Sevgiləri zarafatla başlayan cütlük - Ailə
7164
28 may 2021 | 10:00
Murad
Safiyev: "Ailəcanlı adamam, evdə olmağı sevirəm deyə, yanında rahat ola
biləcəyim adamı seçməli idim”
Qumru
Safiyeva: "Evi 2 həftə yığışdırmasam, bir kəlmə deməz ki...”
Biri
məsələlərə bir az ciddi yanaşır, digəri zarafatcıldır. Biri problem olanda
depressiyaya düşürsə, digəri daha tez çıxış yolu tapmağa çalışır. Birinin
gəzmək, səyahət etmək əhvalını daha çox qaldırırsa, o biri evdə də özü üçün
yaxşı əyləncə qura bilir. Bu cür olmaqla kimi bir-birlərini tamamladıqlarını
bildirirlər.
Söhbət "Azerfon MMC”də satış kanallarının
strategiyası üzrə mütəxəssis vəzifəsində çalışan Murad Safiyev və 100.5 FM-in xəbər aparıcısı Qumru Safiyevacütlüyündən gedir.
"Ailə”
rubrikamızın qonağı olan Muradla Qumru 4 ildir evlidirlər, Alsu adlı 1 yaşlı
qızları var.
Cütlüyümüzün
tanışlığı iş çərçivəsində olub. Qumru deyir ki, bir yerdə işlədikləri ilk bir
il müddətində hər hansı sevgi olmayıb: "Mən 2011-ci ildən "Araz FM”də
işləyirdim. Müəyyən vaxtdan sonra düşündüm ki, komfort zonadan çıxmalıyam.
Televiziyadan iş təklifi gəlirdi, xaricdə təhsil almaq da istəyirdim. Bu
məqsədlərlə bir neçə dəfə işdən çıxmağa çalışsam da, hər dəfə nəsə problem
yaranırdı, qalırdı. 2015-ci ilin axırı isə Murad bizim ofisə gəldi. Bir il iş
yoldaşı olduq, dost da deyildik. 2016-cı ildə radioda təmir başladı, bütün
işçiləri 2 otağa yığdılar. Otaq yoldaşlığı bizim münasibətlərə də təsir
göstərdi”.
Muradın
radioda işləmək fikri olmayıb, işlərin bu cür davam etməsinin isə sanki onların
bir araya gəlməsi üçün bir ssenari olduğunu deyir: "Qumru işdən çıxmaq
istəyirmiş, alınmırmış. Mən isə bank sektorunda çalışırdım, televiziya və
radioda işləmək haqqında düşünmürdüm. Sadəcə yaxşı təklif oldu və "Xəzər” telekanalının
marketinq departamentinə keçmək qərarı verdim. Bu işdən öncə bir aylıq "Araz
FM”-ə müəyyən məsələləri öyrənmək üçün gəlmişdim, amma elə oldu ki, il yarım
qalası oldum. Sonra heç televiziyaya getmədim də. Sanki hər şey bizi bir araya
gətirmək üçün ssenari idi”.
"Bəzi qəribəlikləri cəlb etdi”
Əslində,
hər şey Muradın zarafatları ilə başlayıb: "Qumrunun əlində telefon görəndə,
zarafatla deyirdim ki, kimlə yazışırsan? Kollektivdəkilər də bu reaksiyama
gülürdülər və deyirdilər ki, axırda siz sevgili olacaqsınız. Qətiyyən sevgi-filan
yox idi, amma zamanla onların dediyi həqiqət oldu”.
Murad,
Qumrunu ona sevdirən səbəblərdən də danışdı: "İlk baxışdan sevgi olmadı,
yavaş-yavaş yarandı. Digər adamlarla münasibət qurmağına, kollektivdə onun
haqqında fikrin necə olmasına və s. fikir verdim. Nə qədər müasir olsa da, oğlanlar
belə şeylərə də fikir verirlər. Xasiyyəti xoşuma gəlirdi, bəzi qəribəlikləri
cəlb etdi, emosional reaksiyalarını da bəyənirdim”.
