• cümə, 29 Mart, 03:23
  • Baku Bakı 7°C

Özündən böyüklərin olimpiadasından medal qazanan məktəbli - Olimpdəkilər

07.02.20 11:28 7930
Özündən böyüklərin olimpiadasından medal qazanan məktəbli - Olimpdəkilər
Toğrul Abbasov: "Dünyanın "TOP-10”-luğunda olan universitetlərdə oxumağı düşünürəm”
9-cu sinifdə oxuyur. Riyazi bilikləri ilə uşaqlıqdan həmyaşıdlarından seçilib. 6-cı sinifdən olimpiadalara qatılıb və demək olar ki, qatıldığı bütün yarışlarda adı qaliblərin sırasında olub.

"Olimpdəkilər” rubrikamızın qonağı Toğrul Abbasov və onu olimpiadaya hazırlaşdıran müəllimi İsmət Ağayevdir.

Toğrul Fizika və Riyaziyyat təmayüllü liseyin 9-cu sinif şagirdidir. İlk dəfə olimpiadaya 6-cı sinifdən qatılıb. Deyir ki, elə ilk qatıldığı yarışdan medalla qayıdıb: "Bütün fənləri yaxşı oxuyuram. Amma riyaziyyata xüsusi sevgim var. Buna görə olimpiadalara riyaziyyat üzrə hazırlaşmağa başladım. İlk dəfə 6-cı sinifdə fənn müsabiqəsində bürünc medala layiq görüldüm. 7-ci sinifdən Təhsil Nazirliyinin təşkil etdiyi olimpiada mərkəzlərində daha ciddi məşğul olmağa başladım”.

"Müəllimlərimin zəhməti danılmazdır”

Toğrulun ən böyük uğuru 8-ci sinifdə oxuyanda 9-cu siniflər arasında keçirilən Respublika fənn olimpiadasında qalib olmasıdır: "Özümdən böyük şagirdlər üçün nəzərdə tutulan olimpiadada gümüş medal qazandım. Elə həmin il Kiprdə keçirilən yeniyetmələrin birinci Balkan Riyaziyyat Olimpiadasında gümüş medala layiq görüldüm. Bu il yanvar ayında isə Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov olimpiadasında bürünc medal qazandım”.

Toğrul deyir ki, yarışlarda iştirak etmək onda rəqabət hissini formalaşdırır: "Olimpiada ilə məşğul olmaq böyük zəhmət və səbr tələb edir. Bu yolda müəllimlərimizin əməyi böyükdür. Şəmsi müəllim, Nazim müəllim, İham müəllim, gənc olimpiadaçılardan İsmət müəllim, Cəfər müəllimin bizim üzərimizdə zəhməti çoxdur. Cəfər müəllim Amerikada yaşamasına baxmayaraq, həftədə 2 dəfə azərbaycanlı şagirdlərə onlayn dərs deyir. Təhsil Nazirliyinin əməkdaşı Fuad Qarayev Azərbaycana müxtəlif ölkələrdən olimpiadaçılar dəvət edir və onlar təcrübələrini bizimlə bölüşürlər. İsmət müəllimin üzərimdəki zəhməti danılmazdır”.


"Hədəfim qızıl medal gətirməkdir”

Toğrul deyir ki, hədəfi daha çox yarışlarda iştirak edib, qızıl medalı gətirməkdir: "Gümüş medala layiq görülmək çox yaxşı hissdir. Amma bu, qızıl medal da ola bilərdi. Çalışacağam ki, qarşıdakı illərdə olimpiadaya yenidən qatılıb, qızıl medal əldə edim. Gələcək hədəflərim sırasında xaricdə oxumaq və olimpiadalarda iştirak etmək kimi fikirlər var. Olimpiada qalibləri üçün yaradılan yeni imkanlardan – müəyyən ixtisaslar üzrə universitetlərə müsabiqəsiz qəbuldan yararlanmağı düşünürəm. Gələcəkdə təhsilin keyfiyyəti baxımından dünyanın "TOP-10”-na düşən universitetlərdə oxumağı düşünürəm. Yəqin ki, alacağım təhsil kompüter mühəndisliyi və informasiya texnologiyaları üzrə olacaq”.

