“Yığ çantanı, gəz dünyanı” cümləsini şüara çevirən oğlan - Səyyah

20-dən çox
ölkədə, 50-yə yaxın şəhərdə olub. Ən çox sevdiyi şəhər Praqadır. Ölkələrin
tarixi yerlərini gəzməyi daha çox sevir. Deyir ki, səyahət insana gördüklərini,
yaşadıqlarını, başına gələn maraqlı hadisələri danışmaq şansı qazandırır.
"Səyyah”
rubrikamızın budəfəki qonağı "Facebook”da
40 min üzvü olan məşhur "Gəzəyənlər” qrupunun yaradıcısı Babək Musazadədir.
Qeyd edək
ki, B.Musazadə bakalavr təhsilini Azərbaycan Turizm və Menecment
Universitetində, magistri isə İqtisad Universitetinin nəzdində olan Türk
Dünyası Araşdırmalar Vəqfinin İşlətmə bölümündə alıb. Xaricdə təhsil almaq
qərarına gələn Bəbək bəy, Budapeştdə Beynəlxalq Biznes Məktəbində marketinq
üzrə təhsilini davam etdirib. Hazırda isə Hindistanın ən böyük şirkətlərindən
birində İT mütəxəssisi olaraq çalışır.
- Sizinlə tanışlığımız "Facebook”dakı məşhur
"Gəzəyənlər” qrupu vasitəsi ilə oldu. Maraqlıdır, necə oldu ki, belə qrup
yaratmaq qərarına gəldiniz?
- Həmin dövrlərdə çox səyahət
edirdim. Demək olar ki, hər ay bir ölkəyə gedirdim və səyahətlərimlə bağlı bloq
yazırdım. Bunu bilənlər də mənə səyahətlə bağlı müxtəlif suallar verirdilər.
Görürdüm ki, bütün sualları cavablaya bilmirəm. Digər tərəfdən, Türkiyədə
səyahət edənlərin cəm olduğu, səyahətlə bağlı bir qrup var idi. Mən özüm də
həmin qrupa üzv idim. Çox maraqlı paylaşımlar olurdu. Düşündüm ki, belə qrup
bizdə niyə olmasın? İnsanlar səyahətlə bağlı təcrübələrini bölüşərlər, həm də
suallar yalnız mənə ünvanlanmaz, mənim bilmədiyim sualları qrupun digər üzvləri
cavablandırar. Həmçinin ölkəmizdə səyahət mədəniyyətinin formalaşmasına və
inkişaf etdirilməsinə kömək etmiş olarıq.

- Danışarkən "biz” deyirsiniz, qrupu bir neçə nəfər
birlikdə yaradıbsınız, ya tək?
- Qrupun
yaradıcısı mənəm, üzvlərinin və işlərin çoxalması ilə əlaqədar olaraq qrupa nəzarət
etmək çətinləşdi. Ona görə, bəzi dostların köməyinə ehtiyac oldu. Hazırda qrupumuzun
5 nəfər admini və 40 minə yaxın üzv var.
- Səyahətlə bağlı ad seçimi rəngarəng olarkən, nə
üçün "Gəzəyənlər”?
- Əslində,
qrupu ilk yaradanda "səyahət məsləhətləri” tipli ad qoymuşdum. Qrupun adı cəmi
bir neçə saat belə oldu. Ad çox standart səslənirdi, ürəyimə heç yatmırdı.
Birdən ağlıma "Gəzəyənlər” adı gəldi. Açığı, düşünürdüm ki, ad birmənalı
qarşılanmaya da bilər (gülür). Amma əksinə, dəstəkləyənlər, adı bəyənənlər çox
oldu. Qrupumuz, artıq iki il yarımdadır ki, bu adla fəaliyyət göstərir. Düşünürəm
ki, bu müddət ərzində sosial şəbəkədə brend ada çevrilə bilib. Yəni ən azından
gənclər arasında "Gəzəyənlər” deyəndə söhbətin nədən getdiyini bilirlər.
- Bəzən turizmlə, səyahətlə bağlı istər şirkət,
istər sosial şəbəkədə qrup açarkən, beynəlxalq ada üstünlük verirlər. Xüsusilə
də "travel” sözündən istifadə edilir. Siz nə üçün belə bir seçim etmədiniz?
- Qrupumuzun
kontingenti, əsasən azərbaycanlılar olduğu üçün səyahətlə bağlı xarici ad
seçmək istəmədim. Hətta, paylaşımların da 95 faizi öz dilimizdədir.

