Zirvəyə cəmi üç il ərzində çatan 17 yaşlı çempion – Portret

Taekvondo ölkəmizdə inkişaf etmiş idman növlərindəndir. Vətəni Cənubi
Koreya olan, Yay Olimpiya Oyunlarının rəsmi proqramına isə 2000-ci ildə salınan
bu növdə olimpiya, üç dünya, xeyli sayda da Avropa "qızıl"ımız var.
Bu və digər mötəbər turnirlərdəki nəticələrə əsasən, dünyanın ən yaxşılarından
olduğumuzu desək, qətiyyən mübaliğə etmərik. Xatırladaq ki, Rioda baş tutan sonuncu
- XXXI olimpiadada bir qızıl, iki bürünc medalla komanda hesabında dördüncü
olan "odlar yurdu", MDB miqyasında və İslam aləmində birinci nəticə
göstərib, Avropadan yalnız Böyük Britaniyanı önə buraxmışdı. Bunu da xüsusi
vurğulayaq ki, həm mundiallarda, həm də dördilliyin ən möhtəşəm yarışında
keçmiş Sovet respublikaları arasında ilk dəfə məhz Azərbaycanın bayrağı ən
yüksəyə sancılıb.
Bəs sözügedən uğurların davamı, daha da artması üçün potensialımız
varmı? Bunun üçün də yeniyetmə və gənclərin son illər qazandığı nəticələrə
baxmaq lazımdır. Görünən odur ki, yeni nəsil olduqca böyük iddia ortaya qoyub.
Bu gün o gənclərdən birini - 17 yaşlı Cavad Ağayevi sizə yaxından tanıdacağıq.

Boyuna biçilən taekvondo
Ağayev Cavad Azər oğlu 15 yanvar 2002-ci ildə Bakıda doğulub. Atası
avtomobil təmirçisi, anası isə evdar xanım olan Cavad, orta təhsilini paytaxtın
Digah qəsəbəsində yerləşən 45 saylı məktəbdə alıb. Uşaqlıqda dərslərinə
biganəliyi və dəcəlliyi ilə başabəla olsa da, idmana gəlişi bir qədər gec yaşa
təsadüf edib. Lakin taekvondo ilə tanış olanadək Cavad, artıq iki döyüş növündə
özünü sınamışdı. Belə ki, o, 12 yaşında olarkən beş ay qaydasız döyüş, ardınca
isə dörd aya yaxın cüdo məşqlərinə qatılıb. Dediyinə görə, hər iki növ üzrə
məşqçiləri fiziki göstəricilərini nəzərə alaraq, ona məhz taekvondo ilə məşğul
olmağı tövsiyə edib.
Beləcə, 2015-ci ilin sentyabrında Səbuhi Zülfüqarov və Samir
Aydınlının hazırlıq keçdiyi zala üz tutan Cavad, qısa müddətdə inadkarlığı,
döyüşkənliyi ilə məşqçilərinin sevimlisinə çevrilir. Belə ki, zaldaxili
yarışlara qatılmaq üçün normalda altı-yeddi ay məşq keçmək lazım gəlsə də, o,
öz istəyi ilə cəmi 15 gün sonra döyüşlərə çıxır. Təcrübəli yoldaşlarını
üstələyən Ağayev, heç iki ay keçmir ki, Qubada keçirilən birincilikdə də sınaqdan
keçirilir və qazandığı "bürünc"lə iddiasının əbəs olmadığını
isbatlayır. Ardınca digər bölgələrdə də təşkil olunan yarışlara qatılan Cavad,
medalının əyyarını daha da yüksəldir. Beləcə, respublika çempionatında özünü
göstərmək imkanı yaranır. İlk iştirakındaca maksimum nəticə əldə edən Ağayev,
ardınca Konyada baş tutan beynəlxalq yarışdan da "bürünc"lə dönür.

Daha bir "qızıl
debüt"
2016-cı ildə gənclərin respublika birinciliyinə qatılaraq, buradakı
debütünü də "qızıl"la qeyd edir. İlin digər yüksək nailiyyəti isə
klublararası Avropa çempionatı ilə bağlı olur. 63 kiloqram çəki dərəcəsində
burada ikinci nəticə göstərən Cavad, növbəti il Kiprin Larnaka şəhərində baş
tutan gənclərin Avropa çempionatında bürünc medalı boynundan asır.
Dünya çempionluğu!
Bütün bu göstəriciləri ilə diqqət mərkəzinə düşür. Qarşıdakı
turnirlərdə yığmamızın əsas medal ümidinə çevrilir. 2018-ci ilin əsas yarışı
isə sözsüz ki, "Buenos-Ayres - 2018" Yeniyetmələrin Olimpiya Oyunları
idi. Bundan əvvəl isə gənc dayanq ustasını Tunisin Hammamet şəhərində baş
tutacaq lisenziya xarakterli dünya çempionatı gözləyirdi. Qarşıya qoyulan əsas
məqsəd lisenziya qazanmaq olsa da, qatıldığı bütün yarışlarda gözü ilk pillədən
başqasını görməyən Cavad, sadəcə, çempionluq haqqında düşünür, yaxınlarına
"qızıl"la dönəcəyinə dair söz verirdi.
63 kiloqram çəki dərəcəsində dayanq üzərinə çıxan Cavad Ağayev,
əvvəlcə pakistanlı Əşrəf Əhmədinin daşını daş üstə qoymur (29:6). Sonrakı
qarşılaşmada amerikalı Xalfani Harrisi çətinliklə üstələyən Cavad (7:6), cənubi
koreyalı Ho-Jun Jini rahatlıqla keçib (17:11), 1/4 finalda efiopiyalı Tariku
Qirmanı da dayanqa çıxmağa peşman edir (20:3). İranlı Erfan Muradini 17:12
hesabı ilə mübarizədən kənarlaşdıran Ağayev, finalda İtaliya təmsilçisi Qabriel
Kauloyla üz-üzə gəlir. Bir ay əvvəl lisenziya turnirində uduzduğu sözügedən
rəqiblə qarşılaşma, gözlənildiyi kimi, çox gərgin alınır. Revanş istəyi ilə
alışıb-yanan, dünya çempionluğunun bir addımlığında büdrəmək istəməyən Cavad, bütün
bacarığını səfərbər edib, dramatik görüşdən də qalib ayrılır: 14-13.

