Yeni Zelandiyada 11 ayda 10 mindən çox qapı döyən azərbaycanlı - Fotolar
İnsan qarşısına məqsəd qoydusa, demək, işin 50
faizini görüb. Qalır, hədəfə doğru can atmaq və bunun üçün əlindən gələni etmək.
Müsahibim Tofiq Məmmədov kimi. 22 ildir Yeni Zelandiyada yaşayan T.Məmmədov
1978-ci ildə Bakıda doğulub, 18 saylı orta məktəbdə, daha sonra isə Yeni
Zelandiyanın Okland şəhərində yerləşən Mount Roskill beynəlxalq məktəbində orta
təhsil alıb. Açıq Politexnik İnstitutunun məzunudur.1995-ci ildən Okland şəhərində yaşayan soydaşımız
bu ölkənin vətəndaşıdır. Hazırda Daşınmaz Əmlak Şirkətlər Qrupunun sahibi olan
həmyerlimiz, siyasi fəaliyyətə 1999-cu ildən Leyboristlər Partiyasının üzvü
kimi başlayıb. İki dəfə bu ölkədə keçirilən parlament seçkilərinə qatılıb və hər
ikisində də ən çox səs toplayanlar sırasında ikinci olub.T.Məmmədov deyir ki, insan düşdüyü mühitə uyğunlaşa
bilər, yetər ki, uşaq yaşlarından onu yönləndirən və doğru istiqamət verən
doğmaları olsun. O, əldə etdiyi uğurlara görə, bibisinə minnətdarlıq edir.
- Tofiq müəllim, 22 ildir ki, Yeni Zelandiyada yaşayırsınız. Hazırda
orada hansı işlərlə məşğulsunuz?
- 1999-cu ildən Leyboristlər Partiyasının üzvüyəm.
2014-2017-ci illərdə seçkilərdə iştirak etmişəm. Hər ikisində ikinci yeri
tutmuşam. Daşınmaz Əmlak Şirkətlər Qrupum var.
- Yeni Zelandiyadan baxanda, Azərbaycan necə görünür?
- Mən Zelandiyaya gedəndə oradakılar Azərbaycan
haqqında o qədər də məlumatlı deyildilər. Xəritəyə baxanda deyirdilər ki, Azərbaycan
ya İranın, ya da ki, Rusiyanın tərkibində kiçik bir dövlətdir. Seçkilərdə
iştirak edərkən məndən haralı olduğumu
soruşurdular. Onlara azərbaycanlı
olduğumu və vətənimin harada yerləşdiyini izah edirdim.
-
Baxmayaraq ki, uzun müddətdir Azərbaycandan kənarda yaşayırsınız, dilimizdə çox
səlis danışırsınız.
- Bu dil mənim doğma dilimdir. Doğma dilimi unuda
bilmərəm. Baxmayaraq ki, Azərbaycanda məktəbi rus bölməsində bitirmişəm, dilimə
hörmətim sonsuz olub. Bibim İradə Məmmədova məni rus bölməsinə yönləndirdi. Bu
gün ona təşəkkür edirəm ki, uşaq yaşlarımdan belə qayğıma qaldı. Böyüklərimiz
başımızın üzərində durub həm doğma dilimizi, həm rus dilini öyrənməkdə dəstək
olublar.
-
Yeni Zelandiyada təhsilinizi başa vurduqdan sonra nə üçün geri qayıtmadınız?
- Bəzi məqamlar oldu və mən həyatımı orada davam
etdirmək qərarına gəldim. Zelandiyaya təhsil almağa getdim və işlərimi orada
qurdum. Orada həyatımı davam etdirmək qərarına gəlməyim o demək deyil ki, öz
ölkəmi bəyənmədim, əsla. Sevindirici
haldır ki, bu gün Azərbaycan inkişaf edir və günü-gündən gözəlləşir.
- Bəs torpağınız, doğmalarınız üçün
darıxırdınızmı?
- Ürəyimin istədiyi insanlar yanımda idi. Bibim,
atam, nənəm və bibim qızı mənəvi olaraq mənə dəstək olurdular. Mən onu heç vaxt
unutmaram. Mənim bacım İlahə Sidneydə yaşayır. Sidneylə Yeni Zelandiya
arasındakı məsafə təyyarə ilə 3 saatdır.
Zelandiyada iş o qədər çox oldu ki, açığı darıxmağa
o qədər də vaxtım olmadı. Əvvəllər sığorta işləri ilə məşğul idim. Eyni
zamanda, siyasətlə də maraqlanırdım.
Sonra gördüm ki, əgər siyasətlə məşğulsansa, vaxtın olmur.
- Yeni Zelandiyanın mətbəxi necə, zəngindirmi?