- Maraqlıdır, gəzmək istəyini özünüzdə nə vaxtdan
hiss etdiniz?
- Səyahət etmək istəyi universitet
illərindən var idi. Həmin dövrdə qrup uşaqları ilə ildə bir neçə dəfə
ölkədaxili turlara çıxırdıq. Sayımız bəzən 50, bəzən 70 nəfər olurdu. Bir də maraqlı
bir yanaşma var idi, adətən buna yaşlı və orta nəsildə rast gəlirdim.
Azərbaycan Turizm və Menecment Universitetində oxuduğumu biləndə, deyirdilər
ki, hə, yaxşıdır, bala, bitirdikdən sonra turist olub, dünyanı gəzəcəksən.
Açığı, özümə də maraqlı gəlirdi ki, proses necə olacaq, yəni universiteti
bitirdikdən sonra həqiqətən də gəzməyə gedirsən? Səyahətlərə marağımın ən pik
nöqtəsi isə Budapeştə köçdükdən sonra başladı. Buradan səyahət etmək nisbətən
ucuz qiymətə başa gəldiyi üçün bir çox ölkələrə elə ordan gedirdim. Amma
Macarıstana gələnədək Türkiyəyə, Rusiyaya, Gürcüstana və Finlandiyaya
səyahətlərim olmuşdu.
- Səyahətlərinizi hansı aralıqda edirsiniz?
- İlk
dövrlər hər ay bir ölkəyə və ya şəhərə səyahət edirdim. Səyahət etdikcə hiss
edirdim ki, marağım daha çox artır, daha çox yer gəzmək, yeni mədəniyyətlərlə
tanış olmaq istəyirəm. İş və ya başqa səbəblərdən səyahətə gedə bilməyəndə,
hiss edirdim ki, nə isə əskiklik, çatışmazlıq var. İndi isə hər ay olmasa da,
ən azından 2 aydan bir harasa gedirəm.
- Təxmini deyə bilərsiniz nə qədər müddətdir
səyahət edirsiniz və neçə ölkədə olubsunuz?
- Təxmini
4 ildir ki, aktiv səyahətə başlamışam və bu illər ərzində 20-dən çox ölkədə,
50-yə yaxın şəhərdə olmuşam. Çünki getdiyim ölkələrdə çalışıram ki, ən azı iki
şəhər gəzim. Hətta bəzi şəhərlər var ki, bir neçə dəfə ora səyahət etmişəm.
Məsələn, ən sevdiyim şəhər Praqadır, səhv etmirəmsə, 4 dəfə getmişəm.

