• çərşənbə axşamı, 23 aprel, 23:19
  • Baku Bakı 20°C

Yoldaşlıq deyil, qardaşlıq oyunu!

18.03.23 06:00 3069
Yoldaşlıq deyil, qardaşlıq oyunu!

Martın 26-da Bakıda "Qarabağ"la Türkiyənin "Qalatasaray" komandasının xeyriyyə matçı keçirəcəyi artıq dəqiqləşib. Hər iki klub bununla bağlı rəsmi açıqlama ilə çıxış edib. Görüş martın 26-ı saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq. Oyun üçün biletlərin qiymətinin 3 manat olacağı açıqlanıb.

Türkiyənin tanınmış klublarından birinin Azərbaycan klubları ilə yoldaşlıq oyunu keçirməsi ideyası nəhayət, reallaşmaq üzrədir. Bu barədə fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdən sonra xüsusilə çox danışılır. Yoldaşlıq oyunun keçirilməsi, oyundan əldə edilən gəlirin zəlzələdən zərər çəkən insanların problemlərinin həll edilməsinə yönəldilməsi ilə bağlı çağırışlar var. Bu, artıq reallaşır. Martın 26-da Bakıda "Qarabağ"la Türkiyənin "Qalatasaray" klubunun xeyriyyə matçı keçirəcəyi dəqiqləşib. Hər iki klub bununla bağlı rəsmi açıqlama ilə çıxış edib. “Yoldaşlıq deyil, qardaşlıq oyunu!” başlığı ilə keçiriləcək görüş martın 26-ı saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq. Oyun üçün biletlərin qiymətinin 3, 5, 30, 50 və 100 manat arasında dəyişir. Əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

“Qalatasaray” və Türkiyə sevgisi

“Qalatasaray” Azərbaycanda ən çox sevilən Türkiyə klublarındandır. Bizim azarkeşlərin türk futbolu ilə tanışlığının ilk illəri məhz bu klubun Avropadakı uğurlu çıxışlar dövrünə təsadüf edir. “Qalatasaray” UEFA kubokunu qazanan illərdən Azərbaycanda bu klubun böyük azarkeş kütləsi formalaşıb. Oyunun zəlzələdən zərər çəkənlərə yardım məqsədilə keçirilməsi də azərbaycanlı azarkeşlərin stadiona axın etməsini şərtləndirəcək. Azərbaycan xalqı zəlzələ baş verəndən dərhal sonra Türkiyəyə öz qardaşlıq əlini uzatmış və ölkənin hər yerində yardım kampaniyaları təşkil edilmişdi. Bu oyunda da əsas məqsəd “Qalatasaray”ın ulduz futbolçularının oyununu canlı izləməklə yanaşı, zəlzələdən zərər çəkənlərə yardım etmək olacaq.

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk da matçla bağlı fikirlərini bölüşüb. O, "CBC Sport"a açıqlamasında azərbaycanlı azarkeşləri oyuna dəvət edib: "Türkiyədə baş verən zəlzələdən zərərçəkənlər üçün yardım məqsədilə martın 26-da Bakı Olimpiya Stadionunda "Qarabağ"la keçiriləcək dostluq matçında bütün Azərbaycan xalqını gözləyirik. Qardaşlığımızı, dostluğumuzu, sevgimizi orada bərabər göstərərik".

Yığmalara çağırılmayan bütün ulduzlar Bakıya gətiriləcək

“Qalatasaray” yığmalara çağırılmayan bütün oyunçularını Bakıya gətirəcəyini bildirib. “Qarabağ”ın isə oyunçu baxımından çətinlikləri olacaq. Məsələ burasındadır ki, oyunun keçiriləcəyi vaxt komandanın əsas yerli futbolçuları yığmanın düşərgəsində olacaqlar. Baş məşqçi Qurban Qurbanov bu oyun üçün digər komandalardan oyunçu dəvət edə biləcəklərini bildirib. O, "ARB 24"ə açıqlamasında qeyd edib ki, xeyli futbolçu yığmaların düşərgəsində olacağından bu addımı ata bilərlər: "Oyunçularımızın sayı yetərli qədər deyil. Cəmi 11-12 futbolçumuz qalacaq. Ola bilər ki, "Qalatasaray"la matç üçün digər klublarımızdan 2-3 futbolçu götürək. Bunun üçün klublardan xahiş edə bilərik. Hansı mövqeyimizdə çatışmazlıqlar, problemlər olacaq, onun üçün edəcəyik".