Bir gün
Qumruya "sənə sözüm var” deyir, işdən sonra metroya qədər gedirlər. Qumru,
Muradın ona münasibətlə bağlı nə isə deyəcəyini düşünmürmüş: "Metroya qədər
getdik, gördüm ki, söhbət başqa tərəfə gedir. Dedi ki, hara gedirsən? Evə
getmirdim, İnşaatçılar metrosu tərəfdə işim var idi. Dedi ki, qoy, mən də
səninlə gəlim. Mən də emosional şəkildə cavab verdim ki, sən heç yerə
getmirsən. Amma indi hər yerə bir yerdə gedirik (gülür)”.
Murad
deyir ki, normalda münasibətlə bağlı "yox” cavabı alanda, israr etməyib, amma
bu dəfə elə davranmır: "Fikirləşirdim ki, kişi sevirsə, birbaşa gedib qıza
deməlidir. Mesaj yazmaq, söz göndərmək mənlik deyildi. Amma gördüm ki, Qumruya
bu üsul keçmir. İşdə olanda mesaj yazdım ki, yetkin adamlarıq, şans ver, sözümü
deyim. Yazanda, daha yaxşı qəbul etdi. Son 50 manatımla "Gloria Jean's”a
dəvət etdim (gülür). Söhbətimiz alındı, amma "hə” demədi. Qızlar olur ki, "yox”
deyir və qarşı tərəfi dinləmir. Qumru öz sözünü desə də, adamı dinləyirdi. Mənə
"yox” deyiləndə, israr edən adam deyiləm, amma həyatımda ilk dəfə idi ki, əl
çəkmədim. Harda olurdusa, orda olmağa çalışırdım. Zəng vurub deyirdim ki,
hardasan? Deyirdi ki, filan yerdə. Mən də ora gedirdim. Belə-belə, elə zaman
gəldi ki, artıq müəyyən bir münasibət qurmuşduq, amma o, "hə” deməmişdi. Axırda
dedim ki, biz nəyik? Dili yox, başı ilə "hə” dedi”.
"Qəşəng kostyum geyinirdi”
Qumru da
Muradı zamanla sevdiyini deyir: "Muradın zarafatcıllığını, səmimiyyətini çox
bəyənirdim. Hər şeyi üzdədir, nəyisə gizlətmir. Məktəb vaxtı olan sevgiləri,
sonrakı münasibətləri və s. hamısı haqqında mənə danışıb. Mənim kimi gəzməyə
maraqlı olması da xoşuma gəlirdi. Münasibətə yanaşması da ürəyimcə idi. "Onu
etmə, bunu etmə” kimi sözləri yox idi. Təbii ki, ailə olanda, qayğıların artır
və sən özün məsuliyyətindən dolayı nələrisə etməyə bilərsən, amma qadağa
yoxdur. İş yoldaşı kimi də müşahidə etmişdim, kollektivin sevimlisi idi. Qəşəng
kostyum geyinirdi, vizual olaraq da cəlb edirdi (gülür). Ancaq bizim
münasibətin özülündə dayanan şey səmimiyyətdir”.
İki ay
sevgili olandan sonra Murad "nə vaxt evlənirik?” sualını verir: "Normalda o
fikirdəyəm ki, bir insanla 3 il münasibət qurmasan, evlənmək olmaz. Ancaq Qumru
ilə biz bir il iş yoldaşı olduq, sonra da sevgili. İşdə də bir yerdə idik,
işdən sonra, həftə sonları da bir yerdə vaxt keçirirdik, evə gedəndə görüntülü
danışırdıq. Ona görə, bir-birimizi daha tez tanımaq imkanımız oldu. Adamın
beynini yormağı, "bu kimdir, o kimdir” sualları yox idi. Mən zarafatcıl adamam
və onunla zarafat edə bilirdim”.
Murad
deyir ki, Qumru münasibətlərdə məsafəni saxlayan biri olduğu üçün qaynana-gəlin
problemi də yaşanmır: "Mənim ailəmlə belə onun bir az məsafəli münasibəti var.
