AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Özünə inanan insan həyatda hər şeyə nail ola bilər” - Örnək

“Özünə inanan insan həyatda hər şeyə nail ola bilər” - Örnək

Gənclik qəzeti
12 İyun 2020, 13:45 3177
 
Elmara Süleymanova: "Xalxın uşağı” ifadəsini dilimizdən yığışdırmalıyıq
 
Ailə qurmaq üçün təhsilini qurban verməyə məcbur olan, qurduğu ailəsi də uğursuzluqla nəticələnən qızlardandır. Arzuları yarımçıq qalıb, amma sıfırdan başlayıb, özünə inanıb və möcüzə adlandırdığı işi ilə rastlaşıb. Deyir ki, qadın uğur qazanmaq istəyirsə, ətrafının onun yerinə qərar verməsinə mane olmalı, "ali məktəbə qəbul olmadın, ailə qur, yaxud filankəsin qızı xoşbəxt oldu, gəl səni də filankəsin oğluna verək, xoşbəxt ol” kimi fikirlərdən uzaq olmalıdır.

Müsahibimiz Qubada icma əsaslı məktəbəqədər təhsil qrupunun müəllimi Elmara Süleymanovadır. 

Bakıda anadan olub, 2003-cü ildən Qubanın 2-ci Nügədi kəndinə köçüblər. 11 illik təhsilini başa vursa da, universitet xəyalları yarımçıq qalıb: "Bir çox qızlar kimi mən də arzulayırdım ki, ali məktəbə daxil olum. Lakin ilk dəfədən qəbul ola bilmədim. Həmin il atamın da səhhəti kəskin pisləşdi. Ailəm vəziyyətdən çıxış yolunu mənim ailə qurmağımda gördü. Ailə həyatım isə uğursuz oldu. Qısa müddətdən sonra ayrılmalı oldum, atam isə rəhmətə getdi. Bu hadisələrdən sonra depressiyaya düşdüm. Atamı itirmək mənim üçün hər şeyin itirilməsinə bərabər idi. Ali təhsilim də yox idi və özümü o qədər tək hiss edirdim ki... Həmin müddət mənə elə gəlirdi ki, iş tapa bilməyəcəm və bu mənə psixoloji cəhətdən pis təsir edirdi. Atamın ölümündən qabaq bir dəfə də ali məktəbə daxil olmaq üçün imtahan verdim, lakin psixoloji vəziyyətim yenə imkan vermədi, çünki atamın səhhəti gündən-günə pisləşirdi, bu da imtahanlara yaxşı hazırlaşmağa və fokuslanmağa imkan vermirdi. Sonra həyatımda gözləmədiyim anda möcüzə baş verdi”.
 


- Həyatınızı müsbət mənada dəyişən möcüzə nə idi və necə baş verdi?
- 2018-ci ildə "İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsi barədə eşitdim və özümü sınamaq istədim. Düzdür, inanmırdım ki, məni seçə bilərlər, amma yenə də şansımı sınamaq qərarına gəldim. Sənədləri göndərdim, sonra isə məni Quba rayonu təhsil şöbəsinə müsahibəyə dəvət etdilər. Müsahibədə iştirak etsəm də, həqiqətən heç bir müsbət cavab gözləmirdim. Bir müddət sonra isə zəng vurub bildirdilər ki, müsahibədən uğurla keçmişəm və məni Bakı şəhərində təşkil olunan təlimlərə dəvət ediblər. Təlimlərdə iştirak etdikdən sonra kəndimizdəki icma qrupunda işə başladım və qısa müddət ərzində nailiyyətlər əldə etdim. 