"Hədəfim sadəcə,
olimpiya çempionu olmaqdır"
Belədə, o, zirvə yarışında çəkisinin əsas favoriti kimi qələmə
verilirdi. Haşiyə çıxaraq qeyd edək ki, oyunlardan bir neçə gün əvvəl yığmamızın
baş məşqçisi Məmməd Abdullayevlə əlaqə saxlayıb, təmsilçilərimizin hazırlıq
durumu ilə maraqlanmışdıq. Təcrübəli çalışdırıcı Cavadın durumunu çox yüksək
qiymətləndirmiş, məqsədin sadəcə, çempionluq olduğunu demişdi. Lakin əbəs yerə
demirlər ki, olimpiadada fortuna da sənin tərəfində olmalıdır. Belə ki, ilk
görüşdə Sudan, 1/4 finalda isə İrandan olan həmkarlarını üstələyən Ağayev,
finalın bir addımlığında üz-üzə gəldiyi cənubi koreyalı taekvondoçu qarşısında
ilk iki hissədə üstün durumda olsa da, son saniyələrdə təşəbbüsü əldən verdi.
Reqlamentə görə, birbaşa bürünc medal qazanan 16 yaşlı idmançımızın yarışdan sonra
verdiyi açıqlamadan, məyusluğu ilə yanaşı, olduqca iddialı olduğu hiss olundu:
"Üçüncü hissədə böyük səhvə yol verdim. Çox təəssüflənirəm ki, burda
çempion ola bilmədim. İnşallah, 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya
Oyunlarında üçüncü yox, çempion olmaqla, Azərbaycanın bayrağını
dalğalandıracağam. Hədəfim sadəcə, olimpiya çempionu olmaqdır".

Böyüklərin dünya
çempionatına doğru
Bu, eləcə söz xatirinə söylənən fikirlər deyildi. Belə ki, gənclərin
dünya çempionu cari ildən artıq böyüklər arasında çıxış edir. İlk imtahanını
isə maksimum göstərici ilə başa vurub. Yanvarda Azərbaycan çempionatının baş
mükafatına sahib çıxan Ağayev, bundan sonra yığmanın heyətinə cəlb olunub. Bu
günlərdə Türkiyədə keçirilən beynəlxalq turnirə qatılan Cavad, ilin əsas
sınağını mayda İngiltərədə baş tutacaq mundialda verəcək.
Milad Harçeqani ilə oxşarlıq
Səbuhi müəllim döyüş tərzinə görə onu, dünya və Avropa çempionu, Rio
olimpiadasının bürünc mükafatçısı Milad Beiqi Harçeqaniyə bənzədir.
Taekvondomuzun əfsanəvi siması ilə Cavadı birləşdirən əsas cəhətlər isə hər
ikisinin yaxın məsafədən döyüşdə effektli olması və xalların əksəriyyətini başa
zərbələr hesabına qazanmasıdır. Yeri gəlmişkən, Harçeqani, Ağayevin rəğbət
bəslədiyi dayanq ustalarındandır. "Kumirim yoxdur, amma rəğbət
bəslədiklərim çoxdur" deyən 17 yaşlı qəhrəmanımızın bəyəndikləri sırasında
həmçinin olimpiya çempionumuz Radik İsayev də var. Ən çox bəyəndiyi taekvondoçu
isə ikiqat olimpiya mükafatçısı və üçqat dünya çempionu, cənubi koreyalı Li
Day-Hundur.
Bu arada, onu da qeyd edək ki, Cavadın hazırda mübarizə apardığı 63
kiloqram olimpiya çəkisi deyil. Olimpiadaya lisenziya xallarını 68 kiloqramda
toplamağa çalışan dünya çempionumuz, çətin missiyanın öhdəsindən gələcəyi təqdirdə,
Tokioda sözügedən koreyalı ilə bir çəkidə mübarizə aparacaq.
Cavadın taekvondodan kənar marağı da elə idmanla bağlıdır. Uşaqlıqdan
yaxşı top qovması ilə ad çıxaran gənc taekvondoçu, indi də asudə vaxtlarını
stadionda keçirməyi üstün tutur.

Portret
Şəxsi məşqçisi, eyni zamanda yeniyetmələrdən ibarət yığmamızın
çalışdırıcısı Səbuhi Zülfüqarov deyir ki, çox az müddət qalsa da, Cavad, Tokio
Yay Olimpiya Oyunlarına da lisenziya qazanmaq potensialına sahibdir. Onun, fitrətdən
gələn bacarıqlarını, güclü ambisiyasını dönə-dönə vurğulayan mütəxəssis, bu
keyfiyyətləri sayəsində hələ çox zirvəni fəth edəcəyinə əmindir. Biz də inamla
deyə bilərik ki, Cavad Azərbaycanda formalaşan taekvondo ənənəsinin layiqli
davamçısıdır. Yüz minlərlə idmançının karyerası ərzində yüksələ bilmədiyi
məqama, o, cəmi üç il ərzində çatıb. Kim bilir, bəlkə, növbəti üç ildə də bizi
böyüklərin dünya və Avropa çempionluğu ilə sevindirdi?!
Sahib