- Getdiyiniz ölkələrin adlarını sadalaya
bilərsiniz?
- Evdə xəritəm var və gəzdiyim
ölkələri orada işarələmişəm. Bu sualınıza cavab vermək üçün gərək xəritəmin
önünə keçim (gülür). Məsələn, İsveç, Finlandiya, Danimarka, Almaniya, Fransa,
İtaliya, Avstriya, Sloveniya, Xorvatiya, Bosniya və Hersoqavina, Makedoniya,
İspaniya, Serbiya, Rumıniya, Polşa, Ukrayna, Gürcüstan və Türkiyədə olmuşam.
- Qeyd etdiniz ki, Praqanı çox sevirsiniz. Bilmək
olar bu sevginin səbəbi nədir?
- Ölkələrin "old city”, yəni
qədimi olan hissələrini gəzməyi daha çox sevirəm. Həmin yerlərdə gəzəndə bir
anlıq özümü 19-cu əsrdə hiss edirəm. Elə
şəhərlər var ki, 1500-1600-ci illərdə tikilib və bu günə qədər də dağıntıya məruz
qalmayıb. Həqiqətən də o tikililərin arasında gəzəndə zövq alıram. Praqa da
həmin şəhərlərdəndir. Orada elə 3-4 mərtəbəli binalar var ki, 18-19-cu əsrlərdə
tikilib. Həmin binalar şəhərin mərkəzində çox gözəl görünür. Bu binaların
bir-birinə bənzəməməyi, rəngarəng olması, üzərində müxtəlif naxışların
işlənməsi məni çəkən xüsusiyyətlərdəndir. Praqada bəyəndiyim arxitektura
nümunələri çoxdur. Bunlardan biri "Çarlz” körpüsü, Tin kilsəsi və Praqanın astronomik saatdır.
- Səyahət edəcəyiniz ölkələri araşdırırsınız?
- Araşdırma, səyahətlərimin ən
vacib hissələrindən biridir. Dediyim kimi, ən az 2 aydan bir səyahət etdiyim
üçün növbəti dəfə gedəcəyim yeri araşdırmağa bir neçə həftə vaxtım olur.
Araşdırmanı müxtəlif dillərdə edirəm. Həmin ölkə haqqında yazılan bloqları
oxuyuram və ya videolara baxıram. Yəni gedəcəyim ölkələrdə görməli, maraqlı
olan yerlərin siyahısını tuturam.

- Səyahətlərinizi daha çox tək, yoxsa qrup şəklində
etməyi sevirsiniz?
- Həm qrup şəklində, həm də
tək gəzməyin mənfi və müsbət cəhətləri var. Səyahətlərimin demək olar ki,
85%-ni tək etmişəm. Tək gəzməyi daha çox sevirəm. Tək olanda qərarları özün
verirsən, heç kimlə məsləhətləşmədən ürəyin istədiyini yeyib, istədiyin yeri
gəzirsən. Hətta iki nəfər olsa belə, bəzən maraqlar üst-üstə düşməyə bilir. Ona
görə, tək daha rahatdır. Amma getdiyim ölkələrdə tək gəzmirəm. Adətən ucuz başa
gəlsin deyə, hostellərdə qalıram. Orada da otaqlar 8-10 nəfərlik olur.
İstənilən halda əlaqə yaranır, tanış oluruq. Gəzməklə bağlı planlarımız
üst-üstə düşəndə birlikdə oluruq.
- Çox ölkə gəzdiyinizi deyirsiniz. Maraqlıdır, bunu
maddi baxımdan necə təmin edirsiniz?
- Maddi
baxımdan, açığı, elə də ciddi vəsait lazım olmur. Çünki daha çox aşağı büdcəli ("lou-kost”) hava şirkətləri ilə
səyahət edirəm. Bileti 1-2 ay əvvəlcədən alıram. Məsələn, Almaniyaya və
Belçikaya gediş-gəliş biletini 20 avroya almışdım. Bundan başqa, bəzi avtobus
şirkətləri var ki, onlarla da səyahət etmək çox sərfəlidir. Ən əsası isə
çalışıram ki, bayram günlərində səyahət etməyim. Çünki həmin dövrdə qiymətlər
kifayət qədər baha olur (gülür). Təxmini bir səyahətə 200-250 avro pul lazım
olur. Amma qiymətlər ölkədən-ölkəyə və
qalacağın vaxta görə dəyişir.
- Müddət demişkən, səyahətlərinizin müddəti nə
qədər olur?
- Ən azı 1
gün - Slovakiyanın paytaxtı Bratislavaya olub. Ən uzunu isə səhv etmirəmsə, 5
gün idi. Rumıniyanın 3-4 şəhərini gəzdiyim üçün bu səyahətim daha çox vaxt
apardı. Amma səyahətlərim ortalama olaraq 3-4 gün olur.

- Müxtəlif ölkələr fərqli dildə danışmaq və
təamların dadına baxmaq deməkdir. Bu, çətin olmur?
-
Səyahətlərim Avropa ölkələrinə olduğu üçün dil baxımdan ciddi çətinlik
yaşamıram. Çünki bu ölkələrdə demək olar ki, hər kəs ingiliscə bilir. Yəni orta
səviyyədə ingiliscə bilirsənsə, Avropada rahat gəzmək olar. Bir az da rus və türk
dilini bilirəm deyə, dillə bağlı problem yaşamıram. Yeməklərə gəlincə, açığı,
Avropada elə də ekzotik yemək yoxdur ki, çəkinim. Ona görə, hansı ölkəyə
gedirəmsə, yerli mətbəxin dadına baxıram.
- Səyahətlər zamanı yaşadığınız maraqlı bir hadisəni
bizimlə bölüşə bilərsiniz?
- Maraqlı bir hadisə İsveç
səfərimdə başıma gəlib. Fransa və Belçikada terror hadisənin törədildiyi ərəfə idi.
Bu terrordan sonra İsveç və Danimarka
arasında olan körpüdən qatar keçir və yoxlamalar ciddi aparılırdı. Əvvəllər
belə ciddi yoxlanışlar olmurdu. İsveçdə özümə nəqliyyat kartı aldım. Sonra
aşağı düşüb qatarı gözləməyə başladım. Bir neçə dəqiqə sonra bir polis və xanım
yaxınlaşdı. "Babək Musazadə sizsiniz?” deyə soruşdular. Həmin an yaşadığım
hisləri təsvir edə bilmirəm. Düşündüm ki,
görəsən, harada, nə etmişəm, qayda pozmuşam, kimin toyuğuna kiş demişəm?
Nə isə, bir neçə saniyə sonra xanım əlindəki kartı uzatdı. Bəlli oldu ki,
nəqliyyat kartı alarkən bank kartımı makinanın üzərində unutmuşam. Ondan sonra
bir az rahatlaşdım (gülür). Sağ olsunlar, mənə böyük yaxşılıq etdilər. Çünki Danimarka
kimi ölkədə bank kartım olmadan nə edə bilərdim?

- "Səyahətin insana qazandırdıqları" adlı
siyahı tərtib etsək, ilk 5 bəndə nələri yaza bilərik?
- İlk olaraq fərqli
mədəniyyətlərlə, ölkələrlə tanış olmaq. Yeni dostluqlar qazanmaq, hansı ki,
indi də səyahət zamanı dost olduğum insanlarla yazışıram. Digər tərəfdən,
səyahət insana özünü kəşf etmək şansı verir. Çünki səyahət zamanı qatarda və ya
təyyarədə gedərkən düşünməyə, özünlə danışmağa vaxtın olur. Gəzdiyi ölkənin
təsiri ilə insanın özünə baxışı dəyişir. Bununla da insan fərqli tərəflərini
kəşf edir. Həmçinin səyahət zamanı baş verən gözlənilməz hadisələrə adekvat
yanaşmaq insana çox şey öyrədir. Ən son da, səyahət adama danışmaq üçün mövzu
qazandırır. Yəni səyahət zamanı gördüklərini, yaşadıqlarını, başına gələn
maraqlı hadisələri danışmaq şansı yaradır. Bunları dost-tanışlarınla
bölüşürsən.
- Səyahət etməyə marağı olan gənclərə
məsləhətləriniz nələrdir?
- Öz
istəklərinin ardınca getsinlər. İlk olaraq onu deyim ki, səyahət etmək elə də
ciddi vəsait tələb etmir. Həqiqətən də dünyanı gəzmək, yeni ölkələr kəşf etmək
istəyirlərsə, bəzi şeylər var ki, onları birdəfəlik unutmalıdırlar. Bunlara
lüks otellər, bahalı restoranlar aiddir. Yəni sən Parisi gəzirsənsə, gecə
yatacağın otelin neçə ulduzlu olması elə də önəmli deyil. Tövsiyə edirəm ki,
lüksə qaçmasınlar, taksini ümumiyyətlə, unutsunlar. Bir turist üçün ən sonda
düşünüləcək vasitə taksidir. Oteldə çox qalmasınlar, səhərdən axşama qədər
gəzsinlər. Yerli xalqla, turistlərlə ünsiyyətə açıq olsunlar. Ən sonda da
"Gəzəyənlər” qrupunun şüarını heç vaxt unutmasınlar: "Yığ çantanı, gəz
dünyanı”.
Günel
Azadə