"Birincilərin birincisi” olan olimpiadaçı

Toğrulun müəllimi İsmət Ağayev də məşhur olimpiadaçıdır. 1998-ci ildə Quba rayon Çağacıq kəndində anadan olub. İbtidai təhsilini doğulduğu kənddə alıb və daha sonra – 2010-cu ildə Quba Özəl Türk Liseyinə daxil olub. 7-ci sinfin ortalarından riyaziyyat fənni üzrə olimpiada hazırlığına başlayıb. 9-cu sinifdən etibarən riyaziyyat üzrə beynəlxalq olimpiadalarda iştirak etmək üçün təhsilini Bakı Özəl Türk Liseyində davam etdirib: "Olimpiadaçı olduğum illər ərzində bir sıra ölkədaxili və beynəlxalq olimpiada nailiyyətləri əldə etdim. Belə ki, 2013-cü ilin iyun ayında Türkiyənin Antalya şəhərində keçirilən 17-ci Junior Balkan Mathematical Olympiad (JBMO) - Azyaşlıların Balkan Riyaziyyat Olimpiadasında gümüş medal qazandım. Daha sonra isə 2014-cü ilin yanvar ayında Qazaxıstanın Almatı şəhərində keçirilən International Zhautykov Olympiad (IZhO) - Beynəlxalq Jautikov Olimpiadasında həvəsləndirici mükafat aldım. 2014-cü ilin may ayında Bolqarıstanın Pleven şəhərində keçirilən Balkan Mathematical Olympiad (BMO) - Balkan Riyaziyyat Olimpiadasında həvəsləndirici mükafata layiq görüldüm. Həmin ilin iyul ayında Cənubi Afrika Respublikasının Keyp Taun (Cape Town) şəhərində keçirilən International Mathematical Olympiad (IMO) - Beynəlxalq Riyaziyyat Olimpiadasında da həvəsləndirici mükafat aldım. Son olaraq 2015-ci ilin may ayında Yunanıstanın Afina şəhərində keçirilən Balkan Riyaziyyat Olimpiadasında bürünc medal qazandım. Respublika Fənn Olimpiada nailiyyətlərinə gəldikdə isə, riyaziyyat fənni üzrə 2013-cü ildə gümüş medal, 2014-cü ildə bürünc medal, 2015-ci ildə isə qızıl medal alaraq "Birincilərin Birincisi” adına layiq görüldüm. 2015-ci ilin iyul ayında Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanında 695 bal toplayaraq Bakı Ali Neft Məktəbinin Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasına daxil olmuşam. Universitet illəri ərzində də bir sıra nailiyyətlərim olub, bunlara misal olaraq "Azərkosmos”un keçirdiyi "Cansat Azerbaijan 2018” peyk müsabiqəsində komanda olaraq Azərbaycan universitetləri arasında 2-ci yerə çıxdıq. Universitet üzrə keçirilən "Bhos Math Cup”un qalibi oldum. Bundan əlavə, 2019-cu ilin fevral-iyun ayları müddətində Erasmus + Mübadilə Proqramı çərçivəsində bir semestr ərzində Bolqarıstanın Ruse şəhərində yerləşən "University of Ruse, Angel Kanchev”də təhsil aldım. Bakı Ali Neft Məktəbində oxuduğum illərdə ölkəmizin gənclərdən (8-9-cu siniflər) ibarət riyaziyyat komandasına dərs keçmiş və bir sıra xarici riyaziyyat olimpiadalarında (JBMO, EGMO, BMO) Azərbaycan komandasının rəhbər müavini olaraq iştirak etmişəm. Hazırda isə Bakı Ali Neft Məktəbində sözügedən ixtisas üzrə sonuncu (5-ci) kursda təhsil alıram”.


"Normal məktəbli olimpiadada 40 baldan 1 bal belə yığa bilməz”

İsmət deyir ki, olimpiada üçün keçirilən riyaziyyat dərsi ilə məktəblərdə tədris edilən tam fərqlidir. Həmsöhbətimizin sözlərinə görə, bu uşaqlar üçün medal almaq çox asandır: "Mən hazırda Olimpiada Mərkəzində Azərbaycan üzrə seçilən uşaqlara dərs deyirəm. O uşaqların səviyyəsi çox yuxarıdır. Olimpiadalar bir-birindən fərqlənir. Riyaziyyat olimpiadası məktəblərdə keçirilən riyaziyyatdan çox fərqlidir. Həm maraqlı, həm də çox çətindir. Orada keçirilən dərslərlə məktəbdə keçdiklərimiz eyni deyil. Amma məktəb riyaziyyatını güclü bilən uşaqlar mənim dərslərimi qavraya bilirlər. Onlar məndən öncə də güclü vəziyyətə gəlmək üçün məktəb müəllimləri tərəfindən hazırlaşdırılıblar. Respublika fənn olimpiada qalibləri 7-ci sinifdən hazırlaşdırılır, seçilir. 8-ci siniflərdən ibarət qrupa isə mən dərs deyirəm. Bəzi hallarda azyaşlı 9-cu siniflər də olur. Mən onları əsas Balkan Riyaziyyat Olimpiadasına hazırlaşdırıram. Yaş limiti 15-ə qədərdir. Bu olimpiadada uşaqların uğurları çoxdur. Onlar üçün medal almaq çox çətin deyil. Çünki tam hazır uşaqlardır. Həmin olimpiadaya normal məktəblini aparsaq, 40 baldan 1 bal belə yığa bilməz. Sadəcə, o uşaqlar bir il davamlı olaraq, bu olimpiadaya hazırlaşdıqları üçün medal alacaqlarından əmin şəkildə yarışırlar. Bir neçə ildir ki, komanda üzrə hamı medalla gəlir. Medal aldıqca həvəsli olurlar. Onlar potensiallı uşaqlardır. Xarici universitetlərdə oxumaq üçün də ən yaxşı yol olimpiada qalibi olmaqdır. Tək əngəl universitetin tələbinə uyğun İELTS sertifikatı almaqdır. O da həmin uşaqlar üçün problem deyil və 3-4 aya ala bilmək bacarığına malikdirlər”.

"Rəqabət olduğu üçün keyfiyyət də var”

Gənc olimpiadaçı deyir ki, uşaqlar arasında rəqabət çoxdur: "Əksəriyyəti güclü uşaqlar olduğu üçün sinifdə rəqabət var. Rəqabət olduğu üçün keyfiyyət də var. Olimpiadanın xeyri təkcə onlara institut qapılarını açmaq, dünyanın məşhur universitetlərinə girmək üçün fürsət yaratmaqda deyil. Özləri oxuyanda görəcəklər ki, düşüncə tərzində hamıdan fərqlənirlər. Həyatları boyu gördükləri insanlardan özlərinin daha üstün olduğunu dərk edəcəklər”.

Müəllim sonda vurğuladı ki, uşaqların nəticələri ildən-ilə yaxşılaşır: "Əvvəllər olimpiadaya 5-6 nəfər qatılırdısa, indi bu rəqəm 40-50 nəfərə çatıb. Əminəm ki, bu rəqəm illər keçdikcə artacaq və rayonlardan qatılanlar daha çox olacaq”.
Aygün ƏZİZ



banner

Oxşar Xəbərlər