• çərşənbə axşamı, 10 dekabr, 16:40
  • Baku Bakı 7°C

“YouTube”dakı reklamları hazırlayan azərbaycanlı - UĞUR HEKAYƏSİ

26.11.22 06:00 11703
“YouTube”dakı reklamları hazırlayan azərbaycanlı - UĞUR HEKAYƏSİ

Hürü İsmayılzadə: “Maaş önəmlidir, amma ən vacibi deyil. Maaş ona görə önəmlidir ki, hər şeyi pulla alırıq və bunu qazanmaq üçün ortaya zəhmət qoyuruq. Bu zəhmət dəyərləndirilməlidir. Mənim üçün iş seçimində ən önəmli faktor şirkətlərin dəyərlərinin dəyərlərimlə üst-üstə düşməsidir. Çox maaşlı, lakin dəyərlərimlə üst-üstə düşməyən şirkətlərdə işləmərəm”

Bu gün işlədiyi şirkət 1 il öncəsinə qədər ona əlçatmaz görünüb. Orada ancaq dahilərin işlədiyini düşünərək burada olmağı xəyalına belə gətirməyib. Amma sonunda düşünməkdən belə çəkindiyi arzusu reallaşıb. Müsahibimiz “Google”da işləyən azərbaycanlı Hürü İsmayılzadədir. Bakıda anadan olub. Bakalavr təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində alıb. Daha sonra Moskva Dövlət Universitetində magistratura təhsilini davam etdirib. 2-ci kursdan artıq iş həyatına atılıb. Çünki təhsillə yanaşı təcrübənin də vacibliyini dərk edib. Məşhur sığorta şirkətlərindən birində təcrübə keçdikdən sonra banklarda insan resursları üzrə mütəxəssis, marketoloq kimi karyerasını davam etdirib. Burada işləyərkən tanınmış reklam agentliyindən dəvət alıb. Agentlikdə marketinq meneceri kimi fəaliyyətə başlayıb, rəqəmsal sahə üzrə direktor vəzifəsinə qədər yüksəlib. Hazırda “Google” şirkətində display və video mütəxəssisi vəzifəsində çalışır.

“Təcrübəm ən vacib tramplinim idi”

- Hürü xanım, karyeranıza ikinci kursdan başlamısınız. Tələbəliyin ilk illərindən işləmək sizə nə verdi?
- Ali məktəbə qəbul olduğum ilk gündən artıq təcrübə toplamaqla bağlı düşünürdüm. Çünki mənə görə, həyat universitetdən ibarət deyil. Elə bir təminatın da yoxdur ki, universitetə daxil oldunsa, bitirdikdən sonra bütün şirkətlər iş üçün səni gözləyir. Mənə insan resursları sahəsi çox maraqlı idi. Bu sahədə təcrübə keçdim. Anladım ki, təhsil işə qəbul olmaq üçün o qədər də önəmli faktor deyil. Təhsillə yanaşı, təcrübən olmasa, bu proses çətin olur. İşə qəbul olunanda heç kəs diplomla kifayətlənmir. Mənim də karyeramda tələbəlik illərindəki təcrübəm ən vacib tramplinim idi.

“Karyera tək diplom üzərində qurulmur”

- Bəzi tələbələr universitetə daxil olmağı karyera zirvəsi olaraq görür və diplomu artıq qazanılmış “təcrübə” hesab edirlər.
- Diplom üzərində işləmədikdən sonra kağız parçasından başqa bir şey deyil. Hər şirkətə təcrübəli, işini bilən mütəxəssis lazımdır. Bizdə insanlar, əsasən, qəbul imtahanına köklənir. Buna həyatlarının imtahanı kimi baxırlar. Bu mərhələni keçmək onlar üçün çox böyük uğurdur. Sən elə bilirsən ki, ailənin, qohumlarının, dost-tanışlarının ümidlərini doğrultdunsa, işəgötürən də səni hazır mütəxəssis kimi qəbul edəcək. Lakin əmək bazarı daha sərt, rəqabətlidir. Hər kəs orada istədiyi yeri tutmaq üçün öz qeydinə qalmalıdır. Yəni əgər sən sabah hansısa işi istəyirsənsə, ona uyğun çalışmalısan. İş səndən təcrübə istəyirsə, o təcrübəni necə qazanacağını düşünməlisən. Karyera tək diplom üzərində qurulmur.

“Elə bilirdik ki, orada ancaq dahilər işləyir”

- “Bir il öncə “Google”un bir hissəsi olmağın nə qədər heyrətamiz olduğu haqqında status yazacağım ağlıma belə gəlməzdi” demisiniz. Maraqlıdır, 1 il əvvəlki planınız nə idi?
- Polşaya təzə köçmüşdüm. Xaricdə yaşamaq da karyeramda daha yaxşı nəticə əldə etmək üçün idi. Hətta iş üçün müraciət edəndə belə, “Google” şirkətini nəzərə almırdım. Çünki məsafəli işlədiyim üçün təcili iş tapmaq məcburiyyətim yox idi. Əmək bazarını araşdırır, daha yaxşılarını seçməyə çalışırdım. Bu seçim imkanı da məni buraya gətirdi. Hələ də inanmağa çətinlik çəkirəm. Çünki “Google” şirkətini nəzərə almamağımın səbəbi mənə əlçatan görünməməsi idi. Elə bilirdik ki, orada ancaq dahilər işləyir. Amma işləyəndə gördüm ki, əslində, burada işləmək üçün dahi olmağa ehtiyac yoxdur. Onlarla işləmək fərqli hissdir. İş mühiti stressiz, pozitiv və rahatdır. 

