• çərşənbə, 24 Aprel, 00:11
  • Baku Bakı 14°C

“Özünü sübut etmək üçün əziyyət çəkmək lazımdır”

08.05.20 09:45 5530
“Özünü sübut etmək üçün əziyyət çəkmək lazımdır”

Cavidan Quluzadə: "Həm sahibkarın maraqlarını güdməliyik, həm də iş üçün müraciət edən şəxsin”

 

İnsanlarla doğru, dürüst münasibət qurmağın önəmli olduğunu düşünür. Bunu həm şəxsi həyatda, həm də karyerada vacib hesab edir. Deyir ki, əgər istənilən bir işdə uğur qurmaq istəyiriksə, o zaman ilk olaraq doğru və etibarlı münasibət qurmalı, qarşımızdakı insanlarla düzgün rəftar etməliyik.

Müsahibimiz “Neptun” Supermarketlər şəbəkəsinin İnsan Resursları  departamentinin İşə qəbul və Təlim şöbəsinin rəhbəri Cavidan Quluzadədir.

- Hazırda işə qəbul sahəsindəsiniz, yəni iş üçün müraciət edənlər şəxsləri seçən tərəfsiniz. Maraqlıdır, siz özünüz iş həyatına nə vaxt və necə başlamısınız?

- İnsan Resursları sahəsinə gələnə qədər müxtəlif işlərdə çalışmışam. Ona görə, ümumilikdə yanaşsaq, işləməyə 10-cu sinfin yay tətilindən başlamışam. 11-ci sinifdə universitetə hazırlıq üçün pul lazım idi və o xərclərimi qarşılamaq üçün işləmək istəyirdim. Yay tətili boyunca bağımızın yanında ustaların yanında fəhlə kimi çalışdım.

- Hazırlığa niyə pul yığırdınız? Valideynlərinizin o xərcləri qarşılamaq imkanı yox idi?

- Var idi. Mənim o cür düşünməyimin səbəbi pulumuzun olmaması ilə bağlı deyildi. Ağlım kəsəndən atamın maddi durumu çox yaxşı olub. Ancaq mən 6-cı sinifdə oxuyanda, atam çox ağır xəstəlik keçirdi, iki il yataq xəstəsi oldu. Və atamın imkanı yaxşı olanda evə gəlib-gedən qonaqlar, dost-tanışlar iki il qapımızı açmadılar. Ceyran əti yeyən, qızıl düyməli, bahalı kostyumda dərsə gedən adam indi məktəbə cırılmış ayaqqabıları tikərək gedirdi. Həftələrlə, aylarla evə ət almaq imkanımız olmurdu. Anam bütün zinət əşyalarını satıb mənim və bacımın təhsilinə ayırırdı. Hər gün evdən çıxmayan qohumlar evin qapısını unutdular. O hadisə balaca uşağa böyük dərs vermişdi. Sonra atam sağaldı, hər şey zamanla düzəldi. 11-ci sinifdə oxuyanda, atam yenidən xəstələndi. Əməliyyat olunub yenidən yataq xəstəsinə çevildi. Eyni şeyləri yaşadıq. Onda artıq uşaq deyildim, 16 yaşım var idi. Düşündüm ki, atam yenə xəstələnə bilər və mən öz ayağım üstündə durmalıyam. Ailənin yükünü öz çiynimə götürməyə qərar verdim. İşin fərqi yoxdur, lazım olsa, zibil də təmizləyəcəkdim, küçə də süpürəcəkdim. Təhsil almaq üçün zəhmət çəkməliydim və öz ayağım üstə durmalıydım.

- Hazırlıq pulunuzu tam olaraq özünüz qazana bilirdiniz?

- Yay tətilindən yığdığım pullar mənə müəyyən müddətlik bəs etdi, sonra isə evdən kömək elədilər.

- Ancaq o yaşlarda pul qazanmağa fokuslananda, dərsləri arxa plana atan şagirdlər çox olur.

