• bazar, 04 May, 08:48
  • Baku Bakı 15°C

Öz dünyası olan uşaq otaqları

23.02.16 13:32 5802
Öz dünyası olan uşaq otaqları
Uşaq otağı hazırlayarkən bir çox məqamlar mütləq nəzərə alınmalıdır
“Uşaq doğulan gündən ona xüsusi otaq ayırmışıq. Amma 4 ayından sonra öz otağında tək yatır. Otağında divar rəfləri var ki, oyuncaqlarını yığırıq. Boş qalan divara isə ailəvi şəkillərimizi asmışıq. Bu yaxında oğlumun bir yaşı tamam olacaq. Hələ ki otağı özümüz gördüyümüz kimi hazırlamışıq. Artıq yavaş-yavaş hər şeyi anladığı üçün yuxudan oyananda ağlamır, divardakı şəkillərlə danışır”.
Bunu bizimlə söhbətində Günay Bağırlı dedi. O bildirdi ki, uşaq böyüdükcə otağın ona məxsus olduğunu, orada necə davranmalı olduğunu ona başa salacaqlar: “Bir az böyüyəndən sonra yatağını dəyişəcəyik. Oğlan olduğu üçün nəzərimizdə maşın yataq almaq var. Uşağın hansı tərəfə istiqamətlənməsindən asılı olaraq, otağındakı divarlarda o cür dəyişikliklər edə bilərik”.
Oyuncaqlarla dolu, əyləncəli, qeyri-adi bir otaq

Digər müsahibimiz Aytac Vəlibəyli isə uşaq üçün xüsusi otaq ayırmayan anadır: “Hələ ki mənimlə bir otaqda yatır. Xüsusi otaq ayrımasaq da, demək olar ki, bütün ev uşaq otağıdır. Amma uşağın özünün xüsusi otağının olması gözəl şeydir. Onların sərbəst qərar verməsinə kömək edir, müstəqil fikir formalaşdırır. Gələcəkdə oyuncaqlarla dolu, əyləncəli, qeyri-adi bir otaq hazırlamağı istəyərdim”.
Əvvəlki illərdən fərqli olaraq, indi valideynlər imkanları yetən qədər uşaqları üçün xüsusi otaq ayırmağa, onu özləri istədikləri kimi bəzəməyə meyillidirlər. Amma burada bəzən otağın dizaynının uşaqlara uyğun olması unudulur. Valideynlər öz xəyallarına uyğun bir otaq hazırlayırlar. Bəs uşaqların psixologiyasında böyük rol oynayan uşaq otaqları hazırlanarkən nələr nəzərə alınmalıdır?
Psixoloq Könül Mikayılzadə qəzetimizə açıqlamasında bildirdi ki, uşaq otağının bəzədilməsində sakitləşdirici rənglərdən istifadə edilməsi daha yaxşı olar: “Açıq yaşıl, mavi rənglər, pastel tonları, açıq bej uğurlu rəng seçimidir. Əgər qız otağıdırsa, açıq çəhrayı rəng yaxşıdır. Bəzən valideynlər tünd rəngi seçirlər. Amma tünd rənglərdə aqressiya var. Ona görə bacardığımız qədər açıq rənglərdən istifadə etmək lazımdır. Çox tünd rənglər, məsələn, tünd bənövşəyi rənglər depressiyaya meyilli uşaqda depressiyanı dərinləşdirə bilər. Qırmızı rəng ümumiyyətlə, daha çox ehtiras rəngidir. Ehtirasla aqressiya bir-birinə çox yaxındır. Tünd qırmızı rəng ehtirası çoxaldır deyə, uşaqda aqressiya yarada bilər. Otaqda çalışdığımız qədər pastel tonlarından istifadə olunmalı, açıq və sakitləşdirici rənglərə üstünlük verilməlidir”.
Gigiyenik baxımdan taxta mebellərdən istifadə edin

Psixoloq deyir ki, uşaq otağında təbiəti əks etdirən şəkillər olması da uşağa yaxşı təsir edir. Gigiyenik baxımdan isə taxta mebellərdən istifadə olunması məsləhətlidir: “İşıqlandırmanı düzgün seçmək lazımdır ki, uşaqlarda qıcıq yaratmasın. Stolüstü lampalardan istifadə edilərsə, zəif sakitləşdirici işıqlandırma olmasına diqqət etmək lazımdır. Məktəbli uşaqların dərs stolunun pəncərəyə tərəf olması onların günəş işığında dərs oxumalarına daha rahat təsir göstərir”.
K.Mikayılzadə deyir ki, ailədəki uşaqlar arasında 1-3 yaş arası fərq varsa, onların müəyyən yaş dövrlərinə qədər bir yerdə böyümələri daha məqsədəuyğundur. Çünki adətən uşaqlar gecə yatarkən qorxular baş qaldırır. Elə uşaq var ki, danışaraq yuxuya gedir. Təbii ki, müəyyən yaş dövrünə qədər”.
Bu zaman onların otaqlarının bir olmasında da problem yoxdur. Amma müəyyən yaş dövründən sonra imkan varsa, uşaqların öz istəyi ilə otaqlarını ayırmaq olar: “Uşaqların öz zövqlərinə uyğun hazırlanmış otaq istəkləri daha çox yeniyetməlik dövründə olur. Buna görə də yeniyetməlik dövründə onlara öz zövqlərinə uyğun otaqlar hazırlamaq daha yaxşı olar. Qız və oğlan otağın necə hazırlanmasını özləri seçəcəklər. Otaqlarını istədikləri kimi bəzəsinlər, rəngləri, mebellərini özləri seçsinlər. Ümumiyyətlə, uşaqların müstəqil olması üçün seçimlərinə hörmət etmək lazımdır. Hər bir valideyn bunu etməlidir. Çünki bu dövrdə artıq uşağın özgüvəni formalaşmağa başlayır”.
Psixoloqun sözlərinə görə, uşaq otağında dəyişiklik etmək istəyən valideynin 5-6 yaşından sonra uşağın fikrini alması daha məsləhətlidir. O deyir ki, valideynlər bəzən öz zövqlərinə uyğun dizayna üstünlük verirlər. Bu zaman daha çıxıntılı tavandan və daha qabarıq divar kağızlarından istifadə etmək lazım deyil: “Bu həm də uşağın psixoloji olaraq zövqünün formalaşmasında ləngimələr yarada bilər. Uşağın öz zövqünə uyğun otaq hazırlamaq bəzən çox maddiyyat tələb edə bilər. Ona görə də çalışıb daha hamar, daha maili, sadə, amma iddialı uşaq otağı düzəldə bilərsiniz”.
Otağın dizaynı uşağın yorğunluğunu götürməlidir

