərilir. İllərdir insanları təşviq edirik, daxili su hövzələrinə balıq körpələri buraxırıq. Keçən il ilk dəfə Xəzərə kürülü ziyad balığı buraxdıq”.

“Qadağaların da vaxtı dəyişdirilməlidir”

Ə.Əliyevin sözlərinə görə, bu sahədə imkanlarımız çox genişdir, amma nəzərə alınmalı məqamlar var: “Ümumi götürdükdə ziyad, sazan kimi balıqların populyasiyasının çoxaldılması üçün ən əlverişli ərazi Xəzərin Azərbaycanın cənub hissəsinə düşən bölgəsidir. Qanunsuz balıq ovu ilə mübarizə, artım dövründə qadağalara yenidən baxılması çox vacibdir. Çünki bu, ölkəmizdə əsasən sovet dönəmindən qalma qadağalardır. Bir neçə ildir havaların isti keçməsi ilə əlaqədar balıqların populyasiya vaxtı ilin əvvəlinə doğru dəyişib. Əvvəl kürütökmə dövrü aprel, may, iyun aylarına təsadüf edirdi. İndi mart, aprel ayına düşür. Bu səbəbdən qadağaların da vaxtı dəyişdirilməlidir”.    

“Heç bir nazirlik öhdəsinə götürmür”

Müsahibimizin fikrincə, balıqçılığın inkişaf etməsini istəyiriksə, bu sahə hansısa qurumun tərkibində olmalıdır: “Balığa maraq çoxdur, amma balıqçılığa diqqət böyük deyil. Yəqin ki, gec-tez Azərbaycanda balıqçılığa aid dövlət qurumu yaradılacaq. Yaxud, bu işi Kənd Təsərrüfatı Nazirliyi üzərinə götürə bilər. Hazırda balıqçılığın inkişaf etdirilməsini heç bir nazirlik öhdəsinə götürmür. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də tam diqqət ayıra bilmir. Onlarda mütəxəssis demək olar ki, yoxdur. Balıqçılığı inkişaf etdirsək, həm nərə, həm ziyad kimi balıq növlərini ixrac edə bilərik. Hazırda İran yeganə ölkədir ki, ziyad balığını digər ölkələrə ixrac edir. Amma Azərbaycanın da iqlimi bunun üçün çox əlverişlidir”.      

Ə.Əliyev qeyd etdi ki, bu il balıqçılıqla bağlı müəyyən işlər görüldüyü üçün məhsul bol, qiymət isə daha ucuz olacaq: “Balıqçılıq təsərrüfatlarına subsidiyaların ayrılması yerli balığın qiymətinin bazarda ucuzlaşmasına səbəb ola bilər. Bu il bir çox qanunsuz avadanlıqlar sökülüb. Nəticədə balığın Xəzərdən çaylara üz tutub kürü tökməsinə şərait yaranıb. Ona görə də, bu il balıq bol olacaq”. 

Statistika reallığı əks etdirmir?

"Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası" İctimai Birliyinin sədri Zaur Salmanlı isə bildirdi ki, statistik rəqəmlər həqiqəti əks etdirmir: “Sorğu əsasında Azərbaycanda balıq və balıq məhsulları istehlakının adambaşına 7,8 kiloqram olduğunu müəyyən ediblər. Bu da 78 min ton deməkdir. İdxal olunan balıq və balıq məhsullarının illik həcmi 18 min tondur. İstehlak rəqəmlərindən idxalı çıxdıqda 60 min ton qalır. Beləliklə,  “ovlanmış balıqlar bu qədərdir”, - deyə nəticə çıxarırlar. Hətta, sovet ittifaqı zamanı balıqçılığın inkişaf etdiyi dövrdə belə, rəqəmlər bu həddə deyildi. Azərbaycanda nə bu qədər istehlak var, nə də daxildə ov və istehsalın həcmi qeyd olunan qədərdir”. 

Dünyada balıq ovu səviyyəsi azalır

Z.Salmanlının sözlərinə görə, son illərdə bu sahədə idxal artır, istehsal azalır, qiymətlər isə bahalaşır: “Artım ola bilməz. Çünki bütün dünyada ovlama səviyyəsi azalır. Bu, Azərbaycanda da baş verir. Balıq və balıq məhsullarının istehsalı kənd təsərrüfatı sahəsinə aid olmadığı üçün heç bir dəstək almır. Ona görə İrandan qızılxallı, şimaldan sazan kimi ucuz qiymətə idxal olunan balıqlar Azərbaycanda daxili istehsalı 3-4 ildir azaldır. Təbii ki, istehsal az olduğu üçün qiymət də, idxal da artacaq. Mənim fikrimcə, qiymətin azalması yaxın gələcəkdə gözlənilmir”. 
Balıqçılıq fəaliyyəti ilə məşğul olanların qənaətincə, balıq mövsümü artıq yekunlaşdığına görə bazarda ucuzlaşma olmayacaq: “Balıq ovunda artım yoxdur. Ucuzlaşma ancaq göldə yetişdirilən balıqların qiymətində ola bilər. Ancaq artıq mövsüm bağlanıb”.

Zərif Salmanlı 

banner

Oxşar Xəbərlər