Nə qədər maaş alsam da...

- Karyera seçimində sizin üçün ən önəmli faktor nədir? Yüksək maaş, yoxsa rahat iş mühiti?
- Əlbəttə ki, maaş önəmlidir, amma ən vacibi deyil. Maaş ona görə önəmlidir ki, hər şeyi pulla alırıq və bunu qazanmaq üçün ortaya zəhmət qoyuruq. Bu zəhmət dəyərləndirilməlidir. Mən 8 saat işləyirəmsə, yerdə qalan saatı da pul qazanmağı düşünməklə keçirmək istəmirəm. Mənim üçün iş seçimində ən önəmli faktor şirkətlərin dəyərlərinin mənim dəyərlərimlə üst-üstə düşməsidir. Çox maaşlı, lakin dəyərlərimlə üst-üstə düşməyən şirkətlərdə işləmərəm. Şirkətin gördüyü işin keyfiyyətli olması da mənim üçün vacibdir. Nə qədər maaş alsam da, keyfiyyətsiz işi keyfiyyətli kimi təqdim edə bilmərəm.

“YouTube” platformasında gördüyünüz reklamları işləyirəm”

- “Google”dakı iş prosesinizdən danışardınız. “Google” nə üçün sizə maaş ödəyir?
- “Google”da display və video mütəxəssisiyəm. Müxtəlif kateqoriyalardan olan brendlər və şirkətlərlə işləyirəm. Onlara reklam üzrə dəstək göstərirəm. Hazırda, əsasən, Cənubi Afrika ölkələri ilə işləyirəm. O bazarda olan şirkətlərə reklamlarla bağlı dəstək göstərirəm. 

- “YouTube” da “Google” platformasıdır. “YouTube”da olan reklamlarla da işləyirsinizmi?
- Bəli. “YouTube”da yerləşdirilən reklamlara birbaşa olmasa da, əlbəttə ki, ikinci dərəcəli təsirim olur. O reklamlarla rastlaşdıqda, özümə də xoş olur. Agentlikdə və bankda işlədiyim zamanlarda da öz yerləşdirdiyim reklamları görəndə sevinirdim və hamıya deyirdim ki, baxın, onları mən yerləşdirmişəm. 

“Burada həm işləyir, həm də əylənirsiniz”

- Burada təcrübəli insanlardan əylənərək öyrənirəm deyirsiniz. Ümumiyyətlə, “Google” əylənərək işləmək üçün işçilərinə hansı şəraiti yaradıb? 
- Burada işləyən təcrübəli insanlardan 1 faiz belə nə isə götürsəm, mənə uzun illər bəs edər. “Google” kimi şirkətdə 10-15 il işləyən insanların mühitində olmaq böyük məktəbdir. Onlar təkcə texniki biliklər yox, şirkətdaxili prinsiplərin qurulması ilə bağlı məsləhətlər verə bilərlər. Çünki bu prinsipləri yaradan insanlardır. Onlardan öyrənməklə mən strateji məqsədlərimi görüb ona doğru gedə bilirəm. Biz onsuz da daim öyrənməyə enerji sərf edirik. Əgər sən enerjini ağıllı yönləndirsən, nəyi necə öyrənəcəyini tənzimləsən, inkişaf edərsən. “Google” texnologiya sahəsində əmək bazarında daha rəqabətli qalmaq imkanı verir. Ən əsası, portfoliomu zənginləşdirir, istədiyim yerə çatmaq üçün daim kömək edir. İşdən əlavə, şirkət gündə üç dəfə yemək, idman zalı, idman/rəqs, kulinariya dərsləri, daim açıq olan içki barlarını, tibbi sığortanızı və s. ödənişsiz təmin edir. İnsanlarla həm işləyir, həm də əylənirsiniz. İş yerindən həzz alaraq öyrənirik və bunu da rəhbərlik dəstəkləyir. Burada insan hər hansı məsələyə öz fikrini və münasibətini açıq bildirə bilər. Bu da insanlara verilən dəyərdir. İnsanlar sadəcə işləmək üçün bura gətirilməyib. İnsanların məqsədi bu şirkəti qabağa çəkmək və böyüməsinə dəstək olmaqdır. Heç bir qərar sənin pisliyinə verilmir və şirkətdə özünü ancaq dəyərli hiss edirsən. Sənin rolun bu şirkətdə səhər gəlib, bütün günü işləyib, çıxmaq deyil. Şirkətin xarakteristikalarından biri də odur ki, hər kəs işinə daha rahat və pozitiv mühitdə davam edir.