Memar-dizayner Muradbəy Kərimov bizimlə söhbətində uşaq otaqlarının hazırlanmasının böyük diqqət tələb etdiyini bildirdi. Dedi ki, uşağın rahat olması üçün dizayn verilərkən bir çox məqamlar nəzərə alınmalıdır. Əgər uşağa ayrılan otaq kiçikdirsə, bu zaman mebelləri divarın bir tərəfinə yığmaqla uşağın oynaması, hərəkəti üçün rahat yer yaratmaq olar. Yazı masası isə işığın yaxşı düşməsi üçün mütləq pəncərəyə yaxın olmalıdır.
M.Kərimov deyir ki, uşaq otağının dizaynında istifadə edilən rənglər diqqət çəkən və parlaq olmalıdır: “Uşaq dərsdən yorğun evə gəlib, otağına daxil olanda ona yüksək əhval bəxş edən bir otaq hazırlanmalıdır. Biz buna diqqət edirik. Parlaq rənglər uşaqlara maraqlı gəlir, pozitiv enerji verir. Yaxud divarda uşağın yorğunluğunu atmağa yardım edəcək maraqlı dekorlar ola bilər. Uşaqhər dəfə otağa girəndə pozitivə köklənməlidir. Qız uşağıdırsa, radiuslar, ovallar olsa da, incə elementlərdən də istifadə etmək lazımdır. Bu, masada, yataqda, tavanda və s. yerlərdə ola bilər. Bu cür elementlər olsa, daha məsləhətli və məntiqli olar. Oğlan otağı üçün bucaqlar, assimetrik fiqurlar ola bilər. Göy, yaşıl, sarı rənglər oğlan otağı üçün daha uyğundur”.
M.Kərimovun sözlərinə görə, əgər oğlanla qızın otağı eynidirsə, bu zaman neytral bir dizayn daha uyğun olar: “Elə etmək lazımdır ki, otaq sırf nə qız, nə də oğlan üçün olsun. Burada balansı elə qorumaq lazımdır ki, oğlan özünü qız, qız isə oğlan otağında hiss eləməsin”.
Uşaq otağı istəyən böyüklər də var

Memar-dizayner bildirdi ki, valideynlər uşaqları dünyaya gələndə onlara xüsusi otaq ayırsalar da, dizaynının uşaq üslublu olmasını çox da istəmirlər: “Deyirlər ki, divarda heyvan şəkilləri olmasın. Uşaqlar tez böyüyür, ona görə də gənc otağı kimi dizayn verilməsini istəyirlər. Daha çox rastlaşdığım bir məqamı da qeyd etmək istəyirəm. Deməli, oğlan və qız bir otaqda böyüyürlər və bir müddət sonra oğlanı o otaqdan çıxarıb qız üçün xüsusi otağın olmasını istəyirlər. Ona görə mən otaq dizaynı verəndə adətən elə hazırlayıram ki, uşaq böyüdükcə otaq ona uyğun qalsın”.
M.Kərimov onu da vurğuladı ki, uşaqlarının otağının dizaynını ona həvalə edənlər arasında öz seçimini tətbiq edən valideynlər olsa da, daha çoxu seçimi mütəxəssisə etibar edir: “Mənə otağın dizayn edilməsini deyəndə öz təkliflərimi verirəm. Hər bir detalı da qaydasında izah edirəm. Şkaf harda olmalıdır? Yataq hansı tərəfə baxmalıdır? Yazı masası, oynama yeri harada olmalıdır? Bunların hamısını mənim öhdəmə buraxırlar. Amma az qisim öz fikrilərini tətbiq etməyə çalışır”.
M.Kərimov onu da qeyd etdi ki, uşaq otağı dizaynını etdirən böyüklərlə də rastlaşır: “30 yaşında bir xanım otağın dizaynını mənə həvalə etmişdi. Rəng seçimində onun fikrini də öyrənmək istədim. Çəhrayı və ağ rənglər olmasını istədiyini dedi. Bildirdim ki, bu, onun yaşında uyğun rənglər deyil. Dedi ki, mən özüm uşaq kimiyəm, otağımın divarlarında “Barbi” kuklasının şəkillərinin olmasını istəyirəm”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər