“Azərbaycanın Xalq artisti kimi gəlmişəm” - SƏNƏT
Nəsibə Abdullayeva: “40 ildən çoxdur ki, Azərbaycan mahnılarını ifa edirəm. Bu mahnıları ifa edərkən heç vaxt hər hansı bir mükafat haqqında düşünməmişəm. Bu musiqilər doğulduğum gündən dilimdədir. Nə qədər ömrüm varsa, bu mahnıları sevəcək və ifa edəcəyəm”.
Heydər Əliyev Sarayının səhnəsi çoxdan belə qələbəlik yaşamamışdı. Özbək sənətçiləri Bakıda keçirilən Özbəkistan Mədəniyyət Günləri ilə yayın sükutunu pozdular. Səhnəyə bir-birinin ardınca çıxan tanınmış müğənnilər həm özbəklərin folklor nümunələrini, həm Azərbaycan korifeylərinin mahnılarını, həm də klassika ifa etdilər.
Özbəkistan və Azərbaycanın Xalq artisti Nəsibə Abdullayeva səhnədə görünəndə isə alqışların ardı-arası kəsilmədi. Axı tamaşaçılar estrada ulduzunu illərin uzaqlığından - “Qaragöz boy-boy” mahnısını ifa etdiyi rəngsiz televizor ekranından tanıyırlar. İllər sonra müğənni repertuarına azərbaycanlı ifaçıların “Səndən nigaranam”, “Bəri gəl”, “Sən gəlməz oldun”, “Sevirəm de” kimi bir-birindən məşhur mahnılarını da daxil edərək yüksək şövq və özünəməxsus tərzdə ifa edir. “İstəyirdim mənim özüm üçün mahnı yazılsın”, - deyə həmişə azərbaycanlı bəstəkarların onun adına mahnı yazacağı günü də səbirsizliklə gözləyib. Budur, həmin gün gəlib çatdı: Nəsibə Abdullayeva bəstəkar Faiq Sücəddinovun məhz onun üçün yazdığı “Qarabağ” mahnısı ilə salonu coşdurdu. Səsi dalğa-dalğa yayıldıqca uşaqlıq illərimizi yada saldı, nostalji yaşatdı...
Ən layiqli namizəd - Nəsibə Abdullayeva
Nəsibə xanımla yaxından tanışlığa jurnalist həmkarım Aida Eyvazlı vəsilə oldu. O, müğənnini əsl Azərbaycan qonaqpərvərliyi ilə evinə qonaq çağırmışdı.
Nəsibə xanım keçən il təltif olunduğu Azərbaycanın Xalq artisti fəxri adının sevincini bölüşdü. Xatırladaq ki, o, hələ 31 yaşında ən gənc ifaçı kimi Özbəkistanın Xalq artisti adına layiq görülüb. Prezident İlham Əliyev dost ölkədə rəsmi səfərdə olarkən dövlət başçımızın şərəfinə təşkil olunan musiqili proqramlarda Nəsibə xanım da iştirak edib. Əsas konsertdən sonra hər iki Prezidentin - Şavkat Mirziyoyev və İlham Əliyevin səhnə arxasında Özbəkistanın sənət adamları ilə görüşü estrada ulduzunun taleyində yeni səhifə açıb: ”Biz belə qərara gəlmişik ki, Azərbaycanın və Özbəkistanın artistlərini fəxri adlarla mükafatlandıraq”, - deyə hər iki Prezident bildirib. Özbəkistan Prezidenti “Mütəxəssislərlə məsləhət edib, belə qərara gəlinib ki, bu ada ən layiqli və birinci namizəd Nəsibə Abdullayevadır”, deyib. Azərbaycan Prezidentinin “Müstəqillik Günündə Nəsibə xanımı təltif edərik” sözləri isə müğənnini qürurlandırıb. Dövlət başçılarının qərarı xalqın müğənniyə olan sevgisinin rəsmən təsdiqinə çevrilib: “Mən Azərbaycanı, Azərbaycan musiqisini çox sevirəm. Azərbaycan xalqı zəngin musiqi xəzinəsinə malikdir. 40 ildən çoxdur ki, Azərbaycan mahnılarını ifa edirəm. Bu mahnıları ifa edərkən heç vaxt hər hansı bir mükafat haqqında düşünməmişəm. Bu musiqilər doğulduğum gündən dilimdədir. Nə qədər ömrüm varsa, bu mahnıları sevəcək və ifa edəcəyəm”.
“Heç vaxt özümü şou-biznesdə görməmişəm”
Nəsibə Abdullayeva mahnıları təkcə vətənində və Azərbaycanda deyil, bütün Orta Asiyada və bir çox dünya ölkələrində populyarlaşan estrada ulduzudur. Onun mahnıları, milyonlarla dinləyicinin qəlbini fəth edib. Müğənninin repertuarı heyrətamizdir - müxtəlif dillərdəki mahnıları bütün dünyada pərəstişkarlarını özünə cəlb edir. Musiqi albomlarındakı bəzi şeirlərin və musiqilərin müəllifi də özüdür. “Heç vaxt özümü şou-biznesdə görməmişəm, həmişə də belə qalacağam. Başqa cür ola bilmərəm” fikirlərini isə bütün parlaq yaradıcılığı təsdiqləyir.
“Rübabə Murdova ilə Nəsibə xanımın ruhunda yaxınlıq var”, - deyə Aida xanım söhbətə qarışır: “Rübabənin yaradıcılığı Nəsibə xanım üçün ən gözəl məktəb olub. Bu gün də onun mahnılarının ən gözəl ifaçısıdır. Səslərində, ruhlarında da uyğunluq var”. Atası Malik qızını kiçik yaşlarından musiqiyə aludə edib. Evlərində heç bir məclis musiqisiz ötüşməyib. Gözəl musiqi duyumu olan atası bir neçə alətdə ifa etməyi bacarırdı. Musiqi balaca qızcığazın həyatını yeni rənglərlə doldururdu.
“Həmişə hisslə oxumaq istəmişəm”
Nəsibə orta məktəbi bitirib attestat alanda Memarlıq və İnşaat İnstitutuna daxil olmağı planlaşdırırdı. Lakin tale onun üçün başqa qərar verdi. Gənc qız tezliklə musiqi müəllimi oldu və bu iş ona bir çox müsbət emosiyalar gətirdi. Daşkənddəki A.Kadiri adına Mədəniyyət İnstitutunu bitirdikdən sonra Dövlət Filarmoniyasında çalışmağa başlayır.
90-cı illərdən bəri sənətçi ən populyar və sevimli ifaçılardan birinə çevrilir. Onun yaradıcılığında xalq vokal ənənələri, eləcə də müasir musiqi texnikası birləşirdi. Gözəl ritmik mahnılar pərəstişkarlarının qəlbində xoş əks-səda doğururdu. Özbək, fars, ərəb, tacik, Azərbaycan, rus, krım-tatar dillərində oxuduğu mahnılar sərhədləri aşdıqca onu da sevdirirdi.
N.Abdullayeva nəinki populyar müğənni oldu, həmçinin Konservatoriyada çalışaraq gənc musiqiçilərə estrada sənətinin sirlərini öyrənməyə kömək etdi. Hazırda isə musiqi sənətini özünə peşə seçən gənclərin qəbul və buraxılış imtahanlarında iştirak edir. “İndi dövr dəyişib. Daha çox qışqıran müğənnilərin zamanı gəlib. İndi kim yüksəkdən oxuyursa, “Bunun səsi güclüdür” deyirlər. Mənim heç vaxt yüksək səsim olmayıb. Həmişə hisslə oxumaq istəmişəm”, - müğənni özünün ifaçılıq tərzini xarakterizə edir.
Gec oldu, amma oldu...
Nəsibə Abdullayeva onun üçün məhz böyük Zəfərimizdən bəhs edən “Qarabağ” mahnısının yazılmasından çox məmnundur: “Faiq Sücəddinov deyir ki, bundan sonra sənin üçün mahnılar yazacağam. Nəhayət, bu, mənə qismət oldu, mənim üçün Azərbaycanda mahnı yazıldı. Gec oldu, amma oldu...”
Nəsibə xanım Bakı səhnəsində Azərbaycan mahnıları ilə çıxış etməsinə də aydınlıq gətirdi: “Mən Özbəkistandan Azərbaycana Azərbaycanın Xalq artisti kimi gəlmişəm. Ona görə səhnədə Azərbaycan dilində oxumalı idim. Azərbaycanlı pərəstişkarlarım bunu gözləyirdi”.
N.Abdullayeva bu gün də özünə və böyük sənətinə hörmət və sevgi hissini qoruyaraq gözəl mahnıları ilə çoxsaylı dinləyicilərini məftun etməkdə davam edir.
Azərbaycanlı pərəstişkarları isə estrada ulduzunun yolunu həmişə sevərək gözləyir...
Təranə Məhərrəmova