- Oranın çox maraqlı mətbəxi var. Avropa mətbəxləri
Zelandiyada hökm sürür. Mənim özümün də əvvəllər restoranım var idi. Orada zəngin
menyu təqdim edirdim. Zelandiyalılar əti çox sevirlər, ancaq qoyun ətinə
üstünlük vermirlər, çünki qoyun əti çox yağlıdır. Bu ət insana ziyandır. Mən
Çin mətbəxini sevirəm. Təzə-təzə gedəndə, qarşıma yemək qoyanda düşünürdüm ki,
bunları necə yeyəcəyəm. Milli yeməklərimizi yeyirdim. Tərəvəzə daha çox
üstünlük verirəm. Restoranımda Azərbaycan dolmalarını müasir şəkildə dizayn
edib, təqdim edirdim. Bir gün baş aşpazımız Mehman Əsgərova dedim ki, yeməklərimiz
çox dadlıdır. Ona elə dizayn ver ki, insan baxdıqca, yemək istəsin. Yarpaq və kələm
dolmasına o qədər gözəl dizayn verdi ki, onu Azərbaycan dolması kimi menyuya
daxil etdik. Onlar bizim dolmanı çox sevirdilər. Dolmanı yeyəndən sonra
maraqlanırdılar ki, haradan gəlib.
-
Ermənilər iddia edirlər ki, dolma onlara məxsusdur. Ermənilərin də Zelandiyada çoxluq təşkil
etdiyini nəzərə alsaq, çətinlik çəkmədiniz ki?
- Mən orada hər kəsə dolmanın azərbaycanlılara məxsus
olduğunu deyirdim. Fikir vermişəm, ermənilərdə belə bir qayda var, hər şey
onlarındır. Nə görürlər, öz adlarına çıxarırlar.
-
Az əvvəl qeyd etdiniz ki, Daşınmaz Əmlak Şirkətlər Qrupunuz var. Maraqlıdır,
Zelandiyada ipoteka sistemi necə işləyir?
- Əslində orda evlər çox bahadır. Vətəndaşlar 40
faiz depozit ödədikdən sonra 30 illik ipoteka ilə ev götürmək imkanına
sahibdirlər.
-
Gənc ailələrə, ailə qurmaq istəyən gənclərə hansı güzəştlər olunur?
- Mənim üzvü olduğum partiya eyni zamanda sosial
inkişaf üzərində işləyir. Partiyamızın 100 yaşı var. İki dəfə sosial evlər
tikib evsiz ailələri, yeni evlənən ailələri evlə təmin ediblər. Hazırda bizim
partiya hakimiyyətdədir. Nazirimiz bu layihə üzərində xüsusi işləyir.
-
Həm siyasəti, həm də biznesi bir arada idarə etmək çətin deyil?
- Açığı, çox çətinlik çəkdim. Çətinliyə düşən kimi
bibimə zəng edirdim.
- Hansı daha çox çətindir?
- Əlbəttə ki, siyasət.
Biznesi idarə etmək çox rahatdır.
- Üzvü olduğunuz partiyada başqa millətdən olduğunuz üçün sizə qarşı
hansısa ayrı-seçkilik edilirdimi?
- Ayrı-seçkilik hər yerdə var. Hər dəfə o
ayrı-seçkiliyə görəndə, düşünürdüm ki, hardan gəldiyimdən asılı olmayaraq, məqsədlərim
var və mübarizə aparmalıyam. Amerikada Obama prezident seçilən gün insanlarda təəccüb
yaranmışdı ki, qaradərili necə prezident ola bilər? Demək ki, olanda olur. Belə
hallarla qarşılaşanda, əhəmiyyət vermirəm.
-
Xaricdə yaşayan Azərbaycanlıların siyasi fəallıqları aşağı olur. Vətəndaşlarımızın
çoxluq təşkil etdiyi ölkələrdə belə hallarla rastlaşırıq. Ancaq siz azərbaycanlıların
çox az yaşadığı Yeni Zelandiyada siyasi mühitə baş vurubsunuz. Maraqlıdır, bu,
necə baş verdi?
- Mənim siyasətə böyük marağım var. Bu da ailədən gəlir,
çünki məni belə böyüdüblər. Siyasətçi
özünü deyil, vətəndaşların rifahını düşünməlidir. Əgər bir nəfər əziyyət çəkibsə,
mənim də yaşayış rifahım yaxşıdırsa, istəyirəm ki, onlara da əlimdən gələn nəyisə
edim. Başa düşürəm ki, mən heç kimə artıq pul verə bilmərəm. Ancaq siyasət işləri
ilə məşğul olsam, insanlara kömək edə bilərəm. Bunun üçün mənim səlahiyyətlərim
var.
-
Olubmu ki, siyasi nüfuzunuzdan istifadə edib, Qarabağ həqiqətlərini yaşadığınız
ölkədə danışasınız?