- Təhsil almaq arzunuz həyata keçmədi, ailə qurdunuz - uğursuz oldu, hər şeyim dediyiniz atanızı itirdiniz... Ardınca isə möcüzələr... Belə çətin vəziyyətdə o işığı necə tapdınız?
- Mənim üçün ən böyük işıq şagirdlərimin sevgisi idi. Düşünürəm ki, mən körpələri güldürə, onların üzündə təbəssüm yarada bilirəmsə, deməli, bu həyatda nəyisə bacarmışam. Bir sözlə desəm, mənə güc verən və ruhlandıran işıq körpələrin, yəni şagirdlərimin sevgisi oldu. Bu layihə həyatıma rəng qatıb, həyata ümid ilə baxmağı öyrədib. Artıq mən möcüzələrə inanıram və bilirəm ki, həyat sürprizlərlə doludur. Bu layihə məndə "güclüyəm” və "bacaracağam” hisslərini formalaşdırdı, özümə indi daha çox inanıram. Bu işə başlamazdan əvvəl elə bir insan idim ki, nə arzularım, nə də hansısa hədəflərim var idi, ümumiyyətlə nə edəcəyimi bilmirdim. İndi məqsədim var. Təhsilimi davam etdirmək istəyirəm və ümid edirəm ki, buna ən yaxın gələcəkdə nail olacağam. Bu layihənin həyatıma qatdığı ən böyük sürpriz Amerikaya səfər təklifi idi. Daha sonra mənə mentorluq sahəsində fəaliyyət göstərmək imkanı təklif olundu. Təbii ki bu təklifi də böyük məmnuniyyətlə qəbul etdim və 9 yeni icma müəlliminə mentorluq etməyə başladım. Hazırda da onlarla öz təcrübəmi bölüşürəm. Anladım ki, insan özünə inanırsa, həyatda hər şeyə nail ola bilər.
 


- İşinizin xüsusiyyətləri haqqında məlumat verin. İcma müəlliminin vəzifələri nədir?
- İşimiz məktəbəqədər və ibtidai təhsilin keyfiyyətinin artırılması və valideyn ilə məktəb arasında əlaqələrin möhkəmləndirilməsindən ibarətdir. Qrupumuzda 20 şagird var və hər şagirdin valideyni ayda bir dəfə məşğələdə iştirak edərək həm dərs prosesini izləyir, həm də müəllimə dərs prosesində köməklik göstərir. Bununla da valideyn həm dərsi müşahidə edir, həm də öyrənir və öyrəndiklərini də evində tətbiq edə bilir. Biz bilirik ki, uşaqlar üçün 6 yaşa qədər olan müddət ən kritik dönəmlərdəndir. Uşaq beyni ağ kağız kimidir və həmin kağıza nə yazsan, o da yaddaşında qalacaq. Buna görə da bu yaşda alınan biliklər bünövrədir və uşaqlarla bu yaşda çox ciddi məşğul olmaq lazımdır. Əlimizdə işimiz üçün xüsusi hazırlanmış proqram var, bu yaşda olan uşaqlar üçün çox faydalıdır. Həmin proqramlar vasitəsilə uşaqlarda yaradıcılıq qabiliyyəti inkişaf olunur. Həmçinin uşaqlar fiziki cəhətdən, nitq və idrak baxımından inkişaf edir. Öz təcrübəmdən nümunə gətirə bilərəm ki, nitqində problem olan uşaqlar burada 2 ay ərzində çox uğurlu nəticələr əldə edir və sözləri sərbəst deyə bilirlər. Proqramımızın ətraf mühit, sağlamlıq və digər mərhələləri də var. Bunların sayəsində uşaqlar gigiyena qaydalarını öyrənir, ətraf mühit barədə məlumat alırlar. Həmçinin uşaqlar burada kiçik riyazi fiqurları və əməliyyatları öyrənir, rəqəmlərlə tanış olurlar. Məsələn, biz hər gün təqvimlə işləyirik və uşaqlar maqnitlər vasitəsilə ayın tarixini göstərərkən hətta rəqəmləri tapmaq üçün öz aralarında yarış da keçirirlər. 

- Uşaqların ən böyük problemlərindən biri məktəbdə ilk gün qorxusudur. İcma təhsili buna kömək edə bilirmi?
- Bəli, bəzi uşaqlar hətta ilk dəfə dərsə gedəndə ağlayırlar. Bu icma sayəsində uşaqlar qorxu və həyəcandan azad olurlar. Hazırlığa və yaxud birinci sinfə rahat gedə bilirlər. Hətta ibtidai sinif müəllimləri təsdiq edir ki, icma layihəsini bitirən uşaqlarla həmin dərslərdə iştirak etməyən uşaqlar arasında bu baxımdan fərq böyükdür və onlar məktəbə daha hazırlıqlıdırlar. Ailədən asılı olaraq bəzi uşaqlar qapalı olur, özünü ifadə edə bilmirlər. İcmaya gəldikdən sonra isə bu uşaqlar başqa uşaqlarla daha rahat ünsiyyətə girir. Ümumiyyətlə, icma əsaslı bu qruplar məktəbəqədər və ibtidai təhsil üçün çox vacibdir. Bu layihənin ibtidai təhsilin yaxşılaşdırılmasında rolu çox böyükdür. Bu layihəyə görə mən Təhsil Nazirliyi, Təhsil İnstitutu, layihə əməkdaşlarına, Avropa İttifaqına səmimi olaraq təşəkkür etmək istərdim. Layihə sayəsində kəndlərimizdə və hətta ucqar kəndlərdə uşaqlar üçün çox gözəl şərait yaradılıb. 
 