- Mənim məqsədim təhsil almaq idi və o yolda problem olmaması üçün pul qazanmaq istəyirdim. Buna pula fokuslanma demək olmazdı. Pul hərisi deyildim.

- Və universitetə qəbul oldunuz. Bildiyim qədərilə tələbə vaxtı işləmədiyiniz sahə qalmayıb.

- (Gülür) Mən Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi iqtisadiyyat fakültəsinin iqtisadiyyatın dövlət tənzimlənməsi ixtisasına qəbul oldum. Elə birinci kursda oxuyanda, Hüseyn adında qrup yoldaşım dedi ki, “Park İnn” otelində ofisiant işləyirəm, istəsən, sən də gəl. Bildirdi ki, hər saata görə 1 manat 69 qəpik ödənilir. Vaxtımız var idi, işləmək istəyirdim. Ona görə, onunla həmin işə getdim. Xərclərimi çıxandan sonra ayda 400 manat qazana bilirdim. Birinci kursun sonunda – imtahanlar vaxtı “Sədərək” Ticarət Mərkəzinə getmişdim. Gördüm ki, orda soyuducu qoyub su satırlar. Beynimdə xərcləri və gəliri götür-qoy etdim, düşündüm ki, bundan yaxşı qazana bilərəm. Danışdım və orda su satışı ilə məşğul olmağa başladım. İmtahanlar vaxtı olduğu üçün dərslərimi də orda oxuyurdum. O vaxt şəklimi çəkmişdilər, bir əlimdə universitet mühazirələri idi, bir əlimdə də su. İmtahan vaxtı soyuducunu kiməsə tapşırıb universitetə gəlirdim, sonra işə qayıdırdım. O işdə günümə 30-40 manat qazana bilirdim. İyunun 1-dən sentyabrın 14-nə qədər o işi gördüm. Yayda istirahət etmədim. Çox arıqlamışdım və gün yandırmışdı, qapqara olmuşdum (Gülür). İkinci kursda yenə ofisiant işləməyə davam etdim. Çünki dərslərlə o biri iş alınmırdı. “Sədərək” Ticarət Mərkəzində Hacı Ramal adında bir şəxs var idi. İkinci kursun may ayında zəng vurdu ki, bu yay heç kimə söz vermə, mənim kişi geyimləri mağazamda satıcı işləyəcəksən. “Hə” deyib getdim, hesab-kitab etdi. Dedi ki, mağazanı tək işlədəcəksən. Dedim ki, dünən gəlmişəm, alınmaz və s. Satıcı işləmək başqa, böyük mağazanı idarə etmək başqa. Dedi ki, bacaracaqsan. Dediyi kimi də oldu. Məndə alındı. Yaxşı nəticə göstərdiyim üçün mənə yaxşı da maaş verirdi. Dərslər açılanda, o işi də buraxmalı oldum. Yenə ofisiant kimi işlədim. Məşhur ofisiantlardan olmuşdum (Gülür). VİP işlərə məni dəvət edirdilər. 3-cü kursun yayında su satışı ilə məşğul olduğum vaxtdakı müdirim Emin müəllim bu dəfə məni su işinin anbarına çağırdı. Fəhlə kimi işə başladım. Bir ay sonra məni anbardar təyin etdilər. 20 yaşım var idi və mən özümdən yaşca çox böyük olan 30-dan çox adama rəhbərlik etməliydim. Tutulub qaldım ki, mən onları necə işlədəcəm? Ancaq dərslər başlayanda, ordan çox yaxşı nəticə ilə çıxdım. 4-cü kursda işləmədim, magistr üçün hazırlaşdım. Həm Azərbaycanın Qafqaz Universitetinə (İndiki Bakı Mühəndislik Universiteti), həm də Türkiyənin (İmtahanı orada vermişdim) bir çox dövlət universitetlərinə qəbul aldım. Bəzi ailə məsələlərinə görə Türkiyəyə gedə bilmədim deyə, Qafqaz Universitetini seçdim. Ancaq hərbi xidmətə gedib qayıtdıqdan sonra təhsil aldım. Hərbi xidmətdən qayıdıb bir həftə dincəldikdən sonra bir müddət bir kafenin idarə işlərini gördüm. Orda idarəetmədə olsam da, hətta mətbəxdə yemək işlərində belə bəzən iştirak edirdim. Onu keçmiş müdirim icarəyə götürüb işlədirdi. Sahibkar işlərin yaxşı getdiyini görəndə, dedi ki, özü işlədəcək, bizdən aldı. Yaxşı təcrübə oldu. Mən magistr təhsili alırdım, eyni zamanda iş axtarırdım. Universitetin Karyera Planlama Mərkəzinə müraciət etmişdim. Sonra bizi “Avrora” şirkətinə təcrübə üçün göndərdilər. Mənimlə bərabər bir neçə təcrübəçi var idi, sonda yalnız məni işə götürdülər. Beləliklə, İR sahəsinə yönəldim.