Anam əvvəl deyirdi ki, Qumru bir az məsafəlidir və s. Deyirdim ki, əladır. Mən
elə deyiləm, amma indi təcrübə ilə bu qənaətə gəlmişəm. Yəqin, anam da indi o
qənaətdədir ki, belə yaxşıdır”.
Murad
bildirdi ki, evlilikdən sonra bir-birlərində hər hansı xüsusiyyət kəşf
etməyiblər: "Adətən, kişilərin səliqəsizliyi problem olur, qadınlar bundan
əziyyət çəkir. Mən səliqəli adamam. Ola bilər ki, nəyisə harasa qoyuram qalır,
amma müəyyən vaxtdan sonra yenə özüm yığışdıracağam. Gigiyena baxımından da
diqqətliyəm, ona görə, problem yaşamırıq”.
"50 dəfə gəlib nəsə lazım olub-olmadığını soruşur”
Muradın
sözlərinə görə, hər ikisi evlilikdə üzərinə düşən məsuliyyəti gözəl anladıqları
üçün hər hansı problem də yaşamayıblar: "Qızların çoxu subay vaxtı hər gün
yemək bişirmir, Qumru da həmçinin. Yaxud evdə nə isə xarab oldu, bunu oğlanlar
etmirlər. Subay vaxtı nə isə düzəltməmişəm. Amma evlənəndən sonra hərə öz işini
gördü. Evdə nə isə xarab olursa, çalışıram özüm düzəldim. Qumru evini
başlı-başına buraxıb sosial aktiv olsa, məclislərə, tədbirlərə getsə, mən də
danışaram. Amma o, sosial aktiv olmaqla yanaşı, ailəyə də lazım olan vaxtı,
diqqəti ayırır. Heç vaxt bir-birimizə demirik ki, sən bunu səhv edirsən, elə et
və s. Hər kəs öz məsuliyyətini bilir”.
Qumru
deyir ki, Murad ev işlərindən də çəkinən həyat yoldaşı deyil: "Evi mən də
yığışdıra bilərəm, o da. Yemək bişirməyi bacarmır, amma yemək bişirirəmsə, 50
dəfə gəlib nəsə lazım olub-olmadığını soruşur. Muradla mənə həm də ona görə
rahatdır ki, tələbkar adam deyil. "Onu bişir, bunu et, oranı təmizlə” və s.
kimi tapşırıqları yoxdur. Evi 2 həftə yığışdırmasam, bir kəlmə deməz ki, niyə
bunu etmirsən? Yaxud görür ki, kompüterin üstü tozludur, özü siləcək. Başqa cür
olsaydı, mənim üçün çətin olardı. Mən tək bir şeylə xoşbəxt ola bilmirəm. Həm
də iş, sosial həyatım olmalıdır, özümə vaxt ayırmalıyam. Bunların hamısı
tələbkar partnyorla alınmazdı. Muradla yaşamaq mənə çox rahatdır”.
Murad
deyir ki, ailə qurduğun adamın yanında rahatlığının olması önəmlidir: "Ailəcanlı
adamam, evdə olmağı sevirəm deyə, yanında rahat ola biləcəyim adamı seçməli
idim. Mənim üçün itirilmiş vaxt odur ki, ailəmlə vaxt keçirə bilmirəm”.
"Qısqanclıq üçün şərait yaratmamışıq”
Bir-birlərini
qısqanmalarına gəlincə, Qumru deyir ki, qısqanclıq üçün qarşı tərəfə hər hansı
şərait yaratmırlar: "Onun ətrafında xanımlar var, mənim ətrafımda bəylər. Amma
biz-birimizə qısqanclıq üçün şərait yaratmamışıq. Hər şey ortalıqdadır. Hər
kəsin daxilində sevdiyi insana qısqanclıq hissi var. Ona şərait yoxdursa, adam
qısqanırsa, deməli, psixoloji məsələdir”.