- Olub. Nənəm həmişə deyirdi ki, ayağını
uzatmamışdan əvvəl yorğanının uzunluğuna bax. Yeni Zelandiyada erməni diasporu
çox güclüdür. Orada təkəm. Heç bir azərbaycanlı mənə kömək etməyib. Ruslardan
kömək görmüşəm. Ruslar ermənilərlə çox yaxındırlar. Onlar xristiandırlar. Din
onların ən möhkəm bağıdır. Mən orada hansısa bir sözü deyəndə, onu min dəfə
düşünürəm ki, nə şiş yansın, nə də kabab. Bu il iki dəfə Qarabağı və Xocalı
hadisələrini bəyan etmək şansım olub. Mənə kömək lazımdır, mən orada təkəm.
Yeni Zelandiyada yaşayan azərbaycanlılardan dəstək gəlməlidir ki, mən bu addımı
atım. Orada azərbaycanlılar çox azdır. Həmin o az təbəqə də siyasətə girişmir.
Onları başa düşürəm. Mən siyasət işləri ilə maraqlanıram. Onlar biznesə, pul
qazanmağa daha çox üstünlük verirlər.
-
Sizcə, bu ölkədə azərbaycanlılar niyə azdır?
- Çox adam bilmir ki, Yeni Zelandiya haradadır.
Avstraliyada azərbaycanlılar çoxdur. Yeni Zelandiya isə balaca ölkədir.
- Parlament seçkilərində qalib olmamağınızın səbəbi nədən
qaynaqlanıb?
- Mili
ayrı-seçkilik, maddi vəziyyət və sair. Siyasətin də öz siyasəti var. Ona görə də
millət vəkili olmaq üçün gərək çox şeydən başın çıxsın. Əslində mən bu proseslərə
bələdəm. Orada çox yaxşı dostlarım var, məni dəstəkləyirlər. Onlar istəyirlər
ki, millət vəkil olum və bunun üçün mənə həddən artıq kömək edirlər. Bir
ingilis və bir hindu dostum var. Onlar mənə hərtərəfli dəstək olurlar. Qalib gəlmək
üçün tək əldən səs çıxmır. Sənin üzv olduğun təşkilatı nə qədər insan dəstəkləyirsə,
bir o qədər qabağa gedə bilərsən. Onlar məndən xahiş edirlər ki, 18 aydan sonra
icra hakimiyyətləri seçkisində də namizədliyimi verim. Hələ bu barədə düşünməmişəm.
Yeni Zelandiyada hər rayonun öz icra hakimiyyəti var. Onlar istəyirlər ki, mən
bir rayonun icra başçısı olum. Seçkilər yeni bitib. İstəyirəm bir az istirahət
edim. Mənim vaxtım yox idi. Seçki ərəfəsində gündə 500 qapı döyürdüm. 11 ayda
10 mindən çox qapı döymüşəm. İnsanlara özümü təqdim edirdim.
- Üzv olduğunuz siyasi partiyada ermənilər varmı?
- Xeyr. Qeyd edim ki, orada mənim çox gözəl
dostlarım var. İnsanlarla münaqişəyə girməyi sevmirəm. Bizneslə bərabər, hüquqla
da maraqlanırdım. Bunun üçün də 2015-ci ildə hüquq təhsili almışam. Sistemi,
qanunları öyrənmək üçün oxudum. Orada insanlar çox zaman oxuduqları ixtisas üzrə
işləmirlər. Hüququ bitirib jurnalist işləyə bilərsiniz. Yeni Zelandiyada iş
praktikaları daha böyük rol oynayır. Hansısa bir iş görüşməsinə gedəndə, səndən
soruşmurlar ki, haranı bitirmisən. Soruşurlar ki, sənin həyat praktikan nədir,
indiyə qədər nələr edibsiniz. İnsanların ambisiyalarını yoxlayırlar. Diplom o qədər
də önəmli deyil.
-
Yeni Zelandiya kənd təsərrüfatı inkişaf etmiş ölkələrdəndir.
- Elədir. Dünyada kənd təsərrüfatının ən yüksək inkişaf
etdiyi ölkələrdən biri Yeni Zelandiyadadır. Kənd təsərrüfatı universiteti o qədər
inkişaf edib ki, xarici tələbələr ora axın edir.
- Deyirlər
Zelandiyanın qışı çox sərt keçir.
- Elədir. Azərbaycanda qışda soyuğu hiss edirsən.
Ancaq əynini qalın edəndə, təsir etmir. Ancaq orada nə qədər qalın geyinirsən
geyin, nəmişlik olduğu üçün soyuq insanın sümüyünə işləyir. Hər tərəf
yaşıllıqdır.
- Təbiətin belə dəyişkən olmasına necə
adaptasiya oldunuz?
- Çox əziyyət çəkdim. 5 il bu dəyişikliyə alışa
bilmədim. İmmunitetimdə problemlər oldu. Beş ildən sonra artıq öyrəşməyə
başladım.
Xəyalə Rəis