- Bu sahəyə qədər fərqli sahələrdə çalışmısınız. Nə iş olsa görmüsünüz. “Yox” dediyiniz iş olmayıb?

- Heç vaxt işi seçməmişəm. Çünki o dönəmlər tələbə idim, öz ayağım üstündə durmaq, evə yük olmamaq üçün istənilən işdə çalışırdım. Ancaq bir dəfə “yox” dediyim olub.

İş üçün “Unibank”a müraciət etdim. 6-7 mərhələdən keçdim, bir neçə şəxslə görüşdüm, bir neçə filialda oldum. Nəhayət, işə qəbul etdilər. Hansı işi görəcəyimlə bağlı görüşə dəvət etdilər. Görüşə gələndə, gördüm ki, bir otaq boşdur. Bütün otaqlarda masanım üstündə ad-soyad var, həmin otaqdan başqa. Sevindim ki, mənimdir. Həqiqətən də uzun bir prosesdən keçib işə düzəlmişdim. Öz haqqımda soruşdular, satışı bacardığımı, insanlarla ünsiyyət cəhətdən problemim olmadığını, hansı iş olsa, öhdəsindən gələcəyimi və s. dedim. Bukleti qoydu stolun üstünə, dedi ki, apar bunları payla. Dedim ki, o qədər imtahan ver, prosesdən keç, axırda buklet payla? Ordan çıxdım. Məni imtahan edən şəxslər xəbər tutub əlaqə saxladılar, yanlışlıq olduğunu bildirdilər, baş ofisdə işə dəvət etdilər, amma istəmədim.

- İR uşaqlıqdan arzu edilib seçilən sahələrdən deyil. Bu sahəyə yönəldiniz, bəs qalmağınıza səbəb nə oldu?

- Mənim mühasibatlıq, maliyyəyə marağım olub, amma İR-lə bağlı əvvəldən arzu-istəyim yox idi. Bu işlə tanış olduqda qalmaq qərarı verdim. Qalmaqda məqsədim isə, işə ehtiyacı olan, düzgün kadrların işlə təminatında vasitəçi olmaq idi. Çünki özüm iş tapanda çox sıxıntı çəkdim. Başa düşmürdülər, yönləndirmək istəmirdilər, yuxarıdan aşağı baxırdılar, “Get xəbər edərik” kimi cavablar verirdilər. Özüm bu sahədə çalışmaq, insanlara dəyərli olduqlarını hiss etdirmək istəyirdim. İş alınmasa belə, xoş münasibət qurum. Maraqlı işdir, ancaq bir o qədər də yorucudur. Bunu da demək lazımdır.

- Yorucu tərəfləri nələrdir?

- Məsələn, mühasib hansısa işi görəndə bir rəqəmi səhv yazarsa, onu tapıb düzəldə bilər. Bizdə isə insan seçimidir. Burda iki tərəf var. Biz həm sahibkarın maraqlarını güdməliyik, həm də iş üçün müraciət edən şəxsin. Nə sahibkarın haqqına girmək olmaz, nə də işçinin. Həm hissiyatla qərar verməlisən, həm də məntiqlə. Doğru insanları seçib gətirmək önəmlidir. Hissiyatımıza qapılıb seçim etsək, yanlış kadrları cəlb etmiş ola bilərik. Burda balansı qorumaq lazımdır. Bu proses isə heç də asan olmur. Bəzən yalan danışan, səni aldatmaq üçün hekayələr uyduranlar da olur. Bəzən işə çox ehtiyacı olan birini işlə təmin edə bilmirsən və bu da bizim üçün heç də asan məsələ deyil.

- Fərqli işlərdə çalışmaq, bu gün İR mütəxəssisi kimi hansı cəhətdən işinizə yarayır?

- Düzgün münasibət qurmağı, insanlara dəyər verməyi, onları tanımağı, hadisələrə real və net baxmağı və s. öyrətdi. Hər insanla dil tapmağı bacarıram. Fəhlə, satış sahəsi, ofisiant, restoranın yemək bölməsi, ofis işi, mütəxəssis, rəhbərlik və s. işlərdə olduğum üçün bütün işlər mənə doğma gəlir. Kimsə yanımda deyəndə ki, ofisiant işləmişəm. Bilirəm ki, ofisiant işləyərkən nələr çəkib? 10 manat pul verən müştərilərin ofisiantla kobud davranma hallarını da görmüşəm. Fəhlə işləyənlərin gecələr ağrıdan yata bilmədiklərini də bilirəm. İnsanların hisslərini başa düşməyimə yardım edir.

- İR sahəsində 6 ildir çalışırsınız. Mütəxəssis kimi yanaşanda, karyerada irəliləmə prosesiniz necə gedib?

- Bu sahədə 4 şirkətdə işləmişəm. “Avrora”, “Veyseloglu”, “Allstore” mağazalar şəbəkəsi, “Neptun”. 25 yaşıma çatanda İR departamentinin direktoru olmuşam. Məncə, yaxşı gedib.

- Sizcə, 25 yaşda bu sahədə rəhbər vəzifəyə gəlməyinizin səbəbi nədir?

- Sırf işimə olan sevgim, güclü iradəm, insanlarla rəftarım və çox zəhmetkeş olmağım. Elə vaxtlar olub ki, günlərlə ofisdən çıxmamışam, şirkətdə yatmışam. Bunu etməyimin səbəbi var idi. Çünki ilk vaxtlar yeni idim, az bilirdim, öyrənməliydim. 25 yaşımda şirkətdə İR şöbəsini mənə həvalə etməyə rəhbərlər tərəddüd edirdilər. Deyirdilər ki, bu yaşda birinə böyük bir şirkətdə bu vəzifəni necə verək? Mən onlara özümü sübut etməliydim. Ona görə, bir neçə il əziyyət çəkdim, daha çox öyrəndim, daha artıq çalışdım. Özünü sübut etmək üçün əziyyət çəkmək lazımdır. Mən indiyə qədər heç bir işə CV ilə getməmişəm. Dəvət ediblər, getmişəm. Ayrıldığım iş yerləri ilə də münasibətim çox yaxşıdır, yenidən işə dəvət edənləri də olur. Bu işdə əsas məsələ sizi doğru öyrədən bir müəllimin olmasıdır. Bu cəhətdən mən Alruz müəllimin adını qeyd etməyə borcluyam.

- Maraqlıdır, bu gün 11-ci sinifdə qoyduğunuz hədəfə çatmısınız?

- Mən sualı belə qəbul edim: Öz ayağınız üstündə istədiyiniz kimi dura bilmisiniz? Hələ o istədiyim deyil. İndiki durumdan qətiyyən narazılığım yoxdur, amma daha yaxşılar var ki, onları hədəfləyirəm. Mənim üçün hədəf qoymaq önəmlidir. Hədəflərim var ki, onlara çatmaq üçün çalışıram.

Aygün Asimqızı

 

banner

Oxşar Xəbərlər