- Təhsilsizliyin fəsadlarını yaşayan biri kimi, qız uşaqlarının həyatında təhsilin önəmini necə izah edərdiniz?
- Qız uşaqları mütləq təhsil almalıdır. Bəlkə də şablon kimi səslənir, amma bu, həqiqətdir ki, oğlanlar inşaatda, tikintidə işləyə bilər, amma qızlar bunu edə bilmir. Qızlar hüquqlarını bilsinlər, özlərini müdafiə etsinlər, güclü olmağı bacarsınlar və təhsillərindən qalmasınlar. Həyatda ailə də olur, uşaq da. Amma ilk olaraq təhsil olmalıdır. Mənim bu layihəyə qatılmağım möcüzə oldu. Hər kəs bu qədər şanslı deyil. Ona görə də təhsil çox vacibdir. Ailəmdə qardaşım ali təhsillidir, amma mən təhsil ala bilmədim. Ailə qurmasaydım, təhsil ala bilərdim. Qızlar imkan verməməlidirlər ki, kimsə onların yerinə qərar versin. "Ali məktəbə qəbul olmadın, ailə qur, yaxud filankəsin qızı getdi xoşbəxt oldu, gəl səni də filankəsin oğluna verək, xoşbəxt ol” kimi fikirlərdən uzaq olmaq lazımdır. Qızlar o sözlərə aldanmasınlar, öz haqlarını bilsinlər. Təhsil hər kəsə lazımdır. Təhsil bizim hüquqlarımızı, haqlarımızı bilməyimiz üçün vacibdir. Ailə qurmaq üçün arzularınızı, təhsilinizi yarımçıq qoymayın.

- Uzun müddətdir ki, uşaqlarla işləyirsiniz. Sizcə, valideynlərimizin uşaqların tərbiyəsində buraxdığı ən böyük səhv nədir?
- Uşağı məcbur etmək lazım deyil ki, atan həkimdir, sən də həkim ol. Valideyn uşağa əsgər kimi yanaşmalı deyil. Əmrlər verib, öz dediyini etdirməyə çalışmamaldır. Ən böyük səhv "xalxın uşağı” söhbətidir. Bu, problemdir. "Xalxın uşağı” sözünü dilimizdən yığışdırmalıyıq. Valideyn uşağa qadağalar qoymaq əvəzinə, onunla birlikdə işləməlidir.
 


- Siz öyrədirsiniz. Bəs uşaqlardan öyrəndikləriniz nədir?
- Mən onlarla daha yaxşı anlaşa bilir, onların yanında rahatlıq tapıram. Adi kiçik bir oyuncaqla xoşbəxt olmağı, həyata ümidlə, gülərək baxmağı öyrənmişəm. O körpələrin saflığı, məsumluğu, günahsızlığı mənə dünyanın pisliklərini unutdurur. Bəzən hamımızın problemi olur. Mən otağa daxil oldumsa, ora mənim üçün başqa dünyadır. Bir anlıq dünyanın ən xoşbəxti oluram. Gülməli nəsə edirlər, əhvalım düzəlir. İşimdə uğurlar qazanmağıma səbəb olan, mənə motivasiya verən onların sevgisidir.

- Unutmadığınız xatirənizi bizimlə bölüşə bilərsinizmi?
- İlk dəfə şagirdlərimlə oyun oynamaq üçün həyətə düşdük. Uşaqlar oyun yerinə ilk olaraq, hərəsi bir dəstə gül yığıb mənə gətirdi. Bu mənə çox təsir etdi. Düşündüm ki, onların ürəyində necə böyük yer tutmuşamsa, oynamaq əvəzinə, ilk olaraq mənə gül gətirilər. Uşaqların kiçik qəlbindəki müəllim sevgisi məni kövrəltmişdi. 
 
Aygün ƏZİZ