“Reklam bazarında stereotiplər çoxdur”

- Azərbaycan reklamlarında gender stereotipləri barədə araşdırma edirdiniz. Marketinq və ya reklam sahəsində genderlə bağlı hansı stereotiplər var?
- Azərbaycanda reklam bazarında stereotiplər çoxdur. Məsələn, qadının hər zaman evdar rolda, kişinin isə idarəetmədə, qərarverici kimi göstərilməsi də bir stereotipdir. Hər kəsin beynində stereotiplər var. Sadəcə, biz stereotiplərdən kənar düşünməyə öyrənməliyik. Məsələn, bizdə müəllimə deyəndə qadından söhbət gedir və müəllimlər günündə ancaq qadın obrazları ilə bağlı reklamları görürük. Axı bu, həm də kişi müəllimlərin bayramıdır. Bundan əlavə, reklamlarda qadınlar seksual obyekt kimi göstərilir. Düzdür, az da olsa, bəzi reklamlarda kişilərə də seksual obyekt kimi yanaşılır. Amma qadınların hüquqları daha çox pozulur və dəstəyə ehtiyacları var. Stereotiplərdən kənar olan reklam daha effektivdir. Brendlər buna çalışmalıdır.

- Sizcə, reklam necə olmalıdır ki, insanlar bezməsin? Çünki bəzi insanlar reklamları yorucu hesab edir.
- Əlbəttə ki, reklam auditoriyaya uyğun hazırlanmalıdır. Reklam hazırlanarkən mütləq onun məqsədi nəzərə alınmalıdır. Məsələn, reklamın çəkilmə məqsədi satışdırsa, əlbəttə ki, əsas mesaj məhsulun satışı ilə bağlı olmalıdır. Əgər mesaj brendi tanıtmaqdırsa, ona yönümlü olmalıdır. Ən əsası, bütün sahələrdə olduğu kimi, burada da işi hər zaman peşəkarların öhdəsinə buraxmaq lazımdır. Bu gün bir çox brendlər bundan əziyyət çəkirlər. Yəni büdcə məsələlərinə görə qeyri-peşəkar və ya daxili komandanın gücünə güvənirlər. Yaxud qərar verən şəxs heç bir marketinq və reklam biliyi olmadan öz şəxsi fikrinə güvənərək qərar verir. Hamı elə bilir ki, reklam asan sahədir. İşin içində olanda daha mürəkkəb olduğunu görürsən. Reklam insana uyğun zamanda və uyğun olaraq göstərilirsə, yorucu deyil. Mən kompüter axtarıramsa, qarşıma TV reklamı çıxırsa, bu, əlbəttə, məni yorar. 

“Özünüzə inanıb güvənəcəksizsə, hər şey alınmalıdır”

- Azərbaycan qadınlarının məşhur şirkətlərdə işləməsi sevindiricidir. Amma bir çox qadınlar da var ki, bunu təkbaşına etməyin mümkünsüz olduğunu düşünürlər. Bu stereotipləri necə qıraq?
- Dayandığın yerdə uğur qazana bilməzsən. Dəstəyi qıraqdan da gözləməməlisən. İnsan sadəcə özünə güvənməli, inanmalı və öz bacarıqlarından düzgün istifadə etməlidir. Stereotiplərin qurbanı olan qadınlar var. Burada ailənin üzərinə çox iş düşür. Əgər ailəniz sizə inanıb dəstəkləyirsə, şanslısınız. Bu yoxdursa da, hər bir qadın anlamalıdır ki, onun da eyni dərəcədə hüquqları və resursları var. Hər şeyi unudub, gözə alıb, buna tərəf addım atmaq lazımdır. Əgər ətraflarında dəstək yoxdursa, o dəstəyi özlərində tapmalıdırlar. Ola bilər ki, sizə güvənən yoxdur, amma siz özünüz özünüzə inanıb güvənəcəksizsə, hər şey alınmalıdır. 

- Bəs sizin uğurunuzda ailənizin rolu nə qədərdir? 
- Ailəm məni hər zaman dəstəkləyib. İnsan daim xoşbəxt olmur. Bəzən çətin günlər olub, onun öhdəsindən gəlmək üçün ilk növbədə ailəmin dəstəyi mənə kömək olub. Uğursuz olsan belə, bilirsən ki, səni sevən var, ailən yanındadır. Yəni heç kəs demir ki, sən bu gün işə girmədin, yaxud uğur qazanmadın, biz daha səni çox istəmirik. Biləndə ki, sənin sabah nə edəcəyinə, hansı qərarı verəcəyinə baxmayaraq, yanında ailən var, onda qazanan olursan. Bundan da əlavə, çətinliyə düşəndə də, hər zaman bilirəm ki, stressli müddət daimi deyil, hər gələn böhran bitəcək. Həyat hər zaman qara notlarla getmir. Yanlış qərar qəbul etmisənsə, bundan dərs götürüb, daha yaxşı qərarlar qəbul etməlisən. Amma özün də o qaranlığa qərq olursansa, böhrandan çıxmaq daha çətin olur.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər