• bazar ertəsi, 24 fevral, 20:32
  • Baku Bakı 4°C

Ölkə futbolunda yeni dövr

08.02.25 00:58 673
Ölkə futbolunda yeni dövr

AFFA İcraiyyə Komitəsinin son iclasında qəbul edilən qərarlar konkret yanaşmalara əsaslanır. Legioner limiti ləğv olunur, Premyer Liqada komanda sayı artırılır. 

Başa çatmaqda olan həftədə AFFA İcraiyyə Komitəsinin (İK) çoxdan gözlənilən iclası keçirildi. Öncə yanvara planlaşdırılan, bir neçə dəfə ertələndikdən sonra, nəhayət, bu həftə baş tutan toplantıda ölkə futbolu adına çox ciddi qərarlar qəbul edildi. Bu, yeni rəhbərliyin dövründə konkret məqamlarla bağlı konkret yanaşmaların qeydə alındığı ilk iclas oldu. Əslində, bir müddətdir, kuluarlarda qəbul ediləcəyi ilə bağlı söz-söhbətlərin dolaşdığı qərarlar ölkə futbolu üçün fundamental əhəmiyyət daşıyır.

Komanda sayı artırılır

Toplantıda AFFA-nın İnkişaf Strategiyası təsdiqləndi ki, bu, daha öncədən ictimaiyyətə açıqlanmış və kifayət qədər müzakirə olunmuşdu. İK-nın iclası ilə bağlı press-relizdə də bu məqamla yalnız strategiyanın təsdiqlənməsi qeyd olundu. Lakin daha detallı vurğulanan digər məqamlar da, əslində, İnkişaf Strategiyasının elementləridir.

Məsələn, növbəti mövsüm Azərbaycan Premyer Liqasında komanda sayı artırılacaq. Hazırda 10 klubun iştirakı ilə keçirilən çempionatda 12 kollektiv mübarizə aparacaq. Futbolun coğrafiyasının genişlənməsi baxımından komanda sayının artırılması ümumilikdə müsbət məqamdır. I liqa iştirakçıları arasında Premyer Liqa iddiaçılarına da nəzər yetirdikdə yeni kollektivlərin bölgə təmsilçiləri olacağını söyləmək olar. Bu, elitanın coğrafiyasının genişlənəcəyi anlamına gəlir. Hazırda Premyer Liqaya yüksəlməyə əsas iddiaçılar olan “Qəbələ”, “Karvan”, “İmişli”, “Zaqatala” kimi klubların hər biri region komandalarıdır. Deməli, ən azı daha iki bölgə Premyer Liqada təmsil olunacaq.

Sual doğuran məqamlar

Yeni mövsüm çempionatın hansı formatda keçiriləcəyi, düşənlərin və qalxanların necə müəyyənləşəcəyi hələlik açıqlanmayıb. Bu isə spekulyasiyalara yol açır. İclasın yekun protokolunda əsasnamə və format məsələlərinin gələcəkdə müzakirə olunacağı açıqlanıb.
Hələlik aydın deyil ki, Premyer Liqanın sonuncusu turnirlə vidalaşacaq, ya yox. I Liqadan üç, yoxsa iki komandanın Premyer Liqaya yüksələcəyi də məhz buna bağlıdır. İdman prinsiplərinin qorunmasının tərəfdarları elitada 10-cu olacaq kollektivin düşməsini arzulayırlar. Lakin aşağı liqa klublarının infrastruktur problemlərinin mövcudluğunu əsas gətirənlər sonuncunun qalması və iki klubun yüksəlməsini əks-arqument kimi təqdim edirlər.

Daha bir məqam formatın necə olacağıdır. 12 komandanın yarışdığı Avropa liqalarının əksəriyyətində “6-lıq” sistemi tətbiq olunur. Lakin bunun əsas mənfi tərəfi ikinci “altılıq”da qərarlaşan komandaların iddiasının olmaması səbəbindən onların mübarizəsinin mənasızlaşmasıdır. Digər variant mövsümün üç dövrədən ibarət olmasıdır. Burada isə bəzi komandaların eyni rəqiblə iki dəfə səfərdə oynaması narazılığa səbəb olur.

İstənilən halda, detallı müzakirələrdən sonra ən optimal qərar qəbul edilməli, yekun variant qısa zamanda təsdiqlənməlidir. Artıq indidən Premyer Liqa klubları da, I Liqa təmsilçiləri də mövsümün sonunda onları nəyin gözlədiyinə dair dəqiq fikirlərə sahib olmalı və planlarını bunun əsasında qurmalıdırlar.

Legioner limiti ləğv edildi

İclasda qəbul edilən qərarlardan ən çox müzakirə olunanı legioner limitinin ləğvidir. Bunun tərəfdarları da, əleyhdarları da çoxdur. Əgər hazırda komandaların heyətində yeddi gəlmənin oynamasına icazə verilirsə, yeni mövsümdən klublar meydanda eyni anda 11 əcnəbi futbolçudan yararlana bilərlər. Oyunun sifariş vərəqəsində maksimum 17 belə futbolçu ola bilər. Legionerlər üçün rüsum da dəyişdirilib. İlk yeddi əcnəbi üçün beş min, növbəti beşi üçün 10 min, sonrakı üçünə 100 min, daha sonrakılara isə 200 min manat rüsum tətbiq ediləcək. Hazırda ölkəsinin milli komandasının üzvü olan legionerlər rüsumdan azaddırsa, növbəti mövsümdən belə bir imtiyaz olmayacaq.
İK-nın iclasında ən çox müzakirə edilən və fikir ayrılıqlarına səbəb olan məsələ məhz limit olub. Futbol ictimaiyyətində də bununla bağlı fikirlər haçalanır. Bir qrup hesab edir ki, limitin ləğvi yerli oyunçuların daha az oynamasına, dolayısı ilə bunun milli komandaya mənfi təsir edəcəyinə səbəb olacaq. Digər qrup isə limitin yerli oyunçuları arxayınlaşdırdığını, bundan sonra onların daha çox çalışacağını və ölkə xaricinə üz tutacağını düşünür. Əlbəttə, hər iki tərəfin haqlı olduğu məqamlar var. Bütün dünyada əcnəbi oyunçularla bağlı məhdudiyyətlərin tətbiq edilib-edilməməsi ciddi müzakirə mövzularındandır və hələ ki, bununla bağlı konkret yanaşma mövcud deyil.

Yerli oyunçular üçün bonus

Legioner rüsumlarından əldə ediləcək vəsaitdən klubları yerli oyunçulardan yararlanmağa təşviq etmək üçün də istifadə ediləcək. Qərara görə, heyətində yerli futbolçular oynadan klublara xüsusi hesablama metodu ilə bonus ödəniləcək. Bonuslar legioner rüsumundan əldə ediləcək vəsaitdən veriləcək. Lakin hələlik bu məsələ də tam dəqiq açıqlanmayıb. Çünki hansı meyarların əsas götürüləcəyi, hesablama mexanizmi aydın deyil. Mütəxəssislər hesab edirlər ki, burada konkret yaş həddi olmalı, bonuslar daha çox gənc yerlilərin oynadılmasına yönəldilməlidir. Əks halda, təcrübəli veteranları oynadanlar da bonus tələb edə bilər. Yaxud bonus mexanizmi ölkə xaricində yetişib sonradan Azərbaycan vətəndaşı olanlara da şamil ediləcəkmi, yoxsa yalnız yerli klubların akademiyalarında yetişənlər üçün nəzərdə tutulacaq - bu məqam da aydın deyil.

İstənilən halda, son iclasda qəbul edilən qərarlar kifayət qədər ciddidir. Bu, ölkə futbolunda yeni dövrün başlanğıcı hesab olunmalıdır. Özündə risklər ehtiva edən dəyişikliklərin necə effekt verəcəyini isə, təbii ki, zaman göstərəcək.

banner

Oxşar Xəbərlər