““Qalatasaray”la oyun hamını xoşbəxt edəcək”

“Qarabağ”ın kapitanı Maksim Medvedev də "Report"a açıqlamasında “Qalatasaray”la keçiriləcək oyunun hamını xoşbəxt edəcəyini bildirib. O, qarşılaşmaya böyük maraq olacağını düşündüyünü deyib: “Maraqlı oyun olacaq. Çox adam həmin matçı səbirsizliklə gözləyir. İndidən hamı mənə yazır ki, biletləri hazırla, gələcəyik. “Qalatasaray” önünə əsas heyətlə çıxa bilməyəcəyik. Çünki millilərə çağırılanlar meydanda olmayacaqlar. Ancaq əsas odur ki, “Qalatasaray” kimi komanda bizimlə yoldaşlıq görüşü keçirəcək”. 34 yaşlı müdafiəçi AVRO-2024-ün seçmə mərhələsində martın 24-də Avstriya və 27-də İsveçə qarşı keçiriləcək matçlar üçün Azərbaycan millisinə çağırılmayacağını da sözlərinə əlavə edib: “Çox güman ki, həmin vaxt “Qarabağ”ın düşərgəsində olacağam. Məni “Qalatasaray”la matçda görəcəksiniz”.

Qazi Murad Hüseynovun arzusu gerçəkləşir

Oyunda 44 günlük Vətən Müharibəsi iştirakçısı Murad Hüseynov da tamaşaçılar arasında olacaq. O, müharibə dövründə Türkiyənin “A Haber” telekanalına müsahibəsində ən böyük xəyalının Xankəndidə “Qarabağ”la “Qalatasaray” arasında matçın keçirilməsi olduğunu bildirib.

Vətən müharibəsi iştirakçısı Oxu.Az saytına açıqlamasında xəbəri görəndə gözlərinin dolduğunu söyləyib: “Dünəndən çoxlu zəng gəlir, hamı o videonu atır. Xəbəri görəndə həyəcanlandım. Gözlərim doldu. Özüm “Qalatasaray” azarkeşiyəm. Amma bu oyunda qardaşlığa, birliyə azarkeşlik edəcəyəm”.

M.Hüseynov “Qarabağ”dan dəvət gəldiyini və oyunu canlı izləyəcəyini bildirib. O, Türkiyə kanalına müsahibə verərkən nə üçün bu fikri səsləndirdiyi ilə bağlı da danışıb: “Orada şeir demək, “Qalatasaray” barədə danışmaq ürəyimdən keçdi. Çox adam deyir ki, hazırlaşmışdın. Xeyr, elə bir şey yox idi. Sadəcə, ürəyimdən gəldi, şeir dedim və Xankəndidə “Qarabağ”la “Qalatasaray”ın oyununun keçirilməsi arzumu dilə gətirdim. İnşallah, Qarabağda da belə matç təşkil olunar”.

Qeyd edək ki, bu günlərdə Türkiyənin “Beşiktaş” klubunun da Azərbaycanda bu tipli xeyriyyə matçı keçirə biləcəyi ilə bağlı xəbərlər yayılmaqdadır. Məlumatda “Beşiktaş”ın Bakıda “Sabah” klubu ilə qarşılaşa biləcəyi qeyd edilir. Lakin hələlik bu barədə rəsmi təsdiq yoxdur. 

Kaspi.az

 

banner

Oxşar Xəbərlər