Murad da
xanımı ilə eyni fikirdədir: "Qumrunun xarakterini bildiyim üçün qısqanclığa
rəva görmürəm. Həmişə deyirəm ki, Qumru 100 kişi ilə bir yerdə işləsin, ondan
narahat deyiləm. Özümə gəlincə, telefonum 4 barmaq izi ilə açılırsa, biri
Qumrunun barmaq izidir. Hansısa xanım mənim evli olduğumu bilməyib başqa
formada mesaj yazarsa, bunu Qumru ilə bir yerdə oxuyub gülə bilərik”.
Murad,
ailədə cütlüklər arasında pərdə olmasını qəbul etmədiyini də bildirdi: "Həyat
yoldaşı sənin ən yaxın dostun olmalıdır. Biz maksimal dərəcədə səmimiyik.
Münasibətlərdə tək oğlanlar qızları deyil, elə qızlar da oğlanları sıxırlar.
Biz istənilən mövzuda, hətta köhnə sevgililər haqqında da danışa, detallarına
da gedə bilərik. Bir-birimizdə xoşumuza gəlməyən nə varsa, deyirik və qarşı
tərəf də onu düzəltməyə çalışır”.
"İstəyirəm ki, o, nəsə şərait yaratsın”
Qumru
həyat yoldaşının zarafatcıllığını sevsə də, Murad deyir ki, elə davalarının bir
səbəbi də məhz onun zarafatları ola bilir: "Bəzən Qumru nəsə ciddi söhbət etmək
istəyir, mən onu zarafata çevirirəm. Bu zaman Qumru əsəbiləşir və biz dalaşa
bilərik. Əslində Qumrunu başa düşürəm, mən də ciddi nəsə deyəndə, zarafata
çevirsə, bəlkə də elə reaksiya verərəm. Böyük məsələlər olmur və davamız bir
gündən o tərəfə keçmir”.
Qumru
isə davaya səbəb olan öz davranışından danışdı: "Muradda nəyisə sərt, kobud
demək yoxdur. Nə isə istəyirsə, xahiş edərək deyir. Zəhmət olmasa, mənə su
gətir və s. Elə vaxtlar olur ki, çox yoruluram, bir az kobud formada nəsə
deyirəm. Bu zaman deyir ki, mən səninlə mülayim, incə danışıram, amma sən kobud
dedin. Bu, xoşuna gəlmir”.
Murad
deyir ki, küsəndə, ilk addım Qumrudan gəlir: "Tərəfdarıyam ki, kişi səhv
edibsə, üzrxahlıq etsin, barışsın. Həmişə elə olduğunu desəm, yalan olardı (gülür).
Məndə belə xasiyyət var ki, günahkar olsam da, istəyirəm ki, o, nəsə şərait
yaratsın, davamını mən gətirim. Təcrübə ilə adam başa düşür ki, səhvin varsa,
addım atmırsansa, yaxşı deyil”.
Qumru
bildirir ki, barışıq addımını günahkar tərəfin atması daha yaxşı olar: "Bəzən
inciyib deyirəm ki, küsəndə, sən heç bir addım atmırsan, könlümü almırsan,
həmişə mən addım atıram. O da deyir ki, sən bir addım at, mən beş addım gələcəyəm.
Deyirəm ki, sən o bir addımı at, beşi mən gəlim. Dava-dalaşdan, küsülülükdən
qaçan adamam. Ona görə, çalışıram ki, tez həll olsun”.
Muradın
sözlərinə görə, şəkillərdə göründüyündən də artıq xoşbəxtdirlər: "Heç vaxt
bir-birimizdən yorulmuruq. Uşaq kimi nəyəsə sevinə, dəliliklər edə bilərik.
Bəzən həftə içi işdən gəlirsən, başqa nələrəsə vaxtın olmur. Tutaq ki
kompüterdə nəyəsə baxıramsa, onların yan otaqda olmaları mənə xoş ovqat verir.
Yəni o şəkillərdəkindən daha çox xoşbəxtik”.
Qumru
deyir ki, sevgi, istiqanlılıq olmasa, bir evdə yaşamaq olmaz: "Bütün günü
bir-birinə "Səni sevirəm” demək bizdə yoxdur. Amma bir-birimizə sevgimiz var, o
şəkillərdəki, sadəcə görüntü deyil”.
Aygün
Asimqızı